Prezident İlham Əliyev Azərbaycanın bundan 40-50 il sonrakı vəziyyətini düşünür

 

Professor İlham Məmmədzadə: “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkəmizin uzunmuddətli inkişafının təmin edilməsində dayaq nöqtə rolunu alacaq

 

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadədir:

 

- İlham müəllim, bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanır. Bu konsepsiya haqqında danışmadan öncə bəzi nəzəri məsələlərə aydınlıq gətirmənizi istərdik. Ümumiyyətlə, inkişaf konsepsiyası nədir və bu sənəd hazırlanarkən, hansı amillər əsas götürülür?

- Ümumiyyətlə, konsepsiya dedikdə, əsas düşüncə, ali ideya nəzərdə tutulur. Çünki, konsepsiya fəaliyyət strategiyasını bəlirləyir. Bununla yanaşı, konsepsiya dünyanın, təbiətin, cəmiyyətin mövcudluğuna bir baxışdır. İnkişaf konsepsiyası isə artıq konkret varlığa aid olub, onun tədrici tərəqqisi üçün müəyyənləşdirilmiş addımları ehtiva edir. Biz bu cür konsepsiyalara yeni və ən yeni tarixin müəyyən mərhələlərində rast gəlmişik.

Müasir dövrdə də təkmil idarəetmə sisteminə malik olan milli dövlətlərin həyata keçirdikləri inkişaf strategiyası özündə xüsusi istiqamətləri ehtiva edir. Əlbəttə ki, milli inkişaf strategiyasının həyata keçirilməsində institusional mexanizmlər mühüm rol oynayır. Bu sırada isə beyin mərkəzləri, ictimai institutlar xüsusi əhəmiyyət kəsb edir. Məsələn, ABŞ-da Respublikaçılar və Demokratlar partiyalarının hər ikisinin güclü beyin mərkəzləri var. Eyni zamanda, bəhs edilən ölkədə Dövlət Departamentində bu cür strateji institutlar fəaliyyət göstərir. Məhz bu cür institutlar, beyin mərkəzləri ölkənin milli inkişaf konsepsiyasının, strategiyasının işlənib hazırlanmasında mühüm rola malikdirlər.

Biz bu gün postsovet ölkələrinin nümunəsində də modernləşmə və inkişaf strategiyalarının reallaşdırılmasının şahidi oluruq. Bu baxımdan, mən Azərbaycanı və Rusiyanı nümunə kimi göstərə bilərəm. Prezident İlham Əliyevin və Prezident Dmitri Medvedevin daxili siyasət kursunda modernləşmə xüsusi istiqamət kimi çıxış edir. Bununla yanaşı, Rusiyada prezidentliyə namizəd Vladimir Putinin başlatdığı nanotexnologiyaların tətbiqi ilə intensiv inkişafın təmin edilməsi siyasəti gündəmdədir. Görünür, bəhs olunan istiqamətlərdə perspektivdə həm Azərbaycanda, həm də Rusiyada əhəmiyyətli təşəbbüslərin və nailiyyətlərin şahidi olacağıq.

Qeyd etdiyiniz kimi, artıq Azərbaycanda Prezident İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanır. Bu konsepsiyanın hazırlanması üçün artıq zəmin mövcuddur. Yəni, Azərbaycan inkişafının elə bir mərhələsinə çatıb ki, növbəti təkanla o, keyfiyyətcə yeni tərəqqi mərhələsinə adlamalıdır. Prezident İlham Əliyevin İnkişaf Konsepsiyasının hazırlanması haqqında qərar verməsi onu göstərir ki, dövlət başçısı Azərbaycanın bundan 40-50 il sonrakı vəziyyətini düşünür.

Qeyd etmək istəyirəm ki, ayrı-ayrı milli dövlətlərin nümunəsində inkişaf konsepsiyalarının hazırlanma və reallaşdırılma səviyyəsi, forması müəyyən qədər fərqli olur. Amma əsas məsələ konsepsiyanın necə hazırlanması və özündə hansı istiqamətləri ehtiva etməsidir.

