Azərbaycan-Türkiyə münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil olub

 

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq əlaqələridir və bu əlaqələr ən yüksək pillədədir

 

Məlum olduğu kimi, sentyabrın 3-də Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşüb, iki ölkənin strateji əlaqələrinin mühüm aspektrləri üzrə təkbətək geniş tərkibdə müzakirələr aparılıb. Qardaş ölkə Prezidentinin ölkəmizə səfərini daha da əlamətdar edən məqamlardan biri odur ki, Prezident Rəcəb Tayyib Ərdoğan dövlət başçısı seçilməsindən qısa müddət sonra prezident kimi ilk rəsmi səfərini məhz Azərbaycana edib. Bu, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının ən yüksək səviyyədə olduğunu təsdiq edən gözəl ənənənin davam etdirildiyini göstərir.

Qeyd edək ki, səfər zamanı iki ölkə başçısının geniş tərkibli görüşündə, keçirilən birgə mətbuat konfransında və Türkiyə Cümhuriyyətinin Prezidentinin şərəfinə verilən ziyafətdə iki qardaş ölkənin siyasi, iqtisadi, təhlükəsizlik, enerji maraqlarının üst-üstə düşdüyündən, gələcəyə yönələn çoxsaylı birgə iqtisadi layihələrin icrası istiqamətində işlərdən bəhs edilib.

Geniş tərkibdə keçirilən görüş zamanı Prezident İlham Əliyev Prezident Ərdoğanın andiçmə mərasimindən qısa müddət sonra Azərbaycana səfər etməsini yüksək qiymətləndirib: “Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq əlaqələridir və bu əlaqələr ən yüksək pillədədir”.

Həmçinin, Türkiyə Prezidenti mətbuata bəyanatla çıxışı zamanı Azərbaycan-Türkiyə qardaşlıq və həmrəyliyinin yüksək səviyyədə davam etməsi istəyini ifadə edib: “Arzu edirəm ki, bu qardaşlığımız güclənərək həmrəylik içərisində gələcəyə doğru irəliləsin. Biz bunu bilirik - bir millət, iki dövlət. Bu, təbii ki, Ulu öndərimizin bu günə bir mirasıdır. Bunun da eyni şəkildə davam etməsi lazımdır”.

Qeyd edək ki, Türkiyə Prezidentinin şərəfinə verilən ziyafət zamanı isə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı oxunub və dövlət başçımız ordeni qardaş ölkə rəhbərinə təqdim edib. Prezident Ərdoğan “Heydər Əliyev” ordeninə layiq görülməyinin onda xoşbəxtlik və iftixar hissləri doğurduğunu, eləcə də, Ulu öndərə olan dərin rəğbətini ifadə edib.

ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ VƏ ERMƏNİ YALANLARI İLƏ MÜBARİZƏDƏ QARDAŞ ÖLKƏLƏR BİR-BİRİNİN YANINDADIR

Bildiyimiz kimi, Azərbaycan və Türkiyə siyasi rəhbərliyinin ölkələrarası dostluq və qardaşlığa sadiqliyinin, ortaq milli maraqlara xidmət edən ardıcıl siyasi xəttinin nəticəsi olaraq, Azərbaycan-Türkiyə dostluğustrateji tərəfdaşlığı hər bir sahədə yüksək səviyyədədir. Beynəlxalq aləmdə bütün məsələlərdə bir-birinin mövqeyini dəstəkləyən Azərbaycan və Türkiyənin siyasi əlaqələri qardaş ölkədə yeni hökumətin formalaşdırılmasından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri ilə yeni keyfiyyət mərhələsinə daxil olub. Bunun bariz göstəricilərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Ankaranın ölkəmizə dəstəyini davam etdirməsi, Azərbaycan rəhbərliyi və xalqının iradəsi ilə həmrəylik nümayiş etdirməsidir.

