Milli təhlükəsizlik məsələsində mənəvi
dəyərlər amili
Son zamanlar dini təriqətçiliyin fəallaşması ilə bağlı Azərbaycan cəmiyyətində bir narahatlıq yaşanmaqdadır və bu, heç də əsassız deyil. Xüsusən Suriyada cərəyan edən hadisələrin fonunda dini ekstremizmin qurbanına çevrilərək “cihad” dalınca “cəhənnəmə səyahət” arzusuna düşənlərin taleyi fəal müzakirə mövzusuna çevrilib. Əslində isə, cəmiyyəti daha çox narahat edən ayrı-ayrı fərdlərin taleyi yox, öz-özlüyündə bu faktın - dini ekstremizmin Azərbaycan cəmiyyətinə yol tapması faktının milli təhlükəsizliyimizi nə dərəcədə təhdid etməsidir. Bütün hallarda dini təriqətçiliyin müxtəlif ifrat tendensiyalar üzrə öz fəallığını artırması və hətta ictimai-siyasi proseslərə təsir etmək iddiasında irəliləməsi diqqətdən yayınmamalıdır. Bu baxımdan, son aylarda Azərbaycan mətbuatının fəallığı bu tendensiyaların araşdırılıb üzə çıxarılmasında, ona adekvat ictimai-siyasi rəyin formalaşdırılmasında böyük rol oynadı. Dini təriqətçiliyin fəallaşması ilə bağlı gözlənilən təhlükələrin miqyası və təsir dairəsi haqqında getdikcə çoxalan informasiya Azərbaycan cəmiyyətini yetərincə məlumatlandıra bildi. Dövlət qurumlarının çevik reaksiyası nəticəsində bu proseslərə nəzarətin gücləndirilməsi və milli təhlükəsizliyimizə qarşı potensial təhdidlərin önlənməsi üçün bütün zəruri addımlar atıldı. Baş verənlər bir daha təsdiq etdi ki, Azərbaycan ictimaiyyəti və dövləti milli müstəqilliyimizi və dövlətçiliyimizi təhdid edə biləcək hər hansı qüvvəyə qarşı sayıqlıq göstərmək və onu zamanında önləmək iqtidarındadır. Ancaq bu da rahatlaşmaq üçün əsas vermir. Zaman durmadan dəyişir və nəzərə almaq lazımdır ki, biz qapalı orta əsrlər qəsrində deyil, açıq qloballaşma əsrində yaşayırıq. Belə bir şəraitdə müxtəlif xarakterli güclü ekspansiya dalğaları bütün sədləri bir anda aşıb keçə bilir. Hətta ən qüdrətli dövlətlər, oturuşmuş demokratik cəmiyyətlər belə müxtəlif təzahürlü siyasi, ideoloji və dini ekspansiya təsirlərindən özünü müdafiə etməkdə çətinlik çəkirlər. Bu gün ABŞ-da, Avropa ölkələrində həmin təsirləri dəf etmək üçün strukturlaşmış təsisatlar fəaliyyət göstərir, dini-ideoloji müdaxiləyə qarşı külli miqdarda vəsaitlər xərclənir. Bir çox ölkələrdə ekspansiya təhlükəsindən başqa, cəmiyyətin öz “bətnindən” doğan müxtəlif radikal-ekstremist qruplaşmalar və ifrat millətçilik hərəkatları da kifayət qədər güclü təhlükə mənbəyinə çevrilməkdədir. Hətta Avropada və Rusiyada faşizm ideologiyasını yenidən canlandıran, qeyri-Avropa və qeyri-rus xalqlarına qarşı kəskin diskriminasiyanı həyata keçirməkdən çəkinməyən təmayüllər də mövcuddur. Diqqətlə baxsaq, görərik ki, demokratik Qərbin üzdə görünməyən dərinliklərində də islamçı və qərbçi radikalizm arasında gizli savaş gedir. İslam dünyasında Qərbin neo-imperializm siyasətinə qarşı çıxanlar elə Qərb geopolitik məkanında ona zərbə vurmaq, bu məkanı imkan daxilində “müsəlmanlaşdırmaq”, bu mümkün olmadıqda isə ən azı ölkə daxilində “diskriminasiya” bəhanəsi ilə hər hansı