Burada əsas olan məqam budur ki, inkişaf konsepsiyasının hazırlanmasında cəmiyyətin ən mühüm institutlarının əlaqəli fəaliyyəti təmin edilməlidir. Bu istiqamətdə ABŞ nümunəsini misal çəkmək olar. Kennedinin hakimiyyəti dövründə ABŞ-da inkişaf strategiyası hazırlanarkən hökumətin, ayrı-ayrı məmurların, elm-təhsil ocaqlarının, beyin mərkəzlərinin və ictimai institutların birgə, əlaqəli əməyindən istifadə edilmişdi. Məhz bu amil inkişaf strategiyasının uğurluluğunu təmin edən ən vacib amildir.

İkincisi, inkişaf konsepsiyasının başlıca istiqamətləri müəyyənləşdirilməlidir. Düşünürəm ki, iqtisadiyyat, siyasət, mədəniyyət - bu üç istiqamət çox mühüm əhəmiyyət kəsb edir. Mənim fikrimcə, dördüncü istiqaməti isə dövlətin, xalqın uğurlu imicinin formalaşdırılması vəzifəsi təşkil edir. Çünki əldə edilən uğurları, görülən işləri təqdim və təbliğ etmək də mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, cəmiyyəti milli inkişaf konsepsiyasının hazırlanması və həyata keçirilməsi işinə bilavasitə və dolayısıyla cəlb etmək lazımdır. Bu da mədəni amil olmaqla imicnüfuz məsələsinə aiddir. Başqa sözlə, inkişaf konsepsiyasının məqsədləri, istiqamətləri cəmiyyət üzvləri tərəfindən aydın başa düşülməlidir.

Qeyd edim ki, ötən ilin dekabr ayının 29-da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə “dəyirmi masakeçirildi. Orada akademik Ramiz Mehdiyev dedi ki,

- dövlət müstəqilliyimizin daha da gücləndirilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması və qorunması;

- siyasi sahədə demokratiya institutlarının daha da inkişaf etdirilməsi, dövlətin funksiyalarının yerinə yetirilməsinin və vətəndaş cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi, qanunun aliliyini tam təmin edən mexanizmlərin təkmilləşdirilməsi;

- iqtisadi sahədə ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması, iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişlənməsi, ölkəmizin ümum daxili məhsulunun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi;

- iqtisadiyyatda innovasiyaların tətbiqinin təmin edilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi;

- mövcud resurslardancoğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi;

- Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi, milli məhsulların dünya bazarlarında layiqli yer almasına nail olunması;

- sosial sahədə yoxsulluq səviyyəsinin mümkün minimuma endirilməsi istiqamətində yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təmin olunması, əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun və əhəmiyyətinin artırılmasına nail olunması;

- Azərbaycanda təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılmasına nail olunması, Azərbaycan xalqının bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin olunması;

- bölgədə və bütün dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan dövlətinin səylərinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi və s. konsepsiyanın hazırlanmasının əsas istiqamətlərini təşkil etməlidir.

Məhz, buradan çıxış edərək, deyə bilərəm ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkəmizin uzunmuddətli inkişafının təmin edilməsində dayaq nöqtə rolunu alacaq.

- Konsepsiyanın hazırlanması zamanı beynəlxalq münasibətlər və xaricdə dövlətin müsbət imicinin formalaşdırılması məsələlərinə də xüsusi diqqət yetirilməlidir. Həmçinin, ictimai-siyasi institutlaşma, mədəni inkişaf faktorlarının koordinasiyası da həyata keçirilməlidir...

- Əlbəttə ki, beynəlxalq imic məsələsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın timsalında beynəlxalq imic məsələsinə toxunmaq istəyirəm. Həyata keçirilən rasional inkişaf strategiyasının fonunda Azərbaycan dünya miqyasında nüfuzlu bir ölkəyə çevrilib. Ötən il Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, “Eurovision-2011” mahnı müsabiqəsində möhtəşəm qələbə əldə etməsi, ölkəmizdə qlobal əhəmiyyətli beynəlxalq forumların keçirilməsi və digər bu kimi göstəricilər ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir. Təbii ki, bütün bunların əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik siyasət durur.

