Erməni terroru tarixdə və bu gün...

 

Bu gün terroru dövlət siyasəti səviyyəsində həyata keçirən işğalçı Ermənistan təkcə Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqaz və dünya üçün təhlükə mənbəyidir

 

Üçüncü yazı

 

Erməni terrorunun tarixi və ermənilərin zaman-zaman həyata keçirdikləri qanlı aksiyalar barədə faktlara əsaslanan yazımızı davam etdiririk. Kimsəyə sirr deyil ki, hazırda dünyada sülhü və təhlükəsizliyi əsas götürən bütün ölkələrin gündəmindəki ana maddələrdən birini məhz terrorçuluğa və beynəlxalq terrorizmə qarşı mübarizə təşkil edir. Eyni zamanda, uzun illərdir ki, erməni terroruna məruz qalan ölkəmiz də bu mübarizədə ön sıralarda yer alır. Beynəlxalq terrorizmə qarşı mübarizədə sərgilədiyi əməkdaşlıqla yanaşı, Azərbaycan həm də yerləşdiyi bölgədə sülhün bərqərar olmasında mühüm rola malikdir. Lakin Ermənistanın işğalçı və terrorçu siyasəti hazırda Cənubi Qafqaz bölgəsinin inkişafına, dövlətlərarası münasibətlərin daha yüksək səviyyədə qurulmasına, o cümlədən, dünyaya inteqrasiyanın daha yüksək sürətlə baş tutmasına və sülhün təminatına ən böyük maneədir. Onu da qeyd edək ki, bu gün Ermənistanda terror dövlət səviyyəsində dəstəklənir. Eyni zamanda, uzun illər dünyanın müxtəlif nöqtələrində qanlı aksiyalar törədən ASALA terror təşkilatının hazırda Ermənistan hakimiyyəti, mövcud Sarkisyan rejimi ilə bağlılığı da kimsədə şübhə doğurmur.

 

ASALA Sarkisyan rejiminin güvənc yeridir

 

Hər halda, sentyabrın 3-də Azərbaycanın Macarıstandakı səfirliyinə ASALA Fighters terror təşkilatından daxil olmuş məktub belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, həmin məktubda Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilib və onların qətlə yetiriləcəyi bildirilib. Sözügedən məktubda, eyni zamanda, ermənilər Xocalıda kütləvi soyqırımı törətdiklərini, Türkiyəyə qarşı qanlı aksiyalar həyata keçirən PKK terror təşkilatı ilə birlikdə fəaliyyət göstərdiklərini bir daha təsdiq ediblər.

Bu məktubun Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun azad olunmasından sonra Sarkisyan rejiminin səsləndirdiyi isterik bəyanatlarla eyni vaxta təsadüf etməsi və hətta müəyyən qədər məzmun oxşarlığı isə hər şeyi gün kimi ortaya qoyur. Yəni, anlaşılan odur ki, hazırda ASALA terror təşkilatı, ümumiyyətlə terrorçuluq Sarkisyan rejiminin güvənc yeridir.

 

Erməni terrorunun “ana”sı-ASALA

 

Bu məqamda qeyd etmək yerinə düşər ki, “Böyük Ermənistan” dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatlarının yaranması 1885-ci ildən başlayıb. Həmin vaxtdan fəaliyyətə başlayan əvvəl “Armenakan”, sonra isə “Hnçak” və “Daşnaksütyun” partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutublar. Lakin bu sırada ASALA terror təşkilatı xüsusilə seçilir. Məlumat üçün bildirək ki, “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” adlanan bu təşkilatın adının abreviaturası ingiliscə “Armenian Secret Army for the Liberation of Armenia” (yəni ASALA) kimidir. Təşkilat ilkin olaraq “Böyük Ermənistan” dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən qondarma “erməni soyqırımı”nın dünya ölkələri tərəfindən tanınması üçün çalışıb.

Bəzi məlumatlara görə, ASALA 1975-ci ildə, Livanda vətəndaş müharibəsinin getdiyi bir dövrdə Beyrut şəhərində yaradılıb. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır. Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşib. Yuxarıda da qeyd etdiyimiz kimi, ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə “Böyük Ermənistan” dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olub. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 1 avqust 1980-ci il tarixində “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirib: “Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir”.

