İctimai-siyasi sabitlik dövlətimizin ən böyük uğurlarındandır

 

Danılmaz faktdır ki, dövlətin və cəmiyyətin inkişafına təminat verən əsas amillərdən biri sabitlikdir. Bu da təkzibolunmaz faktdır ki, sabitlik ölkədə aparılan düzgün siyasətin nəticəsində mümkün olur. Təcrübədə də sınanıb ki, xalqın mənafeyinə istiqamətlənməyən, dövlətçiliyə xidmət etməyən siyasət ölkədə xaos, anarxiya yaradır, hüquq-mühafizə orqanlarını siyasiləşdirir. Bu isə gec-tez ölkəni fəlakətə aparır. Biz bunu müstəqilliyimizin ilk illərində yaşamışıq.

O zaman dostlarımız da, düşmənlərimiz də Azərbaycanda yetişən fəlakətin qarşısıalınmaz proses olduğunu düşünürdülər. Belə bir vaxtda siyasət dəllallarının əlindən cana doyan xalq ayağa qalxdı, dünyanın böyük siyasətçisi, ümummilli lider Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Bu böyük dahi gəldi, ölkəmizi bəlalardan xilas etdi, sabitlik yaratdı, hüquqi, demokratik dövlət quruculuğuna başladı. Ayrı-ayrı tanınmış ekspertlər bu gün də böyük siyasi xadim Heydər Əliyevdən danışanda onun qeyri-adi bacarıqla ölkədə sabitlik yaratmasını xüsusi qeyd edirlər. Bütün uğurlarımızın təməlini də bunda görürlər.

Aydın məsələdir ki, sabitlik olmasaydı dövlətçiliyimizi qoruyub saxlaya bilməzdik və bugünkü inkişafdan da danışmaq olmazdı. Heç bir ölkə, xarici şirkət də Azərbaycanın iqtisadi inkişafına sərmayə yönəltməzdi. Ölkədə etibarlı sabitliyin yaradılmağa başlandığını görən nüfuzlu xarici şirkətlər Heydər Əliyevin qüdrətinə və bacarığına bir daha inandılar, Azərbaycanda özlərinin və sərmayələrinin təhlükəsizliyinin təminatlı olacağına əmin oldular. Nəticədə, ölkəmizə güclü maliyyə axını başlandı və iqtisadiyyatımızda sürətlə gedən inflyasiya dayandırıldı, inkişafın təməli qoyuldu.

Əlbəttə ki, bütün bu işlərdə daxili işlər orqanlarının xidmətləri çox böyükdür. Məsələ ondadır ki, hüquq-mühafizə orqanlarını da siyasi oyunlardan uzaqlaşdıran, onu təyinatı üzrə formalaşdıran, sıralarını saflaşdıran ümummilli liderimiz oldu. Yalnız bundan sonra polis də öz vəzifə borcunu yüksək tələblərlə yerinə yetirməyə başladı.

On beş ildən artıqdır ki, Azərbaycan polisi inkişafdadır, formalaşmasının keyfiyyət dövrünü yaşayır, peşəkardır. Odur ki, sabitliyin, dövlətçiliyin keşiyində də etibarlı dayanıb. İnsan və vətəndaş hüquq və azadlıqları da təminatlı qorunur, cinayətkarlığa qarşı kəskin və qətiyyətli mübarizə var. Məhz buna görə də Azərbaycan MDB məkanında öncül yerlərdən birini tutur.

Azərbaycan polisinin fəaliyyətini on-on beş il əvvəllə müqayisə etmək olmaz. İndi daxili işlər orqanları həm zəngin təcrübəyə malikdir, həm maddi-texniki bazası möhkəmdir, həm də şəxsi heyətin sosial vəziyyəti təminatlıdır. Bütün bunlar isə, onun fəaliyyətində səmərəliliyi artırır. Odur ki, bu gün cinayətkarlıqla mübarizədə qabaqlayıcı tədbirlər ön planda durur. Bu isə, ölkədə cinayətkarlığın aşağı düşməsinə səbəb olur, kriminogen duruma nəzarəti daha səmərəli edir.

