Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daha da möhkəmlənir

 

İki dövlətin əməkdaşlığı bütövlükdə Avrasiya materiki ölkələri və xalqları üçün əhəmiyyət daşıyır

Dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə söykənən Azərbaycan-Türkiyə əlaqələri iki ölkə arasında yüksək rəsmi səfərlərlə daha da intensivləşib. Türkiyənin Baş naziri Əhməd Davudoğlunun ötən həftə ölkəmizə etdiyi rəsmi səfər də bunu təsdiq edir. Səfər çərçivəsində Prezident İlham Əliyev və Əhməd Davudoğlu arasında baş tutan təkbətək görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulanıb, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, sentyabrın 3-də Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşüb, iki ölkənin strateji əlaqələrinin mühüm spektrləri üzrə təkbətək və geniş tərkibdə müzakirələr aparılıb. Qardaş ölkə prezidentinin ölkəmizə gəlişinin daha da əlamətdar məqamlarından biri odur ki, Prezident Rəcəb Tayyib Ərdoğan dövlət başçısı seçilməsindən qısa müddət sonra prezident kimi ilk rəsmi səfərini, məhz Azərbaycana edib. Bu, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının ən yüksək səviyyədə olduğunu təsdiq edən gözəl ənənənin davam etdirildiyini göstərir.

Qeyd edək ki, səfər zamanı iki ölkə başçısının geniş tərkibli görüşündə, keçirilən birgə mətbuat konfransında və Türkiyə Cümhuriyyətinin Prezidentinin şərəfinə verilən ziyafətdə iki qardaş ölkənin siyasi, iqtisadi, təhlükəsizlik, enerji maraqlarının üst-üstə düşdüyü bildirilib, gələcəyə yönələn çoxsaylı birgə iqtisadi layihələrin icrası istiqamətində işlərdən bəhs edilib.

AZƏRBAYCAN-TÜRKİYƏ İQTİSADİ ƏMƏKDAŞLIĞI YENİ ZİRVƏYƏ YÜKSƏLDİ

Məlum olduğu kimi, bu il sentyabrın 20-də Azərbaycan “Cənub” qaz dəhlizinin yaradılmasına başlanğıc olacaq Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) kəməri layihəsinin açılışını qeyd etmək üçüntarixi mərasimə” ev sahibliyi edib. Bu, Azərbaycan-Türkiyə iqtisadi əlaqələrində yeni mərhələnin başlanğıcı kimi də dəyərləndirilə bilər.

Qeyd edək ki, sırf siyasi əlaqələrlə məhdudlaşmayan Azərbaycan-Türkiyə münasibətləri iqtisadi sahədə də dərindir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2013-cü ildə 2 milyard dollara yaxın olub. Müxtəlif sahələri əhatə edən Azərbaycan-Türkiyə münasibətləri hər iki ölkənin inkişafına, eləcə də, bu iki dövlətin əhalisinin rifahına müsbət təsir göstərir.

Digər tərəfdən, Azərbaycan-Türkiyə əməkdaşlığı regional önəm də daşıyır. İki ölkənin iştirakı ilə gerçəkləşən qlobal əhəmiyyətli regional enerji layihələri bu əməkdaşlıqdan faydalanan dövlətlərin enerji təhlükəsizliyinə vacib töhfədir. Beləliklə, Avropa ilə Asiya qitələri arasında ticari, iqtisadi, innovativ, mədəni əlaqələrin genişlənməsinə töhfə verən Azərbaycan-Türkiyə əməkdaşlığı bütövlükdə Avrasiya materiki ölkələri və xalqları üçün əhəmiyyət daşıyır.

Qeyd edək ki, iki ölkənin iqtisadi əlaqələrində enerji sahəsi böyük çəkiyə malikdir. Azərbaycanla Türkiyə arasında bu vaxtadək çox uğurlu enerji tərəfdaşlığı qurulub. Regionun ən nəhəng və qlobal əhəmiyyətli enerji layihələri Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ) neftqaz boru xətlərinin tikintisində də iki ölkənin birgə fəaliyyətinin xüsusi rolu var. Bu layihələr Azərbaycanın mühüm enerji ixracatçısı kimi rolunu beynəlxalq aləmdə təsdiq etməklə bərabər, Türkiyənin geostrateji rolunu və əhəmiyyətini daha da gücləndirib.

