Xalça muzeyi - tarixi
kimliyimizə işıq salan məkan
Bu muzey Azərbaycan xalqının milli mədəniyyətinin daşıyıcısı olan xalça və xalq tətbiqi sənəti nümunələrinə dövlət qayğısının bariz nümunəsidir
Xalça bizim milli sərvətimiz, tarixi yaddaşımız, keçmişimiz, bu günümüz və gələcəyimiz üçün çox əhəmiyyətli olan sənət nümunəsidir. Xalça Azərbaycan xalqının məişətində mühüm yer tutur. Hər bir xalça xalqın mental tarixidir, onun mədəniyyət güzgüsüdür. Azərbaycan xalçaları təkcə bizim deyil, bütün mədəni dünyanın danılmaz sərvətidir.
Son illər Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət və mədəniyyətimizə göstərilən yüksək qayğı, həmçinin, Azərbaycanın qeyri-maddi mədəni irsinin beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində milli-mənəvi dəyərlərimizin qorunması və təbliği yeni mərhələyə qədəm qoyub.
1967-ci ildə yaradılan və bu il 47 yaşı tamam olan Azərbaycan Xalça Muzeyinin bu yaxınlarda yeni binasının açılışı olub. Yarandığı gündən beynəlxalq aləmdə maraq doğuran və çox geniş əlaqələrə malik Azərbaycan Xalça Muzeyi xalqımızın milli mədəniyyətinin daşıyıcısı olan xalça və xalq tətbiqi sənəti nümunələrini, qədim dövrlərdən bu günədək olan tarixini bütün zənginliyi ilə özündə əks etdirir. Muzey Azərbaycanın xalça və xalq tətbiqi sənətinin nümayiş edildiyi ən zəngin ekspozisiyaya malikdir. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb. Muzeyin fondunda mövcud olan xalça və xalça məmulatlarının saxlanılması və konservasiyası 2013-cü ildə Bakıya dəvət edilmiş və bu sahədə zəngin təcrübəsi ilə dünyada məşhur olan Viktoriya və Albert Muzeyinin parçalarının konservasiyası üzrə mütəxəssis Luis Squirerin tövsiyələri və tərtib etdiyi təlimatlar əsasında təmin olunur. Həm elmi bilgilər, həm xalça-xalı örnəkləri, həm toxuculuq sənətinin incəliklərini, Azərbaycandakı özəlliklərini, bir sözlə, milli xalçaçılıq sənətinə dair dolğun faktları sərgiləyən həmin muzey ən müasir informasiya texnologiyaları ilə təmin olunub.
Xalçalar - keçmişi qoruyan və yaşadan yaddaşımız
Tarixi eramızdan əvvəl II minilliyə gedib çıxdığı ehtimal edilən xalçaçılıq sənəti Azərbaycanda da özünəməxsus bir məktəb kimi formalaşıb. Qədim ipək yolunun ölkəmizdən keçməsi xalçaçılıq sənətinin inkişafına böyük təsir göstərib. Buna görə də, xalçaçılıq ta qədimdən Azərbaycanda istehsalat xarakterli olub. İpək Yolu vasitəsi ilə Azərbaycan xalçasının şöhrəti bütün dünyaya yayılıb. Heç şübhəsiz ki, xalçaçılığın inkişafı coğrafi mühitlə birbaşa bağlıdır. Azərbaycanda zəngin koloritin mövcud olması xalçaçılıq sənətinin özünü mükəmməl şəkildə göstərməsinə səbəb olub. Məhz elə buna görə də, Azərbaycanın müxtəlif regionlarının özünəməxsus xalçaçılıq məktəbləri formalaşıb. Bunlar Bakı, Quba, Şirvan, Qazax, Qarabağ və əfsanəvi Təbriz xalçaçılıq məktəbləridir. Ancaq bu məktəblərin daxilində öz çeşidlərinə görə fərqlənənlər də var və birini digərindən kompozisiyasına, motiv zənginliyinə, rəng harmoniyasına və işlənən element xüsusiyyətlərinə görə fərqləndirmək mümkündür. Onu da qeyd etmək lazımdır ki, bu xalçalar dünya muzeylərinin qiymətli eksponatları sırasındadır. Ancaq Azərbaycan xalçası ümumbəşəri sənətin nümunəsi kimi indi də dünyada məşhurdur. Beynəlxalq miqyasda Azərbaycan xalçaçılıq sənətinə maraq durmadan artır və bu sənət öz inkişafının yeni mərhələsini yaşamaqdadır.
