Azərbaycan tarixində böyük hadisə: Avropa Çempionatı Bakıda

 

UEFA-nın İcraiyyə Komitəsinin “Avro-2020”nin final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi qərarı Azərbaycan futbolsevərlərinin sevincinə səbəb olub

Məlum olduğu kimi, sentyabrın 19-da Azərbaycan futbolsevərlərini qürurlandıran əlamətdar hadisə baş verib. Belə ki, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının - “Avro-2020”nin final mərhələsinin oyunlarını qəbul edəcək 13 şəhərdən birinin Bakı olduğu aydınlaşıb. UEFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən, 2020-ci ildə təşkil olunacaq Avropa Çempionatının final mərhələsinin 4 oyunu Bakıda keçiriləcək. Bunlardan biri 1/4 final mərhələsinin, digər 3-ü isə qrup mərhələsinin oyunları olacaq.

AVROPA ÇEMPİONATI ƏN MÖTƏBƏR FUTBOL YARIŞLARINDANDIR

Məlumdur ki, futbol üzrə Avropa Çempionatı Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) üzv ölkələrin kişilərdən ibarət milli yığma komandaları arasında qitənin ən güclüsünü müəyyənləşdirmək üçün 4 ildən bir keçirilən mötəbər idman yarışıdır. 1960-cı ildən keçirilən çempionatın ilk qalibi keçmiş Sovetlər Birliyi, 2012-ci ildə keçirilən sonuncu müsabiqənin qalibi isə İspaniya olub. Qeyd edək ki, Avropa Çempionatı FİFA-nın Dünya kubokundan sonra ikinci ən nüfuzlu futbol turniridir.

“Avro-2020”ni əlamətdar edən cəhətlərdən biri isə onun sayca 15-ci çempionat olması və həmin il müsabiqənin təməlinin qoyulmasının 60 illiyinin tamam olmasıdır. Bu səbəbdən də budəfəki turnirə daha böyük beynəlxalq marağın olacağı gözlənilir. Elə bu münasibətlə də “Avro-2020”yə əvvəlki müsabiqələrlə müqayisədə daha çox sayda şəhərin ev sahibliyi etməsinə şərait yaradılıb və Azərbaycan da bu imkandan yararlanaraq 4 qarşılaşmanın Bakıda keçirilməsi hüququnu əldə edib. Avropa Çempionatına ev sahibliyi etməyin üstün cəhətlərindən biri də həmin ölkələrin milli komandalarının seçim turlarında iştirak etmədən müsabiqəyə birbaşa vəsiqə qazanmalarıdır.

Təbii ki, belə bir məsuliyyətli turnirin ev sahibləri seçilərkən şəhərdəki idman infrastrukturunun səviyyəsi, texniki-təşkilati imkanlar, beynəlxalq idman müsabiqələrinin keçirilməsi təcrübəsi, idmançıların və qonaqların rahatlığının təmin olunması üçün tələb olunan sosial infrastrukturun səviyyəsi, həmçinin, ölkənin futbol ənənələrinin olması da nəzərə alınır. Təsadüfi deyil ki, 2020-ci ildə təşkil olunacaq Avropa Çempionatının 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar münasibətilə ölkəmizin futbolsevərlərini təbrik edən AFFA-nın prezidenti Rövnəq Abdullayev bu hadisəni “Bakı şəhərinin Avropanın 13 ən inkişaf etmiş şəhərləri sırasına düşməsi” kimi dəyərləndirib. Deməli, “Avro-2020” yarışlarının ev sahiblərindən biri kimi Bakının seçilməsi ölkəmizin və paytaxtımızın inkişafına beynəlxalq səviyyədə verilən yüksək qiymətin göstəricilərindəndir.

AZƏRBAYCANIN FUTBOL ƏNƏNƏLƏRİ, FUTBOLUN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ VƏ ÖLKƏNİN İDMAN NÜFUZU UEFA-NIN QƏRARININ TƏSADÜFİ OLMADIĞINI GÖSTƏRİR

