Türklüyün qəhrəmanlıq məkanı-Çanaqqala

 

Burada türk dünyasının hər bir guşəsindən olan şəhidlər yatır

 

Düz 95 il əvvəl Çanaqqalada Seyid Onbaşının etdiyi qəhrəmanlıq dünyanı heyrətə gətirdi. Müharibənin ən şiddətli anlarında yanındakı topçuların hamısı şəhid olduğundan tək qalan Seyid Onbaşı düşmən gəmisinin boğaza yaxınlaşdığını görür. Əgər gəmi boğaza girsə, Anadolunun taleyi həll olunacaq və düşmənin İstanbulu işğal etmək arzuları reallaşacaqdı. Bunu dərk edən və heç bir köməyi olmayan Seyid Onbaşı 267 kiloqramlıq böyük top mərmisini kürəyinə qaldıraraq, topa qoyur və atəş açır. Bu atəşlə o, gəminin gövdəsini dağıdır və onu batırır. Seyidin bu qəhrəmanlığı düşmənin geri çəkilərək qaçmasına və boğazları tutmaq fikrindən vaz keçməsinə gətirib çıxarır. Müharibə bitdikdən sonra Seyid Onbaşıdan xahiş edirlər ki, ağır mərmini bir daha belinə qaldırsın və beləcə şəklini çəksinlər. Onbaşının cavabı çox təsirli olur: “Artıq o ağırlığı qaldıracaq ruh məndə yoxdur. Bəlkə də müharibə təzədən başlasa, bunu bacara bilərəm”.

 

Çanaqqala keçilməz

 

Çanaqqala savaşının əsası 1914-cü ilin yayında baş verən I Dünya müharibəsində qoyulub. Türkiyə həmin dövrdə istəmədən Almaniya-Avstriya-Macarıstan tərəfindən Antantayangiltərə-Fransa-Rusiya) qarşı döyüşlərə cəlb edilib. Bu da Çanaqqala boğazını ələ keçirərək Almaniyanı Osmanlının dəstəyindən məhrum etmək, eyni zamanda, dünyanın qoca bir imperiyasını yer üzündən silmək üçün müttəfiq qüvvələrin (Antanta) əlinə bəhanə verib. Müharibənin başlamasından təxminən 3 ay sonra-1914-cü il noyabrın 3-də səhər tezdən müttəfiq qüvvələrə-İngiltərə və Fransaya aid olan hərbi dəniz gəmiləri Bozca adasından boğazın sahil sularına daxil olaraq, dərhal Osmanlı ordusunun boğaz sahilində yerləşən müdafiə istehkamlarına atəş açmağa başlayıblar. İngilis hərbi gəmiləri Seddülbahir və Ərtoğruldakı, Fransız hərbi gəmiləri isə Qumqala və Orhaniyyədəki müdafiə sədlərini top yağışına tutublar. Hər cəhətdən güclü olmasına baxmayaraq, düşmən boğazı ələ keçirə bilməyib. Bunu görən düşmənin hərbi dəniz qüvvələri komandanlığı müharibənin taleyini həll etmək və İstanbulu ələ keçirmək məqsədi ilə döyüşə əlavə hərbi qüvvələr göndərib. Yeni qüvvələr köməyə gələn kimi düşmənin hərbi gəmiləri uzaqmənzilli toplardan sahildəki istehkamları aramsız olaraq atəşə tutublar. Lakin türk əsgərləri tərəfindən Ərtoğrul və Orhaniyyədən endirilən cavab zərbələri müttəfiq qoşunlarını geri çəkilməyə məcbur edib. Çanaqqalanı ələ keçirmək üçün üçmərhələli plan hazırlayan admiral Kardenin karyerasına da burada son qoyulub. 1914-cü il noyabrın 3-də birinci, 1915-ci il fevralın 19-da ikinci ordunun sıradan çıxmasından sonra fevralın 26-da düşmən donanması Boğaza daxil olmağa başlayıb. Bunun ardınca admiral Karden yaxın 14 gün ərzində İstanbulu ələ keçirəcəkləri barədə Londona qələbə hissi ilə dolu bir teleqram vurub. Amma Karden yanılıb. Türk ordusunun güclü müqavimətinə rast gələn düşmən gəmiləri irəliləyə bilmir və bunu görən İngiltərə hərbi dəniz qüvvələri komandanlığı Kardeni vəzifəsindən azad edərək, onun yerinə Robeki təyin edir. Martın 17-də öz vəzifəsinin icrasına başlayan Robek gecikmədən adanın ələ keçirilməsini nəzərdə tutan son hücum əməliyyatına başlamaq əmrini verib. Yeri gəlmişkən, martın 18-də başlanan savaş ərəfəsində düşmən böyük üstünlüyə malik idi.

Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq (düşmən gəmilərində 250-dən artıq müasir top yerləşdirilib. Sahil boyu 10 müdafiə istehkamı quran türklərin isə cəmi 170 ədəd köhnə topu olub-N.A), türk ordusu həlledici döyüşə hazırlaşırdı. Martın 17-dən 18-ə keçən gecə Minbaşı Nəzmi bəy, “Nüsrətminadöşəyici gəmisi ilə boğaz sularında 11 xətdən ibarət 26 mina düzüb və döyüş ərəfəsi boğaz sahilinə düzülən minaların sayı 400-ə çatıb. Martın 18-də səhər saat 10-da düşmən 18 savaş gəmisi ilə döyüşə atılıb. İlk olaraqQueen Elizabethvə “İnflexiblezirehli gəmiləri ilə “Lord Nelsonvə “AGEMENONsavaş gəmiləri hücuma başlayıb. Fransız hərbi gəmilərinin də ön sıralarda yer aldığı döyüşdə ilk atəş düşməninTRIUMPHzirehli gəmisindən açılıb. Bununla da, dünyanın ən böyük dəniz savaşlarından biri başlayıb. Əvvəl Rumeli Məcidiyyəni şiddətli atəşə tutan, sonra Hamidiyə istehkamlarına yönələn ingilislər dənizdən hücumla Çanaqqalanı ələ keçirə bilməyəcəyini anlayıb və bu dəfə qurudan hərbi əməliyyata başlamağı qərara alıb. Türk ordusu bu həmləyə də hazır olub və Mustafa Kamal Paşanın ehtimalına uyğun olaraq martın 25-də düşmən Seddülbahirdən quruya qoşun çıxarmağa başlayıb. Aprelin 25-də adıçəkilən istiqamətdə quruya çıxarılan ingilis-fransız əsgərləri ilə Osmanlı ordusu arasında o dövrün ən qanlı döyüşləri başlayıb. Başdan-ayağa silahlanan çoxsaylı düşmən qarşısında Osmanlı əsgərlərinin sayının olduqca az olduğunu görən Mustafa Kamal Kocaiçmendə və Conkbayırdakı azsaylı əsgərlərinə son nəfəsə kimi döyüşməyi və geri çəkilməməyi əmr edib. OnunMən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm. Biz öləndən sonra yerimizi başqaları doldura və döyüşə digər komandanlar rəhbərlik edə bilərlər” çağırışı isə Çanaqqala savaşında dönüşün əsasını qoyub.

Qumqala, Beşike, Bolayır, Seddülbahir, Anbumu, Qabatəpə, Conkbayır və Anafartalarda gedən döyüşlərdə hər iki tərəf çoxlu sayda itkilər verib. Düşmən qızğın döyüşlərdən sonra istədiyinə nail ola bilməyəcəyini başa düşərək, 1915-ci ilin dekabr ayının 19-20-də Anafartalar ilə Arıburnu, 1916-cı il, yanvar ayının 8-9-da isə Seddülbahir cəbhələrindən qoşunlarını geri çəkib və 1915-ci ilin baharında başlanan döyüşlər düşmənin geri çəkilməsi ilə nəticələnib. Hər iki tərəfdən 250 min insanın ölümü ilə nəticələnən Çanaqqala savaşı türk və dünya tarixinə ən qanlı savaşlardan biri kimi düşüb.

 

Çanaqqalada Azərbaycan izi

 

