Aprel ayında ölkəmizdə əhalinin siyahıyaalınması başlanır

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 7 iyun tarixli fərmanına əsasən 2009-cu ildə Dövlət Statistika Komitəsi tərəfindən əhalinin növbəti siyahıyaalınması keçiriləcəkdir.

Nazirlər Kabineti 2006-cı il 12 sentyabr tarixli qərarı ilə ölkə Prezidentinin fərmanının icrasını təmin etmək məqsədi ilə siyahıyaalmaya hazırlıq işlərinin görülməsində ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də rayon, şəhər icra hakimiyyətlərinin və digər aidiyyatı təşkilatların vəzifələrini müəyyən etmişdir.

Ötən dövrdə icrası Dövlət Statistika Komitəsinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilərək siyahıyaalmanın metodoloji materiallarının hazırlanması da daxil olmaqla nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.

Bu məqsədlə 2006-cı ildə Dövlət Statistika Komitəsində yaradılmış əhalinin siyahıyaalınması şöbəsində hazırda müvəqqəti işçilərlə birlikdə 23 nəfər çalışır. Hazırlıq işlərinin vaxtında və keyfiyyətlə icrasını təmin etmək məqsədi ilə Bakı Şəhər Statistika İdarəsində 12, Naxçıvan MR Dövlət Statistika Komitəsində 4 nəfərdən ibarət əhalinin siyahıyaalınması şöbəsi yaradılmış, Bakı şəhərinin rayon statistika şöbələrinə, Gəncə və Sumqayıt şəhər və Abşeron rayon statistika idarələrinin hərəsinə 3, digər yerli statistika idarələrinə isə 1 ştat vahidi verilmişdir.

Hazırlıq işlərinin təqvim planında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq siyahıyaalmanın keçirilməsinə lazım olan maliyyə vəsaitinə dair 2008-2011-ci illər üzrə hesablamalar aparılaraq Maliyyə Nazirliyinə təqdim olunmuş və 2008-ci və 2009-cu illər üçün dövlət büdcəsində “Müxtəlif siyahıyaalmaların keçirilməsi” maddəsində bu məqsəd üçün maliyyə vəsaiti ayrılmışdır.

Tədbirin mütəşəkkil keçirilməsində və əhalinin siyahıyaalma ilə tam əhatə olunmasında mühüm əhəmiyyət kəsb edən kartoqrafiya materiallarının hazırlanmasına dair təqvim planına uyğun olaraq əhalinin siyahıyaalınmasının keçirilməsi üçün 57 şəhər, 124 qəsəbə və 69 iri kənd olmaqla 250 yaşayış məntəqəsinin sxematik planları və 58 rayonun xəritəsi hazırlanıb istifadə üçün yerli statistika orqanlarına təqdim edilmişdir. Siyahıyaalmanın metodiki materiallarını, təşkilat planlarını, məlumatların işlənilməsi texnologiyasını və proqramını sınaqdan çıxarmaq məqsədi ilə 2008-ci ilin aprel ayında Şamaxı rayonunda əhalinin sınaq siyahıyaalınması keçirilmiş, əməli təcrübə qazanmaq üçün digər rayon, şəhər statistika idarələrinin rəhbərlərinin bu tədbirdə iştirakı təmin edilmişdir.

Şəhər yaşayış məntəqələrində və əhalisinin sayı 5 min nəfərdən çox olan iri kəndlərdə evlərin siyahılarının tərtib edilməsi və daimi əhalinin yaşayış yeri üzrə uçotunun dəqiqləşdirilməsi üzrə hazırlıq tədbirlərinin icrası təmin olunaraq müvafiq materiallar Dövlət Statistika Komitəsinə təqdim edilmişdir.

Ölkədə demoqrafik vəziyyət, əhalinin sayı, tərkibi, yerləşməsi və digər əlamətləri haqqında geniş məlumat almaq üçün Birləşmiş Millətlər Təşkilatının tövsiyələrinə uyğun olaraq hər on ildən bir keçirilən siyahıyaalma ölkə miqyaslı ən geniş tədbirdir. Qarşıdakı siyahıyaalmanın sorğu vərəqəsinin layihəsi evdə (ailədə) yaşayanların siyahısından, ev təsərrüfatlarının (ailənin) mənzil şəraitini əks etdirən 6 sualdan, ayrı-ayrılıqda hər bir şəxsi səciyyələndirən 29 sualdan ibarətdir. Sorğu vərəqəsinin strukturu, sualların yerləşmə prinsipi, qoyuluşu və ehtimal olunan cavablar hazırlanarkən, həm sorğunu aparan siyahıyaalma işçiləri, həm də sorğulanan şəxslər üçün çətinlik yaranmaması məsələsinə diqqət yetirilmiş, sual və cavabların bir-birini tamamlamaqla qısa, aydın və hər kəs üçün anlaşılan olması təmin edilmişdir.

