Ramiz Mehdiyev: Müasir
dövrdə medianın ən mühüm
funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları,
cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir
“Yeni
Azərbaycan” qəzeti internet və çap mediası rəhbərlərinin
iştirakı ilə informasiya təhlükəsizliyi
məsələlərinə həsr olunmuş
“Dəyirmi masa” keçirib
Xəbər verdiyimiz kimi, avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib. Müşavirədə Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müşavirədə geniş məruzə ilə çıxış edərək bildirib ki, müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV-lər cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir. Mövzunun aktuallığını nəzərə alaraq “Yeni Azərbaycan” qəzeti internet və çap mediası rəhbərlərinin iştirakı ilə “Dəyirmi masa” keçirib. “Dəyirmi masa”da isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs media” qrupunun rəhbəri Bəhruz Quliyev, “Gündəlik Teleqraf” Media Holdinqinin rəhbəri Aynur Camalqızı, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Elçin Hüseynov, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli və digər media nümayəndələri iştirak ediblər.
Hikmət Babaoğlu: Bildiyimiz kimi, avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiya verilməsinə məsul şəxsləri ilə KİV rəhbərlərinin birgə görüşü, müşavirəsi keçirildi. Bu müşavirədə Azərbaycanın bugünkü milli mətbuatının bəzi məsələləri geniş müzakirə olundu. Bu məsələlərin sırasında əsas etibarı ilə ölkəmizin, xalqımızın informasiya təhlükəsizliyi və ekstremal vəziyyətdə Azərbaycan mediasının davranışları da var idi. Bunlarla bağlı akademik Ramiz Mehdiyev müvafiq tövsiyələrini verdi, fikirlərini bildirdi və eyni zamanda, problemlər bir daha KİV nümayəndələrinin diqqətinə çatdırıldı. Qeyd olundu ki, bu gün Azərbaycanın media məkanında, xüsusən internet media məkanında informasiyaya nəzarət olunmasında və informasiya ilə davranış qaydalarında müəyyən problemlər nəzərə çarpır. Bilirik ki, müharibə vəziyyətində yaşayan ölkələrdə informasiya resursları başlıca institusional vasitələrdən biri kimi çıxış edir və bəzi hallarda ölkədəki ictimai əhval-ruhiyyəni idarə edir, onu yönləndirir. Bəzi hallarda isə yayılan informasiyalar əks tərəfin, yəni düşmən tərəfin hərbi kəşfiyyat orqanları üçün bir növ mənbə rolunda çıxış edir. Ona görə də, haqlı olaraq, qeyd edildi ki, belə məsələlər hüquqi məsuliyyət yaratmalıdır və Azərbaycan Konstitusiyasının müvafiq maddələrinə uyğun olaraq hərbi sirlərin, dövlət sirlərinin ictimailəşdirilməsi və paylaşılması hüquqi məsuliyyət yaradır. Buna görə də, istər klassik, istərsə də sosial medianın, bu məsələdə olduqca həssas davranması vacibdir. Hesab edirik ki, müşavirədə qoyulan məsələlər, edilən tövsiyələr Azərbaycan sosial mediasını keyfiyyət etibarı ilə yeni mərhələyə daşıyacaq.
Ona görə də, istərdik ki, xüsusən, iyul ayının sonu və avqust ayının əvvəllərində ön cəbhədə atəşkəsin pozulmasından sonra baş verən hadisələr zamanı medianın davranışlarını bir daha müzakirə edək. Necə olmalıdır ki, bu gün sözün həqiqi mənasında güclü bir silah kimi çıxış edən sosial media nəticə etibarı ilə milli maraqlara, ölkəmizin informasiya təhlükəsizliyinə xidmət etmiş olsun...?
