Azərbaycan
fəal investisiya siyasəti həyata keçirir
Prezident
İlham Əliyev: Azərbaycanda minlərlə xarici şirkət
fəaliyyət göstərir, işləyir, dövlətdən
kontraktlar alır, o kontraktları icra edir. Bizim xarici şirkətlər
qarşısında qoyduğumuz əsas şərt keyfiyyətdir
və ən müasir standartlardır
Məlum olduğu kimi, Prezident İlham Əliyevin həyata
keçirdiyi məqsədyönlü siyasət nəticəsində
Azərbaycan dünyada iqtisadiyyatı ən sürətlə
inkişaf edən ölkələrdən birinə
çevrilib.
Son 10 il ərzində respublikamızda
ümumi daxili məhsul 3 dəfədən çox, büdcə
xərcləri 20 dəfə artıb. Ölkənin
xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 8
faizini təşkil edir ki, bu da kifayət qədər
yaxşı göstəricidir. Dinamik
iqtisadi inkişaf nəticəsində ölkədə
yoxsulluq 5 faizə düşüb. Azərbaycanın
dinamik iqtisadi inkişafı beynəlxalq reytinq agentliklərinin
hesabatlarında da öz əksini tapıb. Məsələn, Davos Dünya İqtisadi Forumunun
hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə
görə bir pillə irəliləyərək dünya
üzrə 38-ci yerdə qərar tutub.
Dinamik
iqtisadi inkişaf Azərbaycanın investisiya imkanlarını
artırıb
Azərbaycan iqtisadiyyatının ilbəil
dayanıqlılığını artırması və daha
da genişlənməsi, öz növbəsində,
respublikamızın maliyyə imkanlarının genişlənməsi
ilə nəticələnib. Prezident İlham Əliyevin
vurğuladığı kimi, ölkəmizin maliyyə vəziyyəti
çox sabitdir: “Mən dəfələrlə demişəm,
bizim iqtisadi və maliyyə vəziyyətimiz müstəqilliyimizi
şərtləndirən əsas amillərdən biridir. Azərbaycan böyük maliyyə resurslarına
malikdir. Bu resursları biz özümüz
yaratmışıq, bizə heç kim
kömək etməmişdir. Azərbaycan
xalqının istedadı və
düşünülmüş siyasət nəticəsində
bunu əldə etmişik. Bu gün
dünya miqyasında adambaşına düşən valyuta
ehtiyatlarına görə, hesab edirəm ki, Azərbaycan
aparıcı, yəni, ən qabaqcıl yerlərdədir.
Bizim 54 milyarddan çox valyuta
ehtiyatlarımız vardır. Bu da bizə
inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük
infrastruktur və sosial layihələrimizi icra edək”.
Son 10 ildə Azərbaycan iqtisadiyyatına 160 milyard dollar
həcmində investisiyalar yönəldilib. Ötən il
ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən
yönəldilən investisiyaların həcmi rekord səviyyəyə
- 28 milyard dollara çatıb. Cari ilin birinci yarısında
ölkədə uğurlu investisiya siyasətinin
aparılması nəticəsində bütün maliyyə mənbələrindən
əsas kapitala 3 milyard 125,9 milyon manat vəsait
yönəldilib ki, bu da 2013-cü ilin birinci rübü ilə
müqayisədə 7 faiz çoxdur.
Ölkəmizdə investisiya qoyuluşunun artması
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən düşünülmüş praqmatik siyasətlə
bağlıdır. Respublikadakı möhkəm daxili sabitlik,
ardıcıl surətdə həyata keçirilən iqtisadi
islahatlar, qabaqcıl dünya təcrübəsinə əsaslanan
qanunvericilik bazası, investisiyaların qorunmasında və təşviq
edilməsində dövlətin nümayiş etdirdiyi
güclü siyasi iradə, ölkədə yaradılan əlverişli
biznes mühiti Azərbaycanı investisiya qoyuluşu
baxımından cəlbedici dövlətə çevirib.
Həyata keçirilən bütün bu və
digər tədbirlər nəticəsində ölkədə
iqtisadi fəallıq artıb. Respublikamızda
sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi
ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya
texnologiyaları, kənd təsərrüfatı, qida-emal sənayesi,
logistika, daşıma, turizm və digər sahələr əsas
götürülür.
Son illərdə Azərbaycanın sərmayə
bazarına yönəldilən investisiyaların strukturunda əhəmiyyətli
dəyişiklik baş verib. Diqqəti çəkən
əsas məqam ondan ibarətdir ki, ölkəmizə
yatırılan investisiyaların strukturunda daxili
investisiyaların həcmi ilbəil artaraq xarici sərmayələri
üstələyib. Azərbaycan
dünyanın aparıcı şirkətləri ilə
imzalanan neft müqavilələri çərçivəsində
əldə etdiyi gəlirləri iqtisadiyyatın şaxələndirilməsinə,
qeyri-neft sektorunun, ələlxüsus da innovasiya, elm tutumlu sənaye
sahələrinin inkişafına yönəldir.