Siyahıyaalmanın sorğu vərəqəsinə daxil edilməsi nəzərdə tutulan sualların və irəli sürülmüş təkliflərin müzakirəsinə geniş yer verilmişdir. Bu zaman Nazirlər Kabineti yanında əhalinin siyahıyaalınmasına yardım komissiyasının üzvləri tərəfindən ümumi metodologiya prinsiplərinə uyğun olmaqla irəli sürülən hər bir təklif ciddi təhlil olunaraq proqram layihəsində nəzərə alınmış, proqramın tərtibində keçmiş siyahıyaalmaların, o cümlədən əhalinin 1999-cu il siyahıyaalınmasının və Şamaxıda keçirilmiş sınaq siyahıyaalmanın təcrübəsi əsas götürülmüşdür.

Əhalinin siyahıyaalınması proqramına (sorğu vərəqəsinə) daxil edilməsi nəzərdə tutulan sualların layihəsi baxılmaq, rəy, təklif və mülahizələri öyrənmək məqsədi ilə aidiyyatı dövlət orqanlarına, elmi və ictimai təşkilatlara göndərilmişdir. Daxil olan rəy və təkliflər nəzərə alınmaqla hazırlanmış sorğu vərəqəsinin layihəsi Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının iclasında müzakirə olunaraq bəyənilmiş və yenidən işlənərək əhalinin siyahıyaalınmasına yardım komissiyasında təkrar müzakirələrdən sonra onun son variantı 2008-ci ilin avqust ayında təsdiq edilmişdir.

Sualların tərtibində mövcud təsnifatlardan istifadə olunmuş, alınacaq nəticələrin beynəlxalq metodologiyaya uyğun müqayisəliliyinin təmin edilməsinin zəruriliyi, mövcud vəziyyət və yerli şərait nəzərə alınmışdır.

1999-cu il siyahıyaalınmasından fərqli olaraq əhalinin coğrafi, demoqratik, etik-mədəni, sosial-iqtisadi əlamətlərini və ev təsərrüfatlarının mənzil şəraitini əks etdirən bir sıra əlavə suallar, o cümlədən, əhalinin daimi yaşayış yerində yaşama və qaib olma müddətləri, əvvəlki yaşayış yeri, oxumayan məktəbəqədər yaşlı uşaqlar haqqında, daxili və xarici miqrasiya, o cümlədən ,əmək miqrasiyası, iş yerinin harada yerləşməsi, evin (binanın) bayır divarlarının materiallarına dair suallar proqrama daxil edilmiş, təhsil, məşğulluq, işsizlik, yaşayış üçün gəlir mənbəyinə dair və digər suallar genişləndirilərək təkmilləşdirilmişdir. Siyahıyaalmanın uğurla keçirilməsi hazırlıq tədbirlərinin icrasından asılıdır və bu sahədə ən vacib məsələlərdən biri yaşayış məntəqələri üzrə daimi əhalinin uçot və qeydiyyatının əvvəlcədən dəqiqləşdirilməsi və şəhər yerlərində ünvanların qaydaya salınmasıdır. Ünvanlar qaydaya salınmadan, rayonların xəritələri və şəhər yerlərinin sxematik planları hazırlanmadan siyahıyaalma keçirmək mümkün deyil və siyahıyaalma keçirilsə belə əhalinin tam qeydiyyata alınması olduqca çətin bir problemdir.

Nazirlər Kabinetinin qərarına əsasən 2008-ci il iyun ayının 1-dək rayon, şəhər icra hakimiyyətləri yaşayış məntəqələrinin adlarının və onların inzibati sərhədlərinin dəqiqləşdirilməsi, ünvanların qaydaya salınması işini başa çatdırmalı idilər. Yerli icra hakimiyyətlərinə tapşırılmış həmin tədbirlərin olduqca vacib məsələ olması nəzərə alınaraq rayon, şəhər icra hakimiyyəti başçıları ilə daim əlaqə saxlanılaraq onların vaxtında icra olunmasının zəruriliyi haqqında dəfələrlə müraciətlər göndərilmişdir.