Görülən işlərin davamı olaraq, 2012-ci il iyun ayının 26-da İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən Trans-Anadolu qaz kəməri (TANAP) üzrə Hökumətlərarası Müqavilə imzalanıb. Trans-Anadolu qaz kəmərinin həyata keçirilməsi ilə bağlı imzalanan müqavilə Azərbaycan ilə Türkiyənin iqtisadi sahədə, xüsusən də enerji, investisiya yatırımı üzrə əməkdaşlığı baxımından tarixi razılaşmadır. TANAP layihəsi Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçünyeni imkanlar yaradacaq. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın və Türkiyənin rolu daha da artacaq.

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafı qarşılıqlı sərmayə qoyuluşunu da stimullaşdırır. Prezident İlham Əliyevin sözlərindən aydın olur ki, son illərdə həm Türkiyədən, həm də Azərbaycandan qarşılıqlı qaydada böyük həcmdə investisiyalar qoyulur. Yaxın 5-6 ildə Türkiyəyə yatırılan Azərbaycan investisiyaları artırılaraq təxminən 17-20 milyard dollar olacaqdır.

İKİ QARDAŞ ÖLKƏ PRİNSİPİAL MƏSƏLƏLƏRDƏ BİR-BİRİNİ DƏSTƏKLƏYİR

Bildiyimiz kimi, Azərbaycan və Türkiyə siyasi rəhbərliyinin ölkələrarası dostluq və qardaşlığa sadiqliyinin, ortaq milli maraqlara xidmət edən ardıcıl siyasi xəttinin nəticəsi olaraq, Azərbaycan-Türkiyə dostluğustrateji tərəfdaşlığı hər bir sahədə yüksək səviyyədədir. Bunun bariz göstəricilərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Ankaranın ölkəmizə dəstəyini davam etdirməsi, Azərbaycan rəhbərliyi və xalqının iradəsi ilə həmrəylik nümayiş etdirməsidir.

Məlum olduğu kimi, Azərbaycan ərazilərinin işğalına etiraz olaraq ölkəmizlə yanaşı, Türkiyə də Ermənistanı iqtisadi təcrid şəraitində saxlayır. İşğalçı Ermənistan və onun havadarlarının sərhədlərin açılması ilə bağlı Türkiyəyə təzyiq göstərmək cəhdlərinə baxmayaraq, rəsmi Ankara sülhün və ədalətin bərqərar olması yolunda qətiyyətli mövqeyini hər zaman nümayiş etdirir. Bunun təsdiqi olaraq, Azərbaycan Prezidentinin və Türkiyə dövlət başçısının nümayəndə heyətlərinin sentyabrın əvvəlində geniş tərkibli görüşü zamanı Prezident Ərdoğanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Türkiyə-Ermənistan probleminin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı olması barədə səsləndirdiyi fikirləri qeyd etmək olar: “Əgər Ermənistan-Azərbaycan münaqişəsi həll olunarsa, Türkiyə ilə Ermənistan arasındakı problem də həllini tapacaq. Amma bu münaqişə həll edilmədiyi təqdirdə, Türkiyə ilə Ermənistan arasındakı vəziyyət indiki kimi davam edəcək. Bunu əvvəllər də həmişə ifadə etmişik. Bu, bir daha bilinsin deyə, yenə də söyləyirəm. Bu məsələlərdəki həmrəylimizi bundan sonrakı müddətdə də eyni qətiyyətlə davam etdirəcəyik”.

Xatırladaq ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti olaraq 1993-cü ildən etibarən Türkiyə işğalçı ölkə ilə siyasi, iqtisadi əlaqələrə son qoyaraq, sərhədləri bağlayıb. Eyni zamanda, Türkiyə dövləti beynəlxalq təşkilatların Azərbaycanın işğala məruz qalması faktını təsdiqləyən və beynəlxalq hüquqa zidd əməlin dayandırılmasını tələb edən qərarlarının qəbul olunmasında ölkəmizi hər zaman dəstəkləyib.

Öz növbəsində, Azərbaycan da qardaş ölkəyə dəstəyini əsirgəmir, ermənilərin Türkiyəyə qarşı apardıqları qondarma “soyqırımı” təbliğatına qarşı mübarizəyə dəstək verir.

