Bir şahmat məktəbinin uğurları

 

Şahmat iti zehin, dərin zəka, döyüş qabiliyyəti tələb edən mürəkkəb oyundur. Şahmat idmançıda məntiqi düşüncənin inkişafına, diqqətin mərkəzləşməsinə, qələbə əzminin, iradə möhkəmliyinin və digər mənəvi keyfiyyətlərin formalaşmasına kömək edir. Şərqdə yaranmış bu müdrik oyun daim insanları cəlb edir, öz sehrli aləminə qovuşdurur. Azərbaycanda da çox sevilən şahmat heç vaxt, necə deyərlər, dəbdən düşmür. Əsrləri və ölkələri adlayıb gələn bu oyunun ustaları və həvəskarları ölkəmizin ən ucqar bölgələrində də yetərincədir.

Masallı Rayon Təhsil Şöbəsinin nəzdində yaradılmış uşaq-cənclər şahmat məktəbinin 23 yaşı var. Fəaliyyətinin əsas məqsədi şahmatı şagirdlər arasında təbliğ və tədris etmək, onun kütləviliyinə nail olmaq, uşaqların asudə vaxtının səmərəli keçməsini, onlarda dostluq və vətənpərvərlik hisslərinin aşılanmasını təmin etməkdir. Məktəbdə 36 qrup fəaliyyət göstərir, 448 şagird qədim oyunun sirlərinə yiyələnir, yarışlarda rayonu təmsil edir.

Məktəb ilk yarandığı vaxtlarda yerli şahmatçılardan Eldar Məmmədov kompozisiya həlli üzrə müsabiqədə mükafatçılar sırasına çıxaraq ustalığa namizəd balı toplayıb. Vasif Nəcəfov 1987-88-ci illərdə iki dəfə şahmat üzrə kompozisiya birinciliyində qalib gəlib. Növbəti ildə isə İsmayıl Əzizov şahmat məsələləri üzrə respublika müsabiqəsində mükafat alaraq adını ilk onluğa daxil edib. İsmayıl müəllim hazırda bu məktəbin müəllimidir. 1998-ci ildə Naxçıvanda ulu öndər Heydər Əliyevin anadan olmasının 75 illiyinə həsr edilmiş beynəlxalq turnirdə Rəşad Bayramov 1-ci yeri tutub. Bundan iki il sonra Lənkəranda 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirə turnirində Elen İbrahimzadə və Murad Babayev 2-ci yerə layiq görülüblər. 2001-ci ildə Elen İbrahimzadə Bakıda keçirilmiş Azərbaycan birinciliyində 14 yaşlı şahmatçılar arasında finala vəsiqə qazanıb. Həmin il Elenin qardaşı Ödər İbrahimzadə Bilgəhdə təşkil olunmuş beynəlxalq turnirdə 3-cü yeri tutub. Elen İbrahimzadə sonrakı illərdə iştirak etdiyi yarışlarda da mükafatçılar sırasında olub. Buraya “Təhsil” Respublika İdman Məktəbinin açıq birinciliyi “Payız—2002" respublika şahmat turniri və Bakı şəhər birinciliyi daxildir.

İllər keçdikcə, Masallı şahmat məktəbində nəsillər dəyişsə də, uğurlar davam edib. 2004-cü ildə 10 yaşlı Azər Orucov dəfələrlə fərqlənərək məktəbin zəfər yürüşünü layiqincə davam etdirib. Həmin il mart ayında Bakıda keçirilmiş Azərbaycan birinciliyinin final turnirində gümüş medal alan Masallı təmsilçisi Avropa birinciliyində iştirak etmək hüququ qazanıb. Avqustda isə Türkiyənin Ürküb şəhərində təşkil olunmuş qitə yarışlarında Azər adını ilk onluğa yazdırıb.

Həmin il respublika şahmat məktəbləri komandalarının Salyan rayonunda keçirilmiş zona yarışında Masallının qızlardan ibarət gənc zəka sahibləri 1-ci yerə çıxıblar. Şahmatçı oğlanlar da geri qalmayıblar. Noyabrda Bakıda təşkil olunan respublika təsnifat turnirində Azər Orucovun qardaşı Şücaət Orucov 9 oyundan 9 xalla 1-ci yerə sahib çıxıb. 2005-ci ildə Şücaət Avropa birinciliyində Azərbaycanı təmsil etmək hüququ qazanıb. Astarada keçirilmiş şahmat məktəbləri komandalarının zona yarışında Masallının həm oğlanlardan, həm də qızlarda ibarət seçmə kollektivləri ən güclü olublar.

