Leyla Əliyeva: Əgər fayda verə biləcək bir görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən tədbirlər və qlobal layihələr nəinki ölkəmizdə, o cümlədən, beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir

Məlum olduğu kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarlarıdır. Bu baxımdan, Heydər Əliyev Fondu indiyədək təhsil sahəsində məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, ortaali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində uşaq musiqi məktəblərinin inşası, bağçaların təmiri kimi böyük layihələrə imza atıb. Heydər Əliyev Fondu daim uşaqları diqqətdə saxlayır, xüsusən də, valideyn qayğısından məhrum olan, fiziki qüsurlu uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir.

Xocalıya ədalət! kampaniyası çərçivəsində dünyanın 70-dən çox ölkəsində hər il Xocalı ilə bağlı konfranslar, sərgilər təşkil olunur

Əlbəttə ki, Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasətinin yaratdığı fəsadlar barədə dünya ictimaiyyətinin məlumatlandırılması, dünya erməniliyinin yalançı təbliğatının qarşısının alınmasıdır. Heydər Əliyev Fondu xalqımızın üstün mədəni dəyərləri, zəngin tarixi keçmişi, ən əsası isə, ölkəmizin ədalətli mövqeyi haqqında dünya xalqlarında dolğun təsəvvürlərin formalaşması üçün tarixi addımlar atır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən Xocalıya ədalət! Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası da bu istiqamətdə uğurlu fəaliyyətin həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş strategiyadır.

Kampaniya çərçivəsində dünyanın 70-dən çox ölkəsində hər il Xocalı ilə bağlı konfranslar, sərgilər təşkil olunur. Bu gün Xocalıya ədalət! kampaniyasının çağırışı BMT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tribunalarından, dünyanın hər yerində universitetlərdə, gənclər klublarında, habelə məscidlərdə, kilsələrdə və sinaqoqlarda səslənir. Kampaniya nəticəsində bir neçə ölkənin və ABŞ-ın 15 ştatının parlamentləri Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb. Bu ilin əvvəlində İƏT-in üzvü olan 53 ölkənin parlamentləri xüsusi qətnamə ilə təsdiq ediblər ki, Xocalıda soyqırımı törədilib. Bundan əvvəl İƏT-in üzvü olan 57 dövlətin başçıları tərəfindən analoji sənədlər qəbul olunub. Ankara, Sarayevo, Haaqa, Mexiko şəhərlərində Xocalı abidələri ucaldılıb. Ötən il iyulun 9-da - Srebrenitsa qurbanlarının milli matəm günündə Sarayevonun mərkəzində bütün gün ərzində işıqlandırılmış monitorda Xocalıya ədalət çağırışı səslənib. Xocalı haqqında müntəzəm olaraq kitablar çap edilir, bukletlər, məlumatlar nəşr olunur, filmlər çəkilir. Son olaraq isə bir neçə gün öncə Londonda Britaniya FilmTeleviziya İncəsənəti Akademiyasında Xocalı soyqırımından bəhs edən Endless Corridor (Sonsuz dəhliz) sənədli filminin premyerası keçirilib. Premyeradan sonra Justice for Khojaly (Xocalıya ədalət) beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu faciə haqqında həqiqətlərin dünyada tanıdılmasının əhəmiyyəti barədə fikirlərini bildirərək, Endless Corridor filminin çəkilməsindən məmnun qaldığını dilə gətirib. Leyla Əliyeva qeyd edib ki, Endless Corridor erməni qəddarlığını üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən real sənədli filmdir. Biz belə cinayətlərin təkrarını bir daha görməməliyik, - deyə Leyla Əliyeva vurğulayıb.

RAGT gəncləri savadlı və etibarlı şəkildə irəli aparan bir təşkilatdır

Sirr deyil ki, Azərbaycanın xarici siyasətində diaspor təşkilatlarımızın güclənməsi, xaricdə yaşayan vətəndaşlarımızın fəallığının artırılması və onların Azərbaycanın haqq işinə dəstək verilməsində iştirakının stimullaşdırılması, azərbaycanlıların yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərdə yer almasının təşviq edilməsi əsas hədəflərdən biridir. Bu mənada xaricdəki diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşür. Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) bu istiqamətdəki fəaliyyəti ilə seçilir. Bu gün RAGT gəncləri təşəkkül və cəmiyyətdə özünütəsdiq yolu ilə savadlı və etibarlı şəkildə irəli aparan bir təşkilatdır. Artıq Rusiyanın 70-dən çox regionunda RAGT-ın bölmələri fəaliyyət göstərir. Özünün belə böyük coğrafi əhatə dairəsi və geniş maraqları sayəsində haqlı olaraq ümumrusiya təşkilatına çevrilmiş RAGT Rusiyada yaşayan minlərlə azərbaycanlı gənci ictimai fəaliyyətə cəlb etməyə nail olubbunu davam etdirir. Bu gün RAGT inamla təşkilatlanır, ölkəmizin hüdudlarından kənarda, o cümlədən Rusiyada Azərbaycanın imicinin formalaşması məsələsinə düşünülmüş, savadlı, proqram mövqeyindən yanaşır. Buna görədir ki, təşkilat tərəfindən həyata keçirilən layihələr cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edir. Bu çərçivədə müxtəlif idman yarışlarını, gənclər arasında bilik olimpiadalarını, Qanın milləti yoxdur adlı layihəni, konfrans və sərgilərin təşkilini xüsusilə qeyd etmək lazımdır.

