Azərbaycan-Litva əməkdaşlığı bütün sahələrdə uğurla inkişaf edir

 

İki ölkə arasında çox sıx dostluq əlaqələri yaranıb

 

Xəbər verildiyi kimi, avqustun 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunmuş səfiri Valdas Lastauskas ilə görüşüb. Azərbaycanın xarici işlər naziri yeni təyinatı münasibətilə səfiri təbrik edibona fəaliyyətində uğurlar arzulayıb. Elmar Məmmədyarov Azərbaycan ilə Litva arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Valdas Lastauskas səfir kimi iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə ikitərəfli siyasi, iqtisadi, mədəni, humanitarelmi əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bu məqamda qeyd edək ki, Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 20-də tanıyan Litva Respublikası ölkəmizin müstəqillik yolunu dəstəkləyən ilk dövlətlərdən biridir. İki dövlət arasında diplomatik münasibətlər isə 1995-ci ilin noyabr ayında qurulub. Litva Respublikasının Azərbaycandakı səfirliyi 3 aprel 2007-ci il tarixindən fəaliyyətə başlayıb, Azərbaycan Respublikasının Litvadakı səfirliyi isə 2007-ci ilin sentyabr ayında açılıb. Bundan əlavə, iki ölkə arasında prezidentlər səviyyəsində dəfələrlə görüşlər baş tutub, qarşılıqlı səfərlər təşkil olunub. İlk belə səfərlərdən biri kimi, 2006-cı il 8-9 iyun tarixlərində Litva Respublikasının keçmiş prezidenti Valdas Adamkusun Azərbaycana rəsmi səfərini qeyd etmək olar. Prezident İlham Əliyevin isə 2007-ci ildə bu ölkəyə iki səfəri baş tutub. Dövlət başçıları səviyyəsində səfərlər sonrakı illərdə də davam edib.

Litva ilə Azərbaycan arasında siyasi dialoq çox fəaldır və müxtəlif səviyyələrdə inkişaf edir. Bunun təsdiqi olaraq 2013-cü ildə Litvanın Baş nazirixarici işlər nazirinin Azərbaycana səfərini qeyd etmək olar. Bu, o deməkdir ki, qarşılıqlı münasibətlərin inkişafı hər iki ölkənin maraq dairəsindədir.

Eyni zamanda, Azərbaycan-Litva münasibətləri hökumətlərarası və parlamentlərarası səviyyələrdə də inkişaf edir. Məsələn, 2011-ci ildə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. 20 yanvar 2009-cu ildə isə Litva Seymində 21 deputatdan ibarət Litva-Azərbaycan Parlamentlərarası dostluq qrupu fəaliyyətə başlayıb. Həmçinin, Azərbaycan Respublikası ilə Litva Respublikası arasında 30-dan artıq sənəd imzalanıb. Bunlarla yanaşı, ölkələrarası münasibətlər çoxtərəfli əməkdaşlıq çərçivəsində, xüsusilə, Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində də inkişaf edir. Litvanın Aİ-dəki rolu bu ölkə ilə əməkdaşlığı Azərbaycan üçün maraqlı edən faktorlardan biridir. Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində bir nömrəli məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkənin ərazi bütövlüyünün bərpasıdır. Azərbaycanın ərazi bütövlüyünün bərpasına münasibətdə ölkələrin tutduğu mövqe onların Azərbaycanla münasibətlərinə təsir edən amildir. Bu nöqteyi-nəzərdən, Litvanın Dağlıq Qarabağ münaqişəsinə yanaşması Azərbaycan üçün önəm daşıyır. Litvanın Xarici İşlər Nazirliyindən bununla bağlı mətbuata bildirilib ki, Cənubi Qafqazda dondurulmuş münaqişələr bu regionun inkişafına mane olur: “Regionda sabitlik və təhlükəsizlik böyük bir problemə çevrilmişdir. Litva ATƏT-də sədrlik edən dövrdə bizim məqsədimiz Cənubi Qafqaz regionunda münaqişələrin tənzimlənməsinə kömək etməkdən ibarət idi”.

Litva rəsmilərinin qənaətinə görə, Aİ ilə üç Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin möhkəmlənməsi həm islahatlar və demokratikləşmə prosesinə müsbət töhfə verir, həm də münaqişələrin tənzimlənməsi üçün yeni imkanlar yaradır və regionda sabitliyi möhkəmləndirir. Rəsmi Vilnüsdə belə hesab edirlər ki, Avropa İttifaqı icmalar səviyyəsində dialoqa şərait yaratmaqla, etimad tədbirlərindən daha səmərəli istifadə edilməsi yolu ilə bu prosesdə iştirak edə bilər. Litva ATƏT-in Minsk qrupunun danışıqlar aparmaq səylərini dəstəkləyir, tərəflərin mövqelərini yaxınlaşdırmağa, münaqişənin tənzimlənməsinin dinc və davamlı həllini tapmağa çalışır.