çaxnaşma yaratmağa çalışırlar. Müvafiq olaraq əks tərəfdə də əks - fəaliyyət aparılır. Ümumi əhalisinin yaxın gələcəkdə ən azı 20 faizinin müsəlmanlardan ibarət olacağını proqnozlaşdıran Avropa təkcə 20 faizlik “çoxluqdan” deyil, həm də onun yetişdirdiyi və yetişdirə biləcəyi ekstremist fəaliyyətlərdən çox narahatdır. Avropanın bu vəziyyətlə heç cür barışmaq istəməyən radikal kəsimi isə İslamın bu məkanda bütün səviyyələrdə güclənməsinə qarşı açıq və hiddətli mübarizəyə qalxır. 2 il öncə 80 nəfərə yaxın həmvətənlisini amansızlıqla qətlə yetirən Anders Breyvik bu təmayüllü hərəkatların üzə çıxan nümayəndələridir. Çoxları isə bu mübarizəni gizli aparmaqda davam edir. Şərq ölkələrində tüğyan edən müharibələri də bu hadisələrdən kənarda təsəvvür etmək düzgün olmazdı. Bir sıra Qərb siyasi dairələri Şərq dövlətlərini içəridən parçalamaq, onları bir-birinə qarşı qoymaq üçün xüsusi himayə etdikləri leqal və qeyri-leqal radikal qurumları təhrikçi, pozucu və terrorçu fəaliyyətlər istiqamətində hazırlayır, informasiyalaşdırır, maliyyələşdirir və onların vasitəsilə bu dövlətlərdə müxtəlif dinlər arasında, eləcə də eyni dinin müxtəlif cərəyanları və məzhəbləri arasında kəskin ideoloji və hərbi qarşıdurmaya qədər varan konfliktləri qızışdırırlar. Məsələn, bu gün Suriyada dini qruplaşmaların vətəndaş müharibəsinədək şiddətlənən savaşında kimin kimə qarşı mübarizə apardığından, hətta gəmisi qan gölündə batmaqda olan diktator Bəşər Əsədin hansı məzhəbə qulluq etdiyindən heç Şeytanın özü də baş çıxara bilmir. Amma İslam dünyasını böyük xaosa qərq edən bütün bu qırğınların müəllifləri - “Böyük Siyasət” yüyənini əlində saxlayanlar həmin konfliktdə bilərəkdən və bilməyərəkdən iştirak edən tərəflərin hamısını bircə-bircə tanıyır, vaxtaşırı vəziyyəti dramatikləşdirib səngidərək, sonra yenidən gərginləşdirərək, prosesləri ustalıqla idarə edirlər. Onlar nəinki təkcə Suriyanın, ümumiyyətlə, bütün İslam dünyasının yedəyini əldə saxlamaq üçün təfriqəçi fanatiklərin bir-birinə açdıqları “kor atəşi” məharətlə “hədəfə” tuşlayırlar. Əl-Qaidə, Boko-Haram, Əl-Şəbab, Əhrar Əl-Şam kimi müasir silahlara, güclü maliyyə resurslarına və on minlərlə silahlı döyüşçülərə malik olan terror təşkilatlarının öz-özünə, kortəbii şəkildə deyil, məhz vəziyyəti idarə edənlərin dəstəyi ilə yaranması artıq heç kimdə şübhə doğurmur. Hal-hazırda “dəbdə” olan İŞİD təhlükəsini ilk vaxtlar Qərbin qeyri-adi sakitliklə qarşılaması da bir çox mətləblərdən xəbər verir. Artıq məlum olduğu kimi, bu terror təşkilatının hərbi əməliyyatlarının, taktiki döyüş uğurlarının əsas səbəbi İŞİD-in tərkibində devrilmiş Səddam rejiminin peşəkar hərbçilərinin fəal iştirakı ilə bağlıdır. Bu baxımdan İŞİD-çilər İraqa hücum etdikdə Səddam rejimini devirmiş ABŞ birmənalı olaraq dərhal onların əleyhinə qalxmalı idi. Lakin bu baş vermədi. Çünki İŞİD-in İraqdakı yarıtmaz hakimiyyətə qarşı müharibəsi həmin anda ABŞ-ın maraqlarına uyğun idi. Digər tərəfdən, İŞİD Suriyada bərqərar olub və ABŞ-ın devirmək istədiyi Əsəd