Ünvanların qaydaya salınması ilə bağlı hələ Nazirlər Kabineti tərəfindən 2006-cı ilin sentyabrında rayon, şəhər icra hakimiyyətlərinə göstəriş verilməsinə baxmayaraq əksər yerlərdə bu sahədə işlər zəif aparılmışdır. Dövlət Statistika Komitəsi tərəfindən bütün şəhər və rayonlarda ünvanların vəziyyətini öyrənmək məqsədi ilə seçmə qaydada dəfələrlə araşdırmalar aparılaraq mövcud çatışmazlıqlar, konkret ünvanlar göstərilməklə aidiyyatı rayon, şəhər icra hakimiyyətlərinin nəzərinə çatdırılmış, kütləvi informasiya vasitələrində bu mövcud nöqsanlarla bağlı dəfələrlə məqalələr dərc olunmuş, radio və televiziyalarda çıxışlar təşkil edilmişdir.

Ünvanlarla bağlı ən böyük problem Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonundadır. Həmin rayon və şəhərlərin, xüsusilə də Bakının mərkəzində, eləcə də ətraf qəsəbələrdə tikilmiş yeni binalara və çoxsaylı fərdi evlərə ünvan göstəriciləri vurulmur, yaxud onlara hüquqi ünvan verilmir. Bakının və Abşeron rayonunun ətraf qəsəbələrində və boş ərazilərdə tikilmiş minlərlə fərdi evlərdə ölkənin ayrı-ayrı regionlarında qeydiyyatda olan şəxslər məskunlaşıblar və onların siyahıyaalınmasında ciddi problemlərlə qarşılaşmaq ehtimalı çox böyükdür.

Siyahıyaalmaya hazırlıq işlərinin tam yerinə yetirilməsində vacib amillərdən biri də bu məqsədlər üçün lazım olan maliyyə vəsaitinin vaxtında ayrılmasıdır. Vəsait vaxtında verildiyinə görə siyahıyaalma materiallarının ölkənin şəhər və rayonlarından qəbul edilib işlənməsi və materialların saxlanması üçün nəzərdə tutulan zalların təmiri, siyahıyaalma materiallarının işlənməsini təmin etmək məqsədi ilə qəbul ediləcək işçilər üçün lazım olan inventarların alınıb quraşdırılması, sayıcı çantalarının hazırlanması və rəflərin quraşdırılması işi başa çatdırılmışdır.

Siyahıyaalmanın şəhər və rayonlar üzrə təşkilat planları hazırlanıb müvafiq rayon, şəhər icra hakimiyyətlərinin başçıları ilə razılaşdırılaraq təsdiq edilmişdir. Yekun təşkilat planına əsasən ölkə üzrə bütün yaşayış məntəqələrini əhatə etməklə 540 siyahıyaalma məntəqəsi, 3780 təlimatçı, 19000-ə yaxın sayıcı məntəqəsi yaradılmışdır. Əhalinin siyahıyaalınmasının mütəşəkkil keçirilməsi cəlb edilən işçilərin fəaliyyətindən asılı olduğuna görə onların gördükləri işin müqabilində əməyinin ödənilməsi qaydaları hələ 2006-cı ildə həll edilmişdir. Ümumilikdə, siyahıyaalmanın keçirilməsini təmin etmək üçün 24000 nəfərdən çox müvəqqəti işçi cəlb ediləcəkdir. Cəlb edilən işçilərin əsas iş yerindəki maaşı saxlanılmaqla müəyyən edilmiş qaydalara uyğun olaraq şəhər və rayonlarda yaradılmış siyahıyaalma məntəqəsinin müdirinə 213 manat, onun müavininə 190 manat, təlimatçı-nəzarətçiyə 177 manat, sayıcıya isə 107 manat əmək haqqı ödəniləcəkdir. Hazırda rayon və şəhər icra hakimiyyətləri tərəfindən siyahıyaalma məntəqələrinin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitə malik bina və otaqların ayrılması üzrə tədbirlər həyata keçirilir və bu işlər fevral ayında tam başa çatdırılmalıdır.

Hazırda siyahıyaalma işçilərinin seçilib təsdiq olunması və təlimatlandırılmasının təşkili üzrə tədbirlər həyata keçirilir və mart ayında istirahət və bayramlarla əlaqədar qeyri-iş günlərinin sayının çoxluğu təqvim planında müəyyən düzəlişlərin aparılmasına səbəb olmuşdur.