Məlum olduğu kimi, Azərbaycan ərazilərinin işğalına etiraz olaraq ölkəmizlə yanaşı, Türkiyə də Ermənistanı iqtisadi təcrid şəraitində saxlayır. İşğalçı Ermənistan və onun havadarlarının sərhədlərin açılması ilə bağlı Türkiyəyə təzyiq göstərmək cəhdlərinə baxmayaraq, rəsmi Ankara sülhün və ədalətin bərqərar olması yolunda qətiyyətli mövqeyini hər zaman nümayiş etdirir.

Bunun təsdiqi olaraq, Azərbaycan Prezidentinin və Türkiyə dövlət başçısının nümayəndə heyətlərinin geniş tərkibli görüşü zamanı Prezident Ərdoğanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Türkiyə-Ermənistan probleminin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı olması barədə səsləndirdiyi fikirləri qeyd etmək olar: “Əgər Ermənistan-Azərbaycan münaqişəsi həll olunarsa, Türkiyə ilə Ermənistan arasındakı problem də həllini tapacaq. Amma bu münaqişə həll edilmədiyi təqdirdə, Türkiyə ilə Ermənistan arasındakı vəziyyət indiki kimi davam edəcək. Bunu əvvəllər də həmişə ifadə etmişik. Bu, bir daha bilinsin deyə, yenə də söyləyirəm. Bu məsələlərdəki həmrəylimizi bundan sonrakı müddətdə də eyni qətiyyətlə davam etdirəcəyik”.

Xatırladaq ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti olaraq 1993-cü ildən etibarən Türkiyə işğalçı ölkə ilə siyasi, iqtisadi əlaqələrə son qoyaraq, sərhədləri bağlayıb. Eyni zamanda, Türkiyə dövləti beynəlxalq təşkilatların Azərbaycanın işğala məruz qalması faktını təsdiqləyən və beynəlxalq hüquqa zidd əməlin dayandırılmasını tələb edən qərarlarının qəbul olunmasında ölkəmizi hər zaman dəstəkləyib.

Öz növbəsində, Azərbaycan da qardaş ölkəyə dəstəyini əsirgəmir, ermənilərin Türkiyəyə qarşı apardıqları qondarma “soyqırımı” təbliğatına qarşı mübarizəyə dəstək verir. Prezident İlham Əliyevin mətbuata bəyanatı zamanı səsləndirdiyi fikirlər də bunu təsdiq edir. Dövlət başçısı qondarma “erməni soyqırımı” iddialarının ifşası yönündə Azərbaycan ilə Türkiyənin xarici işlər nazirləri, səfirliklər səviyyəsində birgə fəaliyyət göstərəcəyini, diaspor təşkilatlarının və ictimai qurumların da bu yöndə əlaqəli şəkildə işlər görəcəyini bildirib: “Ermənistan və dünya erməniliyi beynəlxalq ictimai rəyi çaşdırmaq, yalan üzərində tarix qurmaq istəyir, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. Bunların heç bir tarixi əsası yoxdur. Bu, yalandır, böhtandır, iftiradır. Biz birgə səylərlə və bizə yaxın olan ölkələrlə birlikdə erməni yalanını bundan sonra da birgə ifşa edəcəyik”.

TANAP LAYİHƏSİNİN REALLAŞMASI VƏ YENİ QARŞILIQLI İNVESTİSİYA QOYULUŞLARI YÖNÜNDƏ İŞLƏR SÜRƏTLƏ APARILIR

Qeyd etmək lazımdır ki, sırf siyasi əlaqələrlə məhdudlaşmayan Azərbaycan-Türkiyə münasibətləri iqtisadi sahədə də dərindir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2013-cü ildə 2 milyard dollara yaxın olub. Müxtəlif sahələri əhatə edən Azərbaycan-Türkiyə münasibətləri hər iki ölkənin inkişafına, eləcə də, bu iki dövlətin əhalisinin rifahına müsbət təsir göstərir.