Ümumiyyətlə, beynəlxalq imicin formalaşdırılmasında xarici siyasət amili xüsusi rol oynayır. Bu baxımdan, ayrı-ayrı ölkələrin timsalında müxtəlif nümunələrə istinad edə bilərik. Amma bununla yanaşı, beynəlxalq nüfuza təsir edən və ölkənin xarici siyasəti qədər önəmli olan digər istiqamət daxili siyasətdə ictimai-siyasi institutlaşma, demokratikləşmənin təmin olunması, insan haqlarının təmin və müdafiə olunmasına nail olmaqs. təşkil edir. Bəzən belə fikirlər səsləndirilir ki, bu sırada Avropa örnək təşkil edir. Amma tərəddüdsüz qeyd etmək olar ki, Avropada bəhs olunan istiqamətlərdə uğurlarla yanaşı, ciddi problemlər də mövcuddur.

Azərbaycanda ictimai-siyasi institutlaşma, demokratikləşmənin təmin olunması, insan haqlarının təmin və müdafiə olunmasına nail olmaq istiqamətində mühüm işlər görülüb və əhəmiyyətli nailiyyətlər əldə edilib. Eyni zamanda, mədəniyyətin inkişafı və təbliği də ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi işinə mühüm töhfələr verir. Dövlət tərəfindən mədəniyyətin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Eyni zamanda, Azərbaycanın birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin inkişafı və təbliği istiqamətində misilsiz işlər görür.

Bu məqamda onu qeyd etmək istəyirəm ki, mədəni dəyərlərin formalaşdırılması, mədəniyyətimizin inkişafı və təbliğində ictimai institutlar da özünəməxsus məsuliyyət daşıyırlar. Məsələn, təhsil müəssisələrində mədəni tərbiyə işi düzgün həyata keçirilməli və vətənpəvər nəsil yetişdirilməlidir. Həmçinin, ali təhsil müəssisələrində də sistemli aparılmalıdır. Bu sırada peşəkar kadrların yetişdirilməsi məsələsi də xüsusi əhəmiyyət kəsb edir.

- Ümumiyyətlə, bütün söylənilənlərlə yanaşı, bir transformasiya prosesindən yan keçmək qeyri-mümkündür. Söhbət sosio-mədəni modernləşmədən gedir. Məhz, bu proses İnkişaf Konsepsiyasının realizə edilməsi zamanı hansı mərhələdə qərar tutmalıdır?

- Təbii ki, deyilənlərlə yanaşı, sosio-mədəni modernləşməyə də diqqət yetirmək məqsədə müvafiqdir. Sosio-mədəni modernləşmədən bəhs edərkən, ilk növbədə, dövlət tərəfindən həyata keçirilən kursa, inkişaf strategiyasına toxunmaq lazımdır. Dövlət müəyyən inkişaf strategiyası hazırlayır və mərhələli surətdə onu həyata keçirərək modernləşmənin təmin olunmasına nail olmağa çalışır. Burada əsas məqam mexanizm və vasitələrin düzgün seçilməsidir. Digər tərəfdən, ictimai-siyasi institutlar da sosio-mədəni modernləşmə kursunun həyata keçirilməsində mühüm rol oynayırlar.

Ölkəmizdə milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edən modernləşmə kursu mərhələli surətdə davam etdirilməlidir. Dünya praktikasında mərhələli surətdə reallaşdırılan modernləşmə kursuna nümunə kimi, Böyük Britaniya təcrübəsinə nəzər yetirmək olar.

Bilirsiniz ki, Böyük Britaniya özünün xarici siyasət strategiyası ilə beynəlxalq münasibətlər sistemində də əhəmiyyətli nüfuza sahib olub. Bu dövlət ardıcıl, nizamlı və davamlı fəaliyyət strategiyası ilə XIX əsrdə ən güclü dövlətə çevrildi. XX əsrdə baş tutmuş I və II dünya müharibələrindən sonra müəyyən qədər zəiflədi. Amma Margaret Tetçerin rəhbərliyi dövründə fundamental islahatlar aparıldı və faktiki olaraq indi Böyük Britaniya dünya miqyasında nüfuzlugüclü bir dövlətdir. Bu ölkənin gücünü müəyyənləşdirən əhəmiyyətli faktorlardan biri də həyata keçirilən modernləşmə kursudur, modernləşmə kursu isə liberallaşma vasitəsilə ilə reallaşdırılmaqdadır.