Siyahıyaalma keçirilməsinə gəldikdə isə, əvvəlki siyahıyaalmalarda olduğu kimi, bu dəfə də əhalini faktiki yaşadığı yerdə sorğu etməklə keçirilir. Adamlar iş, yaxud qulluq yerində deyil, qeydiyyatından və mənzil sahəsinə hüququndan asılı olmayaraq faktiki yaşadığı yerdə siyahıya alınacaqdır. Bir ünvanda qeydiyyata alınıb, başqa ünvanda yaşayanlar, faktiki yaşadıqları yerdə siyahıyaalma vərəqəsinə yazılacaqlar. Əgər siyahıyaalma qeydiyyat yerində keçirilsəydi, bu, anlaşılmazlıqlara səbəb olardı. Məsələn, əgər ər-arvad birlikdə yaşayır, lakin ayrı yerdə qeydiyyata alınmışdırsa, bir ər-arvad əksik hesablanardı, çünki onlar siyahıyaalma vərəqələrinə müxtəlif yerlərdə yazılardılar. Əksinə, onlar bir mənzildə qeydiyyata düşüb, faktiki olaraq müxtəlif yerlərdə yaşayırlarsa, ölkədə ər-arvadların (birlikdə yaşayan ər-arvadların) sayı artıq hesablanardı. Sorğu, yuxarıda göstərildiyi kimi, xüsusi hazırlanmış siyahıyaalma sayıcıları tərəfindən keçiriləcəkdir. Siyahıyaalmanı keçirmək üçün onların hər birinə müəyyən sahədən (məsələn, küçə, məhəllə, çoxmənzilli ev, yaxud belə evin bir hissəsi) ibarət sayıcı məntəqəsi (sahəsi) ayrılacaqdır. Sayıcı hər bir evə ən azı iki dəfə gələcəkdir. O, birinci dəfə siyahıyaalma ərəfəsində, üç gün ərzində, aprelin 9-dan 11-dək (11-i də daxil olmaqla) öz məntəqəsini əvvəlcədən gəzərkən evə gələcəkdir. Sayıcı adamların yaşadıqları, yaxud, heç olmasa müvəqqəti yaşaya biləcəkləri hər bir evə, tikiliyə, binaya daxil olub qarşıdakı siyahıyaalma haqqında sakinləri xəbərdar edərək, onun məqsəd və vəzifələrindən danışacaq, öz məntəqəsindəki bütün yaşayış evlərinin tam siyahısını tərtib edərək bu və ya digər mənzildə, evdə, tikilidə yaşayanların nə vaxt sorğu edilməsinin daha münasib olmasını müəyyən edəcəkdir. Hər bir sayıcıya xüsusi vəsiqə veriləcək və onun şəxsiyyətini təsdiq edən vəsiqə ilə birlikdə təqdim edərək hər kəsi ayrıca sorğulayacaqdır. Siyahıyaalmanın özü aprelin 13-də başlanacaqdır. Sayıcı ilə siz növbəti dəfə bilavasitə siyahıyaalma zamanı - aprelin 13-dən 22-dək (22-si də daxil olmaqla) günlərin birində görüşəcəksiniz. Bundan əlavə, aprelin 23-dən 27-dək (27-si də daxil olmaqla) günlərin birində təlimatçı-nəzarətçi sayıcı ilə birlikdə sayıcının kimisə nəzərdən qaçırıb-qaçırmadığını, şübhələndikdə isə sizin cavablarınızın nə dərəcədə dəqiqliklə yazdığını yoxlayacaqdır. Lakin belə nəzarət yoxlaması seçmə qaydada keçiriləcəkdir, şəhər yaşayış məntəqələrində hər bir sayıcı məntəqəsində keçiriləcək, lakin yalnız hər on yaşayış evindən birində siyahıyaalma vərəqəsinə yazılmış məlumat yoxlanılacaq, sayıcı məntəqələrinin ərazilərinin nisbətən böyük olduğu kənd yerlərində də nəzarət gəzişi yalnız hər on evdən birində keçiriləcəkdir.

Siyahıyaalmada qəbul edilmiş bu nəzarət mexanizmi yataqxanalarda da tətbiq ediləcəkdir. Xəstəxanalarda, doğum evlərində, sanatoriyalarda, istirahət evlərində (bir-iki günlük istirahət evlərindən savayı), mehmanxanalarda, qonaq evlərində, idarə və müəssisələrdə başqa yerdən gələnlərin yaşaması üçün ayrılmış otaqlarda, müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş bütün yaşayış binalarında sakinlər siyahıyaalmanın birinci günü ərzində, aprelin 13-də sorğu ediləcəkdir. Həmin gün başqa yerə gedənlər isə yola çıxmazdan əvvəl sorğu ediləcəkdir.

