Azərbaycanla Türkmənistan
arasında əlaqələr uğurla inkişaf edir
ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin bu ölkəyə səfəri enerji sahəsində ikitərəfli əməkdaşlığın genişlənməsinin göstəricisidir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 22-də Türkmənistanın Aşqabad şəhərində səfərdə olub. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Rövnəq Abdullayevi qəbul edib. Nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan liderinə və xalqına səmimi salamlarını və xoş arzularını çatdırıb. Onun da səmimi salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edən Türkmənistan dövlətinin başçısı ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayıb, əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirib. Səmimi keçən görüşdə iki ölkə arasında enerji-yanacaq sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusu ətrafında konstruktiv fikir mübadilələri aparılıb, əlaqələrin gələcəkdə daha da genişləndirilməsi yolları müzakirə edilib.
Qeyd edək ki, hazırda Azərbaycanla Türkmənistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da yaradılıb. 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2001-ci il iyunun 4-də Türkmənistan tərəfi maliyyə problemlərini əsas gətirərək Azərbaycandakı səfirliyinin fəaliyyətinə müvəqqəti xitam verib. 2008-ci ildə səfirlik yenidən öz fəaliyyətini bərpa edib. 2002-ci ilin avqustunda isə Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb.
İki ölkə arasında əlaqələrin dərinləşməsində, eləcə də, narahatlıq doğuran müəyyən problemlərin aradan qaldırılmasında dövlət başçılarının qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində fikir mübadiləsi aparmaları mühüm rol oynayır. 1993-cü il dekabrın 23-24-də Aşqabadda keçirilən MDB-yə üzv ölkələrin başçılarının Zirvə toplantısında iştirak edən Ulu öndər Heydər Əliyevlə Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazov arasında keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, maraq doğuran regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparılıb. 1994-cü il oktyabrın 26-27-də Türkmənistanın müstəqillik günü münasibəti ilə keçirilən tədbirlərdə Ümummilli lider Heydər Əliyev də iştirak edib.
1996-cı il martın 18-19-da Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazov Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb. 1997-ci il dekabrın 13-də Tehranda keçirilmiş İslam Konfransı Təşkilatının Zirvə toplantısında Ulu öndər Heydər Əliyevlə Saparmurad Niyazov arasında keçirilən görüşdə Xəzər dənizinin orta xəttinin müəyyən edilməsi və Xəzər dənizində bir sıra neft yataqlarının mənsubluğu məsələlərinin həll edilməsi üçün iki ölkə arasında ekspertlər qrupunun yaradılması haqqında razılıq əldə olunub. 17-19 noyabr 2007-ci ildə Bakıda Türkdilli Dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlığının XI Qurultayı keçirilib. Qurultayda Türkmənistanın Nazirlər Kabinetinin Sədr müavini X.Saparlıyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. 2008-ci il mayın 19-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfərə gəlib. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü olub. Görüşdə Azərbaycan - Türkmənistan münasibətlərinin inkişaf perspektivləri və bu prosesin fəallaşmasında dövlət başçılarının görüşlərinin rolu vurğulanıb. Türkmənistanın dövlət başçısının Azərbaycana bu rəsmi səfərinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik bildirilib. Danışıqlardan sonra iki ölkənin Maliyyə, Xarici İşlər və Nəqliyyat nazirlikləri arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinə dair dövlət başçıları bəyanatla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirib: “...Bu gün müzakirə etdiyimiz mövzulardan biri də Xəzər problemi idi. Biz Xəzəryanı ölkələrin dövlət başçılarının Tehran sammitinin yekunlarını, eləcə də Xəzərdə əməkdaşlığın inkişaf etdirilməsinin gələcək yollarını razılıq hissi ilə qeyd etdik. Əminik ki, Türkmənistanın və Azərbaycanın bu istiqamətdə səmərəli qarşılıqlı fəaliyyəti həmin məsələnin hərtərəfli tənzimlənməsinə kömək edəcəkdir...”.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov isə bəyanatında vurğulayıb: “...