Azərbaycanda möhkəm təməllərə söykənən söz və mətbuat azadlığı Ulu öndər Heydər Əliyev tərəfindən təmin olunub

 

Söz və məlumat azadlığı, fikir plüralizmi müasir cəmiyyətlərin demokratik inkişafının əsas parametrlərindən birini təşkil edir. Bu da təsadüfi deyil. Çünki söz və məlumat azadlığı hər şeydən öncə obyektiv həqiqətin üzə çıxarılmasında və tam demokratik idarəetmənin təmin olunmasında Azərbaycan Respublikası da demokratik dəyərlərə sədaqət nümayiş etdirən bir dövlət kimi söz və məlumat azadlığının tam təmin olunmasını, müstəqil mətbuatın inkişafını özünün prioritetlərindən biri elan etmişdir. Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqilliyin ilk illərində bu ümdə amala çatmaq, mətbuatın azadlığını təmin etmək mümkün olmadı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamanki siyasi hakimiyyət çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci il aprel ayının 12-də hərbi senzura tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da artırıldı. Zor gücünə hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün birillik fəaliyyəti dövründə isə ölkədə söz və mətbuat azadlığı sahəsində vəziyyət daha da pisləşdi. O zamanki ölkə rəhbərinin 15 aprel 1993-cü il tarixli sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyətini daha da sərtləşdirdi.

Azərbaycanda söz və məlumat azadlığının təmin olunması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin həqiqi mənada bərpa olunması, onun müdafiəsinin dövlət siyasətinin tərkib hissəsi kimi gündəmə vəsiqə alması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında birinci intibah dövrü başlandı. Respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun tədricən gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması KİV-in fəaliyyəti, söz və mətbuat azadlığının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərin əldə olunmasına şərait yaratdı. Həmin dövrdən etibarən Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq, söz, fikir, vicdan azadlığı təsbit edildi.

Ulu öndər Heydər Əliyevin təsdiq etdiyi 1998-ci il 22 iyun tarixliİnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” isə vətəndaşların Azərbaycan Konstitusiyasında əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açdı. Həmin dövlət proqramından az sonra Azərbaycan Respublikasın Prezidentinin 1998-ci il 6 avqust tarixdə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Fərman, eləcə də, kütləvi informasiya vasitələri əməkdaşlarının beynəlxalq mərkəzlərin tədqiqat və təhsil proqramlarında, beynəlxalq konfrans, seminar və digər tədbirlərdə iştirakı üçün geniş şərait yaradılmasını nəzərdə tuturdu.

Həmin Fərmanla 1966-ci il 27 oktyabr tarixdə yaradılan Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarə (“Qlavlit”) ləğv olundu. Fərmanla, həmçinin, Azərbaycan Respublikası Prezidentinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərmanı, eləcə də, bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab olundu. Bu qətiyyətli addım 1875-ci ildə “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə Fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi.

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 19 iyun 1998-ci il tarixli “Məlumat azadlığı haqqında”, 10 iyun 1997-ci il tarixli “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, 3 aprel 1998-ci il tarixliİnformasiya, informasiyalaşdırma və İnformasiyanın mühafizəsi haqqında”, 12 mart 2002-ci il tarixli “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbulu da mühüm addımlardan oldu. Eləcə də, sonrakı mərhələdə 11 may 2002-ci il tarixli “Kütləvi informasiya vasitələri haqqında”, 2005-ci il 19 dekabr tarixliİnformasiya azadlığı haqqında” qanunlar qəbul edildi, bu zaman Avrora Şurasının mütərəqqi rəy və təklifləri nəzərə alındı.

2000-ci il 6 mart tarixli Fərmanla isə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı” təsdiq olundu. Proqram jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə Əlaqələndirmə Şurasının yaradılmasını önə çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu.

Bu Fərmandan sonra ölkə rəhbərliyi demokratik inkişafın qarantı qismində çıxış etdiyi üçün mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılmasını mətbuat nümayəndələrinin öz öhdəsinə buraxdı. Şura 2003-cü ilin martında Jurnalistlərin I qurultayında azad şəkildə formalaşaraq fəaliyyətə başladı. Mətbuatın özünütənzimləməsi prosesini uğurla həyata keçirdi.

Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması sahəsindəki bəzi süni əngəllər də tam aradan qaldırıldı. Azərbaycan Respublikası Prezidentinin 11 may 2002-ci il tarixli “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” fərmanı yazılı medianın təsis edilməsini və ondan istifadə imkanlarını qat-qat asanlaşdırmaqla, bu sahədə liberallığı tam təmin etdi, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürdü. Bu isə inkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır.