AZƏRBAYCAN VƏ TÜRKİYƏ DİASPOR TƏŞKİLATLARI BİRGƏ FƏALİYYƏT GÖSTƏRİR

Bildiyimiz kimi, Ermənistan dövləti və erməni lobbisi tarixi saxtalaşdırmaq, uydurma “həqiqətlər” yaymaq yolu ilə regiondakı bir çox dövlətlərə qarşı müxtəlif iddialar irəli sürür. Əsassız erməni iddialarının mərkəzində isə Azərbaycanla Türkiyə, bütövlükdə Türk dünyası dayanır. Belə ki, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistan Türkiyəyə də açıq-aşkar torpaq iddiası irəli sürməkdən çəkinmir, həmçinin, qondarma “erməni soyqırımı” adlanan şər, böhtan kampaniyasını yaxından dəstəkləyir. Özlərini bütün dünyada yazıq, məzlum xalq kimi göstərməyə çalışan ermənilər, bunun qarşılığında türklər barəsində qəddar, vəhşi millət obrazı yaratmağı qarşıya məqsəd qoyublar. Ermənistan Azərbaycan ərazilərinin işğalını uzatmaq, düşdüyü ağır sosial-iqtisadi vəziyyətdən qurtulmaq üçün Azərbaycanla Türkiyə arasındakı münasibətlərə xələl gətirməyə yönələn təxribatlara da dəfələrlə əl atıb. Lakin Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu hər zaman düşmənin məkrli niyyətlərini ürəyində qoyub.

Bir sözlə, Azərbaycan Türkiyə həmrəyliyi sayəsində erməni təxribatına qarşı birgə uğurlu mübarizə aparılmaqdadır. Artıq erməni təbliğat maşını əvvəlki illərdə olduğu kimi öz istəyinə çata bilmir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan və Türkiyə diaspor təşkilatlarının müxtəlif ölkələrdə təşkil etdikləri aksiyalar iki ölkənin bir-birinə dəstəyinin nümayişidir. Eyni zamanda, 2012-ci ildə Fransa konstitusiya şurasının bu ölkə parlamentinin qəbul etdiyi qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu ləğv etməsi də məhz Azərbaycanla Türkiyənin həm dövlət rəhbərlikləri, həm də xalqlararası səviyyədə birliyinin, həmrəyliyinin, bu məsələyə göstərilən birgə təpkinin nəticəsidir. Azərbaycan qondarma iddialarla mübarizədə Türkiyəyə dəstəyini davam etdirir. Gündən-günə möhkəmlənən Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri həm Ermənistana və erməni lobbisinə, həm də dünyadakı ermənpərəstlərə, bu ölkənin havadarlarına, antitürk düşüncəli dairələrə mühüm mesajdır.

Qeyd olunduğu kimi, erməni yalanlarına qarşı birgə mübarizədə ən uğurlu məqamlardan biri müxtəlif ölkələrdə yaşayan Azərbaycan və Türkiyə diaspor təşkilatlarının fəaliyyətlərini əlaqələndirməsidir. Birgə fəaliyyət çərçivəsində müxtəlif tədbirlər, anma mərasimləri keçirilir, erməni yalanlarının bütün dünyada ifşa edilməsi məqsədilə kitablar, jurnallar çap olunur, internet saytları istifadəyə verilir. Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə əməyi sayəsində daha irimiqyaslı layihələr həyata keçirilir, daha çox sayda insan ermənilərin törətdikləri tarixi ədalətsizliklər və onların ört-basdır etmək niyyətləri barədə məlumatlandırılır.

Digər bir müsbət cəhət ondan ibarətdir ki, erməni təbliğatı ilə mübarizədə yalnız müdafiə metodundan istifadə edilmir, əksinə son dövrlərdə daha çox hücum strategiyasına üstünlük verilir. Artıq erməni lobbisinin ən təsirli olduğu ölkələrdə Azərbaycan və Türkiyə diaspor təşkilatlarının uğurlu fəaliyyəti antitürk təbliğatının qarşısını önəmli dərəcədə alır.

Qeyd etdiyimiz kimi, erməni təbliğatı təkcə bir ölkəyə qarşı deyil, bütövlükdə Türk dünyasının, Azərbaycanda və Türkiyədə yaşayan xalqların əleyhinə yönəlib. Erməni yalanlarının ayaq açmasının qarşısının tamamilə alınması, onların əsl simasının bütün dünya qarşısında ifşa olunması üçün Azərbaycan və Türkiyənin həm dövlət, həm də xalqlararası, diaspor təşkilatlarının və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti səviyyəsində görülən işlər, bir nöqtəyə hədəflənən addımlar bundan sonra da davam etdiriləcəkdir.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 24 sentyabr.- S. 12.