Azərbaycan mədəniyyəti dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub

 

Həyata keçirilən tədbirlər milli mədəniyyətimizin inkişafına və dünyada tanınmasına əsaslı şərait yaradıb

 

Azərbaycanda mədəniyyət sahəsinin inkişafına göstərilən diqqət və qayğı bu gün də davam etdirilir. Mədəniyyət işçilərinin əməyinə, zəhmətinə dövlətin verdiyi yüksək qiymət də bunu təsdiqləyir. Xatırladaq ki, bu günlərdə, yəni iyulun 28-də Prezident İlham Əliyev “Azərbaycan kino xadimlərinə fəxri adların verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən milli kinomuzun inkişafında xidmətləri olan 3 nəfər “Əməkdar incəsənət xadimi”, daha 3 nəfər “Əməkdar artist”, 6 nəfər isə “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüb. Sözsüz ki, bu addımlar mədəniyyət işçilərinin yaradıcılığının yüksək qiymətləndirilməsi ilə yanaşı, onların bundan sonrakı fəaliyyətinə stimul verir.

Mədəniyyətin inkişafı dövlətin diqqət mərkəzindədir

Qeyd edək ki, Azərbaycanda mədəniyyətin inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub. Xaqımızın Ümummilli lideri Heydər Əliyev hələ Azərbaycana rəhbərlik etdiyi Sovet hakimiyyəti dövründə Azərbaycan mədəniyyətinin zirvəyə yüksəlməsinə, milli-mənəvi dəyərlərimizin dünya mədəniyyəti ilə ahəngdar şəkildə inkişafına və təbliğinə böyük önəm verib. Ulu öndərin söylədiyi “Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, milli ruhu yaşatmaq deməkdir” müdrik kəlam Onun bu sahədə gördüyü işlərin məqsəd və məramını açıq şəkildə ortaya qoyur. Ulu öndər ölkəyə rəhbərlik etdiyi 1970-80-ci illərdə Azərbaycan kinosu, ədəbiyyatı, musiqisi, rəssamlıq sənəti və digər bir sıra mədəniyyət sahələri yüksək inkişaf göstəriciləri əldə etdi. Həmin dövrdə “Uzaq sahillərdə”, “Babək”, “Bir cənub şəhərində”, “İstintaq” kimi filmlərin ekrana çıxmasında məhz Ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət göstərməsinin böyük rolu olub. Azərbaycan folkloruna, ustad aşıqların yaradıcılığına həssas münasibətin göstərcisi kimi, Aşıq Ələsgərin 150 illik (1972), Aşıq Alının 180 illik (1981) yubileyləri təntənəli şəkildə, ümumxalq bayramı səviyyəsində qeyd edildi, onların əsərləri çap olunaraq geniş oxucu kütləsinə çatdırıldı.

Ulu öndər milli mədəniyyətin inkişafı yönündəki siyasəti müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də davam etdirib. Bakıda keçirilən və Azərbaycanın dünyada sivil ölkə, qədim mədəniyyət beşiyi kimi tanınmasında böyük rol oynayan beynəlxalq “Şərq-Qərb” kinofestivalının nüfuzlu bir tədbirə çevrilməsində də Heydər Əliyev böyük rol oynayıb. Ulu öndərin 18 dekabr 2000 -ci il tarixli Sərəncamı ilə Azərbaycanda ilk kinosüjetin çəkilməsi, eləcə də, kino işçilərinin Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri nəzərə alınaraq avqustun 2-si Azərbaycan kinosu günü, kino işçilərinin peşə bayramı elan olunub. Kino sahəsində görülən işləri uğurla davam etdirən Prezident İlham Əliyev 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nı təsdiqləməklə, bu sahənin inkişafına təkan verib.

