KİV informasiya təhlükəsizliyi məsələsinə diqqətlə yanaşmalıdır

 

Dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərləri bununla bağlı qanunvericiliyə bəzi əlavə və dəyişikliklərin edilməsini vacib sayırlar

 

Məlum olduğu kimi, avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib. Müşavirədə Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilibmövzu ətrafında fikir mübadiləsi aparılıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qeyd edib ki, müasir dövrdə medianın ən mühüm funksiyalarından birimilli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV-lər cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir.

Məsələ ilə bağlı Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Azərbaycan dövlətinin KİV-ə, azad söz və mətbuata göstərdiyi hərtərəfli diqqət və qayğının fonunda bəzi media orqanlarında çaşdırıcı məlumatların yayımlanması halları qəti yolverilməzdir: Ona görə də, informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu cür halların qarşısını almaq və həmin əməlləri törətmiş şəxslərin məsuliyyət məsələsini müəyyən etmək üçün qüvvədə olan qanunvericiliyə müvafiq əlavə və dəyişikliklərin edilməsinə ciddi zərurət yaranıb”.

Onun sözlərinə görə, açıqlanması qanunla qadağan edilən məlumatları ictimailəşdirməklə kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub: Lakin bu qanunazidd əməllərin dövlətimizin suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi, müdafiə qüdrətinin əsaslarına vura biləcəyi zərərlə müqayisədə həmin normanın sanksiyasında nəzərdə tutulan inzibati tənbehin təsir mexanizmi faktiki olaraq yox dərəcəsindədir. Ona görə də, bu qanunazidd əməllər kriminallaşdırılmaqla, Cinayət Məcəlləsində də qeyd edilən əməlləri törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutan norma müəyyən edilməlidir. Lakin bu cür əməllərin kriminallaşdırılması obyektiv amillərə söykəndiyindən, yəni Ermənistan kimi təcavüzkar bir dövlətlə faktiki müharibə şəraitində olduğumuzdan heç bir halda fikir, söz, mətbuat və məlumat azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir”.

E.Sultanov bildirib ki, Baş Prokurorluq bununla bağlı Milli Məclis qarşısında qanunvericilik təşəbbüsü ilə çıxış edəcək: “Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən müvafiq qanun layihəsi hazırlanır və həmin sənəd yaxın vaxtlarda qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim ediləcəkdir. Hesab edirik ki, hərbi sahədə dövlət sirrinə aid edilən məlumatların qüvvədə olan siyahısına yenidən baxılaraq həmin siyahının günün reallıqları nəzərə alınmaqla daha da genişləndirilməsi, istifadə olunan bəzi anlayışların mahiyyətinin dəqiqləşdirilməsi və dövlət sirri təşkil edən siyahılar və məlumatların izahı ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri və əhali arasında mütəmadi olaraq maarifləndirici profilaktik tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiq olardı”.

O, həmçinin, əlavə edib ki, ölkədə dövlət sirrinə aid edilən məlumatların yayılmasının qarşısının alınması və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən qanun layihəsi hazırlanır. Həmin sənəd yaxın vaxtlarda qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim ediləcək: “Azərbaycanda dövlət sirrinin qorunması ilə bağlı münasibətlər “Dövlət sirri haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunlar və digər normativ hüquqi aktlarla tənzimlənir”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə bildirib ki, son dövrlərdə nazirlik ilə kütləvi informasiya vasitələri arasında əlaqələr xeyli genişlənib. Onun sözlərinə görə, nazirliyin rəhbərliyi mətbuatla münasibətlərin dövlət sirlərinin qorunmasını təmin etməklə qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında qurulmasını qarşımızda prioritet vəzifə kimi qoyub. V.Dərgahlı sağlam tənqidin, düzgün iradın, məsuliyyət və peşəkarlığın tərəfdarı olduqlarını deyib: Ancaq Ordu məsələsində qərəz, kin, ayrı-seçkilik yolverilməzdir. İnformasiyaların ötürülməsində hərbi xidmətin və müharibə şəraitinin xüsusiyyətləri, Müdafiə Nazirliyinin qapalı qurum olması və bir sıra digər amillər mütləq nəzərə alınmalıdır. Yayılan məlumatların monitorinqi nəticəsində bəzi media nümayəndələrinin bu məsələlərə qeyri-peşəkar yanaşması müəyyən edilib. Belə ki, hərbi hissələrin nömrələri, təyinatı, dislokasiya yerlərinin göstərilməsi, xidməti təyinatlar və yerdəyişmələr barədə məlumatlarda şəxslər haqqında fərdi informasiyaların yayılmasının yolverilməzliyi dəfələrlə tövsiyə olunmasına baxmayaraq, bəzi media nümayəndələri hələ də bu praktikanı davam etdirirlər. Ermənistan mediası Ordumuz haqqında dezinformasiya yayır. Təəssüf ki, bəzi media vasitələri bu məlumatları olduğu kimi, heç bir dəqiqləşdirmə aparmadan, tərcümə edərək ölkə ictimaiyyətinə çatdırırlar”.