Qeyd edək ki, A.Akopyan 1988-ci ildə Afina şəhərində öldürülüb.

Terror təşkilatının digər qurucusu Gevorq Acemyandır. O, 1932-ci ildə Suriyada anadan olub, Beyrutda çalışıb, kitab dükanı işlədib. Acemyanın erməni və ingilis dillərində yazdığı əsərləri bir sıra ölkələrdə dərc olunub. ASALA-nın yaradılmasında və idarə edilməsində xüsusi rol oynayıb. O, 1978-89-cu illərdə Livanda dərc olunan “Spürk” jurnalının redaktoru kimi terroru, terrorçu erməniləri müdafiə etməsi, həmçinin, Naxçıvan və Qarabağ ermənilərinin silaha sarılmasını “əsaslandırması” ilə məşhurdur.

Digər terrorçu lider Simon Simonyandır. 1914-cü ildə anadan olan Simonyan, yazıçı kimi tanınıb və müəllimliklə məşğul olub. ASALA terror təşkilatının ən məşhur ideoloqlarından sayılır. 1958-ci ildə “Spürk” jurnalını yaradıb və erməni terrorizminin təbliğinə başlayıb. ASALA-nın törəmə terror təşkilatları isə “Geqaron”, “Erməni Azadlıq Hərəkatı” və “Erməni Azadlıq Cəbhəsi”dir. 1979-cu ildə ASALA-ya qoşulanlar arasında ən tanınmış terrorçular Alex Yenikomşiyan və Monte Melkonyan olub.

 

ASALA-nın “fəaliyyət” arealı

 

1981-ci ildə bir çox terror aktları törədən ASALA, bir tərəfdən İsveçrəni, digər tərəfdən isə Fransanı hədələməyə başlayıb. Fransadakı bir çox qruplar, Kanadadakı “Azad Hay”, İngiltərədəki “Kaytzer” qrupları ASALA-ya qoşulduqlarını elan ediblər. Bu illərdə ASALA-nın mərkəzində artıq parçalanmalar başlayıb. Daha doğrusu, İsrailin Beyrutu işğal etməsiylə ASALA bu şəhəri tərk edib və 1983-cü ildə Akop Akopyan İsrail işğalından sonra ASALA-nın Livandakı 3 təlim düşərgəsini itirdiyini, fələstinli idarəçilərin ASALA-nı arxadan vurmağa çalışdıqlarını Beyrut radiosu ilə bəyan edib.

Beləliklə, terror təşkilatı ikiyə parçalanıb. Bunlardan biri Akop Akopyanın qrupudur ki, həmin qrup ən dəhşətli terror hadisəsini Fransanın Orli hava limanında həyata keçirib. Yeri gəlmişkən, Orli terroru barədə növbəti yazılarımızda geniş məlumat verəcəyik.

Təşkilatın qərbi Avropadakı qrupu isə “Asala İnqilab Hərəkatıdır”. Bu qrup terror aktlarını Türkiyə və Azərbaycanda həyata keçirib. Qrupun lideri isə Monte Melkonyandır. 1983-cü ildən etibarən ASALA Monte Melkonyanın siyasətinə tabe olub, Türkiyə və 1988-ci ildən başlayaraq Azərbaycanda terror aksiyaları törədib. Onun ölümündən sonra yerinə Ara Torayan keçib.

Onu da deyək ki, ASALA fəaliyyətini Fransada daha çox göstərməkdədir. Buna səbəb isə bu ölkədə erməni terrorçularının sərbəst hərəkətinə icazə verilməsidir. Bundan başqa, təşkilat ABŞ, Yunanıstan, Cənubi Kipr, Suriya, İran, İsveçrə və Kanada da fəaliyyətlərini davam etdirib.