Azərbaycan əsrlər boyu istedadlı və mahir xalça ustaları yetişdirib. Ölkəmizdə böyük rəğbət qazanmış bu sənət saray və məscidlərin döşəmə və divarlarını bəzəməklə yanaşı, patava, xurcun, heybə, çuval, məfrəş, yüküzü və bu kimi xalça məmulatları formasında da özünü göstərib. Əl zəhməti ilə əmələ gələn xalçalar iki qrupa bölünür-xovlu və xovsuz xalçalar.
Xalçanı diqqətəlayiq edən səbəblərdən
biri də onun ornamentləridir.
Ritmik elementlərdən ibarət bəzək
ornament adlanır. Xalq
yaradıcılığında naxış adlanan
ornament, naxışa nisbətən daha yığcam olur, ciddi riyazi qanunlara
əsaslanır. Buna görə də,
hər bir naxışı ornament hesab
etmək olmaz. İstifadə olunan bəzək motivlərinə görə
ornamentin müxtəlif
növləri olur-mücərrəd
elementlərdən ibarət
həndəsi ornamentlər
- yarpaq, meyvə, çiçək və
s. nəbati ornamentlər,
heyvan fiqurlu ornamentlər. Həndəsi ornamentlər həndəsi
formada olur. Nəbati ornamentlər Azərbaycan xalçaçılığında olduğu kimi, parça və tikmə işlərində
də geniş yayılıb. Kompozisiya bədii
formanın ayrı-ayrı
cəhətlərini birləşdirir.
Kompozisiya hər hansı
bir əsərin daxili quruluşunu, həmçinin, onun ətraf mühitlə qarşılıqlı münasibətini
yaradır.
“Əjdahalı” xalça...
Muzeyin eksponatları ilə bizi tanış edən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva bildirdi ki, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” 7 dekabr 2004-cü il tarixli qanun və həmin qanunun tətbiqi haqqında ölkə Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanına uyğun olaraq, muzey Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının ölkəyə qaytarılması istiqamətində müvafiq iş aparır. Belə ki, ötən il “Əjdahalı” (Qarabağ xalçası, XVII əsrin sonu) və “Səlyan Xilə” (Şirvan, XIX əsr) xalçalarının xarici vətəndaşlar tərəfindən muzeyə təqdim olunması da bu yöndə aparılan təbliğat işinin nəticəsidir.
Röya Tağıyeva onu da qeyd etdi ki, hər zaman saxtakarlıqla məşğul olan ermənilər xalçalarımıza da göz dikirlər. Onun sözlərinə görə, ermənilərin xalça muzeyi açmaq istəkləri barəsində söz-söhbət yayılıb: “Ermənilərin həmin muzeydə təqdim edəcəkləri xalçalar da bizim xalçalar olacaq. Bu həmin xalçalardır ki, indiyə kimi erməni xalçaları kimi nümayiş olunub. İndi bizim üçün çox vacibdir ki, bu xalçalar haqqında, onların Azərbaycana məxsus olması barədə dünyaya daha çox məlumat yayaq. Biz bilirik ki, emənilər həmin xalçaların nüsxələrini toxuyublar, amma bu, nüsxədir. Bu barədə xarici alimlər də qeyd edir. Gördüyünüz bu xalça Qarabağ xalçaçılığında “Əjdahalı xalça” növünə aiddir. Ermənilər həmin xalçaları öz xalçaları kimi təqdim edirlər. Halbuki, bunlar Azərbaycan xalçalarıdır. “Əjdahalı” xalçanın 150-dən çox növü hazırda Vaşinqton muzeyində saxlanılır. Bəzi nümunələri Türkiyədə saxlanılır”.
