Onun “ulduzlu” yolu

 

...Salam, – tanış olmayan bu səsi eşidib başımı qaldırdım. Mənim Azərinformdakı (indiki AzərTAc) iş masamın qabağında gənc, saçları qısa vurulmuş, çox məlahətli bir qadın dayanmışdı. Nədənsə, onun əynindəki idman tipli isti gödəkçə yaddaşıma həkk oldu. 90-cı, ya da 91-ci ilin qışı idi. O, mənim gözlərimdəki sualı, sanki, oxuyaraq özünü təqdim etdi:

– Mən Elmira Axundovayam. Bu yaxınlarda məni “Literaturnaya qazeta”nın bizim respublika üzrə xüsusi müxbiri vəzifəsinə təsdiq ediblər. Bu günlərdə mənim məqaləm çap olunub. Sizin fikrinizi bilmək mənim üçün maraqlı olardı. Axı siz uzun müddət “İzvestiya” qəzetində işləmisiniz...

Təzə tanışım bütün bu sözləri birnəfəsə dedi...

Razılaşdıq ki, mən həmin məqaləni hökmən oxuyacağam və fikrimi bölüşməyə hazıram. Lakin çox vaxt olduğu kimi, bizim növbəti görüşümüz baş tutmadı. Lakin o vaxtdan bəri ötən 20 ilə yaxın müddətdə mən imkan daxilində cavan həmkarımın imzası ilə dərc olunmuş yazıların heç birini nəzərdən qaçırmamağa çalışıram. Bunu ilk növbədə onunla izah edirəm ki, Elmira birinci görüşümüzdən xoşuma gəldi. Onun hər bir sözündə hiss olunan özünə inam, hətta deyərdim ki, bir qədər təkəbbür mənə xoş gəlirdi. Onun təkcə “Literaturnaya qazeta”da deyil, “Bakinski raboçi”, Moskvada çıxan “Obşaya qazeta” və başqa nəşrlərdə dərc edilən materiallarında da eyni əlamətlər duyulurdu. Müəllifin bu və ya digər faktı, hadisəni düzgün şərh etməsinə inamı, oxucunu da inandırmaq bacarığı bu yazılar üçün səciyyəvi idi. Müəllifə etimad onun yazdıqlarına inanmağa da xeyli kömək edir.

Publisistikadan söhbət gedəndə bunun nə qədər vacib olduğunu təsəvvür etmək çətin deyil, çünki əks halda yazı öz dəyərini itirir. Elmira Axundovanın mətbuat səhifələrində çıxışlarına isə inanmamaq çətin idi. Bu çıxışlar çox vaxt, necə deyərlər, onun həyatına və yaradıcılığına nüfuz etmiş siyasətlə bağlı olur. Elmiranın imzası olan hər bir material müəllifin hadisələrə və cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, siyasi xadimlərə obyektiv qiymət vermək bacarığı ilə fərqlənirdi. O, özünə xas olan cəsarətlə bu siyasi xadimlərin ən çox “sıxışdırılanları” haqqında yazırdı. Bu isə həmin dövrdə heç də asan məsələ deyildi. Məsələn, Elmira Naxçıvanda Heydər Əliyevdən müsahibə almış və bunu mətbuatda dərc etdirmiş ilk jurnalist olmuşdur. Elə bil müəllif öz müsahibinin şəxsiyyətinin miqyasını hələ o vaxt dərk etmiş, onun potensial imkanlarını hiss etmişdi. 1995-ci ildə isə “Literaturnaya qazeta”nın səhifələrində Elmira xanımın Azərbaycanın keçmiş prezidenti Elçibəylə söhbətini oxumuşduq.

Bəlkə də, Elmira üçün böyük jurnalistikaya yol açan onun qorxmazlığı, cəsarəti olmuşdur. 1980-ci illərin axırlarında “Bakinski raboçi” qəzetinin redaktoru Gennadi Qluşkovun Elmiranın “Biz hamımız keçmişin övladlarıyıq” adlı məqaləsini dərc etməkdən çəkinməməsini xatırlayanda o, indi də heyrətlənir. Cavan jurnalist həmin məqalədə siyasi səhnədən yenicə uzaqlaşmış Heydər Əliyevin əleyhinə çıxış edənləri, vaxtilə onlara rütbələr, təltiflər, vəzifələr verən bu insanın qayğılarını unudanları qınayırdı... Bu, çox səmimi, vicdanla yazılmış məqalə idi. Bir qədər irəli gedərək deməliyəm ki, o vaxt hələ Moskvada olan Heydər Əliyev özü də bu məqaləni oxuyanda heyrətlənmişdi ki, Bakıda belə bir jurnalist olduğunu bilmir.