 

Ermənilərin kürd adı altında fəaliyyətlərinin tarixi və ya ASALA-PKK işbirliyi davam edir

 

Bundan öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, ASALA-nın Türk dünyasına qarşı qanlı terror aksiyalarında yardımçı kimi istifadə etdiyi təşkilatlardan biri də PKK-dır. Yəni, PKK-nın sözdə kürd xalqının azadlığı uğrunda mübarizə apardığı iddia edilsə də, əslində, bu terror təşkilatının məqsədi erməni siyasətinin reallaşmasına xidmət etməkdir. Daha dəqiq desək, PKK-nın kürdlərin deyil, ermənilərin yaratdığı terror təşkilatı olduğu, bu təşkilatın gerçək məqsədinin heç də küdrlərin hansısa azadlıqlara qovuşmasına yardımçı olmaq deyil, türklərə və elə kürdlərin özlərinə qarşı qanlı aksiyalar həyata keçirmək olduğu, bir sözlə, PKK-nın erməni siyasətinə xidmət etdiyi və tərkibinin böyük bir hissəsinin ermənilərdən ibarət olduğu hər kəsə bəllidir. Elə, “Türk Tarix Qurumu” Elmi Tədqiqat İnstitutunun sabiq rəhbəri Prof.Dr.Yusuf Halaçoğlunun vaxtı ilə Türkiyənin “A haber” televiziya proqramında verdiyi bir açıqlama da deyilənləri təsdiqləyir. Bir daha xatırladaq ki, həmin açıqlamasında Yusuf Halaçoğlu hazırda Türkiyə ərazisində 20 erməni aşirətinin (qəbiləsi) kürd adı ilə yaşadığını və separatçı fəaliyyətdə birbaşa iştirak etdiyini demişdi. Arxiv sənədlərinə əsaslanan Yusuf Halaçoğlu “ermənilərin soyqırımı” iddialarının şişirdilmə olduğunu bildirərək, əslində, ermənilərin dinlərini və soyadlarını dəyişdirməklə Türkiyədə yaşamaqda davam etdiklərini dilə gətirmişdi. Alimin fikrincə, erməni terror təşkilatı ASALA-nın Türkiyədə fəaliyyətini gözlənilmədən dayandırmasından sonra PKK terror təşkilatının yaranması bəzi mətləblərdən xəbər verir. Daha doğrusu, PKK rəhbərliyində təmsil olunanların yarıya qədərinin erməni əsilli olmaları onların Türkiyəyə qarşı düşmən kəsildiklərinin göstəricisidir. Arxiv sənədləri, hətta PKK rəhbəri Abdullah Öcalanın da erməni əsilli olduğunu sübuta yetirir. Bu isə, əslində, PKK ilə ASALA-nın bir medalın iki üzü olduğuna işarə edir.

Eyni zamanda, PKK-nın yarandığı 35 il ərzində bu terror təşkilatı tərəfindən türklərlə bərabər minlərlə kürdün öldürülməsi, həmçinin, zaman-zaman Türkiyə Silahlı Qüvvələrinin keçirdikləri hərbi əməliyyatlar nəticəsində öldürülən PKK-çılar arasında ermənilərin də olması onu deməyə əsas verir ki, bu gün Türkiyədə yaşayan ermənilər kürd adı altında gizlənərək terrorla məşğul olurlar. Digər tərəfdən, PKK-nın əsas hədəfi heç də kürd xalqının azadlığı deyil, əksinə, əsrlərlə bir yerdə yaşayan eyni dini, eyni adət-ənənəni bölüşən türklərə və kürdlərə zərbə vurmaqdır. Bu məqamda onu da vurğulayaq ki, “Daşnaksütyun” erməni federativ inqilab partiyasının 1892-ci ildəki qurultayından sonra bu terror təşkilatı “türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür...” əmrini verib.