Qeyd edək ki, rəsmi Vilnüs qarşılıqlı əlaqələrin müxtəlif sferalarda, xüsusən də iqtisadi sahədə dərinləşdirilməsinə maraq göstərir. Xatırladaq ki, Litvanın xarici işlər naziri Linas Linkeviçius KİV-ə müsahibələrinin birində bildirib ki, Litva ilə Azərbaycan arasında çox sıx dostluq əlaqələri yaranıb. Litva Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə komissiyanın fəaliyyəti iki ölkə arasında əməkdaşlıq üçün, o cümlədən, iqtisadi münasibətlər və ortaq iqtisadi maraqlar üçün çox vacibdir. Təsadüfi deyil ki, Azərbaycan ilə Litva energetika, sənaye, nəqliyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət, turizm, təhsil və başqa sahələrdə bu tərəfdaşlığın nəticələrinin ilbəil yaxşılaşmasına nail olur. Eyni zamanda, iqtisadiyyatbiznes sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların yaradılmasına da ehtiyac var. Litva şirkətləri Azərbaycan bazarında fəaliyyət göstərmək üçün uğurlu tətbiq sahələri tapırlar. “Bizim informasiya texnologiyaları müəssisələrimiz Azərbaycanda maliyyə, mobil texnologiyalar, tədqiqatlar və digər sektorlarda öz həllərini artıq indi uğurla tətbiq edirlər. Lakin işgüzar münasibətlərin bütün potensialından istifadə edilmir. Litva Azərbaycandan daha çox sərmayə almaq istərdi”, - deyə Litvanın xarici işlər naziri sözügedən müsahibəsində bildirib. Nazirin sözlərinin təsdiqi olaraq xatırladaq ki, 2013-cü ildə Vilnüsdə Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib. İclasda çıxış edən komissiya həmsədrləri - Litvanın xarici işlər naziri Linas Linkeviçius və Azərbaycanın vergilər naziri Fazil Məmmədov Litva ilə Azərbaycan arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsində komissiyanın fəaliyyətini yüksək qiymətləndirərək, müasir dövrdə iki ölkənin iqtisadi tərəqqisi, dövlətlərin ikitərəfli iqtisadi münasibətlərinin vəziyyəti və perspektivlərini qeyd edərək, qarşılıqlı ticarət imkanlarının inkişafı və diversifikasiyası üçün səy göstərilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, hər iki ölkənin dövlət başçılarının məhsuldar əməyinin nəticəsində dövlətlərarası münasibətlər artıq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Hazırda isə qarşılıqlı əlaqələr intensiv şəkildə inkişaf edir, praktiki olaraq, bütün sahələrdə ikitərəfli münasibətlər genişlənir.

Komissiya iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu, iqtisadi vəziyyət və ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişaf perspektivləri, sənaye və energetika, kənd təsərrüfatı, gənclər və idman, mədəniyyət və turizm, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib. Komissiyanın növbəti iclasının Azərbaycanda keçirilməsi barədə razılığa gəlinib. Müzakirələrdən sonra Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə komissiyanın 3-cü iclasının protokolu imzalanıb.

İki ölkə münasibətlərinin inkişaf tempi 2014-cü ildə də sürətlə davam edir. Belə ki, fevral ayının əvvəlində Azərbaycanın energetika nazirinin müavini Gülməmməd Cavadov Litva Baş nazirinin müşaviri xanım İrina Urbonaviçutenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyi, respublikamızla Litva arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi, ölkələrimiz arasında münasibətlərin qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulduğu vurğulanıb.

Görüşdə, eləcə də, Azərbaycan və Litva arasında qarşılıqlı sərmayə qoyuluşu üçün böyük imkanların olduğu diqqətə çatdırılıb, iki ölkə arasında indiyədək biznes forumlar, sərgi və işgüzar görüşlərin keçirildiyi qeyd edilib adamları arasında mövcud əlaqələrin genişlənməsinin münasibətlərin inkişafına müsbət töhfə verəcəyi bildirilib. Öz növbəsində, Litva Baş nazirinin müşaviri İrina Urbonaviçuten ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolunu vurğulayıb. İ.Urbonaviçuten, həmçinin, Litva iqtisadiyyatı barədə məlumat verərək, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, adamları arasında əlaqələrin genişlənməsinin Litva-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Qonaq iqtisadi münasibətlərin inkişafı istiqamətlərini vurğulayıb və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.

Yeri gəlmişkən, iki ölkə arasındakı iqtisadi münasibətlərin inkişafı məsələsi bir neçə gün öncə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadənin bu ölkənin nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkeviçüs ilə görüşündə də əsas müzakirə mövzusu olub. Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlər, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıq, “VİKİNQ” layihəsinə Azərbaycan tərəfinin qoşulması məsələləri müzakirə edilib.

Səfir R.Sinkeviçüsü Litvada prezident seçkilərindən sonra yenidən nəqliyyat və kommunikasiya naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. O, Azərbaycan-Litva əlaqələrinin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişaf etdiyini bildirib.

Azərbaycan rəhbərliyinin yüksək texnologiyalar sahəsinə xüsusi diqqət yetirdiyini qeyd edən diplomat son illər ölkəmizdə bu sahədə görülən işlər və əldə olunmuş nailiyyətlər haqqında danışıb.

Nazir Litvanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb, cari il oktyabrın 15-16-da Bakıda keçiriləcək “Bakı-Tbilisi-Qars dəmiryolu xətti - İpək Yolu dəhlizinin inkişafında yeni imkanlarmövzusunda beynəlxalq konfransda iştirak edəcəyini bildirib.

Görüşdə nəqliyyat və İKT sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib, investisiya layihələrində tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Mübariz Abdullayev

Yeni  Azərbaycan.-2014.- 2 sentyabr.- S. 8.