V.Dərgahlı qeyd edib ki, Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının bu yaxınlarda keçirilən görüşü, deputatlar, ictimaiyyət və media nümayəndələrinin cəbhəyə səfərləri kimi tədbirlər bundan sonra da davam edəcək və əməkdaşlığımız daha da genişlənəcək: “Yaxın günlərdə şəxsi heyətlə üzrə zabitlərin təkmilləşdirmə kursunu başa vuran bir qrup hərbi qulluqçunun ilk buraxılışı olacaq. Bu zabitlər kütləvi informasiya vasitələri ilə necə işləmək və münasibətləri hansı formada qurmaq mövzusunda da bilik və təcrübəyə yiyələniblər. Akkreditə qaydalarının tətbiqi, hərbi mövzuda ixtisaslaşan jurnalistlər üçün seminarların, hərbi hissələrə səfərlərin təşkili, mətbuat konfranslarının keçirilməsi və digər fəaliyyətlər Nazirliyin diqqət mərkəzindədir”.

“Müdafiə və hərbi məsələlərə dair məlumatların kütləvi informasiya vasitələrində yayılması ilə bağlı deyilən iradları haqlı sayaraq bu cür hərəkətlərin milli maraqlar və təhlükəsizlik baxımından yolverilməz olması barədə fikirlərə təmsil etdiyim qurum adından birmənalı dəstəyimizi ifadə edirəm. Onu da qeyd edim ki, dövlət sirrinin və hərbi məsələlərlə bağlı məlumatların yayılmasının qarşısının alınması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən də təkliflər hazırlanıb və Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim olunub”. Bu sözləri isə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

E.Zahidov bildirib ki, daxili işlər orqanları insanların həyatını, sağlamlığını, mülkiyyətini, qanuni mənafelərini, hüquq və azadlıqlarını cinayətkar qəsdlərdən qorumaq kimi məsul, şərəfli və çox zaman risqli vəzifələri yerinə yetirir: “Sutkanın istənilən vaxtında polisi başında görürük. Bu nəcib fəaliyyətində polis böyük uğurlar da əldə edib. Artıq uzun illərdir ki, Azərbaycan sabitliyin, əmin-amanlığın qorunması sahəsində, eləcə də əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığı baxımından dünyanın öncül dövlətlərindən biridir. Bəs belə olduğu təqdirdə bəzi media orqanları tərəfindən polisə göstərilən soyuq münasibətin səbəbi nədir? Deyək ki, polisin sıralarında öz xidməti vəzifələrini layiqincə yerinə yetirməyən 3-5 nəfər olursa da belə, buna görə dövlətin mühüm bir qurumunun fəaliyyətinə qara yaxmaq, onu gözdən salmağa yönəli yazılarla ictimaiyyətə mənfi obrazda təqdim etmək nə qədər ədalətlidir? Biz haqlı tənqidi tam qəbul edirikondan lazımi nəticə də çıxarırıq. Ancaq əsassız, təhqir və böhtan dolu, mahiyyətcə qərəzli yazıları heç bir vəchlə qəbul etmirik. Çünki polis öz fəaliyyətini yalnız xalqa, dövlətə və onun qanunlarına xidmət etmək amalı üzərində qurubbu yoldan heç vaxt dönməyəcək”.

E.Zahidov qeyd edib ki, polis sistemində nöqsanlar xarici ölkələrdə də var: “Yəqin ki, çoxumuz xarici, xüsusən Qərb ölkələrinin istehsalı olan bədii və sənədli filmlərə baxırıq. Orada, demək olar ki, mənfi polis obrazına rast gəlmirik. Məgər həmin dövlətlərdə polisin fəaliyyətində nöqsanlar, çatışmazlıqlar yoxdur? Əlbəttə var! Bəlkə də bizdə olduğundan da çox! Lakin açıq-aşkar qərəzli şəkildə qabardılmır. Təəssüf ki, Azərbaycanda əksinə. Bəzi jurnalistlərimiz və kütləvi informasiya vasitələri polisi mənfi obrazda təqdim etməkdə sanki yarışa giriblər. Bu bizə xeyir gətirirmi? Əsla yox! Ölkəmizdə ictimai asayişi etibarlı qoruyan, cinayətkarlığa qarşı daim barışmaz mübarizə aparan, bu yolda yüzlərlə paqon yoldaşını itirən polis əməkdaşlarının Azərbaycan mətbuatından gözlədiyi yalnız bir şey var - polisin fəaliyyəti barədə ictimaiyyətə doğru-düzgün, obyektiv və dəqiqləşdirilmiş məlumatları çatdırmaq. Polisdən heyif çıxmaq, şəxsi maraqlara görə və qisasçılıq niyyətilə uydurulmuş məlumatların, şayiələrin yayılmasına yol verməmək”.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2014.- 5 sentyabr.- S. 4.