Digər tərəfdən, Azərbaycan-Türkiyə əməkdaşlığı regional önəm də daşıyır. İki ölkənin iştirakı ilə gerçəkləşən qlobal əhəmiyyətli regional enerji layihələri bu əməkdaşlıqdan faydalanan dövlətlərin enerji təhlükəsizliyinə vacib töhfədir. Beləliklə, Avropa ilə Asiya qitələri arasında ticari, iqtisadi, innovativ, mədəni əlaqələrin genişlənməsinə töhfə verən Azərbaycan-Türkiyə əməkdaşlığı bütövlükdə Avrasiya qitəsi ölkələri və xalqları üçün əhəmiyyət daşıyır.

Qeyd edək ki, iki ölkənin iqtisadi əlaqələrində enerji sahəsi böyük çəkiyə malikdir. Azərbaycanla Türkiyə arasında bu vaxtadək çox uğurlu enerji tərəfdaşlığı qurulub. Regionun ən nəhəng və qlobal əhəmiyyətli enerji layihələri Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ) neftqaz boru xətlərinin tikintisində də iki ölkənin birgə fəaliyyətinin xüsusi rolu var. Bu layihələr Azərbaycanın mühüm enerji ixracatçısı kimi rolunu beynəlxalq aləmdə təsdiq etməklə bərabər, Türkiyənin geostrateji rolunu və əhəmiyyətini daha da gücləndirib.

Görülən işlərin davamı olaraq, 2012-ci il iyun ayının 26-da İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən Trans-Anadolu qaz kəməri (TANAP) üzrə Hökumətlərarası Müqavilə imzalanıb. Trans-Anadolu qaz kəmərinin həyata keçirilməsi ilə bağlı imzalanan müqavilə Azərbaycan ilə Türkiyənin iqtisadi sahədə, xüsusən də enerji, investisiya yatırımı üzrə əməkdaşlığı baxımından tarixi razılaşmadır. TANAP layihəsi Transxəzər qaz kəmərinin gerçəkləşməsi üçünyeni imkanlar yaradacaq. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın və Türkiyənin rolu daha da artacaq.

Təsadüfi deyil ki, TANAP layihəsi Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarında toxunduqları məsələlər sırasında olub. Prezident İlham Əliyev TANAP layihəsinin dünyanın diqqətini cəlb etdiyini deyərək, artıq hər iki ölkədən bizim qrupların işə başladığını və bu tarixi layihənin vaxtında icra ediləcəyinə əminliyini vurğulayıb. Rəcəb Tayyib Ərdoğan da bəyanatında TANAP layihəsinin önəmini vurğulayaraq layihənin təməlqoyma mərasiminin bu il sentyabrın 20-də keçiriləcəyini elan edib.

Qeyd edək ki, Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafı qarşılıqlı sərmayə qoyuluşunu da stimullaşdırır. Prezident İlham Əliyevin sözlərindən aydın olur ki, son illərdə həm Türkiyədən, həm Azərbaycandan qarşılıqlı qaydada böyük həcmdə investisiyalar qoyulur: “Yaxın 5-6 ildə Türkiyəyə daha da böyük həcmdə Azərbaycan investisiyaları qoyulacaqdır, təxminən 17-20 milyard dollar arasındadır”.

Həmçinin, Türkiyə də “Şahdəniz”, TANAP layihələrində özünün payını artırıb. Prezident İlham Əliyev böyük enerji layihələrinin əsas iştirakçılarının məhz Türkiyə və Azərbaycan olmasından məmnunluğunu vurğulayıb: “Bu, belə də olmalıdır. Bu gün bizim birliyimiz artıq dünya çapında bir amildir və Türkiyə nə qədər güclü olsa, bizo qədər özümüzü güclü hiss edəcəyik. Türkiyənin uğurları bizi çox sevindirir”.

Beləliklə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki ölkə dostluq və qardaşlığının ən yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi və əlaqələrin bundan sonra da artan templə inkişafına təkan verdi.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 5 sentyabr.- S. 3.