Qəbələdə arxeoloji tədqiqatlar

 

Miladdan əvvəl IV əsrdən başlayaraq ölkənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan, eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ Albaniyanın ilk paytaxt şəhəri olub. Alban hökmdarlarının baş iqamətgahı orada yerləşirdi. I əsr müəllifi Böyük Plininin və II əsr müəllifi Klavdi Ptolemeyin əsərlərində Kabalaka və Xabala kimi adı çəkilən Qəbələ ilk orta əsr və orta əsr mənbələrində də tez-tez xatırlanır. Lakin mənbələrin Qəbələ ilə bağlı məlumatlarının bir qismi olduqca qeyri-dəqiq və ziddiyyətlidir. Məsələn, XI əsr müəllifi İbn-əl-Hauqəl Qəbələnin Şəkidən qərbdə olduğunu yazır. Görünür, elə N.Karaulov da Qəbələni Alazan çayı vadisində lokalizə edərkən məhz orta əsr ərəb coğrafiyaşünaslarının məlumatlarına istinad edib. A.Yanovski Qəbələnin Türyançayın kənarında, B.Dorn Nic kəndinin cənubunda, S.Yuşkov Dağıstan ərazisində olduğunu yazıblar. Yuxarıda deyilənlərdən göründüyü kimi, elmi ictimaiyyət tərəfindən Qəbələnin lokalizəsi ilə bağlı uzun müddət ziddiyyətli fikirlər söylənilmişdir.

XX əsrin 20-ci illərindən başlayaraq Azərbaycan arxeoloqları tərəfindən aparılmış tədqiqatlar nəticəsində Qəbələnin lokalizəsi ilə bağlı fikir ayrılıqlarına birdəfəlik son qoyulmuşdur. D.Şərifov, İ.Şeblıkin, S.Qazıyev, Ö.İsmizadə, Q.Əhmədov, İ.Babayev, F.Qədirov və digər alimlərin tədqiqatları nəticəsində Qəbələ şəhəri tarixinin bir çox qaranlıq məqamlarına aydınlıq gətirilmişdir. Son 80 il ərzində orada aparılmış geniş miqyaslı arxeoloji qazıntılar zamanı əldə olunmuş çox zəngin maddi mədəniyyət kolleksiyası Azərbaycanda şəhər mədəniyyəti tarixinin dərindən və hərtərəfli öyrənilməsi üçün misilsiz əhəmiyyətə malikdir.

Qəbələ şəhəri Qala, Səlbir və Çaqqallı adı ilə bəlli olan üç əsas hissədən ibarətdir. Qaraçay və Qoçalan çayları arasında Çaqqallı (ərazisi 50 ha-dır) adı ilə tanınan sahədə aparılmış tədqiqatlar nəticəsində e. ə IV əsrdən başlayaraq eramızın I əsrinin sonlarınadək orada intensiv şəhər həyatı olduğu sübuta yetirilmişdir. Şəhərin Səlbir adlanan hissəsində (ərazisi təqribən 13 ha-dır) I-X əsrlərə, Qalada (ərazisi təqribən 12 ha-dır) isə I-XVII əsrlərə aid bir neçə metr qalınlığında zəngin mədəni təbəqə olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Çaqqallıda şəhər həyatı kəsildikdən sonra Səlbir və Qalada həyat başlanıb. X əsrdən etibarən isə şəhərin ancaq Qala hissəsində həyat davam edib.

Qəbələ şəhərinin tarixi uzun müddətdir ki, öyrənilir və bu sahədə çox böyük uğurlar qazanılıb. Albaniyanın qədim paytaxtının tarixinə dair bir sıra ümumiləşdirici əsərlər və çoxsaylı elmi məqalələr nəşr edilib. Lakin Qəbələ tarixinin qaranlıq səhifələri də az deyildir. Məsələn, paytaxtın hansı zərurət ucbatından Qəbələdən Bərdəyə köçürülməsi məsələsi hələlik elmi cəhətdən araşdırılmayıb. Halbuki, Albaniyanın siyasi tarixinin öyrənilməsi baxımından bunun çox mühüm əhəmiyyəti vardır. Doğrudur, bəzi tədqiqatçılar paytaxtın Bərdəyə köçürülməsini 461-ci ildə Sasanilər tərəfindən mərzbanlıq üsul-idarəsinin tətbiqi nəticəsində ölkənin iqtisadi və siyasi həyatında Bərdənin rolunun artması, Qəbələnin mövqeyinin isə zəifləməsi ilə əlaqələndirməyə səy ediblər. Əslində isə bu cür düşünmək üçün ciddi əsaslar yoxdur. Ona görə ki, paytaxt Bərdəyə köçürüləndən sonra Qəbələdə V əsrə qədər olduğundan daha intensiv şəhər həyatı olub. Şəhərin Qala və Səlbir hissəsində aşkar edilən ən möhtəşəm tikintilər, o cümlədən bu günədək öz əzəmətini qoruyub saxlayan qala divarları və bürcləri də məhz V əsrdən sonrakı dövrdə inşa edilib.

