Azərbaycan xalqının unikal ailə modeli mövcuddur

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva www.yap.org.az saytına müsahibə verib:

- Aynur xanım, bu yaxınlarda bütün dünyada, o cümlədən, ölkəmizdə Beynəlxalq Ailə Günü qeyd olundu. Ailə cəmiyyətin əsasını təşkil edir. Müasir dövrümüzdə Azərbaycanda xalqımızın ailə ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində vəziyyət necədir?

- Biz hər zaman fəxrlə qeyd edirik ki, Azərbaycan xalqının unikal ailə modeli var. Ümumiyyətlə, xalqımızın ailə modeli nəinki Qərbdə, həm də Şərqdə unikal hesab olunan bir modeldir.

Yəni, buraya ailədaxili münasibətlər, böyüklərə hörmət və ehtiram, valideyn-övlad münasibətləri və s. kimi ənənələr daxildir və fundamental milli dəyərlər ta qədimdən bu günə kimi gəlib çatıb. Çox sevindirici haldır ki, bizim araşdırmalarımız zamanı məlum oldu ki, gənclərin 75-80 faizi valideyn nəsihətinə fikir verir, hörmətlə yanaşırlar. Bu çox gözəl haldır. Bu gün Qərbin ailə institutları faktiki olaraq məhv olub. Orada uşaq müəyyən yaş həddinə çatandan sonra valideynlər onu müstəqil həyat qurmağa məcbur edir. Bu da ailə münasibətlərinə təsir edə bilən bir haldır. Çünki ailə elə bir institutdur ki, mütləq bağlılıq qırılmamalıdır. Bizdə də təəssüf ki, az da olsa belə hallar nəzərə çarpır. Bu isə göstərir ki, hələ bu məsələlərlə bağlı işləmək lazımdır. Bəzən oğlu, qızı olan valideynlər gətirilib ahıllar evinə qoyulur. Bu təəssüfləndirici haldır. Belə hallara qarşı ictimai qınağa ehtiyac var.

Əlbəttə ki, zaman, müasir inkişaf da öz təsirini göstərir. Bilirik ki, inkişafın müsbət təsirləri olduğu kimi, yaratdığı problemlər də var. Azərbaycan ailəsinin də hər bir cəmiyyətdə olduğu kimi müəyyən problemləri var.

- Bu sahədə hansı məsələlər daha çox özünü göstərir? Problemlərdən çıxış yolunu nədə görürsünüz?

- Ümumiyyətlə, ölkəmizdə hər zaman Azərbaycan ailəsi haqda ümumi fikir müsbət olub. Amma bu gün ailə modelimizdə, adət-ənənələrimizdə müəyyən dəyişikliklərin olması fikri tez-tez səslənir. Dövlət Komitəsi olaraq bir müddət öncə ailə, nikah məsələləri ilə bağlı bir araşdırma apardıq. Ötən il yekunlaşdırdığımız və təqdimatını keçirdiyimiz bu araşdırma mənim fikrimcə, ailə məsələləri ilə əlaqədar ilk əsaslı araşdırma sayıla bilər. Nəticələr də müəyyən mənada bizim optimist fikirlərimizə uyğun oldu. Amma ortada hələ də müəyyən problemlərin olduğu da aşkara çıxdı. İlk növbədə, boşanma halları ilə bağlı məsələyə toxunmaq istəyirəm. Son illərdə boşanma hallarına nəzər saldıqda müəyyən dərəcədə narahatlıq yaşayırıq. Ötən illər bu göstərici qurulan nikahların 10-11 faizi nisbətində olurdusa, hazırda bu rəqəm təəssüf ki, artıb. Düzdür, bu artım cüzi olsa belə, narahatlıq yaradır. Biz araşdırmalar apardığımız zaman boşanmaların təhlilini də apardıq. Bəzən sosial məsələlərin boşanmaların yaranmasına ən böyük səbəb olduğu bildirilsə də, araşdırmalar göstərdi ki, boşanma hallarının baş verməsinin əsas səbəbi ailədə uşağın dünyaya gəlməməsi faktı ilə bağlıdır. Respondentlərimizin müəyyən hissəsi bu suala cavab verərkən bəzi ailələrdə kişilərin zərərli adətlərə-narkotikə, içkiyə qurşanmasını da boşanmalara ciddi səbəb sayırdılar.

