Milli Məclisin 2008-ci ildəki qanunvericilik fəaliyyəti məhsuldar olmuşdur

 

Yanvarın 28-də Milli Məclisdə keçirilən mətbuat konfransını parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu açdı. O, parlamentin 2008-ci il yaz, növbədənkənar və payız sessiyaları barədə məlumat verdi. Qeyd etdi ki, hakimiyyətin mühüm qollarından biri kimi, Milli Məclis qanun yaradıcılığı sahəsində öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək bu sahədə xeyli nailiyyətlər əldə etmiş, müstəqil Azərbaycan dövlətinin dünya birliyinə inteqrasiyası sahəsində mühüm işlər görmüşdür.

Milli Məclisin 2008-ci il yaz və növbədənkənar sessiyaları dövründə ümumilikdə parlamentin 18 iclası keçirilmiş, 145 qanun və qərar qəbul edilmişdir. Parlamentin yaz sessiyasında 13 iclas keçirilmiş, 85 qanun və qərar, o cümlədən 1 Konstitusiya qanununa dəyişikliklər və əlavələr və 12 qərar qəbul olunmuşdur. Bu dövrdə parlamentdə 22 beynəlxalq müqavilə və konvensiya ratifikasiya olunmuş, 36 qanuna dəyişikliklər və əlavələr edilmişdir. Bununla yanaşı bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilmişdir. Növbədənkənar sessiya dövründə isə (2 iyun — 4 iyul 2008-ci il) Milli Məclisin 5 iclası keçirilmiş, 60 qanun və qərar qəbul olunmuşdur.

2008-ci ilin payız sessiyasında parlamentin 13 iclası keçirilmiş, 90 qanun və qərar qəbul edilmişdir. Payız sessiyası dövründə 2 Konstitusiya qanununa dəyişikliklər və əlavələr edilmiş, 7 qanun, 14 qərar qəbul olunmuş, 30 beynəlxalq müqavilə və konvensiya təsdiq edilmişdir. Bununla yanaşı, bu dövrdə 37 qanuna dəyişikliklər və əlavələr edilmişdir.

Ümumilikdə, 2008-ci ildə 31 iclas keçirilmiş, 235 qanun və qərar qəbul edilmişdir.

A. Təvəkküloğlu dedi ki, ötən dövrdə parlamentdə ölkənin əsas maliyyə sənədi olan dövlət büdcəsi müzakirələrdən sonra qəbul olunmuşdur. Milli Məclisin iclaslarında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hesabatı, ölkənin insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın), bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyinin illik məruzələri dinlənilmişdir.

2008-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə hüquqi sahəyə aid bir sıra sənədlər qəbul olunmuşdur. Azərbaycanda gedən demokratik inkişafı, ötən seçkilərin təcrübəsini, seçki hüququ sahəsində beynəlxalq standartları nəzərə alaraq mövcud seçki qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Qanun qəbul edilmişdir. Bu dövrdə qəbul olunmuş “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Qanun əsas siyasi azadlıqlardan biri olan sərbəst toplaşmaq azadlığının ölkəmizdə daha yüksək səviyyədə təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Bu sənədlərin Milli Məclisdə qəbul olunması 2008-ci ilin oktyabrında növbəti prezident seçkilərinin şəffaf, demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi üçün hüquqi bazanı daha da təkmilləşdirdi.

Diqqətə çatdırıldı ki, payız sessiyasında Milli Məclisdə qəbul olunmuş mühüm əhəmiyyətli sənədlərdən biri “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendum) keçirilməsi haqqında” qərar olmuşdur. Referendum Aktı barədə Konstitusiya Məhkəməsinin rəyi alındıqdan sonra Milli Məclis özünün 26 dekabr tarixli iclasında bu vacib sənədin 2009-cu ilin martın 18-də ümumxalq səsverməsinə çıxarılması barədə qərar qəbul etmişdir.

2008-ci ilin payız sessiyasında hüquqi sahəyə aid bir sıra sənədlər də qəbul edilmişdir. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə qanun, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun, “Notariat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə qanun məhz bu qəbildəndir.

Bu dövrdə “zərbaycan polisinin 90 illiyi,” “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalları təsis edilmişdir. Parlamentdə “Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalının əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” qərar qəbul olunmuşdur.

Bunlarla yanaşı, ötən dövrdə parlamentdə “Konstitusiya Məhkəməsi haqqında Qanuna əlavə və dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında”, “Dövlət Qulluğunun İdarəetmə Şurasının əsasnaməsinə əlavə və dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” hüquqi sənədlər qəbul olunmuşdur. Ötən dövrdə yerli özünüidarə orqanlarının fəaliyyəti Milli Məclisin diqqət mərkəzində olmuş və bu sahə üzrə müvafiq sənədlər qəbul olunmuşdur.

Payız sessiyasında “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarına dəyişiklik edilməsi barədə” qərar qəbul olunmuşdur.

Mətbuat xidmətinin rəhbəri daha sonra dedi ki, ötən dövrdə parlamentdə iqtisadi sahədə “Ekoloji kənd təsərrüfatı haqqında”, “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının ”bir pəncərə" prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə", “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə", “Şərti maliyyə vahidi məbləğinin mütləq rəqəmlərlə əvəz olunması məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında” qanunlar qəbul edilmişdir. Bununla yanaşı, bu sahəyə aid 2008-ci ilin payız sessiyasında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanunlar qəbul edilmişdir.

