“İdarəetmə mədəniyyəti” kitabı idarəetmənin əsaslarının, bu sahədə mövcud elmi-nəzəri və praktik məsələlərin öyrənilməsi baxımından mötəbər mənbə kimi

 

Müasir dövrdə sosial elmlərin xüsusi tədqiqat obyekti qismində bu və ya digər səviyyədə idarəetmənin təşkili və əsaslarının öyrənilməsi çıxış etməkdədir. Ümumiyyətlə, idarəetmə anlayışı özündə müxtəlif institusional məfhumları və səviyyələri ehtiva edir. İdarəetmənin səmərəliliyi isə çoxkomponentli olmaq etibarilə sistemli prosesin qanunauyğun nəticəsi kimi çıxış edir.

Ümumiyyətlə, hər bir sahə və ya sektorda idarəetmə prosesinin səmərəli təşkil edilməsi üçün ilk növbədə onun elmi-praktik əsaslarının düzgün müəyyənləşdirilməsi lazımdır. Bunun üçünsə bir neçə mərhələdən ibarət olan metodoloji qaydalara effektiv surətdə əməl edilməsi strateji zərurət kimi çıxış edir. Əlbəttə ki, lokal və ya qlobal səviyyəli olmasından asılı olmayaraq idarəetmənin elmi-praktik əsaslarının düzgün müəyyənləşdirilməsi üçün fundamental araşdırmalar və analitik materiallar ortaya çıxarmaq, növbəti mərhələdə isə ona müvafiq taktiki və strateji əsaslar formalaşdırmaq gərəkdir. Bu nöqteyi-nəzərdən, müxtəlif sahələrdə idarəetmə ilə bağlı əsaslı tədqiqatlar aparan araşdırmaçı-alimlərin əsərləri xüsusi əhəmiyyət kəsb edir.

Bu gün siyasi, iqtisadi, mədəni, hərbi, sosial və digər sahələrdə idarəetmə ilə bağlı müxtəlif xarakterli əsərlər işıq üzü görməkdədir. Bu əsərlərdə müxtəlif cəmiyyət və dövlətlərin idarəetmə təcrübəsinin və modellərinin öyrənilməsi ilə yanaşı, konkret elmi-praktik və nəzəri-metodoloji tövsiyə və təkliflər yer alır ki, bütün bunlar konkret idarəetmə nümunəsi kontekstində strateji əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında da müxtəlif sahələrdə idarəetmənin təşkili ilə bağlı elmi-nəzəri və analitik-empirik tədqiqatlar ortaya qoyulur və hər bir araşdırma nümunəsi yönəldiyi sahədə idarəetmənin təkmilləşdirilməsi üçün fundamental baza əhəmiyyəti daşıyır. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Məmmədovun Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə işıq üzü görmüş “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” adlı dərs vəsaiti fundamental elmi-nəzəri mənbə kimi dəyərləndirilməlidir.

Bəhs olunan dərs vəsaiti fundamental kulturoloji tədqiqat olmaq etibarilə, Qərb ölkələrinin və müxtəlif sivilizasiyaların idarəetmə təcrübəsinin, bu istiqamətdəki başlıca tendensiyaların öyrənilməsi, eyni zamanda, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm mənbə rolunu oynayır. Dərs vəsaitində, həmçinin, idarəetmə anlayışı və müxtəlif institutların fonunda idarəetmə prosesi sistemli analiz obyektinə çevrilib, fərdi, qrup, institusional idarəetməyə, eyni zamanda, dövlət idarəçiliyinə və beynəlxalq müstəvidə idarəetməyə xüsusi diqqət yetirilib. Məhz bu yanaşma ona görə xüsusi əhəmiyyət kəsb edir ki, müasir dövrdə bu və ya digər sosiumun tərəqqisi və ya təkamülü məhz müxtəlif institusional səviyyələrdə idarəetmənin düzgün təşkil edilməsindən asılıdır. Nəzərə alsaq ki, dövlət ən böyük və kütləvi ictimai-siyasi institutdur, məhz o zaman qeyd edə bilərik ki, cəmiyyətin inkişafı, sosiumda rasional münasibətlərin təşəkkül tapması üçün dövlət idarəçiliyinin səmərəli təşkil olunması ən əhəmiyyətli strateji prioritetdir. Bundan başqa, dünya miqyasında xalqlar arasında rasional əlaqələrin formalaşması və davam etməsi məhz beynəlxalq müstəvidə idarəetmənin səmərəli təşkil edilməsi ilə bilavasitə əlaqədardır.