Vüqar Rəhimzadə: Doğrudan da, bu gün müzakirə olunan mövzu hər bir fərd üçün dəyər və əhəmiyyət kəsb edir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən müşavirədə səsləndirilən fikirlər bir daha göstərdi ki, informasiya təhlükəsizliyi kimi strateji bir məsələnin təmin olunmasında hər bir fərdin, hər bir redaktorun, hər bir jurnalistin üzərinə böyük məsuliyyət düşür. Mənim fikrimcə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı 1999-cu ildə qəbul edilən, 2002-ci ildə isə əlavə və dəyişikliklər olunan qanunda yenidən əlavə və dəyişikliklərə ehtiyac yaranıb. Həmin qanunda elektron medianın xüsusi yeri olmalıdır. Çünki bugünkü elektron media 2002-ci ildəki elektron mediadan kəskin şəkildə fərqlənir. Bu gün ölkəmizdə əhalinin 70 faizdən çoxu internet istifadəçisidir. Əlbəttə, bütün bunlar Azərbaycanın uğurlu inkişaf göstəricilərindəndir. Sirr deyil ki, bu gün KİV-lə bağlı ölkəmizdə həqiqətən də uğurlu dövlət siyasəti həyata keçirilir. Amma eyni zamanda, dövlətin yaratdığı şəraitdən, azad media mühitindən müəyyən sui-istifadə hallarının da olduğunu müşahidə etməkdəyik.
Məsələn, ötən ayın əvvəllərində ermənilərin cəbhə xəttində törətdiyi təxribatlara münasibətdə bir sıra internet resurslarının davranışlarına nəzər yetirək. Əlbəttə ki, ordu olduqca strateji bir sahədir. Amma təəssüflər olsun ki, çox vaxt ordu ilə bağlı ictimaiyyətə düzgün məlumatların verilməməsi, yanlış məlumatların internet resurslarında yayılması halları baş verir. Bu isə xüsusilə müharibə şəraitində olan bir ölkədə nə qədər ciddi narahatlıqlar doğurur, bunu anlamaq elə də çətin deyil. Ona görə də, hesab edirəm ki, qüsurlu fəaliyyətə yol verən və dövlət üçün strateji sahəyə qeyri-ciddi yanaşan media orqanları, - istər yazılı, istərsə də elektron media orqanları olsun, - Azərbaycan cəmiyyətinin güclü qınağına məruz qalmalıdır. Həqiqətən də bu gün ölkəmizin bəzi media orqanlarında yer alan materiallarla yaxından tanış olandan sonra Azərbaycanın hərbi hissələri, orduda gedən proseslər, bütövlükdə cəmiyyətdə baş verən proseslər barədə məlumatların düşmən kəşfiyyatı tərəfindən əldə edilməsi elə də çətinlik törətmir. Hətta elə mətbuat orqanları var ki, məsələn “Azadlıq” qəzeti, orada Ermənistanın Azərbaycana qarşı qərəzli və düşmən siyasətini tirajlayan yazılara rast gəlinir. Məsələn, bir müddət əvvəl həmin qəzetdə, guya, Culfa rayonunun Ləkətağ kəndinin boşalması ilə bağlı informasiya yayıldı. Mən bu rayonu yaxşı tanıyıram, orada dəfələrlə olmuşam. Bu informasiya yalandır. Bu cür yalan informasiyaları yaymaq Azərbaycana düşmənçilikdir, hətta bu ölkəyə, xalqa düşməndən də artıq zərbə vurmaqdır.
Hikmət Babaoğlu: Hər birimiz harada təmsil olunmağımızdan asılı olmayaraq, Azərbaycan vətəndaşlarıyıq. Və bizim bir vətəndaşlıq məsuliyyətimiz var. Biz informasiya yazanda da, hansısa məsələyə münasibət bildirəndə də bunu unutmamalıyıq. Və ya bir informasiya daşıyıcısı kimi, bir informasiya mənbəyi kimi çıxış edəndə də bunu unutmamalıyıq. İstənilən halda bu məsuliyyət yaradır. Bizim vətəndaş olmağımız dövlət qarşısında, dövlətin təhlükəsizliyi qarşısında vəzifəmizi müəyyənləşdirir. Bu səbəbdən də hesab edirəm ki, hər birimiz hansı sosial statusun daşıyıcısı olmağımızdan asılı olmayaraq, vətəndaşlıq bağlılığımız bizdə hüquqi məsuliyyət yaradır. Sizcə, sosial media və ya çap mediası bu məsuliyyəti dərk edir, yoxsa ona tanınan azadlıqlardan bəzi hallarda sui-istifadəyə yol verir?