Amma Böyük Britaniya təcrübəsindən fərqli olaraq bəzi hallarda modernləşmə strategiyasının fonunda konservativ xəttə də istinad edilir.

Ona görə də, biz daha diqqətli olmalı, rasional düşünməli və strateji cəhətdən ən əhəmiyyətli kursu seçməliyik. Bizdə konservativ xətt həmişə üstünlük təşkil edib. Amma mövcud konservatizmin fonunda liberal dəyərlər də təşəkkül tapmalıdır. Bu gün ölkəmizdə həyata keçirilən modernləşmə kursunun fonunda konservatizmlə liberalizmin çulğalaşması müşahidə olunur. Bu isə olduqca təqdirəlayiqdir.

Onu da qeyd etmək istəyirəm ki, milli elita amili də modernləşmə kursunun uğurluluğunu şərtləndirən fundamental mexanizm qismində çıxış edir. Şübhəsiz, elita cəmiyyətin lokomotividir, ona görə elita təbəqələri modernləşmə kursunun rasional surətdə reallaşmasını təmin edən başlıca, xüsusi institusional mexanizmdir.

Əlbəttə ki, elitanın modernləşmə prosesindəki rolundan və təmsilçiliyindən bəhs edərkən elmi elitanın fəaliyyətinə diqqəti çəkmək məqsədəmüvafiqdir. Elmi elitanın nümayəndələri, alimlər xüsusi fəallıq nümayiş etdirməli, özlərinin elmi fəaliyyətləri ilə beynəlxalq əlaqələrdə aktiv surətdə təmsil olunmalıdırlar.

Modernləşmə prosesinin fonunda alimlər həm də öz fəaliyyətlərini gələcəyə yönəlik əməli işlər və araşdırmalar üzərində qurmalıdırlar. Doğrudur, müasir dövrdə alimlər öz fəaliyyətlərini daha çox tarixi aspektlər üzərində qururlar. Amma eyni zamanda da, gələcəyə yönəlik araşdırmalar və elmi işlər üzərində çalışmaq lazımdır. Həmçinin, elmi istiqamətlərin gələcək inkişaf tendensiyalarının proqnozlaşdırılması da olduqca xüsusi əhəmiyyət kəsb edir.

Digər tərəfdən, cəmiyyətimizin dinamikləri qismində çıxış edən gənclər-gənc alimlər, araşdırmaçılar dil biliklərini artırmalı, elmi araşdırmalara yardımçı olan dillər öyrənməlidirlər. Bu, həm də alimlərin beynəlxalq əlaqələrinə, beynəlxalq müstəvidə elmi fəaliyyətlərinə pozitiv təsir edən əhəmiyyətli amildir.

Nəticə etibarilə, modernləşmənin elmi aspektləri ilə bağlı onu da qeyd etmək istəyirəm ki, məmurlar da, aidiyyəti strukturlar da alimlərin elmi fəaliyyətinin stimullaşdırılması işində öz üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Bu, alimlərin rəqabətini təmin edər, eyni zamanda, elm xadimlərinin beynəlxalq müstəvidə layiqli təmsilçiliyinə mühüm töhfələr bəxş etmiş olar. Bu istiqamətdə, həmçinin, alimlərdən ibarət müxtəlif elmi qruplar yaradılmalı, bir-biriləri ilə koordinasiyalı şəkildə işləməlidirlər.

Şübhəsiz, dövlət tərəfindən elmin inkişafına ardıcıl, davamlı və nizamlı dəstək verilir. Bu isə elmi elitanın formalaşmasına, bu təbəqənin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına təkan və töhfə verməklə yanaşı, modernləşmə prosesinin dinamik inkişafına da real zəmin yaratmış olur. Elm xadimləri, elmi institutlar da dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda öz üzərlərinə düşən missiya və vəzifələri rasional surətdə yerinə yetirməlidirlər. Başqa sözlə, bu proses koordinasiyalı şəkildə davam etdirilməli, daim yeni keyfiyyət çalarları ilə zənginləşdirilməlidir.

 

 

Ramil VƏLİBƏYOV

 

Yeni  Azərbaycan.- 2012.- 9 fevral.- S. 4.