Ümumiyyətlə, idmanın inkişafı müstəqil Azərbaycanda sağlam gəncliyin yetişdirilməsinə dövlətin göstərdiyi diqqət və qayğının tərkib hissəsidir. Əvvəlcə qeyd edək ki, Azərbaycanda ilk futbol klubu ötən əsrdə ölkəyə sərmayə yatıran İngiltərə şirkətlərinin dəstəyi ilə 1911-ci ildə yaradılan “Britaniya klubuadlanan komanda olub. Sonrakı illərdə yeni komandaların yaranması ilə Azərbaycan futbolu inkişaf etməyə başlayıb. Müstəqillik illərində isə, məhz Ulu öndər Heydər Əliyevin bu sahəyə diqqətinin göstəricisi olaraq, Azərbaycanda olimpiya hərəkatının əsası qoyulub, ölkənin hər yerində sürətlə idman-olimpiya komplekslərinin tikintisinə başlanılıb. Həyata keçirilən maddi-texniki təchizat işləri, idmanın kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi, gənclərin idmana marağının artırılması, idmanın ölkədə kütləviləşdirilməsi təbii olaraq öz uğurlu nəticələrini verməkdədir. Futbol da daxil olmaqla müxtəlif idman növlərində idmançılarımızın beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil etmələrinin, bir çox yarışlarda qazanılan uğurların ölkənin nüfuzuna müsbət təsiri danılmazdır. Təsadüfi deyil ki, idmanın inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlər Azərbaycan idmanının dünyadakı şöhrətini xeyli artırıb. Artıq Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkəmizdə idman infrastrukturunun yenilənməsi, bu sahədə əsaslı baza yaradılmasının təmin edilməsi istiqamətində böyük islahatlar həyata keçirib. Futbolun inkişafına mütərəqqi yanaşmanı təşviq edən Prezident İlham Əliyevin 10 oktyabr 2005-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” ölkəmizdə insanların çox sevdikləri futbolun qarşısında yeni inkişaf perspektivləri açıb, ölkəmizdə futbolun inkişaf istiqamətləri müəyyənləşdirilib. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, heç şübhəsiz ki, ölkəmizdə futbolun ahəngdar inkişafını, eyni zamanda, bu kütləvi idman növünün beynəlxalq miqyasda Azərbaycanın imicinin yüksəldilməsində əhəmiyyətli təbliğat vasitəsinə çevrilməsini təmin edəcək.

Hər bir idman növü kimi, futbolda da uğurlar qazanılmasında müasir standartlara cavab verən infrastrukturun yaradılması mühüm şərtdir. Bu cəhətdən son illərdə ölkəmizdə futbol infrastrukturunun yenilənməsi istiqamətində yerinə yetirilən layihələr içərisində mövcud stadionların yenidən qurulmasını, eləcə də yeni arenaların tikintisini xüsusi vurğulamaq gərəkdir. Son illərdə əksər futbol klubları yeni, müasir standartlara cavab verən təlim-məşq bazaları ilə təmin olunub, paytaxt Bakıda və bölgələrdə yeni stadionlar tikilib. Bu sırada Tofiq Bəhramov adına Respublika stadionunu, “Bakı”, “Azal”, “Qəbələ” futbol klublarının yeni təlim-məşq bazalarını, “Xəzər-Lənkəran” komandası üçün inşa edilən stadionu və digərlərini misal göstərmək mümkündür. Hazırda Bakıda möhtəşəm Olimpiya Stadionu inşa olunur. Təməli 2011-ci ildə qoyulan stadionun tamaşaçı tutumu 68 min nəfər olacaq. Bakı Olimpiya Stadionu ən müasir standartlara uyğun inşa edilir. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan işlərin çox hissəsi həyata keçirilib. Yeni obyektdə bütün işlərin 2015-ci ilin fevral ayında tamamlanması nəzərdə tutulub.

Azərbaycanda uşaq futbolunun inkişafına da diqqət ayrılır. “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”nda uşaq futbolu ilə bağlı bir çox maddələr öz əksini tapıb. Son vaxtlar AFFA tərəfindən bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, uşaqlar üçün paytaxtda və bölgələrdə UEFA-nın “Het-trik” proqramına uyğun olaraq çoxlu sayda süni örtüklü meydançalar istifadəyə verilib. Belə meydançalarda əsasən məktəbyaşlı uşaqlar, şagirdlər futbolun sirlərini öyrənmək imkanı əldə edirlər. Respublikamızda futbolu yeniyetmələr arasında kütləviləşdirmək məqsədilə 13, 14, 15, 16 və 17 yaşlılardan ibarət komandaların çempionatları təşkil olunur. Həmçinin, AFFA Futbol Akademiyası inşa olunaraq uşaqların ixtiyarına verilib. AFFA və Təhsil Nazirliyinin birgə layihəsi əsasında isə orta ümumtəhsil məktəblərində bədən tərbiyəsi fənləri futbol dərsləri ilə əvəz edilir.

Ümumilikdə, həyata keçirilən tədbirlər, davamlı dövlət dəstəyi ölkəmizdə futbolun inkişafına təkan verib. Artıq Azərbaycanın milli komandası və eləcə də klublarımız beynəlxalq səviyyəli yarışlarda daha inamla çıxış edirlər.

O da məlumdur ki, Azərbaycan dəfələrlə beynəlxalq yarışlara ev sahibliyi edib, böyük beynəlxalq müsabiqələrin təşkilində önəmli təcrübəyə yiyələnib. Xatırlatmaq yerinə düşər ki, ölkəmizdə futbol ilə də bağlı beynəlxalq tədbirin keçirilməsinə dair təcrübə mövcuddur. Belə ki, 2012-ci ilin sentyabr-oktyabr aylarında ölkəmizdə 17 yaşa qədər qızlar arasında futbol üzrə Dünya Çempionatı keçirilibbu çempionat da Azərbaycanın yüksək səviyyəli təşkilatçılığı ilə başa çatıb.

Mövcud təcrübə Avropa Çempionatının da uğurlu təşkilinə zəmin yaratmaqla bərabər, bu müsabiqənin özü də ölkəmiz üçün mühüm idman təcrübəsi olacaqdır.