Onu da qeyd etmək yerinə düşər ki, əslində, ermənilərin kürd adı altında Türk dünyasına qarşı fəaliyyətləri heç də PKK ilə məhdudlaşmır. Daha doğrusu, ermənilərin və onların xarici havadarlarının kürd kartından istifadə etmək üçün hərəkətə keçmələri təxminən I Dünya müharibəsi dövrünə təsadüf edir. Yeri gəlmişkən, türk tədqiqatçısı M.Sədi Koçaşın “Tarixdə ermənilər və türk-erməni münasibətləri” adlı kitabında da bu məsələyə geniş yer verilib. Beləliklə, ermənilərdən Osmanlı Türkiyəsinə qarşı istifadə edən Qərb dövlətləri bu dəfə də kürdləri dövriyyəyə soxmağa qərar verirlər. Və kürdlərin hazırlanan xəyanətdə iştirak etməyəcəyini anlayan həmin qüvvələr çıxış yolunu kürd adı altında erməniləri qabağa verməkdə görürlər. Ən maraqlısı isə odur ki, Türk dünyasına qarşı Qərb-erməni işbirliyinin yeni formata davamı olacaq təşkilatın əsl niyyətini gizli tutmaq və bu qurumun guya kürdlərin azadlığı naminə çalışdığını nümayiş etdirmək üçün kürd dilində “müstəqillik” sözü olmadığından, ona “mənlik” mənasını verən “hoybun” adı verilir. Bu sözün “erməni yurdu-hay bun” sözlərinə bənzəməsi və onun qədimdən daşnaklar tərəfindən də istifadə olunması isə hər iki tərəfi qane edirdi.

 

Qərbin ikili standartı və ya ASALA dünyanın aparıcı dövlətləri tərəfindən terror təşkilatı kimi tanınmayıb

 

Həmin dövrdə cərəyan edən hadisələr haqqında növbəti yazılarımızda geniş söhbət açacağıq. Hələlik isə bir daha Ramil Səfərovun azad olunması və Qərbin bu məsələyə reaksiyasına toxunmağı vacib sayırıq. Məsələ burasındadır ki, Qərb ölkələri Ramil Səfərovun azad olunmasını sanki dəhşətli bir hadisə kimi qələmə verməyə çalışır, daha doğrusu, növbəti dəfə erməni sevgilərini büruzə verirlər. “Erməni sevgisi” ona görə deyirik ki, beynəlxalq terrorizmin tərkib hissəsi olan ASALA, “Hnçak  digər erməni təşkilatları bu günə kimi dünyanın aparıcı dövlətləri tərəfindən terror təşkilatları kimi tanınmayıb. Digər tərəfdən, öz dövlətinin və bayrağının şərəfini qoruyan Ramil Səfərovdan fərqli olaraq dinc insanlara qarşı qanlı terror aksiyaları həyata keçirməklə “məşhurlaşan” erməni terrorçuları ayrı-ayrı Qərb ölkələri tərəfindən əfv edilib. Məsələn, 1921-ci ildə Berlində Osmanlı İmperiyasının keçmiş daxili işlər naziri Tələt paşanı öldürmüş erməni terrorçu S.Teyleryan Almaniyada əfv olunub, 1921-ci ildə ADR-in daxili işlər naziri Behbud xan Cavanşirin qatili M.Torlakyanı Britaniya hərbi tribunalı cinayət məsuliyyətindən azad edib, 1984-cü ildə Türkiyənin baş konsulu M.Baydarı və konsul B.Dəmiri öldürdüyünə görə ömürlük azadlıqdan məhrum edilən erməni Qurgen Yanikyan Amerikada əfv edilib, 1989-cu ildə Parisdə Türkiyə konsulunun yaralanması və təhlükəsizlik xidməti nümayəndəsinin ölümündə təqsirkar olan terrorçu M.Melkonyan Fransada əfv edilib, nəhayət, 2001-ci ildə Orli aeroportunda partlayışın təşkilatçısı ömürlük həbs edilən Vurujan Karapetyan Fransada əfv olunub. Budurmu Qərbin proseslərə tərəfsiz yanaşması? Budurmu Qərb ədaləti? Axı ASALA təkcə Azərbaycan və Türkiyədə deyil, bir sıra Avropa ölkələrində də qanlı aksiyalar həyata keçirib. Hazırda beynəlxalq terrorizmə qarşı mübarizə apardığını bəyan edən aparıcı ölkələr səmimi olduqlarını sübut etmək üçün heç olmasa Macarıstandakı Azərbaycan səfirliyinə ünvanlanmış məlum 3 sentyabr tarixli məktubdan sonra erməni terrorunu lənətləməlidirlər.

 

Erməni terror təşkilatlarının qanlı aksiyaları...