Ötən dövrdə parlamentdə müzakirə olunmuş mühüm əhəmiyyətli sənədlərdən biri də “Təhsil haqqında” qanun layihəsi olmuşdur. Bu məsələnin ictimaiyyətin böyük marağına səbəb olduğunu nəzərə alaraq, sənədin layihəsi üzərində işləyərkən dünyanın aparıcı dövlətlərinin bu sahədəki təcrübəsi öyrənilmiş, təhsil sahəsində tanınmış mütəxəssislərin, elm adamlarının, pedaqoqların, ekspertlərin, müvafiq dövlət qurumları nümayəndələrinin iştirakı ilə dəfələrlə geniş müzakirələr keçirilmişdir. Qanun layihəsi Milli Məclisin payız sessiyasında çox geniş keçən müzakirələrdən sonra II oxunuşda qəbul olunmuşdur. Qanun layihəsinin parlamentin yaz sessiyasında üçüncü oxunuşa çıxarılması gözlənilir.

Parlamentin beynəlxalq əlaqələrinin inkişafı Milli Məclis rəhbərliyinin daim diqqət mərkəzində olub. Belə ki, Milli Məclisin nümayəndə heyətləri bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq təşkilatların işində yaxından iştirak etmişlər. Parlamentlərarası əlaqələrin inkişafında xarici ölkələrin ali qanunvericilik orqanları ilə dostluq qrupları xüsusi yer tutur. 73 ölkənin qanunvericilik orqanı ilə əlaqələr üzrə işçi qrupları yaradılmışdır.

Hazırda Milli Məclis Parlamentlərarası İttifaqın, Avropa Şurası Parlament Assambleyasının, MDB Parlamentlərarası Assambleyanın, ATƏT Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, İslam Konfransı Təşkilatı Parlament Məclisinin, GUAM Parlament Assambleyasının tamhüquqlu, NATO Parlament Assambleyasının isə assosiativ üzvüdür. Milli Məclis Avropa Parlamenti və digər mötəbər beynəlxalq qurumlarla da sıx əməkdaşlıq edib. Deputatlarımız mütəmadi olaraq bu təşkilatların işində yaxından iştirak etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmışlar.

Ötən il Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti Sankt-Peterburqda, Bolqarıstanda, Strasburqda, Yunanıstanda, Polşada, Türkiyədə səfərlərdə olmuşdur. 2008-ci ildə nümayəndə heyətimiz ATƏT və NATO-nun Parlament assambleyalarının sessiyalarına, ümummilli lider Heydər Əliyevin 85 illiyi ilə əlaqədar Türkiyədə keçirilən tədbirlərə, Türkdilli Dövlətlərin Parlamentlərarası Şurasının təsis konfransına qatılmış, Avrasiya İqtisadi Sammitində iştirak etmişdir. Həmçinin deputatlarımız ABŞ-da, Türkiyədə, Rusiyada, Böyük Britaniyada, Fransada, Almaniyada, İtaliyada, Yunanıstanda, İran İslam Respublikasında, Qazaxıstanda, Ukraynada, Belarusda, Gürcüstanda, Mərakeşdə, Misirdə və digər ölkələrdə səfərlərdə olmuşlar. Ötən dövrdə bir sıra xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri Milli Məclisdə olmuş, faydalı fikir mübadiləsi aparmışlar. 2008-ci ildə Milli Məclisə ölkə vətəndaşlarından 5452 təklif, ərizə və şikayət daxil olmuşdur. Milli Məclisin daimi komissiyalarında, aparatda bu müddət ərzində 5318 vətəndaş qəbul edilmişdir. Vətəndaşların bir qismi elektron poçt vasitəsi ilə qəbula yazılmışdır. Qeyd edildi ki, ötən illərlə müqayisədə şikayətlərin azalması müşahidə olunmuşdur. Bu isə yerlərdə deputat köməkçilərinin fəaliyyəti ilə birbaşa bağlıdır.

Ötən il ərzində Milli Məclisdə müxtəlif mövzularda dəyirmi masalar və seminarlar keçirilmiş, ictimaiyyəti və deputatları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Milli Məclisdə deputatların iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə aparılan yenidənqurma, təmir-bərpa işləri və yeni korpusun tikintisi davam etdirilmişdir. Parlamentin kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran A.Təvəkküloğlu dedi ki, ötən dövrdə Milli Məclisin fəaliyyətini 10 televiziya kanalı, 5 radio, 13 informasiya agentliyi və 42 qəzet işıqlandırmışdır. Kütləvi informasiya vasitələri nümayəndələri üçün Milli Məclis Aparatında lazımi şərait yaradılmışdır.

Ümumilikdə, Milli Məclisin 2008-ci ildəki yaz, növbədənkənar və payız sessiyaları dövründəki fəaliyyəti qənaətbəxş hesab edildi. Parlamentin yaz sessiyasının iş planı barədə də ətraflı məlumat verildi. Qeyd edildi ki, Milli Məclisin 2009-cu il yaz sessiyasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin, Rəqabət Məcəlləsinin layihələri, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Arıçılıq haqqında”, “Pambıqçılıq haqqında”, “Təhsil haqqında”, “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanun layihələrinin müzakirəyə çıxarılması nəzərdə tutulmuşdur.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırıldı.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.-2009.-29 yanvar.-S.4.