Ailə məsələlərində ciddi məqamlardan biri də erkən nikah problemləridir. Bu məsələ ilə bağlı Dövlət Komitəsi Milli Məclisə öz təkliflərini verib. Biz təklif edirik ki, nikah üçün yaş həddi 17 yaşdan 18 yaşa qaldırılsın. Düzdür, bu istiqamətdə müzakirələr aparılır, amma hələlik yekun qərar yoxdur. Fikrimcə, qanunvericilikdə bu məsələyə baxılmalıdır. Çünki biz uşaq konvensiyasına qoşulmuşuqsa, orada uşaq yaşı 18 yaşına qədər göstərilir. Əgər ildə 3 minə qədər qızlar erkən yaşda nikaha girirlərsə, bu artıq problemdir. Xəstə doğulan uşaqların əksəriyyətini erkən yaşda ailə qurmuş anaların dünyaya gətirdiyi uşaqlar təşkil edir. İkinci bir tərəfdən, bu cür ailələrdə boşanma halları daha çox olur. Çünki uşaq yaşlarında artıq valideyn olan belə insanlar problemlərlə qarşılaşır. Bununla yanaşı, məişət zorakılığı problemi erkən yaşda qurulan ailələrdə daha çox nəzərə çarpır. Yaşı az olan qızlar öz hüquqlarını qoruya bilmirlər. Təəssüf ki, erkən nikahın dəqiq statistikasını müəyyən etmək olmur. Çünki onlar rəsmi nikaha girmədikləri üçün biz bunu doğulan uşağın sayı ilə hesablayırıq. Bu da təxminən 3 minə yaxın edir. Bəzi şəxslər yaş həddinin qaldırılmasına ona görə qarşı çıxır ki, bu say yaş 18-ə qalxandan sonra daha çox ola bilər. Mən bu fikirlərlə razı deyiləm. Düzdür, məsuliyyətsiz valideynlər yenə də bu addımı atacaqlar, amma vətəndaşların əksəriyyəti qanunlara riayət edirlər. Əgər biz işimizi düzgün qura bilsək, düzgün təbliğat apara bilsək, mənə elə gəlir ki, uğurlu nəticələr əldə edə biləcəyik. Çünki bu halda biz, ilk növbədə, həmin uşağın hüquqlarını qorumuş oluruq. Yeri gəlmişkən, biz bu gün valideyn məsuliyyəti ilə bağlı təkliflər paketinin üzərində işləyirik. Burada həm erkən nikah, həm valideyni olan küçə uşaqları, həm də məişət zorakılığı məsələsində uşaqların psixoloji pozuntuya məruz qalması halları və s. problemlərlə bağlı valideyn məsuliyyətinin tənzimlənməsi məsələləri qeyd olunur. Yəni, dövlətimiz ailənin, uşaqların hüquqlarını qoruyursa, burada konkret addımların atılması şübhəsizdir. Görülən işlər də məhz bu məqsədə xidmət edir. Fikrimcə, elə məqamlar var ki, orada hətta valideynin cinayət məsuliyyəti məsələsi də araşdırıla bilər. Bildiyiniz kimi, erkən yaşda uşağı ailə qurmağa məcbur etmək özü cinayət məsuliyyəti yaradır və bu məsuliyyət Cinayət Məcəlləsində əksini tapır.

- Bəs “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun icra vəziyyəti hansı səviyyədədir?

- Hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycanda da belə problem var. Təbii ki, bunun kökünü tam kəsmək mümkün deyil. Sadəcə, problemin dərinləşməsinin qarşısını almaq, buna imkan verməmək lazımdır. Bildiyiniz kimi, parlament “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunu qəbul edib. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu qanun layihəsinin hazırlanmasında və qəbul edilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çox böyük dəstəyi oldu. Hazırda isə bu qanunun tətbiqi məsələsi ilə bağlı müəyyən işlər görülür. Qanunda qeyd olunduğu kimi məişət zorakılığının qurbanına çevrilən insan üçün müəyyən mərkəzlər fəaliyyət göstərməlidir. Bu mərkəzlər həmin insanlara həm hüquqi, həm də psixoloji yardımlar göstərəcək. Biz bu məsələdə qardaş Türkiyənin təcrübəsini öyrənirik.

- Aynur xanım, Ailə Məcəlləsinə müəyyən dəyişikliklər edilməsi ilə bağlı cəmiyyətimizdə müxtəlif təkliflər səslənir. Amma bu təkliflərə münasibət heç də birmənalı deyil. Dövlət Komitəsinin məcəlləyə təklif olunan məsələlərə münasibəti necədir?

- Dövlət Komitəsi olaraq bizim də Ailə Məcəlləsinə dair təkliflərimiz var. Birincisi, yuxarıda qeyd etdiyim nikah yaşının qaldırılması ilə bağlıdır. Digər bir təklif isə ailə qurmağa hazırlaşan insanların tibbi müayinədən keçmələri ilə əlaqədardır. Apardığımız araşdırmalar nəticəsində hesab edirik ki, bu məsələlərin reallaşdırılması zəruridir. Bildiyiniz kimi, tibbi müayinə məsələsi Ailə Məcəlləsində öz əksini tapıb, amma bu, könüllüdür. Biz isə bu məsələnin məcburi olmasını təklif kimi irəli sürmüşük. Beynəlxalq təcrübədə də bu belədir. Məsələn, Türkiyə, Fransa, Ukraynada da bu hal dediyim şəkildə tənzimlənir. Bu amil genefondumuza təsir göstərən bir məsələ olduğu üçün mütləq nəzərə alınmalıdır. Bizim təklifimizdə məqsəd ondan ibarətdir ki, nikah qurmaq üçün müvafiq orqana müraciət edəndə mütləq tibbi arayış tələb olunsun. Həmin orqanın isə üzərinə tərəflərə həmin nəticələri bir-birinə təqdim etmək kimi bir məsuliyət qoyulur. Bizim məqsədimiz tərəfləri xəbərdar etməkdir. Bu gün ailə quran gənclər bir-birinə deyə bilmirlər ki, sən get mənə tibbi arayış gətir görüm sağlamsan, ya yox. Amma gənclərlə görüşümüzdə onlar bunu istədiklərini bizə bildirirlər. Respondentlərin 80 faizi bunu bilmək istəyir, sadəcə, dilə gətirə bilmirlər. Biz isə dövlət olaraq onlara bu imkanı yaradırıq. Bu sənədi bir-birilərinə təqdim edirlər, müvafiq nikah bağlayan orqana isə sadəcə, müayinədən keçməsini təsdiqləyən sənədi verirlər. Elə dövlətlər var ki, həmin tibbi müayinə nəticəyə təsir edir. Yəni, əgər müəyyən xəstəliklər aşkarlanarsa, həmin insanların ailə qurmasına icazə verilmir. Bizim təkliflərimizdə isə belədir ki, tibbi müayinənin nəticəsindən asılı olmayaraq, ailə qurmaq qərarı tərəflərin öhdəsinə buraxılır. Hesab edirəm ki, bu təkliflər ailə məsələlərində, sağlam gələcəyin formalaşmasında vacib rol oynayacaq.

 

 

Yeni Azərbaycan.- 2011.- 4 iyun.- S.8.