Qəbələnin qala divarları özünün möhtəşəmliyi ilə Azərbaycanın digər orta əsr şəhərlərinin müdafiə sistemindən xeyli fərqlənir. Səlbirin divarları əsasən Sasani dövrü arxitekturası üçün xarakterik olan çiy kərpicdən və yonulmuş çay daşından istifadə olunmaqla inşa edilib. Orada qala divarlarının xarakterini və dövrünü öyrənmək məqsədilə 1967-ci ildə tanınmış arxeoloq S.Qazıyev tərəfindən tədqiqatlar aparılıb. Bu məqsədlə şimal divarlarında yerüstü əlamətlərinə görə nisbətən daha əzəmətli görünən bürc öyrənilmişdir. Yarımdairəvi formada olan bu bürc möhrədən və tərkibində saman qatışığı olan çiy kərpicdən tikilmişdir. Bürcün daxili hissəsinin diametri 3 m-dir. Həm qala bürcünə, həm də onun davamı olan divarlara xaric tərəfdən çiy kərpiclə üzlük vurulmuşdur. Qala divarlarının daxili tərəfində isə çay daşı, bişmiş kərpic və əhəng məhlulu ilə tikilən köməkçi divar qalıqları olduğu müəyyənləşdirilmişdir. Tədqiqatçıların fikrincə 6 m uzunluğu olan bu divar əsas qala divarlarından sonra, bərpa məqsədilə tikilib. Görünür, bəzi orta əsr müəllifləri Qəbələnin Sasani şahı Qubad tərəfindən tikildiyini yazarkən məhz şəhərin qala divarlarında aparılan bərpa işlərini nəzərdə tutublar.

1974-1978-ci illərdə arxeoloq F.Qədirov tərəfindən Səlbirin cənub-qərb küncündə tədqiqatlar aparılarkən orada çay daşından inşa edilmiş daha bir möhtəşəm bürc aşkar edilmişdir. Hündürlüyü 14 m olan bu bürc düzbucaqlı formasındadır. Yonulmuş çay daşı və əhəng məhlulu ilə tikilib, daha sonra isə tuf daşdan üzlük vurulub. Mütəxəssislərin fikrincə, e.ə I əsrdə tikilən bu bürc əsrlər boyu şəhərin etibarlı müdafiə sisteminə xidmət etmişdir. Qeyd olunan bürcdən bir qədər şimal tərəfdə tədqiqatlar davam etdirilərkən orada uzunluğu 35 m, hündürlüyü 1 m, qalınlığı isə 2,4 m olan divar qalıqları aşkar edilmişdir. Həmin divar da yonulmuş tuf daşdan və əhəng məhlulundan istifadə olunmaqla inşa edilib.

80-ci illərin ortalarında təcrübəli arxeoloq Q.Əhmədov tərəfindən Səlbirin cənub və cənub-şərq küncündə qala divarları öyrənilmişdir. Bu zaman qalanın cənub-şərq küncündə yarımdairəvi formada olan daha bir nəhəng bürcün qalıqları aşkara çıxarılmışdır.

Şəhərin Qala hissəsinin müdafiə divarları elə ilk baxışdan möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu günə qədər özünün ilkin görkəmini saxlamış olan cənub divarları xüsusilə daha əzəmətlidir. Qalanın əsas qapısı da cənub tərəfdəndir. Qapı yerinin sağında və solunda olan nəhəng bürclər demək olar ki, tam salamat vəziyyətdə qalmaqdadır. Yalnız bəzi yerlərdə bünövrə hissəsini möhkəmləndirmək məqsədilə ötən əsrin ortalarında orada müəyyən bərpa işləri aparılmışdır. Qala divarlarının bünövrə hissəsi dördkünc formada yonulmuş iri tuf daşlardan, yuxarı hissəsi isə müxtəlif ölçülü bişmiş kərpiclərdən istifadə olunmaqla hörülüb. Tikintidə ölçülərinə görə fərqlənən 15 növ kərpicdən istifadə olunub. Maraqlı burasıdır ki, qalanı tikən ustalar bişmiş kərpiclərin ölçü və düzülüş müxtəlifliyindən məharətlə istifadə etməklə sözün əsl mənasında nadir memarlıq nümunəsi yarada bilmişlər. Zəngin və rəngarəng memarlıq üslubu qala bürclərində daha aydın görünür. Yeri gəlmişkən,deyək ki, qalanın cənub divarında 4 bürc qalıb. Onların hamısı yarımdairəvi formadadır. Hündürlüyü təqribən 10-14 m, diametri 6-8 m, divarlarının qalınlığı isə 4 m olan qala bürclərində 70 cərgəyədək bişmiş kərpicdən istifadə olunub.

