Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə kompleks yanaşma tələb edir

 

Narkomanlıq və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına əsas səbəblərdən biri olan amildir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayətləri cəmiyyətin “sosial bəlası” adlandırmışdır.

Bu gün ölkəmizdə narkomanlığa və narkobiznesə qarşı dövlət səviyyəsində çox ciddi mübarizə var. Bu məsələyə kompleks yanaşılır və bu mübarizə dünya dövlətlərinin analoji qurumları ilə birgə aparılır. Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, “Azərbaycan Bayrağı” ordenli polis general-mayoru Həzi Aslanovla da söhbətimiz ölkəmizdə bu mübarizənin təşkili, əldə edilmiş nəticələr barədədir.

— Cənab general-mayor, artıq bu faktdır ki, narkotiklərin qanunsuz dövriyyəsi transmilli mütəşəkkil cinayətkarlığın, beynəlxalq terrorçuluğun maliyyələşməsində mühüm rol oynayır. O da məlumdur ki, son illər narkotiklərin Azərbaycan ərazisindən Asiyadan Avropaya daşınmasına cəhdlər çoxalıb. Məhz ona görə də bu növ cinayətkarlığa qarşı mübarizə kompleks yanaşma tələb edir. Bu isə, ilk növbədə qanunvericilik bazasının mükəmməl olmasını zərurətə çevirir. Bu baxımdan ölkəmizdə vəziyyət necədir?

— Bəli, sizin də qeyd etdiyiniz kimi transmilli mütəşəkkil cinayətkarlığın, beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində əsas rol oynayan narkotiklərin qanunsuz dövriyyəsi onunla mübarizəyə kompleks yanaşılmasını, bu işə bütün qüvvə, imkan və vasitələrin səfərbər olunmasını tələb edir. Qeyd edilənlərlə əlaqədar, eləcə də Azərbaycanın ərazisindəki narkotiklərin Asiyadan Avropaya daşınması üçün istifadə olunmasına göstərilən cəhdlər, habelə narkositusiyanın təhlili nəzərə alınmaqla, respublikada narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin güclənməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, hüquq-mühafizə orqanlarının fəaliyyətinin effektivliyinin artırılmasına böyük diqqət yetirilir.

Ümummilli liderimiz Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli fərmanı, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2006-cı ilədək “Ümummilli Proqram” və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.

2005-ci ildə qəbul olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun, həmçinin, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə”, eləcə də, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağaq edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” qanunlar bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin mövcud ictimai münasibəilərə uyğun şəkildə tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir.

2004-cü ilin yanvar ayında Bakıda keçirilmiş “Böyük İpək Yolu dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusundakı beynəlxalq konfransın iştirakçılarına müraciətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, coğrafi mövqeyindən, ictimai-iqtisadi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq, elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Bu, bir daha göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyi üçün birgə səylərlə ciddi, kəskin, barışmaz və ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca zəruridir.

— Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq təcrübənin öyrənilməsi, xarici ölkələrin uyğun qurumları ilə qarşılıqlı əməkdaşlığın bu günki səviyyəsi barədə nə deyərdiniz?

–– Regional əməkdaşlığın gücləndirilməsi, narkotiklər üzərində hüquqi nəzarətin və əməliyyat üsullarının yerli şəraitə uyğun tənzimlənməsi, beynəlxalq nəzarətli göndəriş prosedurlarının, eləcə də narkotiklərlə bağlı kəşfiyyat məlumatlarının toplanılması və paylanması işinin yaxşılaşdırılması, bu sahədə polisin mübarizə qabiliyyətinin artırılması məqsədilə Baş İdarənin əməkdaşları bir sıra beynəlxalq təşkilatların təşkil etdiyi tədbirlərdə fəal iştirak etmişlər. Bu baxımdan, BMT-nin İnkişaf Proqramı və Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SCAD) regional yardım Proqramının təşkil etdiyi müxtəlif məzmunlu elmi-praktiki konfransları, habelə Avstriyanın Vyana, Ukraynanın Kiyev, Türkmənistanın Aşqabad və Rusiyanın Sankt-Peterburq şəhərlərində keçirilmiş beynəlxalq seminar və toplantıları, həmçinin Amerika Birləşmiş Ştatlarının maliyyə yardımı ilə Özbəkistan Respublikasının Daşkənd şəhərində təşkil olunmuş “Əfqanıstan narkotikinin daşınmasının qarşısının alınması” təlim əməliyyatını qeyd etmək olar. Yeri gəlmişkən, qeyd edim ki, BMT iyunun 26-nı Narkotiklərlə Mübarizə Günü elan edib. Azərbaycanda da hər il bu gün qeyd olunur, silsilə tədbirlər keçirilir, maarifləndirmə işləri aparılır.

Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı aparılan mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin yüksəldilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, Daxili İşlər Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu gün narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədi ilə yaradılmış Dövlət Komissiyası və ölkə Prezidentinin 2007-ci il 28 iyun tarixli fərmanı ilə təsdiq edilmiş, 2007-2012-ci illəri əhatə edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram” ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan vermişdir. Eləcə də, cənab İlham Əliyevin 2005-ci il 28 iyun tarixli fərmanı ilə təsdiq olunmuş yeni “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir.

2007-2012-ci illəri əhatə edən Proqramın icrası ilə əlaqədar cari ilin ötən dövrü ərzində bir sıra tədbirlər həyata keçirilmişdir. DİN-in tədbirlər planı təsdiq edilmiş və icrası ilə bağlı göstəriş hazırlanıb yerlərə göndərilərək nəzarətdə saxlanılır.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyədən çıxarılması sahəsində qabaqcıl iş təcrübəsinə, mükəmməl qanunvericiliyə, narkotiklərə tələbatın azaldılmasında və narkomaniya xəstəliyinin müaliəcəsində yüksək göstəricilərə malik olan dövlətlərin müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq genişləndirilmişdir. Bu sahədə həmin dövlətlərdə mövcud olan proqramlar, əsasən də zərərin azaldılması üzrə müsbət iş təcrübəsi öyrənilmiş, nəticədə ümumiləşdirilərək praktiki fəaliyyətdə tətbiq edilmiş, müvafiq icmallar və əyani vəsaitlər hazırlanmışdır.

Beynəlxalq əməkdaşlığın aktuallığı və vacibliyi nəzərə alınaraq, Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələrə dair” 1961-ci il, “Psixotrop maddələrə dair” 1971-ci il və “Narkotik vasitələrinə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə dair” 1988-ci il tarixli konvensiyalarına qoşulmuşdur.

2004-cü ildə ATƏT-in Bakı ofisinin maliyyə yardımı hesabına Birləşmiş Millətlər Təşkilatının narkotiklərə nəzarət üzrə konvensiyaları Azərbaycan dilinə tərcümə edilib, kitab şəklində çap olunmuş, xidmətdə istifadə olunması üçün polis orqanlarına göndərilmiş, konvensiyaların tələb və tövsiyələrindən irəli gələn vəzifələr praktiki işdə tətbiq edilmişdir.

— Bu gün narkotiklərin qanunsuz dövriyyəsində Azərbaycan ərazisini “dəhliz”ə çevirmək istəyən qüvvələr çoxalıb. Bunun qarşısının alınması üçün hansı tədbirlər görülür, hansı yeni strukturlar yaradılır?

— XX əsrin əvvəllərindən etibarən dünyada beynəlxalq narkomafiya intensiv formalaşma və inkişaf mərhələsindədir. Ölkəmiz öz müstəqilliyini nisbətən yaxın keçmişdə əldə etdiyindən burada da narkomaniya həyatın mühüm sahələrinə öz mənfi təsirini göstərmişdir.

Məlumdur ki, Azərbaycan Respublikası coğrafi mövqeyinə görə narkotiklərin ən çox istehsal olunduğu Asiya dövlətləri ilə narkotiklərin ən çox istehlakçısı olan Avropa dövlətlərinin arasında yerləşir. Ərazisindən keçən dəmir və avtomobil yolları, Xəzər dənizi vasitəsi ilə Orta və Mərkəzi Asiyadan gələn yük daşınmalarının bu ərazidən keçirilməsi narkotiklərin daşınması üçün də əlverişlidir. Bütün bunlar əlbəttə ki, ölkə ərazisindən narkotiklərin tranzit daşınması ehtimallarını ilbəil artırır.

Respublikanın cənub bölgəsi rayonlarını əhatə edən və mərkəzi Lənkəran şəhərində olan, Qərb regionu şəhər və rayonlarını, dəmiryolu və hava nəqliyyatını əhatə edən və mərkəzi Gəncə şəhərində olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2 regional şöbələrinin yaradılması, həmin şöbələrin peşəkar kadrlarla komplektləşdirilməsi, həmçinin, avtomaşınlar və digər müasir texniki vasitələr və avadanlıqlarla təchiz olunmaları hazırda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə öz müsbət nəticələrini verməkdədir.