hakimiyyətinə də ciddi zərbələr vurur ki, bu da ABŞ-ın və bütövlükdə Qərbin maraqlarına cavab verir. Bir sözlə, nə qədər ki, terrorçular rejimə, digər məzhəblərə və təriqətlərə qarşı vuruşurdu, bu nə ABŞ-ı, nə də digər Qərb dövlətlərini o qədər də narahat edirdi. Yalnız İŞİD-çilər İraqdakı xristian əhalisinin yaşadığı şəhəri mühasirəyə aldıqda ABŞ və arxasınca da Qərb qəti hərəkətə keçdi ki, bu da başa düşüləndir. Son hadisələrdən belə nəticə çıxarmaq olar ki, İŞİD Suriya sərhədlərinə qədər geri oturdulacaq, daha sonra Əsəd rejimi çökənə qədər onların terror fəaliyyətinə nəinki maneçilik törədilməyəcək, əksinə bu fəaliyyət növbəti dəfə yenidən dəstəklənəcəkdir. Yaxın Şərqdə və Şimali Afrikada II Dünya savaşından sonrakı tarixdə ən dramatik hadisələrin cərəyan etdiyi bir vaxtda Rusiya və Çin kimi supergüclər də heç də sakit oturmurlar. Məhz bütün dünyanın diqqətinin Suriya, İraq, İsrail-Fələstin, Mali, Yəmən, Somali münaqişələrinə və digər tərəfdən də bir sıra Afrika ölkələrində peyda olmuş Ebola virusuna qarşı mübarizəyə cəmləşdiyi bir zamanda Rusiya özünün hərbi-siyasi, Çin isə iqtisadi-siyasi ekspansiyasını həyata keçirməkdə daha da fəallaşmışlar. Belə bir vəziyyətdə NATO üzrə müttəfiqləri tarixin ən çətin dönəmlərində belə öz dövlətçiliyini qorumağı bacarmış qardaş Türkiyəni də dini, siyasi, ideoloji təxribatlara cəlb etməkdən çəkinmirlər. PKK-ya gizli dəstək verməklə ölkənin parçalanmaq təhlükəsini daim gündəmdə saxlamaq, nurçuluğu siyasi hakimiyyətin üstünə yerləşdirmək cəhdləri Türkiyənin müstəqil siyasət yeritmək iddialarını cilovlamaq məqsədi daşıyır. Almaniya, Fransa və Avstriyada Ələvi Birlikləri Konfederasiyalarını şəbəkələndirib genişləndirməklə islamçılığı məzhəbçiliyə qədər daraltmaq cəhdləri, müxtəlif erməni terror təşkilatlarını vaxtaşırı Türkiyəyə qarşı siyasi alət kimi işlətmək, həm Şərq, həm də Qərb “cəbhəsindən” Türkiyə dövlətinin milli ideologiyasını sarsıtmağa yönələn ekstremist fəaliyyətlərin gücləndirilməsi də bu təhlükəli müdaxilələrin görünən və görünməyən tərəfləridir. Bu arada vaxtaşırı olaraq Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinə zərər vurmaq üçün cəhdlər də göstərilir.
Bütün bu xaosun içərisində mübarizə üsullarının da tamamilə yeni bir fenomeni təşəkkül tapmaqda və artıq sezilməkdədir. Belə görünür ki, hər hansı bir ölkəyə təzyiq etmək üçün mütləq onun üzərinə silahlı ordu yeritməyə ehtiyac qalmır. Artıq təcavüzün yeni və daha mürəkkəb bir forması - millətin dini-mənəvi dəyərlərini təfriqəçilik və məzhəbçiliklə zəhərləyərək, cəmiyyətin bir qismini dini ekstremizmə sövq etməklə həyata keçirilməsi üsulu mövcuddur. Ona görə də, ekspansiya və əks-ekspansiyanın çox mürəkkəb şəkildə və çox müxtəlif formada çulğaşdığı indiki zamanda, həqiqətən, dövlətin və cəmiyyətin dayaqlarını laxlada biləcək dini-siyasi ideologiyaların məqsədli ixracına sipər çəkmək və eyni zamanda, dünya ilə qarşılıqlı əməkdaşlıq münasibətlərini intensiv şəkildə inkişaf etdirmək kifayət qədər çətin və məsuliyyətlidir.