Sonrakı illərdə də respublika miqyaslı rəsmi yarış və turnirlərin heç birindən Orucov qardaşları evə əliboş qayıtmayıblar. 2007-ci ildə Xorvatiyanın Şibenik şəhərində keçirilən Avropa, Türkiyənin Antalya şəhərində keçirilən Dünya birinciliklərində qardaşlar uğurlu çıxış ediblər. Komanda yarışlarında da Masallı şahmatçıları uğurlarını ilbəil təkrarlayıblar. Bu dövrdə Həcər Heydərova, Məryəm İmaməliyeva, Maşallah Həşimov, Ziya Niftullayev də məhsuldar şahmatçılar kimi tanınıblar.

Masallı uşaq-gənclər şahmat məktəbinin direktoru Famil Fərmanlı yeniyetmə və gənclik illərində idmanın iki növü ilə məşğul olub. Həm şotokan-karate, həm də şahmat üzrə 1-ci dərəcə normasını ödəyib. 1984-cü ildə indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1993-cü ilədək Masallı şahmat məktəbində dərs hissə müdiri işləyib. On beş ildir ki, direktordur. Övladları Rauf və Ziyaya da bu idman növlərini sevdirə bilib. Ali hərbi məktəbin son kurs tələbəsi olan Rauf hər iki növdə 1-ci, Ziya isə 2-ci dərəcə normasını ödəyib. Onun rəhbərliyi ilə fəaliyyət göstərən məktəbin uğurları davamlılığı ilə diqqət çəkir. Müəllimlərdən İsmayıl Əzizli, Ərəstun Mustafayev, Sücəddin Cabbarov, Məzahim Ağayev şahmatın gənclər arasında geniş yayılması üçün əllərindən gələni edir, Masallının idman ənənələrini zənginləşdirirlər.

Bizimlə görüşündə məktəbin yetirmələrinin yarışlarda iştirakı və nəticələri barədə məlumatları təqdim edən Famil müəllim dedi ki, məqsəd yalnız usta şahmatçılar, çempionlar, adlı-sanlı idmançılar hazırlamaq deyil. Kifayət edər ki, böyüyən nəslin intellektual səviyyəsi yüksək olsun, məktəblilər həyat şahmatında ən çətin sınaqlardan düzgün çıxış yolları tapa bilsinlər, heç vaxt “mat” vəziyyətinə düşməsinlər. Eyni zamanda yarışlarda qələbələrin qazanılması məktəbə başucalığı gətirir. Yenicə yola saldığımız 2008-ci il bu baxımdan istisna deyil. Ağstafa, Bakı, Masallı, Astara, Zaqatala, Lənkəran şəhərlərində keçirilmiş yarışlarda məktəbin yetirmələri öz sözlərini qətiyyətlə deyə biliblər. Aprel-may aylarında Yunanıstanın Xalqidiki şəhərində məktəblilərin Avropa çempionatında Şücaət Orucov məsələ və etüd həlli üzrə 2-ci yeri tutub və ustalığa namizəd normasını ödəyib.

Yeni, 2009-cu il də Masallı şahmatçıları üçün uğurla başlayıb. Yanvarın ilk ongünlüyündə Beyləqanda keçirilmiş Azərbaycan birinciliyinin seçmə yarışlarında 14 yaşlı oğlanlar arasında Şücaət Orucov 9 görüşdən 9 xalla 1-ci yeri tutub. Onun qardaşı Azər 16 yaşlılar arasında finala vəsiqəni təmin edən 5-ci yerə çıxıb. Yeddi yaşlı Həcər Heydərova fitri istedadını göstərərək 8 yaşlı qızlar arasında 7 görüşdən 6 qələbə ilə 1-ci olub. Beş yaşlı Gülçin Heydərova isə bu yarışda yalnız böyük bacısı Həcərə uduzaraq 2-ci yerə sahib çıxıb. Maraqlıdır ki, balaca Gülçin yarışda Həcərin məğlub olduğu şahmatçı ilə “duel”dən də qalib ayrılıb.

Hər dəfə səfərlərdən, yarışlardan doğma Masallıya qayıdan gənc şahmatçıları icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qəbul edir, onlara təbriklərini çatdırır, daha böyük uğurlar arzulayır. Rayon rəhbərliyinin, təhsil şöbəsinin qiymətli hədiyyələri, mükafatları, nazirliyin həmkarlar ittifaqı komitəsinin Diplomu Masallı şahmatçılarını daha da ruhlandırır, yeni-yeni qələbələrə səfərbər edir.

İnanırıq ki, istedadlar yurdu kimi tanınan rayonun gənc şahmatçıları həmyerlilərinə bundan sonra da bol qələbə sevincləri bəxş edəcəklər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.-2009.-25 yanvar.-S.6.