Məlumat üçün bildirək ki, 80-ci illərin ortalarında F. Qədirov tərəfindən səhərin cənub qala divarlarının arxeoloji cəhətdən öyrənilməsinə cəhd göstərilib. Bu məqsədlə qala darvazası ətrafında aparmış qazıntılar zamanı çoxsaylı küp qəbirləri aşkar edilmişdir. Bununla belə həmin tədqiqatlar əsasında qala divarlarının tikilmə tarixi barəsində inandırıcı fikir söyləmək mümkün olmamışdır.

Qalanın qərb tərəfində müdafiə divarlarının yerüstü qalıqları yalnız bəzi yerlərdə bilinir. Şərq tərəfdə isə Govurlu çay qala divarlarını bütünlüklə yuyub aparmışdır. Yalnız şimal-şərq küncdə nəhəng yarımdairəvi bürcün qalıqları mövcuddur.

Qəbələ şəhərinin xarabalıqlarında arxeoloji tədqiqatlar aparılarkən orada antik dövrə və ilk orta əsrlərə aid çoxlu yaşayış binaları, ictimai binalar və istehsal ocaqları üzə çıxarılmışdır. Məsələn, 1960-cı ildə Qalanın şərq hissəsində, Govurlu çayının sahilində Ö.İsmizadə tərəfindən ilk orta əsrlərə aid bir neçə tikinti qalığı aşkar edilib. 1961-ci ildə S.Qazıyevin rəhbərliyi ilə Qalanın mərkəzi hissəsində açılan nəhəng ictimai bina indiyədək Qəbələ qazıntılarından bəlli olan nəhəng ictimai bina qalıqlarından hesab edilir. Binanın bünövrəyə yaxın hissələri iri ölçülü yonulmuş əhəng daşından, üst hissəsi isə kvadrat formalı bişmiş kərpiclərdən istifadə olunmaqla inşa edilib. Ö.İsmizadə və S.Qazıyev tərəfindən aşkar edilən hər iki tikintinin IX əsrə aid olduğu güman edilir.

Qəbələdə aparılan tədqiqatlar şəhərin su təchizatı şəbəkəsini öyrənmək baxımından da maraq doğurur. Məsələn, S.Qazıyev tərəfindən Səlbir ərazisində bir neçə yerdə su arxları aşkar edilmişdir. Həmin arxlardan birinin eni və dərinliyi 40 sm-dir. Kvadrat formalı bişmiş kərpiclə səliqə ilə hörülmüş arxın içərisinə bir-birinə geydirilmiş saxsı su tüngləri düzülüb. Tünglərin uzunluğu 42 sm, diametri dar tərəfində 10, enli tərəfdə isə 16 sm-dir. Arxeoloqlar tərəfindən Səlbirin şərq tərəfində, Govurlu çaya yaxın hissədə daha bir su arxının qalıqları aşkar edilib. Bu arx şəhər ərazisini qərb tərəfdən kəsərək Govurluçay istiqamətində uzanır.

Qəbələdə su təchizatına xidmət edən qurğuların qalıqları Govurlu çayının yuyaraq əmələ gətirdiyi dərin yarğanda daha aydın müşahidə edilir. Oradakı çoxsaylı su tüngləri, kərpicdən hörülmüş arx və quyu yerləri də şəhərin su təchizatı şəbəkəsi barədə təsəvvür yaradır. Bunlardan əlavə 80-ci illərdə Səlbir ətrafındakı yol genişləndirilərkən orada şəhəri içməli su ilə təmin edən ana su xəttinin qalıqları aşkara çıxıb.

Yazılı mənbələrdə də Qəbələnin su təchizatı barədə məlumatlara rast gəlirik. Məsələn, XV əsr müəllifi olan Bədir Şirvani Qəbələdə görmüş olduğu çarhovuzu xüsusi olaraq vəsf etmişdir.

Qəbələ antik dövrdə olduğu kimi, orta əsrlərdə də çox mühüm sənətkarlıq mərkəzi olaraq qalmaqda idi. Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri orada daşişləmə, metalişləmə, sümükişləmə, ağacişləmə, dulusçuluq, şüşə istehsalı, zərgərlik, boyaqçılıq, dabbaqlıq, toxuculuq və bir sıra digər sənət sahələrinin geniş inkişafından xəbər verir. Görünür, Qəbələ regionun mərkəzi kimi, həm də ətraf yaşayış məntəqələrinin əhalisinin sənətkarlıq məhsullarına olan ehtiyaclarını ödəyirmiş.