Qeyd etdiyimiz kimi, idarəetmənin səmərəliliyi bu sahədə olan müxtəlif model və təcrübələrin öyrənilməsindən bilavasitə asılıdır. Məhz professor F.Məmmədovun bəhs olunan dərs vəsaitində müxtəlif sivilizasiyaların, mədəniyyətlər və cəmiyyətlərin timsalında dövlət idarəçiliyinin tarixi tədqiq edilib, idarəetmə elminin əsaslarına dair nəzəri biliklər müasir praktik nümunələrin fonunda diqqətə çatdırılıb. Həmçinin, idarəetmə mədəniyyətini təmin edən konkret faktor və komponentlərə nəzər salınıb, müqayisəli təhlil metodundan səmərəli istifadə olunub. Bununla yanaşı, təkmil idarəetmə mexanizminə sahib olan dövlətlərin idarəetmə təcrübəsinin əsasları və üstünlükləri tədqiqat obyektinə çevrilib, buna müvafiq olaraq isə elmi-metodik tövsiyə və təkliflər işlənib, hazırlanıb.

Məlum olduğu kimi, hər bir sosiumun inkişafını təmin edən mühüm strateji faktorlardan biri də cəmiyyətdə şəxsiyyətlərarası münasibətlərin konstruktiv xarakter daşıması və idarəetmə nöqteyi-nəzərdən məqbul olmasıdır. Məhz bu faktor ictimai tərəqqi prosesinin baza elementi qismində çıxış edir. Müəllif dərs vəsaitində bəhs olunan tezis və istiqamətləri əsas götürərək şəxsiyyətlərarası münasibətlərin, sosial əlaqə və təmasların əhəmiyyətinə toxunur və bu faktorların idarəetmə prosesindəki əhəmiyyyətindən bəhs edilir. Fikrimizcə, bu yanaşma müasir sosial idarəetmə nöqteyi-nəzərindən aktual olmaqla yanaşı, həm də mühüm əhəmiyyət daşıyır.

Bunlarla yanaşı, professor dərs vəsaitində idarəetmədə mədəniyyət amilinə xüsusi olaraq toxunur və mədəniyyət faktorunu, mədəni dəyərləri idarəetmədə başlıca normativ vasitələr kimi səciyyələndirir. Bununla yanaşı, idarəetmə mədəniyyətindən bəhs edərkən bu prosesdə doğru texnologiyalardan, vasitə və metodlardan istifadə olunması məsələsinə diqqət yetirilir. Bu kontekstdə idarəetmə sistemləri ayrıca və müqayisəli şəkildə analitik təhlil obyektinə çevrilir. Eyni zamanda, siyasi mədəniyyət faktoruna toxunulur və siyasi mədəniyyət ayrıca kulturoloji tədqiqat obyekti kimi səciyyələndirilir. Ümumiyyətlə, idarəetmə mədəniyyətinin araşdırılması baxımından siyasi mədəniyyət amilinə diqqət yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki müasir dövrdə müxtəlif ölkələrin inkişaf səviyyəsini qiymətləndirərkən əsas götürülən fundamental meyarlardan biri kimi siyasi mədəniyyət amili ön plana çəkilir. Bəzi araşdırmaçılar siyasi mədəniyyəti milli mənəviyyat kimi dəyərləndirirlər. Amma bu mövqe məsələyə dar çərçivədən yanaşmanın fonunda ortaya çıxıb. Məsələyə geniş rakursdan yanaşsaq, qeyd edə bilərik ki, siyasi mədəniyyət vətəndaşların hakimiyyətlə qarşılıqlı münasibətlərinə aid olan mövqe və davranışların əsasını təşkil edən dəyərlərin, eyni zamanda, siyasi sistemin iştirakçıları arasında təzahür edən fərdi mövqe və meyillərin kompleks məcmusudur. Bir çox araşdırmaçılar isə siyasi mədəniyyəti siyasi sistemin aktorlarının mövqe və meyillərinin, davranış formalarının məcmusu kimi səciyyələndirilər. Bu baxımdan, bir ölkənin siyasi sisteminin hüquqi əsaslara söykəndiyini, özündə təkmil struktur elementlərini ehtiva etdiyini, başqa sözlə, həmin ölkədə demokratik prinsiplərin hökm sürdüyünü göstərən başlıca indiqatorlardan biri siyasi mədəniyyətdir. Məhz bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, dərs vəsaitində siyasi mədəniyyətin idarəetmənin səmərəliliyinə təsir edən xüsusi strateji faktor kimi analitik tədqiqət obyektinə çevrilməsi olduqca təqdirəlayiqdir.