Bu hadisədən çox sonra Elmira Axundovanın “Naşirin ölümü” və “Şüşə saray” adlı sənədli bədii əsərləri, kəskin detektiv süjetli roman-tədqiqatları çapdan çıxanda bu faktlar heç kəsi təəccübləndirmədi, çünki o, bir peşəkar kimi özünü göstərmiş, həyat hadisələrinə öz baxışı, mövzunun açılmasına öz yanaşması olan səriştəli, düşünüb-daşınmağı bacaran publisist kimi tanınmışdı.

Biz onunla tez-tez görüşməsək də, tanışlığımızın kifayət qədər böyük tarixə malik olması, zənnimcə, mənim jurnalist Axundova, yazıçı-publisist Axundova, nəhayət, bir insan kimi onun haqqında fikirlərimi bölüşməyə imkan verir.

Jurnalistikaya gəldikdə, Elmira çox qısa müddətdə sübut edə bilmişdir ki, bu, onun başlıca vəzifəsidir. Bəlkə də, bunu əvvəlcədən hiss etdiyindən, komsomol-partiya lideri karyerasından imtina etmişdi. Hərçənd, orta məktəbdən sonra daxil olduğu texnikumda da, filologiya fakültəsinin tələbəsi olduğu dövrdə də həmişə fəallar sırasında olmuşdu. Amma o, öz gələcəyini burada görmürdü. Artıq qeyd etdiyim kimi, jurnalistika Elmiranın həyatına xeyli sonra daxil olmuşdu. Bu vaxta qədər bir müddət televiziyada işləmiş, sonra Azərbaycan Yazıçılar İttifaqı sədrinin köməkçisi olmuş, tərcüməçilik fəaliyyəti ilə məşğul olaraq İttifaqın üzvləri sırasına daxil olmuş, daha sonra elmlər akademiyası sistemində tədqiqatlar apararaq namizədlik dissertasiyası müdafiə etmişdir.

Yeri gəlmişkən, İsmayıl Şıxlının povestləri, romanları, hekayələri Moskvada Elmira Axundovanın tərcüməsində çapdan çıxmışdır. Elçinin bir sıra hekayələrini, Bayram Bayramovun “Karvan yolu” romanını və başqa əsərləri də rus dilinə Elmira Axundova tərcümə etmişdir. Elmira özü də etiraf edir ki, Azərbaycan ədəbiyyatını tərcümə edərkən, yazıçılar mühitində maraqlı insanlarla görüşlərində çox şey öyrənmiş, Azərbaycan ədəbiyyatını və mədəniyyətini daha yaxşı öyrənmiş, ana dilini mənimsəmişdir. Doğrudur, Elmira rus məktəbində oxumasına baxmayaraq, Azərbaycan dilini bilirdi. Axı o, Bakının dağlı məhəlləsində böyümüşdü. Amma bu, necə deyərlər, dükan-bazar dili idi. Düzdür, atası, əslən Masallı rayonundan olan Hüseyn Qafarov öz uşaqları ilə Azərbaycan dilində danışırdı, hərçənd, bu evdə Azərbaycan dili Elmiranın ukraynalı anasının dili ilə qarışıq səslənirdi.

1989-cu ilin axırları, 1990-cı ilin əvvəlində, respublikamız üçün ən çətin illərdə təbiətən laqeydliyə yad olan Elmira dünyada, doğma Azərbaycanda baş verən hadisələrdən kənarda qala bilməzdi. O, Qarabağ hadisələrini, Bakıdakı Qara Yanvar faciəsini, Xocalıda törədilmiş qanlı qırğını öz şəxsi faciəsi kimi qəbul etdi. Nə isə etmək, təsirli addımlar atmaq istəyirdi. Belə bir vaxtda “Literaturnaya qazeta”nın Azərbaycan üzrə xüsusi müxbiri yeri boşalanda Elmira cəsarətini toplayıb Yazıçılar İttifaqının sədri Anardan xahiş etdi ki, müxbir vəzifəsinə onu tövsiyə etsin. Elmira özü mənə danışırdı ki, Anar ona çox təəccüblə baxmışdı: dəli olmusan, özünü hara soxursan, axı, orada Zori Balayan işləyir, sənin isə mətbuatda bircə gün də iş təcrübən yoxdur...