Qəbələdə tikinti-abadlıq işlərinin miqyası həmişə böyük olub. Təbiidir ki, bu məqsədlə istifadə olunan kərpic, əhəng, kirəmit, üzlük material, metal və xarratlıq məmulatı şəhərin özündə və yaxud da ətrafında istehsal olunurdu. Qəbələnin sənətkarlıq məhəlləsinin yeri barədə Ö.İsmizadə, Q.Əhmədov və F.Qədirov tərəfindən müxtəlif mülahizələr söylənilib. Məsələn, Q. Əhmədovun fikrincə, şəhərin sənətkarlar məhəlləsi Govurlu çayın sol sahilində Yanıq yer adı ilə bəlli olan ərazidə yerləşib. F.Qədirov isə sənətkarlar məhəlləsinin Yanıq yerdən bir qədər şərqdə yerləşən Şərif açığı adı ilə tanınan ərazidə olduğunu güman edir. Əlbəttə, bu mülahizələrlə qeyd-şərtsiz razılaşmaq qeyri-mümkündür. Yəni, Yanıq yerdə və Şərif açığında sadəcə olaraq saxsı məmulatı istehsal olunub. Şəhərin dulusçuluq məmulatı istehsalının bütünlüklə həmin yerdə cəmləşdiyini də söyləmək doğru olmazdı. Çünki, digər yerlərdə, o cümlədən qala divarları daxilində, yəni, həm Səlbirdə, həm də Qala ərazisində bir neçə yerdə kürə qalıqları, istehsal ocaqları, çoxsaylı istehsal çıxarları tapılıb. Bu, o deməkdir ki, dulusçuluq məmulatı istehsalı həm şəhərin içərisində, həm də ətraf ərazilərdə mövcud olub. Ehtimal ki, kərpic, kirəmit və su tüngləri qala divarlarından kənarda, daha doğrusu, bilavasitə gil ehtiyatlarına yaxın ərazilərdə cəmləşib. Məişət keramikası isə daha çox məhz şəhərin içərisindəki emalatxanalarda istehsal olunub və elə oradakı kürələrdə də bişirilib. Bütün bunlar isə dulusçuluq istehsalı sahəsində dərin ixtisaslaşma olduğundan xəbər verir.

Arxeoloji materialların təhlili göstərir ki, ölkənin paytaxtı olmaq statusunu itirəndən sonrakı dövrdə Qəbələnin dünyanın bir çox ölkələri və iri ticarət mərkəzləri ilə mədəni-iqtisadi əlaqələrinin miqyası da nəzərə çarpacaq dərəcədə genişlənib. Şəhər xarabalıqlarında və onun ətrafında aparılan tədqiqatlar zamanı tapılmış çoxsaylı sikkələr, Çindən, İrandan, Roma imperiyasından gətirilmiş rəngarəng çeşidli maddi mədəniyyət nümunələri də bunu təsdiq edir. Məsələn, Qəbələ və onun ətrafından indiyədək bir neçə pul dəfinəsi tapılıb. Onların xeyli hissəsi Sasanilər dövrünə (226-551-ci illər) aid pullardır. Məsələn, 1964-cü ildə Qəbələ şəhəri xarabalıqlarından 2-3 km cənub-qərbdə taxıl əkmək üçün yer şumlanarkən içərisində Sasani şahı II Bəhramın (276-293-cü illər) adına kəsilmiş gümüş draxmalar olan nadir dəfinə tapılmışdır. Maraqlıdır ki, 200 ədəd sikkədən ibarət olan bu dəfinədə Sasani pulları ilə yanaşı Parfiya hökmdarı Qotarsın (41-51-ci illər), Roma imperatorları Otonun (69-cu il), Vaspasianın (69-79-cu illər), Trayanın (98-117-ci illər) və Adrianın (117-138-ci illər) denariləri də olduğu qeydə alınmışdır. Bu tapıntılar Albaniyanın İran və Roma imperiyası ilə ticarət əlaqələrində Qəbələnin fəal iştirakından xəbər verir. Şəhər xarabalıqlarının yaxınlığında yerləşən Tovla kəndinin cənub tərəfində tapılmış dəfinə də bunu bir daha təsdiq edir. Əfsuslar olsun ki, təsərrüfat işləri zamanı təsadüfən üzə çıxmış bu dəfinədəki pulların əksəriyyəti əldən-ələ keçərək itirilmişdir. Həmin pullardan əldə edilərək tədqiq olunan nümunələr isə Sasani hökmdarları adından VI əsrdə zərb olunduğu bildirilir.