Bundan başqa, siyasi mədəniyyətin inkişafı və bütövlükdə, cəmiyyətdə rasional sosial-siyasi münasibətlərin qərarlaşması nöqteyi-nəzərindən sosiumda vətəndaş cəmiyyətinin bərqərar olunması və inkişafı mühüm amil qismində dəyərləndirilir. Məhz bu yanaşmanın əhəmiyyətini anlamaq üçün müxtəlif sosiumlarda vətəndaş cəmiyyətinin təşəkkül tapmasının önəminə və onun siyasi idarəetməyə təsirinə toxunmaq lazımdır. Məlumdur ki, vətəndaş cəmiyyəti dövlətdən asılı olmayan, amma dövlətlə əlaqəsi olan, inzibati deyil, könüllü qaydada yaradılan sosial birlikdir. Başqa sözlə, vətəndaş cəmiyyəti mülki şəxslərin könüllü birləşməsi nəticəsində yaranan, özünütənzimləmə və özünüidarə mexanizminə malik olan, qeyri-siyasi səciyyəsi ilə sivil şəxslər və münasibətlər sistemini ehtiva edən ictimai birlik kimi səciyyələndirilir. Beləliklə, vətəndaş cəmiyyətinin inkişafı sosiumun strataları arasında rasional əlaqələrin formalaşmasına əlverişli şərait yaradır, təkmil ictimai idarəetmə sisteminin təşəkkül tapmasını təmin edir. Buna görə də, dərs vəsaitində vətəndaş cəmiyyətinin və vətəndaş cəmiyyəti mədəniyyətinin araşdırma obyektinə çevrilməsi tədqiq olunan məsələyə dair əhəmiyyətli elmi-nəzəri və analitik-empirik nəticələrin əldə olunmasına mühüm töhfələr verir.

Dərs vəsaitində, həmçinin, Azərbaycan Respublikasında dövlət idarəçiliyinin əsasları təhlil edilib, ölkəmizdə idarəetmənin səmərəliliyini təmin edən bir sıra faktorlara, xüsusilə də, intellektual resurslardan effektiv surətdə istifadə olunmasına diqqət yetirilib. Bəlli olduğu kimi, idarəetmənin səmərəliliyi, o cümlədən, idarəetmə mədəniyyəti mövcud intellektual resurslardan və əsaslardan, daha doğrusu, onlardan səmərəli istifadə mexanizminin formalaşdırılmasından asılıdır. Məhz buna görə də, ölkəmizdə idarəetmənin intellektual əsaslarının əhəmiyyətindən bəhs olunur, idarəetmənin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən islahatların, qəbul edilmiş qanunların önəmi diqqətə çatdırılır.

Həmçinin, xalqımızın Ümummilli lideri Heydər Əliyevin dövlət idarəçiliyi məktəbi xüsusi analitik tədqiqat obyektinə çevrilir. Heç şübhəsiz, Ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyi məktəbinin elmi-praktik əsaslarının öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki Ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyi məktəbi Azərbaycan xalqının və dövlətinin inkişaf və rifah yolunu müəyyənləşdirən, perspektiv tərəqqinin təməlini qoyan böyük bir məktəbdir.

Qeyd etdiyimiz kimi, dərs vəsaitində müasir Azərbaycan dövlətinin dövlət idarəçiliyi modelindən, həyata keçirilən mütərəqqi islahatlardan da bəhs edilib. Zənnimizcə, müasir Azərbaycan dövlətinin idarəçilik modelinin, həyata keçirilən islahatların, əldə edilən nəticələrin elmi-praktik əsaslarının öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi varislik prinsipi əsasında həyata keçirilən səmərəli idarəetmə prosesi, o cümlədən, milli inkişaf strategiyası bütün sahələrdə mütəmadi yüksəlişlə müşayiət olunan inkişafın mənbəyi və qarantı qismində çıxış edir. Qısacası, səmərəli idarəetmə mexanizminin fonunda siyasi, hüquqi, iqtisadi, sosial, mədəni, ideoloji və digər sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanı müasir, müstəqil və güclü milli dövlətə çevirib. Artıq müasir, müstəqil dövlət kimi çıxış edən ölkəmiz özünün tərəqqisi ilə milli inkişafın Azərbaycan modelinin əsasını qoyub.

Beləliklə, professor, kulturoloq Fuad Məmmədovun Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə işıq üzü görmüş “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” adlı dərs vəsaiti dünyanın müxtəlif ölkələrində, o cümlədən, Azərbaycanda idarəetmənin əsaslarının, bu sahədə mövcud təcrübələrin, nəzəri məsələlər və praktik gerçəkliklərin öyrənilməsi baxımından mötəbər mənbə kimi dəyərləndirilməlidir. Hesab edirik ki, dərs vəsaiti idarəetmə ilə bağlı araşdırma aparan tədqiqatçılar, menecerlər, həmçinin, kulturoloqlar, siyasətşünaslar, bütövlükdə, geniş oxucu kütləsi üçün faydalı elmi-nəzəri və analitik-empirik mənbədir.

 

 

HİKMƏT BABAOĞLU

 

Yeni Azərbaycan.- 2013.- 19 aprel.- S.11.