Qeyd edək
ki, ölkəmizdə daxili investisiya təminatının
artmasında dövlət başçısının
“İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə
Əlavə Tədbirlər haqqında” müvafiq Sərəncamına
uyğun olaraq 2006-cı ildə yaradılan “Azərbaycan
İnvestisiya Şirkəti” (AİŞ) Açıq Səhmdar
Cəmiyyəti böyük rol oynayıb. Ötən
dövrdə Azərbaycan İnvestisiya Şirkəti ölkədə
yeni müəssisələrin yaradılmasına mühüm
töhfələr verib. Azərbaycanda və
digər Xəzəryanı ölkələrdə gəmi
tikintisinə olan tələbatı təmin etmək
üçün yeni gəmilərin və iritonnajlı tankerlərin
tikintisi və təmiri üzrə zavodun inşasını
buna nümunə göstərmək mümkündür.
AİŞ bu müəssisədə 25 faiz paya
sahibdir. Müəssisənin digər səhmdarları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
(ARDNŞ), Keppel Offshore and Marine (Sinqapur) şirkətidir.
Bundan
başqa, AİŞ-in iştirakı ilə “M-Pro” şirkətinin
Hövsan qəsəbəsindəki süd zavodunun, “Qaradağ
Sement” zavodunda quru istehsal texnologiyasına əsaslanan yeni
sobanın, “Sənqəçal Qaradağ Neft və Qaz
terminalı” layihəsinin başlanğıc fazasının
inşası başa çatdırılıb. AİŞ
həmçinin “Ağstafa Aqroservis”, “Azərtoxum” və “Dəvəçi
Broyler”də həyata keçirilən layihələrdə
iştirak edib.
Özəl
bölmənin maliyyə imkanlarının genişləndirilməsi
və xarici borclanmanın məqbul həddə
saxlanılması ölkənin investisiya siyasətinin əsas
hədəflərindəndir
Əlamətdar haldır ki, Azərbaycan dövləti
öz investisiya siyasətində ölkənin maraqlarından
çıxış edərək bir sıra zəruri hədəflər
müəyyənləşdirib. Sərmayə
qoyuluşunda müsbət tendensiyalardan biri də özəl
bölmənin investisiya imkanlarının artması ilə
bağlıdır. Hazırda müxtəlif
sahələrə yönəldilən daxili investisiyaların
tərkibində dövlət investisiya xərcləri
üstünlük təşkil edir. Dövlət
real sektorun inkişafına güclü dəstək verir, eyni
zamanda, bir sıra infrastruktur layihələrinin, o cümlədən
sosial məzmunlu layihələrin icrasını öz öhdəsinə
götürüb. Bununla belə,
respublikamızda özəl bölmənin sərmayə
imkanlarının ilbəil artması məmnunluq doğurur.
Ötən 10 ildə Sahibkarlığa Kömək Milli
Fondunun vəsaitləri hesabına 19 mindən çox
sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin
maliyyələşməsinə 1,2 milyard manat güzəştli
kredit verilib və bu layihələr hesabına 110 minədək
yeni iş yeri yaradılıb.
Prezident
İlham Əliyev regionların sosial-iqtisadi inkişafı
Dövlət proqramlarının icrasına həsr olunmuş
konfransdakı çıxışında ölkəmizdə
müşahidə edilən bu müsbət tendensiyanı
özəl sektorun Azərbaycanın gələcəyinə
olan inamının təzahürü kimi dəyərləndirib:
“Ancaq özəl sektor da Azərbaycana investisiya qoyuluşunu
artırır. Bu da, ilk növbədə,
ölkəmizdə hökm sürən sabitliyin
hesabınadır və özəl sektorun Azərbaycanın gələcəyinə
inamının təzahürüdür”.
Əlbəttə, respublikamızda özəl bölmənin
investisiya imkanlarının artması ilk növbədə bu
sahənin inkişafına göstərilən dövlət dəstəyi
ilə bağlıdır. Azərbaycanda özəl
bölmə güclü şəkildə təşviq olunur,
ölkəmizdə sahibkarlar Prezident İlham Əliyevin hərtərəfli
qayğısı ilə əhatə olunublar. Son illərdə dövlət
başçısının “Ölkəmizin inkişafı
sahibkarlığın inkişafından asılıdır”
strateji xəttinə uyğun olaraq biznes və investisiya
mühitinin davamlı olaraq
yaxşılaşdırılması ilə bağlı
ardıcıl tədbirlər həyata keçirilib. Oanunvericilik bazasının təkmilləşdirilməsi,
korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi,
vergi yükünün azaldılması, sağlam rəqabətin
təmin edilməsi, 400-dən çox xidmətin elektron
qaydada həyata keçirilməsi, “bir pəncərə”
prinsipinin tətbiqi və bu qəbildən olan digər tədbirlər
nəticəsində respublikada güclü özəl sektor
formalaşıb. Azərbaycanda özəl bölmənin
ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin
etmək üçün zəruri tədbirlər
görüldüyünü bildirən Prezident İlham
Əliyev vurğulayıb: “Biz son on il ərzində, eyni
zamanda, sahibkarlığın inkişafına çox
böyük diqqət göstərmişik. Xüsusilə
sahibkarların ölkə iqtisadiyyatına sərmayə
qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən
konkret proqramlar icra olunmuşdur, maliyyə resursları cəlb
edilmişdir. Sahibkarlığa Kömək
Milli Fondu hesabına bir milyard 200 milyon manat investisiya
qoyulmuşdur. Sahibkarlara güzəştli
şərtlərlə kreditlər verilmişdir”.