Buna görə də, cəmiyyətin xaricdən ölkəmizə ixrac olunan milli, dini, irqi, məzhəbçilik, təfriqəçilik kimi ekstremist ideoloji təxribatlara qarşı immuniteti daim möhkəmləndirilməlidir. İndi Azərbaycanda siyasi, ideoloji, dini atmosfer o qədər aydın və şəffafdır ki, burada yabançı təlimatlarla hərəkətə gətirilən təmayüllər dərhal görüntülənə bilir. Sağlam milli mənəviyyatımızın “məhək daşında” biz xalqımıza gərək olan yenilik təşəbbüslərini də, dini mühafizəkarlığı dirçəltmək cəhdlərini də, bəzi hallarda isə “demokratiya” ixracatçılığının gizli niyyətlərini də açıq-aşkar ayırd edə bilirik. Məsələn, Milli Demokratiya İnstitutunun yerli və əcnəbi “oyunçuları” ilə vəhhabilik, sələfilik, təkfirçilik və s. cərəyanların bulanıq fikirli terrorçuları arasında, əslində, heç bir fərq yoxdur. Bu “ittifaqda” din və siyasət çox eybəcər formada hibridləşə bilir. Hibridləşmiş ikibaşlı “terror əjdahası”nın Azərbaycanı sancmaq cəhdlərinin ehtimalını isə istisna etmək olmaz. Bunun üçün kifayət qədər arqumentlər mövcuddur. Yadfikirliliyin toxumlarını Azərbaycana səpmək cəhdlərinin kökündə - dövlətimizi siyasi, iqtisadi, ideoloji, hərbi cəhətdən zəiflətmək, daxili və xarici siyasətin aparılmasında asılı vəziyyətə gətirmək, onun milli birlik, ictimai həmrəylik dayaqlarını sarsıtmaq məqsədləri dayanır. Bu gün açıq rəqabət dünyasında müstəqil Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsi və bütövlükdə regionun yeni siyasi münasibətlər platformasına keçidini təmin edən qətiyyətli addımlar atması faktı ilə həmin dünyanı köhnə qaydalarla idarə etmək istəyənlər barışmırlar.
Bu gün Azərbaycana qarşı təbliğati ekspansiya, əsasən, iki formada təzahür edir: başqa ölkələrin gizli siyasi-iqtisadi maraqlarını özündə ifadə edən təzyiqlər şəklində və yadfikirli radikal dini cərəyanların funksionallaşdırılmış ideoloji cəhdləri şəklində. Bu tendensiyalar ən müxtəlif trayektoriyalarla hərəkət edərək, özlərinə ölkəmizdə dayaq tapmağa çalışırlar. Belə bir dayağı isə onlar möhkəm bir zəmində deyil, yalnız “boşluqda” tapa bilərlər. Deməli, bizim təfəkkür və mənəviyyatımızda boşluqlar olmasa, onlar heç cür burada dayaqlana bilməzlər. Azərbaycanda İslamdan başqa, digər dinlərə də etiqad edənlər kifayət qədərdir. Ancaq Azərbaycan Respublikasının beynəlxalq sistemdə unikal dövlət kimi mövcudluğunun ilkin şərtlərindən biri - onun çoxdinli, çoxmədəniyyətli və çoxmillətli dövlət olmasıdır ki, bu da onun unitarlığına təməl yaradır və ölkədə milli vəhdətin sarsılmazlığını təmin edir. Ona görə də, Azərbaycana qarşı təbliğati ekspansionizm buradakı çoxdinlilik və çoxmillətlilik amilindən nə qədər sui-istifadə etməyə çalışsa da, buna nail ola bilmir. Azərbaycana təriqətçilik axınları ilə dolmaq istəyən təmayüllər xalqımızın dini dözümlülük və humanizm kimi nəcib keyfiyyətlərini zədələmək cəhdlərində bulunur, insanların qəlbinə ən hiyləgər üsullarla girib, onların dini etiqadlarından sui-istifadə etməklə mənəviyyatını zəhərləmək, doğru yoldan sapındırıb yolverilməz hərəkətlərə sövq etməyə təşəbbüslər edirlər. Bu prosesin bütün mərhələləri və texnologiyası onu göstərir ki, dini təbliğatla məşğul olan radikal missionerlik və ekspansionizmin digər təzahürləri heç də dinin mahiyyətindən doğmur, ölkəmizə qarşı siyasi, ideoloji təsir aləti kimi işlədilmək məqsədləri daşıyır. Ona görə də, belə təşəbbüslər bir gün onların təəssübkeşlərini milli dövlətə və hakimiyyətə qarşı qaldırmaq iddialarına qədər böyüyüb təhlükəli həddə çata bilər. Ancaq müxtəlif siyasi, ideoloji və dini ekspansiyanın qarşısını bütün vasitələrlə almaqda və onun hər cür təzahürlərini zərərsizləşdirməkdə Azərbaycan dövləti kifayət qədər güclü və barışmazdır. Demokratiya - xaos və anarxiya olmadığı kimi, tolerantlıq da ölkəmizin və mənəviyyatımızın qapılarını hər cür ifrat dini-siyasi ideologiyaların üzünə açmaq demək deyil. Bu gün milli təhlükəsizliyimizin təminatı ölkəmizə dini-ideoloji müdaxilə cəhdlərinin qətiyyətlə dəf edilməsi ilə birbaşa bağlıdır. Lakin bu istiqamətdə zəruri addımların atılması təkcə milli təhlükəsizlik orqanlarının deyil, həm də elm, mədəniyyət, din, təhsil və milli humanitar siyasətini həyata keçirən qurumların və sağlam milli-mənəvi dəyərlərə malik olan hər bir vətəndaşın vəzifəsidir.