Bütün bunlar Şəmkir rayonunun timsalında da təsdiqini tapır. Əminliklə deyə bilərik ki, son iki ildə istər sabitliyin qorunmasında, istər cinayətkarlığa qarşı mübarizədə, istərsə də ictimaiyyətlə əlaqələrin möhkəmlənməsində Şəmkir Rayon Polis Şöbəsinin uğurları çoxdur.

Ötən il ümumilikdə rayon üzrə 258 cinayət faktı qeydə alınıb ki, onların açılması 93,8 faizdir. Digərləri üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Profilaktik tədbirlərə xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, ötən il 2007-ci illə müqayisədə baş vermiş cinayətlərin sayı azalmışdır. Ötən illərdən bağlı qalmış cinayətlər də bizi çox düşündürür. Odur ki, bu istiqamətdə ciddi işlər aparılır, onların da açılması təmin olunur.

2008-ci ildə 3 ölüm, 14 fakt narkotik vasitə ilə bağlı, 4 əxlaqsızlıq yuvası saxlanması, 39 yol-nəqliyyat hadisəsi qeydə alınmış və isti izlərlə yüz faiz açılmışdır.

Ötən il ərzində keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 34 nəfərdən ibarət 11 cinayətkar qrup ifşa edilib, məsuliyyətə cəlb edilimişdir. Bu qruplar rayon ərazisində 20-dən çox quldurluq, soyğunçuluq, şəxsi əmlak oğurluğu, dələduzluq və digər cinayət hadisələri törətmişlər.

Axtarışda olan cinayətkarların tutulması, itkin düşmüşlərin yerinin müəyyən edilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Ötən il 62 nəfər axtarışda olmuş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlardan 44 nəfərinin tutulması təmin edilmişdir. Keçmiş illərdən axtarışda olan cinayətkarın yaxalanması istiqamətində də uğurlu işlər görülmüşdür. Altı nəfər Rusiya Federasiyasında saxlanılıb gətirilmişdir. Ölüm faktı ilə bir nəfərin tutulmasında əməkdaşlarımız həyatlarını təhlükə qarşısında qoyaraq, cəsurluqlarını sübut etmişlər.

2008-ci ildə 39 yol nəqliyyat hadisəsində 10 nəfər ölüb, 44 nəfər yaralanıb ki, bu da əvvəlki illə müqayisədə xeyli azdır. Buna səbəb profilaktiki tədbirlərin gücləndirilməsi, yol polisi əməkdaşlarına tələbkarlığın artırılmasıdır. Ötən il əllərdə qanunsuz saxlanan 2 avtomat, 2 tapança, 1 TOZ-8, 1 karabin, 4 ov tüfəngi, 5 F-1 qumbarası və xeyli sayda silah-sursat aşkar edilib götürülmüşdür.

Rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları 2008-ci ildə 23 min 962 nəfərə şəxsiyyət vəsiqəsi vermişdir. Onlardan 6 min 898 nəfəri ilk dəfə şəxsiyyət vəsiqəsi alan vətəndaşlar olmuşdur.

Rayonda baş vermiş bəzi cinayət faktlarına da diqqət yetirək. — 2008-ci il 11 fevral tarixdə saat 1 radələrində Tovuz rayon Bozalqanlı kənd sakini Seymur Abdullayev və Şəmkir rayon Sarıtəpə kəndi ərazisində yerləşən mal-qara saxlanılan yataqda çobanlıq edən Urqiyyə Məjlimova Şəmkir RPŞ-nə ərizə ilə müraciət edərək, maskalı və silahlı şəxslərin onlara qarşı quldurluq etdiklərini bildirmişlər.