Bəhruz Quliyev: İlk növbədə, mən də hesab edirəm ki, bu, çox aktual mövzudur və sizin qəzetin start verdiyi bu müzakirələr digər KİV-lərdə də davam etdirilməlidir. Vurğulamalıyam ki, akademik Ramiz Mehdiyev müxtəlif dövrlərdə Azərbaycanda mətbuatda, cəmiyyətdə baş verən hadisələri çox diqqətlə izləyir və bir alim və dövlət məmuru kimi bu məsələlərə öz münasibətini bildirir. Məlum olduğu kimi, o, bir neçə dəfə cəmiyyətdə baş verən məsələlərlə bağlı böyük məqalələrlə də çıxış edib. Bu məqalələr, eyni zamanda, konseptual xarakterli olub. Qeyd edim ki, akademik Ramiz Mehdiyev 2009-cu ildə “Azərbaycanda efir məkanı: problemlər və vəzifələr” mövzusunda böyük bir məqalə ilə çıxış etmişdi. Bu məqalə istər Azərbaycanın efir məkanına, istərsə də KİV-lərə bir dinamika gətirdi. Bayağı verilişlər, yorucu şoular efirdən yığışdırıldı və tədricən mətbuatda və televiziyada müsbət istiqamətdə dəyişikliklər baş verdi.
KİV-lərdə informasiya təhlükəsizliyi ilə bağlı son dövrlərdə gedən materiallar bizə əsas verir ki, bu məsələlər həm dövlət, həm də QHT-lər səviyyəsində geniş müzakirə olunsun.
Bildiyimiz kimi, 1998-ci ildə Ulu öndərimiz tərəfindən senzura ləğv edildi və mətbuata sərbəstlik verildi. Bu sərbəstlik, əlbəttə ki, medianın inkişafına əsaslı şərait yaratdı. Amma bəzi media orqanlarının bu azadlıqdan sui-sitifadə halları yeni problemləri meydana çıxardı. Bu tendensiya bu gün də davam edir. Cənab Prezidentimiz dəfələrlə qeyd edib ki, Azərbaycanda internet tam azaddır. Kim necə istəyir, yazır, kim necə istəyir, ifadə edir, kim hansı informasiyanı istəyir, ictimailəşdirir. Nəzərə alanda ki, qlobal dünyada artıq informasiya bir dəqiqə ərzində yayılır, onda bu zaman meydana çıxa biləcək problemlərin səviyyəsini təxmin etmək elə də çətin deyil. Burada söhbət vətəndaş jurnalistikasından gedir. Hər bir vətəndaş istənilən informasiyanı öz fikrinin məhsulu kimi internet resurslarına yerləşdirir.
Eyni zamanda, hərbi sirrin, dövlət sirrinin yayılması və ya hansısa formada ictimailəşdirilməsi, bəzilərinin buna bilərəkdən yol verməsi də qarşıya həll edilməsi vacib olan başqa bir problem çıxarır. Yayılması qadağan olunan informasiyaların, dövlət sirrinin, hərbi sirrin yayılmasının əziyyətini dövlət çəkir, xalqımız çəkir. Akademik Ramiz Mehdiyev də sözügedən müşavirədə bu məsələləri çox geniş və əhatəli şəkildə diqqətə çatdırdı, problemin həlli ilə bağlı mühüm tövsiyələr verdi.
