“Avro-2020”: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti

 

Ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlər Azərbaycan idmanının dünyadakı nüfuzunu xeyli artırıb. Bu, həm idmançılarımızın dünya arenalarında qazandığı qələbələrdə, həm də ölkəmizdə keçirilən beynəlxalq yarışların sayında özünü açıq şəkildə göstərir. Bütün bunlar isə təbii ki, dövlətin sözügedən sahənin inkişafında nə qədər maraqlı olmasının bariz nümunəsidir. Belə ki, Azərbaycan dövləti idmanın həm gənc nəslin sağlam böyüməsi, həm də ölkəmizin beynəlxalq nüfuzu baxımından böyük əhəmiyyət daşıması amilini həmişə ön planda tutaraq siyasətini buna uyğun şəkildə qurur. Məlum olduğu kimi, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bu inkişafa nail olmağın əsas hədəflərini doğru qiymətləndirərək, ilk növbədə, ölkəmizdə idman infrastrukturunun yenilənməsi, bu sahədə əsaslı baza yaradılmasının təmin edilməsi istiqamətində böyük islahatlar həyata keçirib. Dövlət başçısının bilavasitə təşəbbüsü və tapşırığı ilə yeni-yeni idman arenaları, təlim-məşq toplanışlarının keçirilməsi üçün bazalar, olimpiya-idman kompleksləri tikilərək idmançıların ixtiyarına verilib. Bu siyasət ölkəmizin bütün bölgələrini əhatə etməklə hazırda da davam etdirilir. Yəni, hər bir idmançının yetişməsi, beynəlxalq arenaya çıxaraq ölkəmizi layiqincə təmsil etməsi üçün idman bazasının olması əsas şərtdir ki, Azərbaycan bu sahədə dünyanın bir çox ölkəsinə örnək ola biləcək işlər həyata keçirir.

Bir sözlə, məhz Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, idman sahəsində də həyata keçirdiyi uğurlu siyasət idmanı Azərbaycanda xeyli populyarlaşdırıb, həmçinin, ölkəmizdə idmanın ətrafında böyük bir gənclik ordusu toplanıb və bu, demək olar ki, bütün bölgələrimizi əhatə edir. Bu məsələni xüsusi qeyd edən dövlət başçısının bildirdiyi kimi, Azərbaycanda bu sahədə çox böyük işlər görülür: “Son illər ərzində ölkəmizdə 30-dan çox Olimpiya-İdman Mərkəzi, idman meydançaları tikilmişdir. Ümumiyyətlə ölkəmizdə idmanla, fiziki hazırlıqla məşğul olmaq üçün çox gözəl şərait yaradılmışdır. Biz gəncləri idmana cəlb etməklə bir neçə məqsədi güdürük. Birinci növbədə, onlar sağlam olurlar, digər tərəfdən, biz gəncləri pis vərdişlərdən də çəkindirməliyik”.

Onu da qeyd edək ki, hazırda ölkədə geniş infrastruktur layihələri həyata keçirilirbunun nəticəsi olaraq beynəlxalq idman qurumları dünyaAvropa birinciliklərinə ev sahibliyini Azərbaycana verəndə heç bir tərəddüd keçirmir, əksinə Bakının bu işin öhdəsindən layiqincə gələcəyinə əmin olduqlarını açıqlayırlar. Əgər təxminən 10-15 il əvvəl Azərbaycan hansısa turniri qəbul etmək istəyini açıqlayanda beynəlxalq idman təşkilatları buna o qədər də həvəsli yanaşmırdılarsa, bu gün vəziyyət o dərəcədə dəyişib ki, beynəlxalq idman təşkilatları dünyaAvropa çempionatlarına ev sahibliyini, məhz inkişaf etmiş Azərbaycanın paytaxtına etibar edirlər. Çünki beynəlxalq federasiyalar Azərbaycanda təşkil ediləcək turnir üçün heç bir problem olmayacağına, əksinə yarışın ən yüksək səviyyədə keçiriləcəyinə əmindirlər. Məsələ ondadır ki, yuxarıda da vurğuladığımız kimi, Azərbaycan dünya standartlarına uyğun müasir infrastruktur yaradıb və proses mütəmadi olaraq davam etdirilir.