Göründüyü kimi, IV-VII əsrlərdə Qəbələnin ticarət əlaqələrində daha çox Sasani pullarından istifadə olunub. VIII əsrdən başlayaraq isə şəhərin ticarət dövriyyəsində ərəb pullarının xüsusi çəkisinin artdığı müşahidə olunur. Səlbirdə aparılan arxeoloji qazıntılar zamanı tapılmış ərəblərə məxsus çoxsaylı gümüş və mis pullar bunu təsdiq edir. Xatırladaq ki, Qəbələ və onun ətrafından yerli pullar da tapılmışdır. Bu isə Qəbələnin Albaniyanın digər şəhərləri və şəhər tipli iri yaşayış məntəqələri ilə olan qızğın ticarət əlaqələrinin mövcudluğuna dəlalət edir. Nəhayət, Qəbələ qazıntıları zamanı dünyanın ən müxtəlif ölkələrində istehsal olunmuş məişət və bəzək əşyalarına da təsadüf olunmuşdur. Bütün bunlar isə ona dəlalət edir ki, paytaxtın Bərdəyə köçürülməsi heç də Qəbələnin ölkənin əsas şəhəri olmaq funksiyasını itirməsinin nəticəsi kimi izah oluna bilməz. Əksinə, həm yazılı mənbələr, həm də arxeoloji tədqiqatlar Qəbələnin V əsrdən sonrakı dövrdə də intensiv inkişafından, ölkənin iqtisadi, mədəni və siyasi həyatında onun daha fəal iştirakından xəbər verir. Elə isə paytaxt hansı zərurət nəticəsində ölkənin əsas şəhərindən aran ərazidə yerləşən Bərdəyə köçürülüb? Bizə belə gəlir ki, bu, hər şeydən öncə Mehranilərin gəlişi, Girdiman vilayətinin hərbi-siyasi cəhətdən güclənməsi və faktiki olaraq onun Sasani İranından asılı olmaması ilə əlaqədar olmuşdur. Gəlin, tarixə nəzər salaq. V əsrin II yarısında Albaniya artıq Sasani imperiyasının nüfuz dairəsinə daxil idi. Ermənistan və İberiya ilə müqayisədə o, nisbətən daha müstəqil siyasət yeritsə də, hər halda Sasani mərzbanları tərəfindən idarə olunurdu. Belə bir vaxtda şah Xosrovun intiqamından qorxan Mehran böyük bir qüvvə ilə Albaniyaya gələrək Mehrəvan adlı şəhər salıb. Bunun ardınca Girdiman vilayətinin yuxarı əyalətlərinin sahibi olan 12 əyanı hiylə ilə öz yanına dəvət edərək onları qılıncdan keçirib. Aradan bir müddət keçəndən sonra Mehranın nəvəsi Cəsur Vardan qonaqlıq adı ilə Girdiman feodallarından daha 60 nəfərini öz iqamətgahına dəvət edərək onların başını vurdurub. Təbiidir ki, Sasani hökmdarları özləri Mehranilərə yazılı şəkildə tam sərbəstlik verdiyindən onların yerli əyanlara bu cür divan tutmasına qarşı çıxa bilməzdilər. Bununla belə, Sasanilər Mehranilərin getdikcə daha da güclənməsinin və yeni-yeni ərazilər ələ keçirməsinin məntiqi nəticəsi olaraq, bütövlükdə, mərzbanlığa nəzarəti də əldən vermək niyyətində deyildilər. Hadisələrin inkişafı isə buna doğru gedirdi. Odur ki, belə bir şəraitdə mərzbanlığın mərkəzini Qəbələdən Bərdəyə köçürmək Sasanilər üçün yeganə çıxış yolu ola bilərdi. Çünki, Bərdə imperiyanın mərkəzinə daha yaxın idi. Qəbələ isə Mehranilərin demək olar ki, lap əlinin altında idi.