Bundan əlavə, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin təntənəli şəkildə qeyd olunması milli-mənəvi dəyərlərimizin və irsimizin qorunub saxlanmasına yönələn əlamətdar hadisələrdir. Mühüm mədəniyyət sahələrindən olan teatr sənətinin inkişaf etdirilməsi məqsədilə, 2009-cu il 18 may tarixində imzalanan “Azərbaycan teatrı 2009-2010-cu illərdə” Dövlət Proqramı mühüm sənəddir. Son illərdə Azərbaycan Dövlət Filarmoniyasının bərpası, teatr binalarının, muzeylərinin təmir olunaraq ən müasir tələblərə uyğun hala gətirilməsi mədəniyyətimizin inkişafına daha bir töhfədir. 2007-ci ildə Prezident İlham Əliyevin “Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Sərəncamı musiqi aləmində böyük əks-sədaya səbəb oldu. Həmin Sərəncamda öz əksini tapan məsələlər, yəni Azərbaycan Bəstəkarlar İttifaqı üçün binanın ayrılması və onun əsaslı təmir olunması, yaradıcılıq evinin tikilməsi, bəstəkarların əsərlərinin nəşri və elektron daşıyıcılar vasitəsi ilə yayımlanmasının təmin olunması, gənc və yaşlı bəstəkarlara təqaüdlərin verilməsi haqqında maddələr Ulu öndərin ənənələrinin davamının bariz nümunəsi hesab oluna bilər.

Azərbaycan mədəniyyəti dünyada təbliğ olunur

Bu gün dövlətin mədəniyyət sahəsində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsi milli mədəniyyətimizin beynəlxalq miqyasda təbliğidir. Milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində görülən işlərdə Ulu öndər Heydər Əliyevin adını daşıyan Fond böyük xidmətlər göstərir. Təsadüfi deyil ki, Bakıda Müasir İncəsənət Muzeyinin yaradılması ideyası da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya məxsusdur. Bundan əlavə, Fond mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlər həyata keçirir. Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə bu il Fransanın San-Trope şəhərindəki II Ramatuel klassik musiqi festivalı çərçivəsində “Azərbaycanın mədəni zənginlikləri” sərgisi keçirilib. Fransada Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən daha bir tədbirdə “Odlar yurdu Azərbaycanın müasir əsərləri” sərgisi baş tutub. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da iştirak edib. Digər Avropa ölkələrində, eləcə də, Rusiyada keçirilən tədbirlər, konsertlər, sərgilər də Azərbaycan mədəniyyətinin geniş kütləyə çatdırılmasına kömək edir.

Qeyd edək ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində beynəlxalq təşkilatlarla qurulan əlaqələr də böyük rol oynayır. Azərbaycanın bu sahədə fəal əməkdaşlıq qurduğu beynəlxalq təşkilatlar içərisində BMT-nin ən mötəbər qurumlarından olan YUNESKO ilə əlaqələr xüsusi yer tutur. Uzun illərdir ki, respublikamızın YUNESKO ilə qurduğu hərtərəfli səmərəli əməkdaşlıq bu gün olduqca yüksək səviyyədədir. Dünyanın təhsil, elm və mədəniyyət sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumu olan YUNESKO ilə Azərbaycan arasında əlaqələrin inkişafına Ümummilli lider Heydər Əliyev böyük önəm verirdi. Ulu öndərin Azərbaycanın qədim maddi-mədəniyyət nümunələrinin qorunması istiqamətində gördüyü işlərin nəticəsi olaraq 2000-ci ildə İçərişəhər YUNESKO-nun Dünya İrsi Siyahısına salınıb. Azərbaycan xalqına məxsus mədəni irsin, maddi və mənəvi mədəniyyət nümunələrinin qorunması və yaşadılmasına hər zaman böyük önəm verən Prezident İlham Əliyev YUNESKO ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən tədbirləri daha da genişləndirib.

Bu vaxta qədər ölkəmizdə YUNESKO çərçivəsində bir çox tədbirlər. 1996-cı ildə Füzulinin anadan olmasının 500 illik, 2000-ci ildə Kitabi-Dədə Qorqudun 1300 illik, 2001-ci ildə N.Tusinin anadan olmasının 800 illik yubileyi, mədəni irsin qorunmasına dair normativ aktlara həsr olunmuş beynəlxalq seminar, silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında konvensiyanın 50 illiyinə dair və digər tədbirlər keçirilib.

Heç kəsə sirr deyil ki, Azərbaycan-YUNESKO əlaqələrinin bugünkü səviyyəyə yüksəlməsində YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi var. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə, 2004-cü ildə bu Təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə təşkil olunan beynəlxalq tədbirlər, festivallar, konsertlər, sərgilər ölkəmizin mədəni irsinin qorunub saxlanmasında və təbliğində böyük rol oynayıb. Mehriban xanım Əliyevanın YUNESKO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Prezident İlham Əliyevin və YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, eləcə də Azərbaycan xalçası YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

 

 

Hülya MƏMMƏDLİ

 

Yeni Azərbaycan.- 2011.- 3 avqust.- S. 3.