Xalça haqqında məlumat verən muzeyin direktoru bildirdi ki, 2013-cü ilin iyun ayında amerikalı bir kolleksioner vəfat etdikdən sonra onun həyat yoldaşı həmin kolleksionerin XVII əsrə aid olan bu “Əjdahalı” xalçanı bizim muzeyə hədiyyə edib. Bu da o deməkdir ki, artıq beynəlxalq miqyasda da bu xalçaların Azərbaycana aid olduğunu bilirlər: “Amma ermənilər bununla bağlı da səs-küy yaratdılar. Onlar bildirdilər ki, necə ola bilər ki, bir amerikalı erməni xalçasını Azərbaycana hədiyyə edir. Amma “Əjdahalı” xalçaları beynəlxalq miqyasda Azərbaycan xalçaları kimi tanıyırlar. Bunu tanınmış tədqiqatçı, xalça sənətinin klassiki Artur Po öz məqaləsində ermənilərin “Əjdahalı” xalçalar haqqında uyudurmalarından yazırdı. Artur Po öz məqaləsində həmin “Əjdahalı” xalçaların Azərbaycana məxsus olduğunu sübut edib. Vaşinqton muzeyinin keçmiş direktoru da yazırdı ki, bu xalçalar heç şübhəsiz Azərbaycana məxsusdur, o öz məqaləsində qeyd edirdi ki, biz erməni xalçaları tanımırıq, ermənilər yalnız Sovet dövründən etibarən xalça toxumağa başlayıblar. O qeyd edirdi ki, XX əsrin əvvəlinə qədər heç bir erməni xalçası mövcud olmayıb. Bu da çox təqdirəlayiqdir ki, bunu Amerika mütəxəssisi qeyd edib”.
Xalçamızı bütün dünya tanıyır...
Bu gün Azərbaycan xalçaları Nyu-Yorkun Metropoliten, Londonun Viktoriya və Albert, Parisin Luvr, İstanbulun Topqapı, Romanın, Berlinin, Tehranın, Qahirənin, Moskvanın, Sankt-Peterburqun, Vyananın muzeylərində nümayiş etdirilir. Bunların sırasında dövrümüzə qədər gəlib çatmış ən qədim Azərbaycan xalçaları - XII-XV əsrlərin yadigarları da var.
Muzeyin direktoru Röya Tağıyeva, həmçinin, bu günə kimi xarici muzeylərdə qorunan xalçalarımızın tarximiz üçün olduqca əhəmiyyətli olduğunu vurğuladı: “Həmin muzeylərin rəhbərlərinə “sağ ol” deməliyik ki, bizim xalqa məxsus tarixi eksponatları qoruyurlar. Çünki onlar bizim XVI əsrə aid xalçalarımızı almasaydılar, həmin xalçalar da digər tarixi eksponatlar kimi itə bilərdi. Onlar bununla bizim tariximizi dünyaya tanıtdırıblar. Muzeylərdə nümayiş olunan əşyalar satılmır. Sadəcə, Azərbaycan tərəfi həmin muzeylə danışıqlar apara və həmin muzeylərin Azərbaycanda, Bakıda sərgilərini təşkil edə bilərlər. Yalnız bu halda xarici muzeylərdə saxlanılan Azərbaycana aid tarixi eksponatlarla tanış ola və onların bizə aid olduğunu dünyaya çatdıra bilərik”.
Röya xanım, eyni zamanda, tarixi ənənələrə sahib xalçalarımızın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına düşməsinin əhəmiyyətindən və bundan sonrakı planlarından da bəhs etdi: “Dünya muzeyləri ilə əməkdaşlıq etməyi, onlarla sərgilər təşkil etməyi və tədqiqat işləri aparmağı planlaşdırırıq. Bu gün Azərbaycan xalçasını beynəlxalq miqyasda təsdiqləmişik və mədəniyyətimizi dünyaya tanıtdırırıq. Dünya artıq bizim xalçaları tanıyır. Bu sənət növü Azərbaycan xalqının ruhunun əsas ifadəçisidir. Əvvəllər Azərbaycan xalçaları dünyada Qafqaz, İran və s. adlarla tanınırdı. Bu gün biz ona beynəlxalq mühafizə tapmışıq. Bu, UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısıdır. Bu işdə heç şübhəsiz ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın böyük rolu var. Biz ona və dövlətimizin başçısına öz təşəkkürümüzü bildiririk. Yeni binamızda bundan sonra da Azərbaycanın milli mədəniyyət incisi olan xalçalarımızı muzeyimizə gələn yerli və xarici qonaqlara tanıtmağa davam edəcəyik”.
Oktay
Yeni Azərbaycan.-2014.- 3 sentyabr.- S. 5.