Aynur Camalqızı: Mən də hesab edirəm ki, informasyia təhlükəsizliyi kifayət qədər əhəmiyyətli və aktual məsələdir. Düşünürəm ki, bu, vaxtında açılmış müzakirədir. Doğrudan da, ön cəbhədə baş vermiş sonuncu məlum hadisələr bir reallığın üstünü açdı ki, Azərbaycanda elektron KİV-lər ekstremal situasiyada işləmək qabiliyyətinə malik deyil və bu sahədə kifayət qədər boşluqlar var, bu boşluqlardan istifadə edən qeyri-peşəkarlar ölkəmizin milli təhlükəsizliyinə ciddi şəkildə təhdidlər yaradırlar. Bəzi KİV-lərdə hansısa kəndlərin, guya, boşaldılması, hətta Azərbaycanın Ermənistan ərazisinə raket atması kimi bir sıra absurd xəbərlər, çox təəssüf ki, media müstəvisinə daşındı. Bu, hansısa insanlar tərəfindən məqsədli şəkildə ortaya atılmışdı, yaxud Azərbaycan jurnalistikasında olan qeyri-peşəkarların işi idi, bunu deməyə çətinlik çəkirəm, çünki əlimdə fakt yoxdur. Amma bir şeyi dəqiq demək olar ki, bu, doğrudan da, qeyri-peşəkarlığın nəticəsi idi. Çox təəssüflər olsun ki, Azərbaycan media məkanında, xüsusən, günbəgün artan elektron informasiya vasitələrində kadr çatışmazlığından biz çox ciddi əziyyət çəkirik. Çox təəssüflər olsun ki, ali məktəblərdə jurnalistika ixtisası üzrə təhsil almış məzunlarda belə peşəkarlıqla bağlı ciddi problemləri var. Ona görə də, mən hesab edirəm ki, informasiya təhlükəsizliyi ilə bağlı problemlərin aradan qaldırılmasında qanuni müstəvidə görüləcək tədbirlərin təkmilləşdirilməsi ilə yanaşı, kadr hazırlığı məsələləri istiqamətində də ciddi addımların atılmasına ehtiyac var. Bunun üçün beynəlxalq təcrübədə mövcud olan vasitələri nəzərdən keçirə bilərik, xaricdə jurnalistika təhsili almaq üçün istedadlı gəncləri xarici ölkələrə göndərə bilərik, bununla yanaşı, Prezident İlham Əliyevin Azərbaycan mediasına xüsusi diqqət və qayğısının nəticəsi olan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımlarından istifadə edərək xüsusi layihələr reallaşdırmaq olar, Mətbuat Şurasının bu yöndə fəaliyyətini daha da intensivləşdirmək olar. Vəsiqələrin sinifləndirilməsi vacib tədbirlərdən biridir. Peşəkar jurnalistlər dərəcələndirilərsə, bu, qeyri-peşəkarların jurnalistikadan kənara çəkilməsinə imkan verər və mənzərə xeyli dərəcədə aydınlaşa bilər.
Elçin Hüseynov: Sözügedən dövrdə yayılan məlumatlar üç nəticəyə gətirib çıxardı. Birincisi, hansısa saytlar, jurnalistlər, mətbu orqanları reytinqini artırmaq üçün bu cür yanlış informasiyalara yer verirdilər. İkincisi, hansısa məqsədə xidmət edirdilər, nəhayət, peşəkarlıq səviyyəsinin aşağı olmasından dolayı belə informasiyaları cəmiyyətə təqdim edirdilər. Bir faktı nəzərə çatdırmaq istəyirəm. Təkcə ötən il Azərbaycanda 350-yə yaxın xəbər saytı yaradılıb. Və bu tendensiya artmaqda davam edir. Gəlin özümüzə sual edək, bizə ildə 350 xəbər saytının yaradılması lazımdırmı? Və bu saytlar aralarındakı reytinq mübarizəsində hansı addımları atır? Bunun nəticələrinin necə olduğu və olacağı, görünür, onları narahat etmir. Əlbəttə, mən də düşünürəm ki, dəyişiklik etmək lazımdır. Amma biz oturub gözləməməliyik ki, bunu kimsə bizim əvəzimizə etsin. Xarici təcrübədə bunun kifayət qədər örnəkləri var. Biz də o təcrübələrdən faydalanmalıyıq. Məsələn, müharibə şəraitində olan ölkələr bu şəraitdə hansı tədbirləri görüb? Yaxud, bu gün necədir? Qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər var. Amma bu dəyişikliklər elə olmalıdır ki, bugünkü inkişafa uyğun olsun, eyni zamanda, internet media məkanında, belə demək mümkünsə, özbaşınalığın da qabağını ala bilək.