İlk növbədə, bütün dünyada enerji dövlətləri statusuna malik olan hər iki ölkənin iqtisadiyyatı üçün baza əhəmiyyəti kəsb edən yanacaq-energetika sektorunda tərəfdaşlıqdan söhbət gedir. Möhtərəm İlham Heydər oğlu ilə bugünkü danışıqların gedişində biz bu mövzuya xüsusi diqqət yetirdik. Bizim ümumi fikrimiz belədir ki, məhz bu sahə gələcək dövlətlərarası tərəfdaşlığın strateji istiqamətinə çevriləcəkdir...”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il noyabrın 28-də Türkmənistana rəsmi səfərə gedib. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Geniş tərkibdə keçirilən görüşdə isə Prezident Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Azərbaycanla münasibətlərinə böyük önəm verdiyini vurğulayıb. Prezident Qurbanqulu Berdiməhəmmədov tranzit boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması barədə Türkmənistanın beynəlxalq təşkilatlarda irəli sürdüyü təşəbbüsün Azərbaycan Prezidenti tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib. O, zəngin neft və qaz yataqları olan Azərbaycanın və Türkmənistanın regionda enerji siyasəti məsələlərinə eyni mövqedən yanaşdığını xüsusi vurğulayıb. Prezident İlham Əliyev isə Azərbaycan və Türkmənistan arasındakı münasibətlərin təkcə bu ölkələr üçün deyil, həm də bütün Mərkəzi Asiya, eləcə də, Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyəti olduğunu bildirib. Geniş tərkibdə görüşdən sonra dövlət başçılarının iştirakı ilə Bakı və Türkmənbaşı limanları vasitəsilə beynəlxalq dəmir yolu - bərə xəttində yüklərin daşınmasının, yük vaqonlarının və konteynerlərinin istismarının, nömrələr üzrə qeydiyyatının və onlardan istifadəyə görə hesablaşmanın təşkili haqqında təhsil, əməkdaşlıq haqqında saziş, hökumətlər arasında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası haqqında saziş və digər sənədlər imzalanıb. Səfər çərçivəsində Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Abdullah Gülün və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun üçtərəfli görüşü olub. Görüşdə üç ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.
Ümumiyyətlə, qarşılıqlı səfərlər mütəmadi olaraq davam etdirilir. Belə ki, bu ilin aprel ayında Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov ölkəmizdə rəsmi səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib. Prezident Qurbanqulu Berdiməhəmmədovun ən xoş arzularının və Prezident İlham Əliyevi Türkmənistana səfərə dəvətinin ifadə olunduğu məktubunu dövlətimizin başçısına təqdim edən Rəşid Meredov dövlət başçıları arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin genişləndirilməsindəki rolunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini nəzərə çatdırıb. Xalqlarımızın qədim tarixə və etnik köklərə malik olduğunu qeyd edən dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini bildirib. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində dövlət başçıları arasında əlaqələrin və yüksək səviyyəli görüşlərin önəmini qeyd edib. Dövlətimizin başçısı Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovun Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Türkmənistan Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov, həmçinin, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, qarşılıqlı-faydalı əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Görüşdə iqtisadiyyatın bir çox sahələrində birgə layihələrin işlənməsi üçün böyük perspektivlərin mövcudluğu ifadə olunub, energetika, nəqliyyat, sərnişin və yük daşımaları, kənd təsərrüfatı, mədəniyyət və digər humanitar sahələrdə geniş imkanların olduğu vurğulanıb.
Azərbaycana səfəri çərçivəsində Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovun başçılıq etdiyi nümayəndə heyəti, həmçinin, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb. Görüşdə ölkələrimiz arasındakı əlaqələrin mövcud səviyyəsindən razılıq ifadə olunub, siyasi, iqtisadi, ticari, mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.
Ümumiyyətlə, bu xoş münasibətlər bir daha onu deməyə əsas verir ki, hər iki ölkə arasında əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir və gələcək perspektivdə də bu tendensiya davam edəcək.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 25 sentyabr.- S. 8.