 

Ümumiyyətlə, 1972-1991-ci illərdə erməni terrorçuları dünyanın əksər ölkələrində Türkiyənin görkəmli siyasi xadimlərinə, məşhur diplomatlarına və tanınmış iş adamlarına qarşı 300-dən çox terror aktları həyata keçiriblər. Bu terror aktlarının 100-dən çoxu isə ASALA terror təşkilatının “Orli”, “9 İyun” və “3 Oktyabr” qruplaşmaları tərəfindən 24 ölkənin 38 şəhərində həyata keçirilib. Həmin aksiyalardan bir neçəsi haqqında aşağıda məlumat təqdim edirik. Eyni zamanda, növbəti yazılarımızda bu silsilə qanlı aksiyalar barədə məlumatların təqdim olunmasını davam etdirəcəyik:

27 yanvar 1973-cü il tarixində Türkiyənin Los-Ancelesdəki Baş konsulu Mehmet Baydar və konsul Bahadur Dəmir 78 yaşlı Amerika vətəndaşı erməni Qurgen (Qaragin) Yanikyan tərəfindən şəhid ediliblər. Onları uydurma bir bəhanə ilə Santa-Barbaradakı bir hotelə dəvət edərək tapança ilə öldürən Yanikyan cinayətdən sonra tutularaq ömürlük həbs cəzasına məhkum edilib. 31 yanvar 1984-cü ildə xəstəlik və qocalığına görə həbsdən azad edilmiş Yanikyan 27 fevral 1984-cü ildə ölüb.

Bu məqamda xüsusi olaraq vurğulamaq yerinə düşər ki, türk diplomatlarına qarşı ilk terror kimi qiymətləndirilən həmin iki nəfərin öldürülməsi bu istiqamətdəki qanlı aksiyalara start veilməsi ilə yanaşı, mütəşəkkil erməni terroruna nümunə kimi xatırlanır. Bəlkə də bu planlaşdırılmış terrorun başlanğıcı üçün bir işarə idi.

4 aprel 1973-cü il tarixində Fransanın paytaxtı Parisdə Türkiyə Baş konsulluğunda və THY (Türk Hava Yolları) bürosunda törədilən və maddi zərərə səbəb olan partlayışlara görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib. Lakin bu basqının ermənilər tərəfindən törədildiyi şübhəsizdir.

26 oktyabr 1973-cü il tarixində ABŞ-ın Nyu-York şəhərindəki Türk İnformasiya Bürosuna terror hücumu polis tərəfindən zərərsizləşdirilib. Təcavüz Yanikyanın terrorçuları tərəfindən hazırlanıb.

20 yanvar 1975-ci il tarixində Livanın paytaxtı Beyrutda  Ümumdünya kilsə şurasının mənzil qərargahı partladılıb.

7 fevral 1975-ci il tarixində Livanın paytaxtı Beyrutda  Türk İnformasiya və Turizm Bürosuna qoyulmuş bombanı zərərsizləşdirərkən partlayış baş verib və livanlı bir polis nəfəri yaralanıb. ASALA-nın Yanikyan qrupu bu terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

20 fevral 1975-ci il tarixində Livanın paytaxtı Beyrutda THY (Türk Hava Yolları) bürosunda 1 kq-lıq bombanın partlaması xeyli maddi ziyana səbəb olub. Bu terror aktını da ASALA-nın Yanikyan qrupu təşkil edib.

22 oktyabr 1975-ci il tarixində Avstriyanın paytaxtı Vyanada Türkiyə səfirliyinə daxil olan üç nəfər erməni terrorçusu səfir Danış Tunalıgili odlu silahla qətlə yetiriblər. Terror aksiyasını ASALA terrorçuları törədib və onlar hadisə yerindən qaçıblar.

24 oktyabr 1975-ci il tarixində Fransanın paytaxtı Parisdə Türkiyənin Parisdəki səlahiyyətli səfiri İsmayıl Erezin avtomobili atəşə tutulub. Nəticədə səfir Erez və sürücü Talıb Yenər həlak olublar. Bu qanlı aksiyanı törədən ASALA və erməni Soyqırımı Ədalət Komandasının terrorçuları hadisə yerindən qaçıblar.

 

 

Hazırladı: Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2012.- 11 sentyabr.- S.6.