Bu gün Azərbaycanın ən müxtəlif bölgələrindən gedərək Yaxın və Orta Şərqin milli, dini, təfriqəçilik və məzhəbçilik savaşlarına qatılanlar sadəcə öz ailələrinə və getdikləri yerlərin sakinlərinə bədbəxtlik gətirmir. Onlar beyinlərinə yeridilmiş ifratçı ekstremist düşüncə tərzi ilə cəmiyyətin sağlam, firavan, tolerant bir şəraitdə yaşamasına da böyük təhlükə yaradırlar. Yaxın və Orta Şərqin, eləcə də qara qitənin bir çox savaş meydanlarına gələnlər heç də tək bizim vətəndaşlarımız deyil. Hər gün yüzlərlə, bəzən minlərlə günahsız insanların amansızcasına qətlə yetirildiyi bu qan çanaqlarında ən müxtəlif siyasi, iqtisadi, mədəni və demokratik inkişaf səviyyəsində yer alan ölkələrin vətəndaşlarına rast gəlmək mümkündür. Çoxları üçün yeni və gözlənilməz olan bu durum bütün ölkələrin siyasi elitalarını dünyanın münaqişəli bölgələrində bilərəkdən və ya bilməyərəkdən terrorçuluq fəaliyyətinə cəlb olunmuş vətəndaşları barəsində nə kimi təcili və təsirli tədbirlərin görülə biləcəyi düşündürür. Məsələn, 5 yüzə yaxın vətəndaşının İŞİD sıralarında döyüşdüyü iddia olunan Böyük Britaniyada artıq terror bölgəsindən qayıdan və ya qayıdacaq vətəndaşların ömürlük həbs cəzasına məhkum olunması zərurəti müzakirə olunur. Latviya özünün yüksək rütbəli zabitlərini münaqişə bölgələrinə göndərərək orada öz vətəndaşlarının iştirakı haqqında iddiaları araşdırır. Azərbaycan Konstitusiyası və Azərbaycan milli təhlükəsizlik doktrinası da hər cür milli, etnik, dini, irqi, ideoloji və s. müxtəlifliyə əsaslanan ayrı-seçkiliyi və bu zəmində qarşıdurma yaratmağa yönəlmiş terrorçuluq fəaliyyətlərini qətiyyətlə rədd edir və bu kimi fəaliyyətlər cinayət qanunvericiliyi əsasında ciddi cəzalandırılır. Bununla belə, ölkəmizdə yabançı dini, siyasi, ideoloji tendensiyaların müdaxiləsini önləmək texnologiyaları təkmilləşdirilməli, mövcud tolerantlıq mühitindən sui-istifadə hallarına, missionerliyin təhlükəli həddə çatmasına qarşı daha barışmaz mövqe nümayiş etdirilməlidir. Missionerlərin - yabançı təriqət daşıyıcılarının əsasən cəmiyyətin gənclik qismini ələ almasına yol verilməməli, gənc nəslin dünyagörüşünün milli ideyalar və rasional dəyərlər əsasında formalaşdırılmasının kompleks layihələri həyata keçirilməlidir. Bir sözlə, milli təhlükəsizliyimizin etibarlı təminatı - dini-ideoloji ekspansiya cəhdlərini dəf etmək istiqamətində zəruri olan bütün fəaliyyətlərimizin səfərbər edilməsindədir.
Cavanşir Feyziyev,
Milli Məclisin deputatı,
Fəlsəfə doktoru
Yeni Azərbaycan.-2014.- 25 sentyabr.- S. 7.