18 dekabr 2001-ci il tarixdə aparıcı KİV rəhbərləri ilə görüşən Ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də milli jurnalistikanın üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün mühüm Fərman və sərəncamlar imzaladı. Bu sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da genişləndirilməsini, çoxlu sayda qəzetin “Azərbaycan” nəşriyyatına olan borcunun dondurulmasını nəzərdə tuturdu. Bu diqqət və qayğının qarşılığı kimi, 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülən Ulu öndər Heydər Əliyev martın 23-də bununla əlaqədar keçirilmiş təntənəli mərasimdəki çıxışında demişdir: “Mən bu mükafatı çox yüksək dəyərləndirirəm. ...Təbiidir, mən çox mükafatlara layiq görülmüşəm. Ancaq bu mükafatın öz yeri var. Çünki aldığım mükafatların əksəriyyəti dövlətlər tərəfindən verilən mükafatlardır, dövlət mükafatlarıdır. Düzdür başqaları da var. Amma bu, jurnalistlər tərəfindən verilən mükafatdır”.

Təbiidir ki, Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi illərində həyata keçirilmiş çoxşaxəli islahatların nəticəsi olaraq bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər.

Böyük yolun uğurlu davamı...

Sevindirici haldır ki, Ulu öndər Heydər Əliyevin ölkəmizdə söz və məlumat azadlığının təmin olunması istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında görülmüş genişmiqyaslı tədbirlər sırasında söz və məlumat azadlığının ən geniş hədlərinin müəyyənləşdirilməsi üçün atılan addımları da xüsusi qeyd etmək lazımdır. Belə ki, Prezident İlham Əliyevin Fərman və sərəncamlarına uyğun olaraq, qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları dövlət büdcəsi hesabına ödənilib, ölkənin onlarla jurnalisti ali dövlət mükafatları ilə təltif olunub, kütləvi informasiya vasitələrinə maddi yardımlar edilib. Təbii ki, bu tədbirləri həyata keçirərkən o qədər ciddiölçülmüş addımlar atılmalıdır ki, mətbuatın müstəqilliyinə xələl gəlməsin və mətbuat orqanları üçün həqiqi müstəqil maliyyələşmə, idarəçilik mühiti yaradılmasına nail olunsun. Məhz bunu nəzərə alaraq, Prezident İlham Əliyev 2008-ci il iyul ayının 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını imzaladı. Bu sənəd mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin mətbuat siyasətini tam mənada ifadə edən təkmil baza rolunu oynayır. Bu konsepsiyadan irəli gələrək isə 2009-cu ilin aprel ayının 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması haqqında Fərman imzaladı.

Prezident İlham Əliyevin diqqəti sayəsində milli mətbuatımızın 135 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. 2010-cu ilin iyun ayının 10-da Azərbaycan milli mətbuatının 135 illik yubileyinin yüksək səviyyədə qeyd olunması haqqında imzalanmış Sərəncama uyğun olaraq, həm Bakıda, həm də respublikamızın bölgələrində yüksək səviyyəli tədbirlər keçirildi, media ilə ictimaiyyət arasında münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətli addımlar atıldı, milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə 92 nəfər həmkarımız müxtəlif dərəcəli dövlət mükafatları ilə təltif olundu. Bununla bərabər, mətbuat orqanlarının maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə 40 KİV-ə birdəfəlik yardım ayrılması dövlət başçısının bu sahəyə olan diqqətini bir daha nümayiş etdirdi. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün mənzillərin tikilməsi məqsədilə Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayrılması da dövlətin media sahəsində çalışanlara yüksək münasibətini ifadə etdi.

Təbiidir ki, dövlət başçısının milli mətbuatımızın inkişafı istiqamətində gördüyü bu işlər media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. “RUH” Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ilin yekunlarına görə, “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi də jurnalistlərin ölkə başçısının həyata keçirdiyi siyasətə münasibətinin göstəricisidir.

Azərbaycan mətbuatına dövlət qayğısı və şəxsən Prezident İlham Əliyev cənablarının yüksək diqqəti sayəsində bu gün Azərbaycan mətbuatı problemlərdən xilas olur və demək olar ki, yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır.