Paytaxtın Bərdəyə köçürülməsi əslində Girdiman ərazisində sərbəst hökmranlıq edən Mehranilərin əl-qolunu daha da açmış oldu. Odur ki, onlar tədricən Göyçay çayının qərb sahilində olan ərazilərin, daha sonra isə Türyançay hövzəsinin torpaqlarını da ələ keçirdilər. Nəticə etibarı ilə, nəinki Qəbələ şəhəri, bütövlükdə Qəbələ mahalı da Mehranilərin təsir dairəsinə düşdü. Qəbələ və Oğuz rayonları ərazilərindəki bir sıra toponimlər də həmin yerlərin Mehranilər nəslindən olan feodalların şəxsi mülkləri olduğunu düşünməyə əsas verir. Buna misal olaraq Oğuz rayonundakı Vardanlı kəndini göstərmək olar. Fikrimizcə, Vardanlı toponimi Vardanın kəndi, Vardanın mülkü mənasını bildirir. Bütün bunlar isə Mehranilərin hökmran olduğu Girdiman vilayətinin güclənərək əslində dövlət içərisində dövlətə çevrildiyindən xəbər verirdi. Və çox güman ki, bu dövrdə Mehranilərin mərkəzi iqamətgahı da artıq Mehrəvanda deyil, elə Qəbələnin özündə yerləşirdi. Fikrimizcə, Mehrəvanın sonrakı mərhələdə tədricən sönərək tarix səhnəsindən getməsi də məhz bu amillə əlaqədar ola bilərdi. Yəni, vilayətin idarəçiliyi və onu qoruyan hərbi qarnizonun Qəbələyə köçməsi qədim paytaxt şəhərində həyatın daha qaynar məcraya düşməsinə, Mehrəvanın isə ölkənin mədəni, iqtisadi və siyasi həyatında arxa plana keçməsinə və nəticə etibarı ilə iflasına gətirib çıxarıb. Mehranın oğlu Armayelin nəvəsi Cəsur Vardanın hakimiyyəti dövründə Mehranilər sui-qəsd yolu ilə Aranşahları devirərək bütövlükdə Albaniyada siyasi hakimiyyətə yiyələniblər.

Paytaxtın Qəbələdən Bərdəyə köçürülməsi ilə bağlı irəli sürülən bu yeni versiyanı elmi cəhətdən əsaslandırmaq üçün əvvəlcə Mehranilərin Albaniyaya gəlməsi tarixi ilə bağlı çoxdandır ki, tarixşünaslıqda özünə yer alan bəzi ziddiyyətli məqamlara aydınlıq gətirilməlidir. Təsəvvür edin, alban tarixçisi M.Kalankatuklunun yazdığına görə Mehranilər VI əsrin sonu VII əsrin əvvəllərində hakimiyyətdə olan İran şahı II Xosrovun onlardan atasının intiqamını alacağından qorxaraq 30 minlik ailə ilə Albaniiyaya gəliblər.

M.Kalankatuklunun başqa bir məlumatına görə isə 488-ci ildə keçirilən Aquen kilsə məclisinin sənədlərinə Mehranilər sülaləsinin üçüncü nümaynədəsi olan Cəsur Vardan da imza atıb. Göründüyü kimi, Alban tarixçisinin xatılatdığı bu iki tarixdən hansınınsa düzəlişə ehtiyacı var. Xatırladaq ki, görkəmli albanşünas K. Trever də Mehranilərin VI əsrin sonu VII əsrin əvvəllərindən xeyli erkən, daha doğrusu VI əsrin ortalarında Albaniyaya gəldiyini ehtimal edir. Bizcə Mehranilər Albaniiyaya K. Treverin ehtimal etdiyindən də xeyli əvvəl, təqribən V əsrin ortalarında gəliblər. Fikrimizcə, Mehranilərin Albaniiyaya gəlməsi tarixi ilə bağlı tarixşünaslıqdakı ziddiyyətli məqamların uzlaşdırılması baxımından bu tarix daha inandırıcıdır.

Uzun illər ərzində tarixçilər güman edirdilər ki, Qəbələ axırıncı dəfə monqollar tərəfindən çox ciddi surətdə dağıntıya məruz qalıb və bir daha dirçəlməyib. Lakin bu sətirlərin müəllifinin rəhbərliyi ilə 70-ci illərin sonu 80-ci illərin əvvəllərində şəhərin Qala hissəsində aparılmış arxeoloji tədqiqatlar zamanı orada XIV-XVII əsrlərə aid təqribən 1-1,5 m. qalınlığa malik zəngin mədəni təbəqə olduğu müəyyənləşdirilmişdir. Bu o deməkdir ki, monqol istilasından sonra təqribən 4 əsr ərzində Qəbələdə intensiv şəhər həyatı olmuşdur. Üstəlik həmin dövrün şəhərsalma elementlərində, istehsal olunan sənətkarlıq nümunələrinin bədii-texniki göstəricilərində də çox ciddi təbəddülat baş verib.