Aprelin 12-dən 13-nə keçən gecə yolda - uzaq mənzilli qatarlarda və avtobuslarda olanlar, yaxud dəmir yolu vağzallarında, avtobus stansiyalarında, hava limanlarında sərnişinlərin yola düşməsini gözləyənlər xüsusi sayıcı qrupları tərəfindən sorğu ediləcəklər. Uzaq mənzilli qatarların sərnişinlərini yolda, gözləyən sərnişinləri isə qatar, avtobus, yaxud təyyarə yola düşməzdən əvvəl sorğu edəcəklər. Uzaq səfərə çıxmış gəmilərin sərnişinləri gəmilərdə sorğu ediləcək, toplanmış məlumatlar isə müəyyən edilmiş qaydada sahilə ötürüləcəkdir.

Ölkəmizin xaricdəki diplomatik, ticarət və digər nümayəndəliklərində işləyən, təhsil almaq və digər məqsədlər üçün xaricdə yaşayan Azərbaycan vətəndaşlarını və onlarla yaşayan ailə üzvlərini xaricdəki səfirliklərimiz və konsulluqlarımız siyahıya alacaqlar. Əgər onlar xaricə qısa müddətli məzuniyyətə, ezamiyyətə, yaxud turist səfərinə getmişlərsə, Azərbaycandakı evlərində siyahıya alınacaqlar. Siyahıyaalma dövründə Azərbaycanda yaşayan bütün əcnəbi vətəndaşlar da ölkəmizdə müvəqqəti yaşayanlar kimi siyahıya alınacaqlar.

Bir daha qeyd etmək lazımdır ki, siyahıyaalma vərəqələrinə bütün məlumatları sayıcılar sorğu olunan şəxslərin yalnız şifahi cavabları əsasında, cavabları təsdiqləyən sənəd tələb etmədən yazırlar. Buna görə də dəqiq, dolğun və tam cavabların alınması çox vacibdir. Bu zaman ayrı-ayrı istisnalara yol verilə bilər. Əgər sayıcı mənzilə gələn vaxt ailə üzvlərindən kimsə evdə olmasa, sayıcı onun haqqında məlumatları ailənin başqa üzvlərinin dediklərinə əsasən yaza bilər, bir şərtlə ki, ailənin üzvləri evdə olmayan şəxs haqqında bütün lazımi məlumatı verə bilsinlər. Əks halda sayıcı evdə olmayanın soyadını, adını və atasının adını yazıb, mənzilə təkrar gələrək onu şəxsən sorğu etməlidir. Azyaşlı uşaqlara və cavab vermək imkanı məhdud olan müxtəlif qüsurlu şəxslərə aid sorğu vərəqələri valideynlərin və onları himayə edən digər şəxslərin cavablarına əsasən doldurulur. Məcburi köçkünlər faktiki məskunlaşıb yaşadıqları ünvanlarda siyahıya alınacaq, sorğu vərəqələrinin göstəriciləri elektron vasitələrlə işlənən zaman onların hər biri daimi sakini olduğu (tərk etdiyi) rayonun, şəhərin, kəndin və qəsəbənin əhalisinə daxil ediləcəkdir.

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi məlumatların qorunmasına zəmanət verilir. Sorğu vərəqəsinin göstəriciləri şəxssizləşdirilərək kompyuterlərə daxil edilir və yalnız bundan sonra ümumiləşdirilmiş yekun məlumatlardan ibarət siyahıyaalma məlumatları istifadəçilərə təqdim olunur.

Ümid edirik ki, siyahıyaalmanın uğurla keçirilməsində ən böyük məsuliyyət ölkə vətəndaşlarının üzərinə düşdüyünə görə hər bir şəxs gələn siyahıyaalma işçilərinin müraciətinə məsuliyyətlə yanaşaraq, onların suallarını dolğun və əhatəli şəkildə cavablandırmaqla öz vətəndaşlıq borclarını yerinə yetirəcəklər.

 

 

Arif VƏLİYEV,

Azərbaycan Respublikası Dövlət Statistika

Komitəsinin sədri  

 

Xalq qəzeti.-2009.-30 yanvar.-S.4.