Beləliklə, ötən hər gün ərzində bütün sahələrdə, o cümlədən, idmanda uğurlar qazanan ölkəmizin qarşısında daha böyük hədəflər dayanır. Məsələn, Azərbaycan 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatına ev sahibliyi etmək iddiasını ortaya qoyubbunu reallaşdırmaq əzmindədir. Artıq ölkəmiz bu məqsədlə müvafiq addımları atıb. 2020-ci ildə futbol üzrə Avropa Çempionatının keçirilməsi üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Bakı şəhərinin namizədliyi irəli sürülüb və 2013-cü il mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sözügedən Sərəncama əsasən, sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub. Artıq AFFA tərəfindən sifariş kitabı hazırlanaraq təyin olunmuş vaxtdan əvvəl UEFA-ya təqdim edilib.

Onu da xatırlatmaq yerinə düşər ki, 2020-ci ildə futbol üzrə Avropa Çempionatının oyunlarını qəbul etmək üçün bir sıra şəhərlər sifariş kitabını təqdim edib. Namizəd şəhərlər arasında Bakı (Azərbaycan), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Kopenhagen (Danimarka), London (İngiltərə), Skopye (Makedoniya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Niderland), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və digərləri var.

Ümumiyyətlə, ölkəmizin bu mötəbər idman yarışına ev sahibliyi etmək üçün böyük şansı var. Təsadüfi deyil ki, ilk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsinə dair qərar qəbul olunub. Bu isə bir daha ona dəlalət edir ki, artıq beynəlxalq idman ictimaiyyəti Azərbaycanda bütün mötəbər idman yarışlarının keçirilməsini mümkün hesab edir.

Digər tərəfdən, məlum olduğu kimi, Azərbaycanda idmanın digər sahələri kimi, futbola da yüksək dövlət qayğısı mövcuddur. Nəzərə alsaq ki, futbol dünyada ən populyar idman növlərindən biridir, ölkəmizdə futbolun inkişafına diqqətin artırılması təbiidir. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” təsdiq olunub. Bu proqrama uyğun olaraq ölkəmizdə futbolun inkişafı istiqamətində ciddi addımlar atılıb və artıq görülən işlər öz bəhrəsini verməkdədir. Son Dünya Çempionatına seçmə oyunlarında Azərbaycanın ilk dəfə 9 xal qazanması, ayrı-ayrı futbol klublarımızın tədricən yaxşı nəticələr göstərməsi, “Neftçiklubundan sonra, “Qarabağklubunun da UEFA-nın qrup mərhələsinə vəsiqə qazanması, uşaq futbol məktəbinin inkişaf etdirilməsi və s. deyilənlərə nümunə ola bilər. Beləliklə, həm futbolun inkişafı istiqamətində atılan addımlar, həm də bu vaxta qədər ölkəmizdə həyata keçirilən nüfuzlu beynəlxalq yarışlar, gerçəkləşdirilən nəhəng infrastruktur layihələri, idman bazaları və idmançılarımızın qazandığı uğurlar Azərbaycanın “Avro-2020futbol çempionatı kimi nəhəng yarışa ev sahibliyi etməsi üçün müsbət zəmin yaradır.

Konkret olaraq futbola gəlincə, xatırlatmaq yerinə düşər ki, artıq ölkəmizdə bu idman növü ilə də bağlı beynəlxalq tədbirin keçirilməsinə dair təcrübə mövcuddur. Belə ki, 2012-ci ilin sentyabr-oktyabr aylarında ölkəmizdə 17 yaşa qədər qızlar arasında futbol üzrə Dünya Çempionatı keçirilibbu çempionat da ölkəmizin yüksək səviyyəli təşkilatçılığı ilə başa çatıb.