Yeni Azərbaycan” üzərinə götürdüyü vəzifələri layiqincə yerinə yetirir

Yeni Azərbaycan” qəzeti ilk nömrəsini ölkəmizin çox çətin zamanında mürəkkəb şərtlər fonunda dərc etdirə bildi. Məlum olduğu kimi, 1992-ci il noyabrın 21-də Naxçıvanda Azərbaycan dövlətinin taleyində çox mühüm rol oynayan, dövlətçiliyimizin möhkəmlənməsi və müstəqilliyimizin qorunmasında müstəsna xidmətlər göstərmiş Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Həmin dövrdə müxalifətdə olan Yeni Azərbaycan Partiyasının təşkilatlanması və fəaliyyətinin ictimaiyyətə çatdırılması üçün kütləvi informasiya vasitələrinə çıxış vacib idi. Ona görə də, partiyanın rəsmi orqanının yaradılması ideyası ortaya çıxdı. Qəzetin yaradıcı kollektivi bu ideyanı gerçəkləşdirmək üçün Bakıda müəyyən məsləhətləşmələr apardıqdan sonra partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyevlə görüşmək üçün Naxçıvana yola düşdülər. Mart ayının 26-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə görüşən və Onun xeyr-duasını alan redaksiya heyəti aprel ayının 10-da qəzetin ilk nömrəsinin işıq üzü görməsinə nail oldu. Təsadüfi deyil ki, qəzetin ilk nömrəsinin manşetində də məhz Ulu öndərin təbriki yer almışdı. Dahi rəhbərin məsləhətləri, Onun siyasi sistemin inkişafı və ölkəmizdə mövcud problemlərin aradan qaldırılması ilə bağlı dəyərli fikirləri “Yeni Azərbaycan”ın ideya mənbəyini və fəaliyyət istiqamətlərini təşkil edirdi. İlk gündən partiyanın və onun ətrafında birləşməyə başlayan onminlərlə insanın real tribunasına çevrilən və obyektiv, ölkə həqiqətlərini ictimaiyyətə doğru-dürüst çatdıran “Yeni Azərbaycan” qəzeti çox qısa zamanda böyük nüfuz qazandı və ölkə mətbuatının aparıcı simalarından biri olmağı bacardı. Siyasi konyukturanın yaratdığı əngəllərə baxmayaraq, qəzet ilk dövrlərdə həftədə bir nömrəsini nəşr edə bilirdi. Lakin ona olan marağın artması və qəzetin maddi-texniki imkanlarının genişlənməsi “Yeni Azərbaycan”ın gündəlik nəşrinə şərait yaratdı.

Yeni Azərbaycan” qəzeti təbii olaraq, daim Heydər Əliyev ideyalarına sadiq qalaraq dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasında üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Yeni Azərbaycan Partiyasının fəaliyyətini geniş şəkildə işıqlandıran qəzet ideoloji işin effektiv həyata keçirilməsində də müsbət rol oynayır. Bu gün qəzetin minlərlə oxucusu hər gün obyektivdoğru xəbərləri “Yeni Azərbaycan” qəzetindən alır. Jurnalistikanın dəyişməz prinsiplərinə və dövlətçiliyə, xalqımızın milli maraqlarına sadiqliyinin göstəricisidir ki, siyasi əqidəsindən və baxışlarından asılı olmayaraq, ictimaiyyətin bütün kəsimlərindən olan vətəndaşlar “Yeni Azərbaycan” qəzetinə hörmətlə yanaşır, fəaliyyətin yüksək qiymətləndirir, qəzetdə dərc olunan materiallar cəmiyyətdə haqlı rezonans doğurur.

Yeni Azərbaycan” qəzeti öz layihə və maraqlı rubrikaları ilə də daim diqqət cəlb edib. Qəzetin “YA Ədəbiyyat”, “İdman”, “Daycest” və digər əlavələri oxucuların dərin rəğbəti ilə qarşılanmaqla yanaşı, mətbuatımızda bir ənənə formalaşdırıb. Qəzetin redaksiyasında müvafiq dövlət qurumları və mütəxəssislərin iştirakı ilə keçirilən ənənəvi “dəyirmi masa” və konfranslarda Azərbaycan ictimaiyyətini maraqlandıran müxtəlif mövzular geniş müzakirə olunur, alternativ fikrə daim meydan verilir.

Eyni zamanda, milli mətbuatımızın inkişafında xüsusi yeri olanYeni Azərbaycan” qəzetinin milli jurnalist məktəbimizin formalaşmasında da xidmətləri danılmazdır. Bir zamanlar bu qəzetin redaksiyasında çalışan bir çox həmkarlarımız bu gün müxtəlif sahələrdə və fərqli ünvanlarda fəaliyyət göstərsələr də, “Yeni Azərbaycan” qəzetinin “mətbəxində” qazandıqları təcrübə ilə özlərini doğrultmağa davam edirlər.

Nəhayət, “Yeni Azərbaycan” qəzeti 1993-cü ildə yaradılarkən öz qarşısına qoyduğu məqsədlərə, üzərinə götürdüyü vəzifələrə bu günsadiqdir. Yeni Azərbaycan” qəzeti Ulu öndər Heydər Əliyev ideyalarına söykənərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin inkişafı, xalqımızın rifahı yönündə həyata keçirilən siyasətə dəstək verir, bu siyasətin geniş ictimaiyyət arasında təbliği istiqamətində öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirir. Son illər ərzində qəzetin maddi-texniki bazasının güclənməsi, redaksiya heyətinin peşəkarlığının artırılması isə “Yeni Azərbaycan”ın gələcəkdə daha böyük nailiyyətlər qazanacağını söyləməyə əsas verir.

 

 

“Yeni Azərbaycan”ın Analitik Qrupu

 

Yeni Azərbaycan.- 2013.- 10 aprel.- S.4.