80-ci illərin sonunda ölkədə yaranmış böhranlı vəziyyət əksər abidələrdə olduğu kimi Qəbələdə də arxeoloji tədqiqatların dayanması ilə nəticələnib. Məlumat üçün bildirək ki, 70-80-ci illərdə Qəbələdə hər il ən azı 4 ekspedisiya işləyirdi. 1990-cı ildən etibarən həmin ekspedisiyaların fəaliyyəti tam dayandırıldı və yalnız 18 illik fasilədən sonra, yəni 2008-ci ildə Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun iki dəstədən ibarət Qəbələ arxeoloji ekspedisiyası yenidən şəhərin antik və orta əsrlərə aid ərazilərində tədqiqatlara başlamışdır. AMEA-nın müxbir üzvü İ. Babayevin rəhbərlik etdiyi dəstə antik Qəbələdə, bu sətirlərin müəllifinin rəhbərlik etdiyi orta əsrlər dəstəsi isə şəhərin Qala hissəsində tədqiqat işləri aparmışdır. Daha doğrusu, birincii dəstə antik Qəbələdə əvvəlki illərdən yarımçıq qalmış sahədə axtarışları davam etdirmiş, orta əsrlər dəstəsi isə əvvəlcə abidənin cənub qala divarlarından təqribən 300-350 m. şimalda, 600 kvadratmetrlik ərazidə tədqiqatlar aparılmışdır. Hansı ki, bu tədqiqatlar şəhərin XVI-XVII əsrlər tarixinin bir sıra məsələlərinin öyrənilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Üzə çıxarılan çoxsaylı tikinti qalıqları və inşaat materialları Qəbələdə, ümumilikdə Azərbaycanın orta əsr şəhərlərində şəhərsalmanın və memarlıq sənətinin inkişaf səviyyəsini daha dərindən və əhatəli şəkildə araşdırmaq üçün geniş imkanlar açır. Yeni açılan istehsalat xarakterli qalıqlar, metal, keramika, şüşə və sümük nümunələri ayrı-ayrı sənət sahələrinin vəziyyəti, habelə şəhər əhalisinin məişəti və mədəni səviyyəsi barədə ətrafl təsəvvür yaradır. Tədqiqatlar zamanı əldə olunmuş sikkələr, fayans, farfor və seladon qab nümunələri Qəbələnin XVI-XVII əsrlərdə dünyanın bir sıra ölkələri, o cümlədən İran və Çinlə olan intensiv ticarət əlaqlərəindən xəbər verir.

2008-ci il mövsümündə Qalanın şimal qərb hissəsində aparılan kəşfiyyat qazıntısı da uğurlu nəticələr vermişdir. Oarda ilk dəfə olaraq Qalanın kiçik qapı yerlərindən biri və onun yanında keşikçi məntəqəsi aşkar edilərək öyrənilmişdir. Oradan, həmçinin ilk dəfə olaraq qala qapısının açarı, saxsı borulardan ibarət çoxşaxəli su xətti şəbəkəsi, XII əsrdə istehsal olunan və üzərində döyüşçü-mühafizəçi tüsviri olduğu güman edilən şirli kasa, içərisində ərəb əlifbasında Allahın adı ilə... kəlam olan və çox güman ki, ritual məqsədlər üçün istifadə olunan şirli piyalə, habelə elmi cəhətdən olduqca mühüm əhəmiyyət kəsb edən çoxsaylı digər qiymətli tapıntılar əldə olunmuşdur.

Qəbələ bir çox cəhətdən Azərbaycanın digər qədim və orta əsr şəhərlərindən fərqlənən abidədir. Bu abidə hələ 70-ci illərin ortalarında Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə tarix və mədəniyyət qoruğu elan edilib. Bunun da çox maraqlı və ibrətamiz bir tarixçəsi var. Yaxşı olardı ki, oxucular da bu tarixçəni bilsinlər. Belə ki, 70-ci illərin ortalarında Mingəçevirdən Qəbələ RLS-nə çəkilməkdə olan yüksək gərginlikli elektrik xəttlərindən biri layihəyə görə abidə ərazisindən keçməli idi. Hərbçilər bu məqsədlə əraziyə ağır texnika cəlb edərək şəhərin Qala hissəsində və ona bitişik olan Kamaltəpə nekropolunda iki yerdə elektrik dirəkləri üçün quyu qazıblar. Tarix İnstitutunun direktoru mərhum akademik İlqar Əliyev bu xəbəri eşidən kimi dərhal Mərkəzi Komitəyə, şəxsən Heydər Əliyevə vəziyyət barədə məlumat çatdırır. O isə öz növbəsində dərhal vəziyyəti yerindəcə araşdırmaq məqsədilə Ali Sovetin Rəyasət Heyətinin sədri Qurban Xəlilovun sədrliyi ilə Qəbələyə nüfuzlu komissiya göndərib. Elə ertəsi günü də komissiyanın hesabatını MK Bürosunda müzakirəyə çıxarıb və şəxsən Ulu öndərin təkidi ilə abidənin dağıdılmasında birbaşa günahı olan bir neçə general, bu məsələdə seyrçi mövqe tutan, yaxud da dağıntıların qarşısını almaq üçün axıradək prinsipiallıq göstərməyən digər şəxslər çox ciddi sürətdə cəzalandırılıb. Gələcəkdə bir daha bu cür hadisələr baş verməsin deyə, elə həmin Büro iclasında Qəbələnin tarix və mədəniyyət qoruğu elan edilməsi üçün əlaqədar dövlət orqanlarına tapşırıqlar verilib. Hesab edirəm ki, bu, hakimiyyətin bütün pillələrində vəzifə tutan hər bir məmur üçün də, tarixi abidələrin mühafizəsi, tədqiqi və təbliği üçün məsul olan insanlar üçün də son dərəcə ibrətamiz bir nümunədir.