Keçirilmiş istintaq-əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsinin Şəmkir rayon Könüllü kənd sakinləri Şahin Qurbanov və Sərvan Məmmədov tərəfindən törədilməsi müəyyən olundu. Şahin Qurbanovun və sadalanan şəxslərin Şəmkir rayonu ərazisində törətdikləri quldurluq hadisələrindən əvvəl də bir neçə cinayət hadisələrini törətdikləri aşkar edildi. 2007-ci ilin may ayının 23-dən 24-nə keçən gecə Şahin Qurbanov və Eldəniz Ələkbərovun əlbir olaraq Şəmkir-Gəncə avtomobil yolunun Xanlar rayonu ərazisindən keçən 2,7 km-də yerləşən Qazdoldurma məntəqəsinə silahlı basqın edərək operator-satıcı Bayram Tağıyevin həyat və səhhəti üçün təhlükəli zor tətbiq etməklə məntəqədə olan xeyli miqdarda əmlakı ələ keçirmiş, 2007-ci ilin iyun ayının 11-nə keçən gecə Şahin Qurbanov, Eldəniz Ələkbərov və Tapdıq Səfərov Samux rayonu Alabaşlı kənd sakini Arzuman Səfərova silahlı basqın etmiş, 2007-ci ilin iyun ayının 21-də Şahin Qurbanov, Eldəniz Ələkbərov və Elşad Mahmudov Şəmkir rayonu Qaracəmirli kəndində yaşayan Teymur Qurbanova silahlı basqın etmiş, 2007-ci ilin sentyabr ayının 11-dən 12-nə keçən gecə Şahin Qurbanov, Tapdıq Səfərov və Elşad Mahmudov Xanlar rayonu Nadel kəndində yaşayan, diş həkimi kimi fəaliyyət göstərən Elşən Qoçuyevin evinin yanındakı stomotoloji kabinetinə basqın etmiş, 2008-ci ilin fevral ayının 8-də Şahin Qurbanov Eldəniz Ələkbərovla Arzuman Səfərovun evinə yenidən basqın etmək və bu məqsədlə avtomaşını ələ keçirmək barədə razılaşıb. Şahin tapançanı Eldəniz Ələkbərova vermiş, sonuncu Sərvan Məmmədovla Xanlar rayon sakini Əsgər Hətəmovun VAZ 2107 markalı avtomaşınına müştəri kimi əyləşib Xanlar rayonu Alabaşlı-Qırıxlı yoluna gələrək orada silahla basqın edərək sürücüdən avtomaşını almışlar.

Cinayət işi istintaqı davam etdirilməsi üçün Azərbaycan Respublikası Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə göndərilmişdir. Cinayət işi üzrə istintaq yekunlaşmışdır və məhkəmənin hökmü ilə Şahid Qurbanov və Eldəniz Ələkbərov 11 il, Sərvan Məmmədov və Tapdıq Sadıqov 8 il azadlıqdan məhrum edilmişlər.

2008-ci il avqustun 15-də gecə saat 2 radələrində naməlum şəxsin Şəmkir rayonu Aşağı Seyfəli kənd sakini Akifə Rzayevanın əmlakını ələ keçirmək məqsədi ilə sifətinə maska taxaraq onun yaşadığı mənzilə gəlib, onu bıçaqla öldürəcəyi ilə hədələmiş, xeyli miqdarda pulunu və əmlakını aparmışdır.

Əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də quldurluq cinayəti törədən şəxslər — Astara rayonu Kijəbə qəsəbə sakini Aydın Feyziyev və Daşkəsən şəhər sakini Samir Əlirzayev yaxalanmışlar. Hər ikisi əvvəllər məhkum olublar.

İbtidai istintaq zamanı müəyyən edildi ki, Aydın Feyziyev tanışı Samir Əlirzayev ilə qabaqcadan əlbir olub Gəncə şəhərindən Şəmkir rayonunun Aşağı Seyfəli kəndinə gələrək sərxoş vəziyətdə həmin kənd sakini Akifə Rzayevanın evinin hasarından həyətə düşərək, evə daxil olub, ona zor tətbiq etməklə 999 AZN ekvivalenti məbləğində 30.000 rus rublunu, 120 manat 60 qəpik pulu və dəyəri 120 manat olan 1 ədəd “Samsunq” markalı E 250 modelli mobil telefon aparatını ələ keçirərək, zərərçəkənə 1239 manat 60 qəpik məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Aydın Feyziyev 12 il müddətinə, Samir Əlirzayev isə 11 il müddətinə azadlıqdan məhrum edilmişlər.