Lakin inadkarlıq, öz xalqının haqq işi uğrunda mübarizəsinə az da olsa töhfə vermək arzusu üstün gəldi. Elmira Axundova “Literaturka”nın xüsusi müxbiri oldu və az sonra özünün ağıllı, obyektiv, inandırıcı və çox təmkinli materialları ilə Balayanın çıxışlarının başdan-başa yalan və subyektiv olmasını sübut etdi. Axundovanın bu qəzetdə ən birinci, “Təmizlər və natəmizlər olmayanda” adlı məqaləsi millətin dil prinsipi üzrə bölünməsi kimi qüsurlu bir praktikaya həsr edilmişdi. Bu məqalə oxucuların qızğın marağına səbəb olmuşdu.

Az sonra Elmiraya vaxtilə bizə düşmən hesab edilən “Azadlıq” radiosunun xüsusi müxbiri də olmağı təklif etdilər. O, xeyli götür-qoy edəndən sonra həmin təklifi qəbul etdi. Özünün obyektiv və ədalətli məlumatları ilə Azərbaycan haqqında həqiqəti dünyaya çatdıracağına, erməni separatistləri tərəfindən yayılan yalanları ifşa edəcəyinə ümid bəsləyirdi. Qeyd etmək lazımdır ki, Prezident Heydər Əliyevin neft strategiyası, onun xarici siyasəti dünyada maraqla qarşılanmış və bəyənilmişdi. Elmira da bu barədə səriştəli materiallar yazmışdı. Əvvəllər “DTK generalı”nı dəstəkləməkdən qəti imtina edən radiostansiyanın rəhbərliyi də öz mövqeyinə yenidən nəzər salmış və müxbiri prezidentin müstəqil siyasət yeritmək səylərini dəstəkləməyə yönəltmişdi. Lakin 2002-ci ildə Minskdə keçirilmiş zirvə toplantısından sonra Axundova həmin işdən getdi – onun həmin sammitdə verdiyi, ermənilərin xeyrinə olmayan sualı bağışlamadılar və ermənilər “Azadlıq” radiosunun Azərbaycan üzrə xüsusi müxbirindən ABŞ Konqresinə şikayət etmişdilər. Təbii ki, Elmira həmin hərəkətindən peşman olduğunu bildirən məktub yazmaqdan imtina etdi...

Qəribə də olsa, ulu öndər bu illər ərzində Rusiya qəzetlərinin xüsusi müxbirinin eyni zamanda “Azadlıq” radiosunda da işlədiyini bilə-bilə, onu xarici səfərlərdə müşayiət edən jurnalistlərin heyətinə daxil edirdi. Bu 10 il ərzində Elmira bir sıra ölkələrdə olmuş, dünyanı görmüşdür. Bu illər onun “ulduzlu” illəri idi. O, yorulmaq bilmədən işləyir, “Literaturka”nın, sonra “Obşaya qazeta”nın səhifələrində, “Azadlıq” radiosunun efirində Vətənin mənafelərini müdafiə edirdi.

Elmira son 10–15 ildə yazdığı materiallarının xeyli hissəsini bir neçə kitab şəklində dərc etdirmişdir: “Həqiqət anları”, “Bu bizik”, “Yaşamaq vaxtıdır” və “Fərmanla əfv edilmişdir”. Bu kitablarda müxtəlif insanlar və müxtəlif hadisələr haqqında maraqlı hekayətlər toplanmışdır. Müəllifin hisslərinin dərinliyini təsdiq edən bu hekayətlərin hər birində onun varlığının bir hissəsi, onun idealları, əsl insan haqqında təsəvvürləri yaşayır. “Bu bizik” məcmuəsinə daxil edilmiş iki materialın adını çəkmək kifayətdir: “Qayıtdığına görə günahkardır” və “Tofiq və Xalidə” adlı yazılar oxucunun qəlbində çox kövrək hisslər oyadır.

