Prezident İlham ƏLİYEV: Azərbaycan heç vaxt Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcəkdir !

 

2008-ci il bir çox böyük siyasi hadisələrlə uzun müddət Azərbaycan xalqının yaddaşından silinməyəcək. Hamımızın ciddi narahatçılığına səbəb olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də beynəlxalq aləmdəki mövqelərimiz ötən il xeyli möhkəmləndi. Dünyanın əksər dövlətləri, həmçinin nüfuzlu beynəlxalq təşkilatlar münaqişənin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyünün əsas prinsip kimi götürülməsini açıq bəyan etdilər.

Baxmayaraq ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən qəbul edilir, Birləşmiş Millətlər Təşkilatı, habelə digər nüfuzlu qurumlar tərəfindən tanınmışdır, lakin heç bir təşkilat məhz 2008-ci ildə olduğu kimi, öz mövqeyini bu qədər açıq şəkildə bəyan etməmişdir. Söz yox ki, azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə dünya birliyi tərəfindən kəskin pislənilib. Ancaq Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan dövləti tərəfindən işğal olunması lazımınca qiymətləndirilmirdi və dünya birliyi bu işğala son qoymaq üçün təcavüzkara lazımınca təsir göstərilmirdi. Dövlət başçımızın uğurlu daxili və xarici siyasəti nəticəsində 2008-ci ildə vəziyyət bizim xeyrimizə xeyli dəyişdi. Həmin ilin mart ayında BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı böyük səs çoxluğu ilə qətnamə qəbul edildi. Bu, Azərbaycan diplomatiyasının qələbəsi, həm haqq-ədalət, həm də bizim gücümüzün göstəricisi idi.

Bu fakt bir daha təsdiqlədi ki, dünya birliyi Azərbaycanın tərəfindədir, dövlətimizin mövqelərini dəstəkləyir. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri — münaqişənin nizamlanmasında vasitəçilik missiyası ilə birbaşa məşğul olan Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa qətnamənin əleyhinə çıxdı, lakin qətnamə səs çoxluğu ilə qəbul edildi. Bu ciddi sənədin qəbul olunması ondan xəbər verirdi ki, artıq dünya dövlətləri Azərbaycanın haqq işini dəstəkləyir, Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu təsdiqləyirlər.

ATƏT-in Minsk qrupu həmsədrlərindən olan ABŞ və Rusiya ötən ilin sonlarına yaxın münaqişənin nizamlanmasında öz mövqelərini açıq bəyan etdilər. Hər iki dövlətin səlahiyyətli nümayəndələri tərəfindən münaqişənin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyünün əsas prinsip kimi götürülməsi barədə qəti fikirlər səsləndirildi. Bundan sonra Ermənistan, beynəlxalq aləmdən təcrid olunmağa başladı və onun təcavüzkar olduğu bir daha təsdiqləndi. Bunun ardınca 2008-ci ilin noyabrında Moskvada üç dövlətin — Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar birgə bəyannamə imzalamaları dövlət başsımızın uğurlu xarici siyasətinin məntiqli davamı oldu. Artıq dünya ictimaiyyətinə də tam bəllidir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi tədqiqatlar da təsdiqləyib ki, ermənilər ora XIX əsrin birinci yarısında köçürülmüşdür. Dağlıq Qarabağın hüdudlarından kənardakı ərazilərin əhalisinin yüz faizi, Dağlıq Qarabağ əhalisinin isə təxminən 30 faizi azərbaycanlılar olub.

Bütün bunlar tarixi faktlardır. Ona görə də ermənilər tarixi saxtalaşdıra və Dağlıq Qarabağın Azərbaycan torpağı olması barədə əsl həqiqəti təhrif edə bilmədilər. Məhz buna görə də son illər hadisələr Azərbaycanın xeyrinə cərəyan edir. Bu, həm də ondan irəli gəlir ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Dövlətimizin yeritdiyi siyasət dünya birliyi tərəfindən, habelə beynəlxalq qurumlar çərçivəsində, qarşılıqlı münasibətlərdə müdafiə olunur.

Möhtərəm Prezidentimiz İlham Əliyevin son illər dünyanın müxtəlif ölkələrinə çoxsaylı səfərləri olmuş, dövlət və hökumət başçıları ilə xeyli görüşlər keçirmişdir. Hər bir ölkə ilə qarşılıqlı əməkdaşlıq, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi istiqamətində imzalanan bütün sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınıb və dəstəklənib. Bu ondan xəbər verir ki, dünyanın tanınmış beynəlxalq təşkilatları və fövqəldövlətləri, həmçinin siyasi elitası Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllini ən real variant hesab edir. Ermənistan tərəfi danışıqların gedişatını nə qədər təhrif etməyə çalışsa da, artıq heç nəyə nail ola bilmirlər. Çünki onların yalanlarına daha heç kim inanmır. Erməni tərəfi nə qədər cəhd göstərsə də, Dağlıq Qarabağ bu vaxta qədər hər hansı beynəlxalq təşkilat və ya dövlət tərəfindən müstəqil respublika kimi tanınmayıb. Ümumiyyətlə, bu məsələ heç vaxt müzakirə obyekti olmayıb. Hətta, Ermənistan beynəlxalq aləmin məsələyə obyektiv münasibətindən ehtiyatlanaraq bu vaxta qədər Dağlıq Qarabağı müstəqil respublika kimi tanımağa cürət etməyib. Çünki çox yaxşı bilir ki, bunun heç bir faydası yoxdur. Ona görə ki, Dağlıq Qarabağ Azərbaycanın aylmaz tərkib hissəsidir.

Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdən bu vaxta qədər bu məsələ müntəzəm olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılmış, tarixi faktlar ortaya qoyulmuşdur. Bundan sonra ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq cəhdləri iflasa uğramışdır. 1996-cı ildə ATƏT-in Lissabon zirvə toplantısında da bunun şahidi olmuşduq. Zirvə toplantısında ümummilli lider Heydər Əliyevin qətiyyəti və iradəsi nəticəsində ermənilərin Avropada azərbaycanlılara qarşı apardıqları siyasət alt-üst oldu. Avropanın 52 dövlətinin, ABŞ və Kanada, habelə 10 Asiya və Afrika dövlət başçılarının iştirakı ilə keçirilən Lissabon sammitində Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqların gələcək müqəddəratını müəyyən edən vacib sənəd qəbul edildi. Ermənistan tərəfinin veto qoymasına baxmayaraq ulu öndər Heydər Əliyev Azərbaycanın mənafeyinə uyğun üç prinsipin 53 dövlətin səsi ilə ATƏT-in yekun sənədinə daxil etdirilməsinə nail oldu. Böyük əhəmiyyət kəsb edən həmin prinsiplərə görə, Lissabon sammitinin iştirakçısı olan dövlətlər ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayıraraq Ermənistan ərazisi kimi tanıtmaq cəhdinin üstündən xətt çəkdilər. Həmin toplantıda qəbul olunan sənəddə bildirildi ki, münaqişə yüksək özünüidarəetmə statusunun verilməsi ilə həll olunmalıdır.

Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş diplomatik gedişləri beynəlxalq aləmdə yüksək qiymətləndirilmiş, Dağlıq Qarabağın əzəli Azərbaycan ərazisi olması barədə tarixi faktı bir daha təsdiqləmişdir. Dövlətimizin başçısı bu barədə öz qətiyyətli mövqeyini bildirərək demişdir: “Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir. Bu, birmənaldır və bu barədə heç danışmağa da dəyməz. Azərbaycan dövləti heç vaxt buna razılıq verməz. Ona görə ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dünya tərəfindən, Birləşmiş Millətlər Təşkilatı və bütün başqa ölkələr tərəfindən Azərbaycan topağı kimi tanınır... Biz bəyan etmişdik və mən indi də deyirəm ki, Dağlıq Qarabağda yaşayan ermənilərə yüksək muxtariyyət statusu verə bilərik. Bu hansı status olacaq, onu danışıqlar, bir də dünya praktikası, beynəlxalq hüquq normaları göstərər”.

Son illər Azərbaycanın mövqeləri daha da möhkəmlənmiş, nüfuzu xeyli artmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlarda bütün məsələlər ölkəmizin xeyrinə cərəyan edir. Beynəlxalq aləmdə işğalçı dövlət kimi tanınan Ermənistan artıq məğlub olduğunu dərk edərək müxtəlif vasitələrlə danışıqlardan boyun qaçırmağa çalışır. ATƏT-in Minsk qrupu həmsədrlərinin bu günlərdə ölkəmizə səfəri, bu ayın sonunda Davosda Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərini təşkil etmələri ilə əlaqədar fəaliyyətləri zamanı hər hansı problemlə qarşılaşmamışlar. Ötən il imzalanmış Moskva Bəyannaməsində də göstərilirdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlarda yalnız Azərbaycan və Ermənistan prezidentləri iştirak edəcək. Qondarma Dağlıq Qarabağ respublikasının nümayəndələri bu danışıqlara tərəf kimi qatılmayacaq. Bu, Azərbaycan tərəfinin tələblərindən biri idi. Bu tələb də təmin olundu. Demək, Azərbaycan tərəfinin mövqeləri beynəlxalq aləmdə dəstəklənir. Bu, həm də ondan irəli gəlir ki, son illər Azərbaycanın iqtisadi qüdrəti xeyli artmış, bəzi sahələr üzrə nəinki regionda, hətta, dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Bu illər ərzində Milli Ordumuz daha da formalaşmış, güclənmişdir. Buna baxmayaraq, ordumuzun gücü daha da artırılır. Hazırda işğal altında olan ərazilərimizi azad etməyə qadir, qüdrətli ordumuz var. Lakin dövlət başçımız münaqişənin danışıqlar yolu ilə həllinə çalışır. Bunu Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında qətiyyətlə bildirən dövlət başçımız dedi: “Biz çalışırıq ki, məsələ danışıqlar yolu ilə öz həllini tapsın. Ancaq bununla bərabər, o da heç kimə sirr deyil ki, biz ordu gücümüzü artırırıq və böyük dərəcədə artırmışıq. Son beş il ərzində ordu quruculuğu istiqamətində atılmış addımlar Azərbaycanı çox gücləndirmişdir. Növbəti illərdə orduya ayrılan xərclər daha da artacaqdır. Mən bunu bir daha demək istəyirəm ki, biz bu sahəyə prioritet diqqət göstəririk və 2009-cu ildə bütün hərbi xərclərimiz 2,3 milyard dollar təşkil etməlidir. Bu, böyük rəqəmdir. Ancaq bizim qarşımızda böyük vəzifələr dayanır. Biz istənilən anda, istənilən yolla öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq, hazırıq, ancaq özümüzü daha da gücləndirməliyik”.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.-2009.-25 yanvar.-S.4.