Belə ki, qarşılıqlı əlaqələrin daha səmərəli qurulması nəticəsində narkotik vasitələrin, əsasən güclü təsirə malik olan növlərinin qaçaqmalçılıq və digər yollarla İran İslam Respublikasından respublika ərazisindən keçirməklə Rusiya, Avropa və digər dövlətlərə daşınmasının qarşısının alınması məqsədi ilə Baş İdarə, onun regional şöbələri və ərazi polis orqanları tərəfindən son illər keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin ölkə ərazisindən tranzit daşınması, qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər və mütəşəkkil dəstələrin tutulmaları təmin edilmiş, onlardan külli miqdarda güclü təsirə malik narkotik vasitələr müsadirə olunub götürülmüşdür.

Bu kimi tədbirlər həyata keçirilən zaman ən müasir texniki vasitələrlə təchiz olunmuş silahlı cinayətkarlar polis əməkdaşlarına qarşı avtomat silahlardan atəş açmaqla müqavimət göstərmişlər. Bu növ tədbirlər polis əməkdaşlarının müxtəlif dərəcəli xəsarətlər alması və hətta həlak olması ilə nəticələnmişdir.

Hər il müsadirə edilmiş narkotiklərin növlərində heroinin çoxalması və ölkədə son illər narkotiklərə, xüsusən, onun daha ağır növlərinə tələbatın artması, bu sahədə ciddi əks tədbirlərin həyata keçirilməsini tələb edir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparan digər hüquq-mühafizə orqanları ilə yanaşı Daxili İşlər Nazirliyi tərəfindən bu istiqamətdə kəskin mübarizə işi aparılır. Baş Narkotiklərlə Mübarizə İdarəsi və yerli polis orqanları dövlətlərarası müvafiq beynəlxalq sazişləri və digər öhdəliklərin yerinə yetirilməsi, DİN-nin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə məsələlərinin tənzimləyən əmr və göstərişlərini rəhbər tutaraq, respublika ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə görülən tədbirlər nəticəsində 2008-ci ildə ölkədə 2723 fakt qeydə alınmışdır. Bu 2007-ci ildəkindən 359 fakt çoxdur.2723 faktdan 1044-ü satış, 1566-ı saxlama, 97-i əkinlə bağlıdır. O cümlədən, götürülmüş narkotik vasitələrdən marixuana 210 kiloqramdan çox, həşiş 345 kiloqramdan çox, tiryək 55 kq.146 qram, heroin 38 kq. 459 qram, metadon 3,215 qram olmuşdur. Ötən il 54 xarici vətəndaşdan 116 kiloqram 883.822 qram müxtəlif növ narkotik vasitə müsadirə edilmişdir. Saxlanılan şəxslər arasında 24 nəfər İran İslam Respublikasının, 17 nəfər Gürcüstan, 12 nəfər Rusiya Federasiyasının, 1 nəfər isə Ukrayna vətəndaşı olmuşdur.

Respublikamızın təbii şəraiti və iqlimi narkotik xassəli bitkilərin kultivasiya edilməsinə və yabanı halda bitməsinə imkan verir. Bu bitkilərin qanunsuz əkilib becərilməsinin və yabanı halda yayılmasının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişinə uyğun olaraq ölkə ərazisində “Xaş-xaş” şərti adlı kompleks əməliyyat və profilaktik tədbirlər həyata keçirilir. Əlaqədar nazirlik, komitə, təşkilat, hüquq-mühafizə orqanları, eləcə də ictimaiyyət, o cümlədən mətbuat nümayəndələrini cəlb etməklə, keçirilən tədbirlər nəticəsində 2008-ci ildə narkotik vasitələr hazırlamaq üçün xammal kimi istifadə olunan 347 ton 108 kq belə bitkilər aşkar olunaraq, yaşıl kütlə halında məhv edilmişdir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin aşkar edilməsi ilə yanaşı, profilaktiki işinə də geniş yer verilmişdir. Belə ki, ölkə Prezidentinin məlum fərman və sərəncamlarının, Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmiş, kütləvi informasiya vasitələri ilə müntəzəm əlaqə saxlayaraq mətbuatda, televiziya və radio kanallarında, Bakının və respublikanın rayonlarında yeniyetmələr və ictimaiyyət qarşısında keçirilmiş seminarlarda narkomaniya, narkotiklərin qanunsuz dövriyyəsi və s. bu kimi mövzularda çoxsaylı çıxışlar edilmişdir.

Mütəmadi olaraq ölkə ərazisində narkotik vəziyyət təhlil olunmaqla yanaşı, müvafiq proqnozlaşdırmalar həyata keçirilir, narkotiklərin tələbatı öyrənilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməli və praktiki tədbirlərimiz davam etdirilir.

 

 

Telman ƏLİYEV,

 

Vahid İMANOV

 

Xalq qəzeti.-2009.-23 yanvar.-S.6.