Ümumiyyətlə, görülmüş işlər çoxdur. Bununla bərabər şəxsi heyətin sosial problemlərinin həlli də öndə olub. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daim fəaliyyətimizlə maraqlanıb, hər cür qayğı göstərib. Məhz bunun sayəsində şöbəmizdə gözəl idman meydançası, hamam, yeməkxana inşa edilib. Çox müasir akt zalı yaradılıb. Müvəqqəti saxlama təcridxanası müasir tələblərə cavab verir. İstilik sistemi, hamamı var. Prezident sərəncamının icrası ilə bağlı müasir polis sahə məntəqəsi tikmişik.

1993-cü ildə hakimiyyətə qayıdışı ilə xalqın və ölkənin gələcəyi ilə bağlı ağır bir məsuliyyəti öz üzərinə götürmüş ümummilli liderimiz Heydər Əliyev dağılmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşən Vətənimizi qüdrətli və sarsılmaz iradəsi, siyasi uzaqgörənliyi və böyük nüfuzu sayəsində xilas etmişdir. Özünün dahiyanə siyasi gedişləri ilə qısa müddət ərzində dövlətin taleyüklü problemlərini həll etmişdir. Daxili işlər naziri Ramil Usubovun Azərbaycan polisinin yaranmasının 90 illik yubileyində qeyd etdiyi kimi, müstəqil Azərbaycanın tarixində yeni bir eranın - Heydər Əliyev mərhələsinin, böyük quruculuq dövrünün başlanması daxili işlər orqanlarının fəaliyyətində də öz əksini tapmışdır... Bu gün isə Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsi üçün son dərəcə vacib olan Heydər Əliyev siyasi kursu Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Ümummilli liderimizin müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsi, həyata keçirilən məqsədyönlü tədbirlər ölkəmizin iqtisadi və hərbi potensialını, əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmiş, sosial tərəqqiyə xidmət edən mükəmməl proqramların yerinə yetirilməsində böyük uğurlar əldə edilmişdir. Bütün bunların əsasında isə başlıca nailiyyətlərimizdən olan ictimai-siyasi sabitlik dayanır. Bu mənada, daxili işlər orqanlarının qarşısında ölkə rəhbərinin tələb və tövsiyələrindən irəli gələn dövlətin maraqlarının etibarlı qorunması, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizənin peşəkarlıqla həyata keçirilməsi, ölkədəki əlverişli investisiya mühitinin davamlılığı üçün zəruri olan ictimai asayişin təmin edilməsi, müasir dövrün çağırış və təhdidlərinə qarşı adekvat cavab tədbirlərinin görülməsi kimi vacib vəzifələr durur. 2004-cü ildə qəbul olunmuş “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair” Dövlət Proqramı daxili işlər orqanlarında islahatların aparılmasında, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir.

Əlbəttə ki, bütün bunlar Daxili İşlər Nazirliyinin bir qurumu olan Şəmkir rayon polis şöbəsində də öz əksini tapır. Əməkdaşlarımızın sosial problemləri həll edilir, maaşlar artırılır, maddi-texniki baza möhkəmləndirilir. Amma bu cür qayğı olduğu kimi, tələbkarlıq da yüksəkdir – dövlətçiliyə sədaqət, cinayətkarlığa qarşı barışmaz və qətiyyətli mübarizə, vətəndaşlara qarşı diqqət və qayğı. Şəmkir polisi ona göstərilən qayğı və etimadı həmişə doğrultmağa çalışacaq.

 

 

Namiq İSMAYILOV,

Şəmkir Rayon Polis Şöbəsinin

 rəisi, polis polkovniki

 

Xalq qəzeti.-2009.-30 yanvar.-S.5.