Yuxarıda adını çəkdiyim məcmuələrdən birincisinin mərkəzində isə Azərbaycan Prezidenti Heydər Əliyevin obrazı dayanır. Bu məcmuələri yazıçı-publisist Elmira Axundovanın həyatının əsas layihəsi olan “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabına hazırlıq hesab etmək olar (bu kitab barədə aşağıda söhbət açacağıq). Məlum olduğu kimi, müəllifin bəxti gətirmişdir, o, öz qəhrəmanını iş başında görmüş, daim onun haqqında düşündüklərini yoxlamaq, təxəyyülündə canlandırdığı obrazının konturunu pozmamaq imkanı əldə etmişdir. Lakin hətta bu cür imkanlar olduqda belə, öz qəhrəmanının ovqatına köklənmədən, onu danışdırmağı, gördüyün işin vacibliyini, bu işin gətirəcəyi xeyiri hiss etməyə məcbur etməyi bacarmasan bu insan haqqında yazmaq mümkün deyil. Xoşbəxtlikdən, Elmiranın materialları göstərir ki, o, buna nail olmuşdur.

Sürətlə ötüb keçən zaman bizim duyğularımıza və təsəvvürlərimizə düzəlişlər edir. Çoxdan çap olunmuş materialları bu gün təzədən oxuyanda bəzən orada elə məqamlar tapırsan ki, bunları əvvəllər mətnin məzmununa aludə olaraq, sadəcə, hiss etməmisən. Mən də Elmiranın əvvəllər dərc olunmuş bəzi yazılarını bu gün yenidən oxuyanda fikirləşdim ki, bunlar necə də rahat oxunur! Əlbəttə, bu, sənətkarlıqdır! Daha konkret desək, mən Elmiranın dəst-xəttinin şəffaflığını, onun detallardan istifadə etmək, şəraiti və xarakterləri hərtərəfli təsvir etmək bacarığını vurğulamaq istərdim. Deyə bilərsiniz ki, jurnalistlərin çoxunda bu məziyyətlər var. Lakin adi gündəlik həyatımızda oxucunu məlum vəziyyətə, məlum hadisələrə yeni nəzərlə baxmağa, onları daxildən işıqlandırmağa məcbur edən yeganə səmərəli toxumu tapmaq səadəti heç də hər kəsə nəsib olmur.

Daha bir məqam haqqında. Elmira Axundovanın məqalələrindən ibarət məcmuələrin birinə ön söz yazmış Anarın qeyd etdiyi kimi, onun yazdığı bütün materialları “Zaman hissi, zamana sədaqət, zamanın nəbzini duymaq və ifadə etmək bacarığı” birləşdirir. Başqa sözlə desək, bu, sözün yaxşı mənasında jurnalist fərasəti, mövzunu duymaq bacarığıdır.

Elmura Axundovanın publisistik yaradıcılığının zirvəsi isə, əlbəttə, onun “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatı hesab edilməlidir. Tanınmış rusiyalı politoloq-alim Roy Medvedevin fikrincə, bu əsər zəmanəmizin liderləri haqqında kitabların ən yaxşısıdır.

Budur, qarşımda dörd sanballı cild var... bu, 6 il gecə-gündüz, gərgin iş, Prezidentin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə söhbətlərin yüzlərlə lent yazısı, məşhur siyasətçilər və dövlət xadimləri ilə müsahibələr, DTK arxivlərində və Prezidentin şəxsi arxivində iş deməkdir. Bütün bu nadir sənədlər romanın əsasını təşkil edir. Yeri gəlmişkən, müəllifə həmin romanı yazmağı tövsiyə edən ulu öndər özü olmuşdur. Sonra isə Prezident İlham Əliyev bu fikri bəyənmişdir və ona hər cür kömək edir.

Elmira özü də etiraf edir ki, onun “ulduzlu” yoluna çevrilmiş bu əsas layihəni həyata keçirməyə başlayanda çox həyəcanlanırdı: Toplanmış materialın nəhəng laylarını necə qaldıracaq, xırda detallar arasında necə baş çıxaracaq, fikirlərini məntiqi ardıcıllıqla qurmağa, əsas məqsəddən yayınmamağa nail ola biləcəkmi?

Artıq indi biz bilirik ki, müəllif bu çətin vəzifənin öhdəsindən bacarıqla gəlmiş və bizə öz emossionallığı və səmimiliyi ilə fərqlənən, dəqiq və obyektiv bir tədqiqat – görkəmli liderin, böyük dövlət xadiminin, istedadlı siyasətçinin, yüksək intellektə malik olan, böyük yüksəliş, çox böyük məsuliyyət, hədsiz şöhrət və nüfuz ilə bərabər, həm də acı sarsıntılar, amansız, qəddar itkilər, öz ideallarının puç olması dövrünü də yaşamış, lakin əyilməmiş şəxsiyyətin həyatının araşdırmasını təqdim etmişdir.