Qeyd edək ki, Çanaqqalada türk dünyasının hər yerindən gəlmiş şəhidlərin qəbri var. TRT-nin Bakı bürosunun keçmiş rəhbəri Əbdülhəmid Afşarın tədqiqatları nəticəsində ortaya çıxardığı, Geliboludakı türk şəhidliklərində Azərbaycanla bağlı qəbirlər Çanaqqala zəfərində bizim də izimizin olmasını təsdiqləyir. Konkret olaraq üzərində “Təbrizvə “Tiflissözləri yazılan qəbirdaşlarına dair isə bəzi ehtimallar var. 1915-ci ildə Rusiya və Osmanlı müharibə aparırdılar, həmin vaxt azərbaycanlıların kütləvi şəkildə Çanaqqalaya yardıma getməsi mümkün deyildi. Amma bəzi məlumatlara görə, ilk dövrlər az sayda olsa, Azərbaycan türkü məhz Tiflisdə toplanaraq Çanaqqala cəbhəsinə yola düşüb, Türkiyə türkünün harayına çatmağa çalışıb. Eyni zamanda, Güney Azərbaycanda soydaşlarımızın Osmanlı İmperiyasının tərəfində vuruşmaq üçün Geliboluya getməsi daha asan idi. Böyük ehtimalla ikinci bir toplanış yeri Qarakilsə (indiki Cənubi Azərbaycan ərazisində, Naxçıvan yaxınlığında) idi.

 

Türkiyə-Azərbaycan qardaşlığı bütün sınaqlardan uğurla çıxıb

 

Çanaqqala savaşlarını Türkiyə-Azərbaycan qardaşlığının sınağa çəkildiyi növbəti məqam kimi də dəyərləndirmək olar. Lakin bu heç də sonuncu sınaq olmayıb. Təsadüfi deyil ki, həmin savaşlardan qısa müddət sonra Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gələn türk əsgərləri burada bir qəhrəmanlıq tarixi yazıblar. Məhz Nuru Paşanın rəhbərlik etdiyi ordunun 1918-ci ildə gəlişi ilə erməni-rus birləşmələrinin günahsız azərbaycanlıları qətlə yetirməsinin qarşısı alınıb. SSRİ-nin yaranmasından sonra bu tarixi bizlərə unutdurmağa çalışıblar. Lakin qədirbilən Azərbaycan xalqı türk şəhidlərinin yatdıqları məzarları müqəddəs ocaqlar adı altında qoruyub saxlayıblar. Hazırda həmin məzarlıqların hər birinin üzərində xatirə abidələri ucalır. 1918-ci ildə Bakını işğaldan azad edən türk əsgərinə qoyulan abidənin də məhz Azərbaycanın qürur yeri olan Şəhidlər Xiyabanında ucaldılması Türkiyə-Azərbaycan qardaşlığının daha bir bariz nümunəsidir.

XX əsrdə ikinci dəfə tarixi şərait yarandıqdan və Azərbaycan xalqı müstəqillik qazandıqdan, dövlət qurduqdan sonra bu müstəqilliyi tanıyan ilk dövlət məhz Türkiyə Cümhuriyyəti oldu. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal AtatürkünAzərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdirkəlamından güc alan rəsmi Ankara Azərbaycan Respublikasının tanınmasına dair qərar verdi. Onu da qeyd etmək yerinə düşər ki, məhz Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə reallaşdırılan siyasət qardaş dövlətlərin münasibətlərində “Bir millət iki dövlətmərhələsinin əsasını qoydu.

Təsadüfi deyil ki, daima bir-birinə dəstək verən Türkiyə ilə Azərbaycanın bu sarsılmaz qardaşlığı düşmənlərimizi və onların havadarlarını ciddi şəkildə narahat etməkdədir. Odur ki, bu qüvvələr qardaşlığımıza zərbə vurmaq üçün dəridən-qabıqdan çıxırlar. Azərbaycan torpaqlarının işğalı səbəbindən Ermənistanla sərhədlərini bağlayan Türkiyəyə qarşı beynəlxalq aləmdə artan təzyiqlər, həmçinin, Sürix olayları da məhz bu məqsədə xidmət edir. Lakin qardaş ölkənin “Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla sərhədlərin açılmasından söhbət gedə bilməz” qətiyyəti həmin qüvvələri bərk qəzəbləndirib. Odur ki, onlar yenidən qondarma “ermən soyqırımı” iddialarını gündəmə gətiriblər. Ermənilər və onların beynəlxalq havadarları bununla Türkiyəni geri çəkilməyə məcbur edəcəklərini və qardaşlığımızın zədələnəcəyini düşünürdülər. Ancaq son olaylar, həmçinin, Türkiyə hökumətinin, xüsusilə Baş nazir Rəcəb Tayyib Ərdoğanın qətiyyətli mövqeyi və Azərbaycanın ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilən bədnam qətnaməyə qəti etiraz edərək, Türkiyənin yanında olması bir daha təsdiqlədi ki, tarixi köklərə əsaslanan Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, dönməzdir və sarsılmazdır.

 

 

Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2010.- 19 mart.- S.7.