Qəbələdə 1926-cı ildən başlayaraq arxeoloji tədqiqatlar aparılır. 1959-cu ildən etibarən isə orada stasionar ekspedisiya işləyir. Bu isə o deməkdir ki, uzun illər ərzində Qəbələnin tarixinə dair çox zəngin arxeoloji material toplanıb. Əfsuslar olsun ki, həmin materiallar hələlik kompleks şəkildə işlənməyib. Məlumat üçün bildiririk ki, bir sıra ölkələrdə Qəbələ kimi şəhər-abidələrin tarixi xüsusi institutlar tərəfindən öyrənilir. Fikrimizcə, artıq vaxtdır ki, Qəbələ materiallarının da tam həcmdə, həm də sistemli şəkildə tədqiqinə və nəşrinə başlanılsın.

Qəbələ həqiqətlərini geniş ictimaiyyətə çatdırmaq istiqamətində görülən işlər də qənaətləndirici səviyyədə olmayıb. Halbuki, uzun illər ərzində toplanmış materiallar əsasında Qəbələnin tarixinə dair çox sanballı, həm də silsilə əsərlər yazmaq, filmlər çəkmək olardı. Bu, indi xüsusilə aktualdır. Ona görə ki, Qəbələ təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqazın turist marşrutu üzərində yerləşir. Bu sahənin imkanlarını və inkişaf perspektivini nəzərə alaraq son illər Qəbələdə müasir beynəlxalq standartlara cavab verən geniş infrastruktur şəbəkəsi yaradılıb. Bunun nəticəsi olaraq Qəbələyə turist axını da güclənib. Fikrimizcə, gələcəkdə Qəbələdə arxeoloji tədqiqatlar aparılarkən bu amil nəzərə alınmalıdır. Bu məqsədlə də hər şeydən öncə orada aparılan tədqiqatların miqyası genişləndirilməlidir. Yəni, Qəbələ şəhərinin qalıqları ilə yanaşı rayon ərazisinldəki onlarla digər çox mühüm abidələr də həm arxeoloji, həm də memarlıq baxımından kompleks şəkildə öyrənilməlidir. Arxeoloqlar tərəfindən yeni öyrənilən sahələrin konservasiya olunaraq turistlərə nümayiş etdirilməsi üçün zəruri tədbirlər görülməlidir. Bu işin görülməsinə isə beynəlxalq təcrübənin öyrənilməsindən başlamaq daha doğru olardı. Diqqətəlayiq haldır ki, Qəbələ rayon icra hakimiyyəti əlaqədar orqanlarla birlikdə lap yaxın vaxtlarda Qəbələdə arxeoloji baza və muzey-sərgi binalarının inşasına başlamaq əzmindədir. Bu o deməkdir ki, arxeoloji tədqiqatlar zamanı tapılan maddi-mədəniyyət nümunələri, necə deyərlər, elə isti-isti həmin muzey sərgidə nümayiş etdiriləcəkdir. Yeri gəlmişkən onu da qeyd edim ki, Qəbələnin tədqiqinə artıq beynəlxalq səviyyədə maraq göstərilməkdədir. Ötən il Cənubi Koreyadan olan arxeoloqların oraya gəlməsi, Azərbaycan arxeoloqlarının apardığı tədqiqat işləri ilə tanış olmaları buna sübutdur. İstərdim oxucular onu da bilsinlər ki, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə gələcəkdə Qəbələdə beynəlxalq ekspedisiyaların birgə tədqiqatlar aparması istiqamətində də zəruri tədbirlər görməkdədirlər.

Təqribən 2500 il yaşı olan qədim Qəbələ 8 əsrdən çox müddət ərzində Albaniyanın qədim Azərbaycanın paytaxt şəhəri olub.Təbiidir ki, ilk paytaxt şəhəri kimi onun tariximizdə xüsusi rolu və yeri olub. Bu tarixi öyrənmək və yaşatmaq hər birimizin təkcə vəzifə borcu yox, həm də vətəndaşlıq borcumuzdur.

 

 

Qafar CƏBİYEV,

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun

aparıcı elmi işçisi, Qəbələ arxeoloji ekspedisiyası orta

əsrlər dəstəsinin rəhbəri

 

Xalq qəzeti.-2009.-22 yanvar.-S.5.