Romanın cildlərindən birinə ön sözün müəllifi Oljas Süleymenovun yazdığı kimi, bu cür kitablar lazımdır, onlar rəhbər kadrların yeni nəsillərinin tərbiyə olunmasına kömək edir. Heydər Əliyevin təcrübəsi xüsusən ona görə qiymətlidir ki, o, bir ölkədə iki dövlətə rəhbərlik etmişdir. Elmiranın öz sözləri ilə desək, böyük adamların həyatı bizə həyat qüvvəsi bəxş edən tükənməz çeşmədir.

Xronikanın artıq çapdan çıxmış 4 cildi ulu Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə etmir. Elmira Axundova indi də öz görkəmli qəhrəmanı haqqında bioqrafik oçerklər üzərində işi davam etdirir. Əvvəlki kimi fədakarlıqla, özünü bütünlüklə işə həsr etməklə, daim vaxt çatışmazlığından şikayətlənərək davam etdirir.

Bəli, yazıçı, yaxud jurnalist haçan işi olmadığını heç vaxt bilmir. O, “normal” adamlar kimi rahatlıqla dincələ, həmin anda onu narahat edən mövzudan uzaqlaşa bilməz. Buna çalışanda, yaradıcılıqla bağlı fikirlər gecə səni rahat buraxmayacaq. Belə anlarda yata bilməyəcəksən. Yerindən qalxıb qələmi götürməli olacaqsan...

“Bunlar mənə tanışdır” – deyən Elmira xanım da bu fikirlərlə razılaşır. Doğrudan da, sutka ona azlıq edir. Axı, yaradıcılıqla yanaşı, ailə qayğıları, deputat vəzifələri də var. Elmira ölkəmizin Milli Məclisində öz həmyerlilərini, ona yüksək etimad göstərmiş Masallı sakinlərini təmsil edir. Deputat bu etimadı doğrultmağa çalışır. Burada da onun işə öz yanaşması var. Həyat çox müxtəlif formalarda təzahür edir, biz hər gün ən gözlənilməz vəziyyətlər və münaqişələrlə üzləşirik. Elmira Axundova bizim cəmiyyət üçün ən səciyyəvi həyati vəziyyətləri seçməyi, insanlara kömək etmək məqsədi ilə ictimaiyyətin, müvafiq təşkilatların diqqətini ən vacib məsələlərə cəlb etməyi bacarır, bununla da yeni həyat normalarının bərqərar olmasına kömək edir.

Əməkdar jurnalist, “Şöhrət” ordenli, bir sıra peşə təltiflərinə layiq görülmüş Elmira Axundovanın insani keyfiyyətləri barədə bir neçə kəlmə deməsəm, onun portreti yarımçıq olar. İlk növbədə, mənim fikrimcə, insanın ən mühüm keyfiyyəti – onun yaxşılığı unutmamaq, nəcib olmaq bacarığı haqqında danışmaq istərdim. Açığını deyim ki, Elmiranın ona bütün həyatı boyu kömək etmiş, onu dəstəkləmiş korifey sənətkarlar Mirzə İbrahimov və İsmayıl Şıxlı, gözəl tərcüməçi İshaq İbrahimov, yazıçı İmran Qasımov, şair Sabir Rüstəmxanlı, naşir Əjdər Xanbabayev haqqında, Anar haqqında, taleyinin Elmira ilə qarşılaşdırdığı və öz ürəklərinin hərarətini onunla səxavətlə bölüşdüyü insanlar haqqında danışdıqlarını dinləmək mənə çox xoş idi.

Elmira yaxşılığı qəbul etməklə bərabər, özü də yaxşılıq etməyi xoşlayır. Bunu təsdiqləyən xeyli fakt göstərə bilərdim, lakin çox fikirləşəndən sonra qərara gəldim ki, bunu etməyəcəyəm. Axı, əslində, yaxşılıq etmək məgər normal hal deyil?! Mənə belə gəlir ki, həqiqətən, istedadlı insan, sadəcə, laqeyd ola bilməz. Türk yazıçısı Əziz Nesinin vaxtilə dediyi bir fikir yadıma düşür: Siz yaxşı insansınız, çünki sizin gözlərinizdə günəş parlayır.

Mən bu sözləri öz qəhrəmanıma – qaynar ürəkli, gözləri işıq saçan insana da aid edirəm...

 

 

Elmira ƏLİYEVA

AzərTAc-ın müxbiri

 

Xalq qəzeti.-2009.-27 yanvar.-S.5.