Xatırladaq ki, FIFA prezidenti Yozef Blatter və digər rəsmi mundialın yüksək səviyyədə təşkil olunduğunu dəfələrlə xüsusi olaraq vurğulayıblar. FİFA prezidenti Bakıdan qayıtdıqdan sonra verdiyi açıqlamada ölkəmizdə Dünya Çempionatının yüksək səviyyədə təşkil olunduğunu, müasir idman qurğuları yaradıldığını qeyd edib. Təbii ki, FİFA prezidentinin bu qeydlərinin arxasında Azərbaycanda həyata keçirilən nəhəng və genişmiqyaslı işlər dayanır.

Yeri gəlmişkən, UEFA prezidenti Mişel Platini Azərbaycanın “Avro-2020” futbol çempinatına ev sahibliyi etmək şansını yüksək qiymətləndirib. Belə ki, Mişel Platini ötən il ölkəmizə səfəri zamanı “Avro-2020”nin təşkilatçılığı üçün Azərbaycanın geniş imkanlarının olduğunu bildirib. O deyib ki, Azərbaycanda yaxşı infrastruktur mövcuddur: “Bu gedişlə, Bakının “Avro-2020”ni keçirmək şansını yüksək görürəm. Ancaq mən bitərəfliyimi qorumalıyam. “Avro-2020”yə ev sahibliyinə namizədlik üçün böyük marağın olması ilə fəxr edirik”.

UEFA prezidenti təşkilata daxil olan 54 ölkədən 32-nin bu istəkdə olmasına sevindiyini gizlətməyib: “UEFA-ya daxil olan milli assosiasiyaların yarıdan çoxu yarışı qəbul etmək istəyir. Final mərhələsi Avropa qitəsində böyük futbol bayramına çevriləcək. Avropa çempionatının 60 illiyi həqiqətən də xüsusi olacaqbütün futbol azarkeşlərə daha da yaxınlaşacaq”.

Beləliklə, Bakının namizədliyi təsdiqlənərsə, bu, Azərbaycanın dünyada təbliğatı baxımından çox əhəmiyyətli bir hadisə olacaq. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun da qeyd etdiyi kimi, 2020-ci il futbol üzrə Avropa Çempionatının Bakıda keçirilməsi ölkənin tanıdılması və Azərbaycan futbolunun inkişafı üçün gözəl imkandır. Onun sözlərinə görə, əgər Bakının namizədliyi təsdiqlənsə, hazırda tikintisi davam edən, 68 min tamaşaçı tutumuna malik Bakı Olimpiya stadionu Avropa Çempionatının oyunlarını keçirmək qabiliyyətinə malik olacaq. Nazir vurğulayıb ki, əgər qitə birinciliyinin keçirilməsi bir neçə ölkə arasında bölünsə, onda bizdə, həmçinin, beynəlxalq standartlara cavab verən, əsaslı təmir edilən Tofiq Bəhramov adına Respublika stadionu da var.

Öz növbəsində, AFFA-nın prezidenti Rövnəq Abdullayev də Azərbaycanın bu çempionatı yüksək səviyyədə keçirməyə hazır olduğunu vurğulayıb.

Göründüyü kimi, Azərbaycan 2020-ci ildə futbol üzrə Avropa Çempionatına ev sahibliyi etmək əzmindədir. Və ümid edirik ki, yaxın vaxtlarda namizədlik məsələsi öz təsdiqini tapacaq. Bu isə bir daha Azərbaycanın dünyada nüfuzlu bir idman ölkəsi olduğunu təsdiq edəcək. Belə bir mötəbər idman tədbirinin Bakı şəhərində keçirilməsi ölkəmizin inkişafının, uğurlarının dünyada təbliği baxımından da böyük əhəmiyyət kəsb edəcək.

 

 

Zahid İlhamoğlu,

“Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi

Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 Yeni  Azərbaycan.-2014.- 10 sentyabr.- S. 6.