Göründüyü kimi, UEFA-nın İcraiyyə Komitəsinin “Avro-2020”nin final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi qərarı heç də təsadüfi olmayıb, sadalanan amillərin məntiqi nəticəsidir. Əminliklə demək olar ki, “Avro-2020” çərçivəsində paytaxtımıza həvalə edilən qarşılaşmalar yüksək səviyyədə təşkil olunaraq çempionatın ümumi uğuruna mühüm töhfə verəcək.

Əlbəttə ki, bu tarixi qərar bütün ölkə ictimaiyyətinin, xüsusən də, gənclərin haqlı sevincinə səbəb olub. Belə ki, paytaxtda həmsöhbət olduğumuz gənclər bunu bir daha təsdiqləyiblər. Şəhər sakini, tələbə Kənan Ağakişiyev hesab edir ki, müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafı digər sahələrin də inkişafına ciddi zəmin yaradıb: “İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, gənc nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biridir. Məhz bu səbəbdən də Azərbaycan dövləti idmanın inkişafına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqət və qayğısı ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünyaAvropa çempionatlarında idmançılarımızın qazandığı medallarmükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıdıb. Məhz bu səbəbdən də beynəlxalq idman ictimaiyyəti, idman federasiyaları həvəslə ən mötəbər yarışları ölkəmizə həvalə edirlər. Bir gənc kimi mənim bu tarixi qərara görə sevincimin həddi-hüdudu yoxdur. Azərbaycanda “Avro-2020”nin keçirilməsi üçün hər cür şərait var. Hətta dünyanın nüfuzlu futbol qurumlarına rəhbərlik edən şəxslər də etiraf edir ki, Azərbaycanda gözəl infrastruktur, əla təşkilatçılıq var. Şübhə yoxdur ki, Azərbaycan “Avro-2020”nin oyunlarına da ən yüksək səviyyədə ev sahibliyi edəcək”.

Digər bir paytaxt sakini Anar Həşimzadənin fikrincə, belə bir önəmli beynəlxalq tədbirin keçirilməsinin Azərbaycana həvalə edilməsi dünya dövlətləri içərisində öz inkişafsabitlik göstəricilərinə görə seçilən ölkəmizə qlobal səviyyədə inamın, etibarın təsdiqidir: “Bu inam və etibarın arxasında isə, mən bir gənc kimi düşünürəm ki, məhz dövlətimizin inkişafı, müasir infrastruktura sahib olması amili dayanır. Son illər ölkəmizin iqtisadi cəhətdən inkişaf etməsi, bütün sahələr kimi, idmana da öz müsbət təsirini göstərməkdədir. Hazırda bölgələrdə onlarla Olimpiya İdman Kompleksi inşa edilərək idmançılarımızın ixtiyarına verilib. Bu da dünya miqyasında görülməmiş bir hadisədir. Bölgələrdə, ən ucqar yerlərdə belə müasir idman obyektlərinin yaradılması həmin bölgənin uşaq və yeniyetmələrinin, gənclərin sağlam həyat tərzinə meyil etməsində böyük rol oynayır. Davamlı atılan addımlar deməyə əsas verir ki, idmanımızın da inkişafında yeni nailiyyətlər əldə olunacaq. Biz buna inanırıq. Biz həm də inanırıq ki, bu, ölkəmizin dünya idman arenasında qazandığı son uğur deyil. Bundan sonra daha da böyük uğurlara imza atacağıq”.

Söhbətləşdiyimiz gənclərdən Təbriz Babayevin fikrincə, ölkəmizin nüfuzunu günbəgün artıran, onu dünyaya geniş miqyasda tanıtdıran amillərdən biri də idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlərdir: “2020-ci ildə Avropa Çempionatının ölkəmizdə keçirilməsi böyük bir hadisədir. Azərbaycan idman turnirlərini keçirməkdə böyük təcrübəyə malikdir. Bütün idmansevərləri, özəlliklə də futbol azarkeşlərini təbrik edirəm”.

Sektor 11” azad azarkeş qrupunun rəhbəri Atanur Cəfərli hesab edir ki, “Avro-2020”nin final mərhələsinin oyunlarının vətənimizdə keçirilməsi bütün futbol azarkeşlərini sevindirir: “İndiyə kimi Azərbaycanda bir çox beynəlxalq yarışlar keçirilib. Əksər digər idman növlərinin DünyaAvropa çempionatlarına ev sahibliyi etmişik. Amma futbol idmanın şah oyunu sayılır. Bu mənada, “Avro-2020”nin 4 oyununun Bakıda keçirilməsi böyük uğurdur. Heç şübhəsiz ki, bütün dünyanın diqqəti ölkəmizdə olacaq. Bu, həm də ölkəmizin təbliğatı baxımından çox vacibdir. Ümid edirəm ki, bu oyunlar dünyanın yaddaşına əbədi həkk olunacaq”.

Hülya MƏMMƏDLİ,

Oktay HACIMUSALI

Yeni  Azərbaycan.-2014.- 26 sentyabr.- S. 4.