Elşad Eyvazlı: Bu kimi tədbirlər dövlətçiliyimiz üçün, millətimiz üçün çox-çox əhəmiyyətlidir. Bu gün hər kəs əvvəlcə öz fəaliyyətinə nəzər yetirməlidir. Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyət göstərməmək, dövlətçiliyə qarşı çıxmamaq üçün bircə səbəb var: azərbaycanlı olmaq. Qeyd olundu ki, bu gün bəzi xəbər saytları reytinq dalınca qaçır, oxucuların sayını göstərən sayğaclara məqsədli müdaxilə olunur və s. Nəyə lazımdır? Hər kəs cəmiyyət qarşısında hesabat verməlidir. Əgər kiminsə səhvi varsa, dövlətçiliyə, milli maraqlara zidd fəaliyyət göstərirsə, səhv məlumat yayırsa, cəmiyyətə hesabat verməlidir. Biz, əlbəttə ki, hüquq-mühafizə təşkilatı deyilik. Amma biz də istəyirik ki, kim dövlətə, millətə qarşı fəaliyyət göstərirsə, bunlar araşdırılsın, hüquqi qiymət verilsin. Hazırda Mətbuat Şurasında mediada Qarabağ mövzusu ilə bağlı araşdırma aparılır. İlin sonunda nəticələr açıqlanacaq. Onda kimin bu problemə yanaşması, onu təqdim etməsi hansı səviyyədədir, ortaya çıxacaq. Ya da başqa bir problemə nəzər yetirək. Jurnalistin istehsal etdiyi məhsul onun yazdığı yazıdır. Bu, onun əziyyətinin bəhrəsidir. Amma mən öz yazdığım yazıdan həzz ala bilmirəm. Çünki yazını yazırsan, sayta qoyursan, bir saatdan sonra o yazı sənin deyil. Və ya bir qəzetdə hansısa məqalə çıxır. Bir dəqiqə sonra başqa bir sayt o yazını öz məhsulu kimi təqdim edir. Artıq oxucu üçün maraqlı deyil ki, yazı müəllifi olan qəzetə baxsın. Bu da başqa ciddi problemdir.
Emin Həsənli: Cəbhə bölgəsində ermənilər təxribat törədəndən üç gün sonra media və qeyri - hökumət təşkilatları təmsilçiləri ilə birgə döyüş bölgəsində səfərdə olduq. Hamımız gördük ki, həmin ərazidə yaşayan insanlarımızın əhval-ruhiyyəsi necə yüksəkdir. Ordumuzun hazırlıq səviyyəsi erməni təxribatlarının qarşısının alınmasında bir daha özünü göstərdi. Yəni, həm cəmiyyətimizdə, həm də ordumuzun şəxsi heyətində ruh yüksəkliyi var. Belə olduğu təqdirdə, bəzi xəbər saytlarının, media qurumlarının yalan, düşmən təxribatlarına şərait yaradan və onlara dividend qazandıran informasiyaları dövriyyəyə buraxması hansı məntiqə, hansı vətəndaşlığa, milli hisslərə uyğun gəlir? Əvvəllər ayda bir dəfə çıxan qəzetlər var idi, onların bəziləri öz fəaliyyətləri ilə qeyri-ciddi qəzet imici qazanmışdı. İndi onların yerini internet saytlar alıb. Bu, iyul ayının sonu, avqust ayının əvvəllərində bir daha özünü göstərdi. Bəs nə etmək lazımdır ki, bu kimi halların qarşısı alınsın? Hər birimiz çox diqqətli olmalıyıq. Bu gün müharibə şəraitində olduğumuz vaxtda ikiqat daha artıq diqqət tələb olunur. Nəzərə almalıyıq ki, düşmən tərəfinin milyonlarla vəsait xərcləyib, min bir əziyyətlə əldə edəcəyi məlumatları biz səhifələrimizə çıxarmaqla onların işini asanlaşdırırıq.
(davamı
növbəti sayımızda)
Aqşin ŞAHİNOĞLU,
Pərviz
SADAYOĞLU
Yeni Azərbaycan.-2014.- 2 sentyabr.- S. 4.