Beləliklə, RAGT Azərbaycanı Rusiyada ləyaqətlə təmsil edir və ölkələrimiz arasında münasibətlərin inkişafına töhfəsini verir.

IDEA: Gələcək bizim əlimizdədir

Leyla xanım Əliyevanın çoxşaxəli fəaliyyətində ekoloji problemlərin həlli də əsas istiqamətlərdən biridir. Elə bu məqsədlə, Leyla Əliyeva 12 iyul 2011-ci il tarixində Azərbaycanda və dünyada ekoloji məsələlər ilə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi ilə əlaqədar IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının əsasını qoyub. IDEA planetimizin üzləşdiyi ekoloji problemlərin həllində gənclərin aktiv iştirakını təmin etməyi hədəfləyib. Gələcək bizim əlimizdədir şüarı ilə getdikcə fəaliyyətini daha da genişləndirən IDEA gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə dialoq, fəaliyyət, liderlik və təhsil kimi başlıca prinsiplərə əsaslanır. Ötən illər ərzində bu kampaniya çərvəsində onlarla müxtəlif layihələr həyata keçirilib. O cümlədən, Leyla Əliyevanın təşəbbüsü ilə Maltada Yer kürəsi uşaqların gözü ilə sərgisi açılıb, Bakıda Dənizkənarı Milli Parkda Məhəbbət ağacı layihəsi reallaşdırılıb, IDEA üçün ideyalar layihə müsabiqəsi, Bakıda beynəlxalq foto müsabiqəsi keçirilib. Bundan başqa, IDEA tərəfindən tələbələr arasında ən yaxşı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb, IDEA-nın təşəbbüsü ilə Yer Kürəsi Günü-də müxtəlif layihələrə imza atılıb. IDEA İctimai Birliyinin Yer saatı aksiyası da böyük maraqla qarşılanıb. Həmçinin, Heydər Əliyev Fondu və İDEA İctimai Birliyi ilə birlikdə Ağacların kəsilməsinə yox proqramı həyata keçirilməkdədir. 7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub. IDEA Panthera təşkilatı ilə birgə Qafqaz bəbirinin qorunması istiqamətində yeni layihəyə başlayıb. Heydər Əliyev Mərkəzində Afrikanın vəhşi təbiəti mövzusunda sərgi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu tədbirlərin əhəmiyyətini vurğulayarkən qeyd edib ki, birgə səylər nəticəsində planetimizdə çox böyük dəyişikliklərə nail ola bilərik.

Mədəniyyətlərarası dialoqa mühüm töfhə

Məlum olduğu kimi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələrlə də beynəlxalq ictimaiyyətin təqdirini qazanan Heydər Əliyev Fondu ölkəmizdəki və dünyadakı müxtəlif mədəni, dini abidələrin təmiri və bərpasını həyata keçirməkdədir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq katedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri bu qəbildən olan işlərdir. Heydər Əliyev Fondunun, o cümlədən, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətində milli - mənəvi dəyərlərimizin qorunması və təbliği, mədəniyyətlərarası dialoqun təşviqi, dini məbədlərin qorunması və bərpasına dəstək verilməsi də xüsusi diqqət çəkən məqamlardan biridir. Leyla xanım Əliyevanın təşəbbüsü ilə nəinki ölkəmizdə, o cümlədən, bir sıra digər ölkələrdə də bu istiqamətdə mühüm addımlar atılıb. Heç də təsadüfi deyil ki, Leyla xanım Əliyeva Həştərxan şəhərində Müqəddəs Mələksima Knyaz Vladimirin abidəsinin ucaldılmasına göstərdiyi köməyə və Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyi ilə əlaqədar, həmçinin, Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə bütün Rusiyanın Patriarxı Kirillin sərəncamı ilə Rus Pravoslav Kilsəsinin ali ordeni olan III dərəcəli Müqəddəs Apostola bərabər Knyaginya Olqa ordeni ilə təltif edilib.

Xatırladaq ki, Müqəddəs Apostola bərabər Knyaginya Olqa ordeni Rusiyanın xaç suyuna salınmasının 1000 illiyinin təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar 1988-ci ildə təsis edilib. Qadınlar bu ordenlə kilsə, dövlət və ictimai sahələrdə göstərdikləri xidmətlərə görə mükafatlandırılır. Daha əvvəl bu mükafata layiq görülmüş şəxslər arasında Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko, Latviyanın sabiq Prezidenti Vayra Vike-FreyberqaBöyük Knyaginya Mariya Vladimirovna Romanova da var.

Leyla xanım Əliyevanın təşəbbüsü ilə hər il Ramazan ayı ərzində dindarlar üçün iftar süfrəsinin açılması ənənə halını alıb

Qeyd etmək yerinə düşər ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə hər il Ramazan ayı ərzində dindarlar üçün iftar süfrəsinin açılması da artıq ənənə halını alıb. Son olaraq isə bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada dindarlar üçün iftar süfrəsi açılıb və Azərbaycan Respublikası Günü təşkil edilib. Artıq beşinci dəfədir ki, Leyla Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Rusiya Müftilər Şurası tərəfindən Moskva hökumətinin dəstəyi ilə təşkil edilən nadir Ramazan çadırı xeyriyyəçilik və mədəni-maarif layihəsində fəal iştirak edir.

Gecəyə Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olanoruc tutan insanlar toplaşıblar. Əvvəlcə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev tədbir iştirakçılarına səfir Polad Bülbüloğlunun təbriklərini və ən xoş arzularını çatdırıb. Sonra Rusiya Müftilər Şurası sədrinin müavini, Moskva müftisi İldar Əlautdinov müqəddəs Ramazan ayının əhəmiyyəti və oruc tutmağın savabı barədə söhbət açaraq qeyd edib ki, Ramazan ayı bizə bir-birimiz üçün açıq olmağı və bir-birimizə hörmət etməyi öyrədir.

İ.Əlautdinov Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə Ramazan çadırı layihəsində iştirakına görə təşəkkürünü bildirərək vurğulayıb ki, Azərbaycan diasporu Rusiyanın bir sıra başqa milli diasporları üçün örnəkdir.

Tədbir iştirakçılarına Baku Magazine TV kanalı tərəfindən dünya şöhrətli fotoqraf Reza Deqqatinin iştirakı ilə çəkilmiş film-müsahibə nümayiş etdirilib. R.Deqqati Baku jurnalına verdiyi müsahibədə Azərbaycana səfərləri haqda, ölkəmizdə bütün dünya dinlərinin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşaması barədə söhbət açır. Filmə baxışdan sonra müqəddəs Qurandan surələr və iftar duası oxunub. Müsəlmanlar oruclarını açaraq Azərbaycan milli təamlarını dadıblar. İftar süfrəsi oruc tutan 700 nəfər üçün açılıb.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşı Ayan Həsənova AzərTAc-a bildirib ki, Azərbaycan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dalbadal beşinci ildir bu layihədə fəal iştirak edir. O deyib: Ənənəyə görə, müqəddəs Ramazan ayında bir gün Leyla xanım Əliyevanın adından dindarlar üçün iftar süfrəsi açılır. Bu gün dindarlar Azərbaycan mətbəxinin təamlarını dadıb, milli musiqiyə qulaq asıblar. Baku qrupunun ifasında canlı musiqi səslənib. İftara gələnlər çadırın qarşısında açılmış Azərbaycan sərgisi ilə də tanış olublar. Sərgidə Azərbaycan fotoqraflarının işləri - Bakının gözəl mənzərələrinin, ölkəmizin görməli yerlərinin və dini abidələrinin təsvirləri, habelə Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilmiş çap məhsulları nümayiş etdirilirdi. Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycan haqqında videoçarx xüsusi marağa səbəb olub. İftar süfrəsində iştirak edən müxtəlif millətlərin nümayəndələri dindarlara göstərilən diqqətə və qədim dini ənənələrə hörmətə görə Leyla xanım Əliyevaya təşəkkür ediblər.

Azərbaycan Respublikası Günündə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Rusiya Müftilər Şurasının və Moskva hökumətinin nümayəndələri, habelə müxtəlif millətlərin və dinlərin təmsilçiləri iştirak edib.

Göründüyü kimi, Heydər Əliyev Fondunun humanitar sahədə son dövrlərdə həyata keçirdiyi işlərin və əldə olunan uğurların, müsbət nəticələrin həcmi yüksək fəallıqdan xəbər verir. Fondun vitse-prezidenti Leyla Əliyevanın ölkədə və respublikadan kənarda gördüyü işlər, eləcə də, onun şəxsi nüfuzu beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşmasına da böyük töhfədir. Əldə olunan bu uğurlar isə gələcəkdə daha böyük işlərin görüləcəyinə təminat verir. Çünki Leyla xanım Əliyevanın əsas amalı xalqına və dövlətinə, o cümlədən, bəşəriyyətə, sülhə xidmət etməkdir: Əgər fayda verə biləcək bir görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm.

 

 

Yeni Azərbaycan.-2014.-4 iyul.- S. 4.