Qeyd edək
ki, hazırda Sahibkarlığa Kömək Milli Fondunun xətti
ilə il ərzində özəl bölmənin
subyektlərinə ayrılan güzəştli kreditlərin həcmi
300 milyon manata çatır. Bu vəsait
sahibkarlar tərəfindən ölkə iqtisadiyyatında
prioritet sahələrin inkişaf etdirilməsinə yönəldilir.
Təkcə cari ilin 6 ayında Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə 1014 sahibkara 44,7 milyon manat güzəştli
kredit verilib. Ayrılan güzəştli kreditlərin 76,5 faizi aqrar sektorun, 23,5 faizi isə müxtəlif
sənaye və digər sahələrin inkişafına
yönəldilib.
Ölkəmizdə
sahibkarlığın inkişafını
stimullaşdırmaq, özəl bölmənin investisiya
imkanlarını genişləndirmək, ümumiyyətlə,
respublikada sərmayə mühitini daha da optimallaşdırmaq
baxımından Prezident İlham Əliyevin 3 mart 2014-cü il tarixdə imzaladığı
“Sahibkarlığın inkişafı ilə bağlı əlavə
tədbirlər haqqında” Fərmanı xüsusi əhəmiyyətə
malikdir.
Azərbaycanın investisiya siyasətinin diqqətəlayiq
cəhətlərindən biri də xarici borclanmanın məqbul
həddə saxlanılması ilə bağlıdır. Məlumdur ki,
hazırda dünyanın bir sıra ölkələri məhz
xarici borclanmanın ifrat səviyyəyə çatdırılmasının
fəsadları ilə üzləşiblər. Respublikamız isə Prezident İlham Əliyevin məqsədyönlü
siyasəti sayəsində “xarici borclanma” sindromundan yan
keçməyi bacarıb. Prezident İlham Əliyev
yuxarıda haqqında bəhs olunan konfransda xarici
borclanmanın bundan sonra da aşağı səviyyədə
saxlanılacağını bildirib: “Bu gün inkişaf
etmiş ölkələrdə bu göstərici 100 faizdən
də çoxdur. Ancaq Azərbaycanda 8 faizdir.
Misal üçün, xarici dövlət borcunun
50 faizi ümumi daxili məhsula nisbətdə məqbul hesab
edilir. Biz hazırda 30 milyard dollar kredit
resurslarını alsaq, yenə də bu göstərici ən
yüksək səviyyədə olacaqdır. Yəni, bu, Azərbaycanın iqtisadi
potensialını əyani şəkildə göstərən
amildir. Gələcək illərdə
xarici borcun aşağı səviyyədə saxlanması,
hesab edirəm ki, düzgün siyasət olacaqdır”.
Azərbaycanın
xarici sərmayədarlar üçün investisiya cəlbediciliyi
artıb
Nüfuzlu beynəlxalq maliyyə qurumları, eləcə
də, ayrı-ayrı şirkətlər iqtisadi
dayanıqlığı getdikcə artan Azərbaycanın sərmayə
bazarında məmnuniyyətlə yer tutmağa çalışırlar. Bununla bağlı məmnunluğunu
ifadə edən Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi
çərçivəsində bərə terminalının
açılışında söylədiyi nitqində
vurğulayıb: “Azərbaycan investisiyalar üçün
açıqdır. Azərbaycanda minlərlə
xarici şirkət fəaliyyət göstərir, işləyir,
dövlətdən kontraktlar alır, o kontraktları icra edir.
Bizim xarici şirkətlər
qarşısında qoyduğumuz əsas şərt keyfiyyətdir
və ən müasir standartlardır”.
Əlamətdar haldır ki, iqtisadiyyatımızın müxtəlif sahələrinə investisiyalar yatıran xarici ölkələr arasında yüksək inkişaf səviyyəsinə çatmış Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi məhz Avropa İttifaqı ölkələrinin payına düşür. Bu sırada Almaniya, Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələrin adını çəkmək mümkündür. Azərbaycanda müxtəlif Avropa ölkələrinə məxsus 1000-dən çox şirkət qeydiyyatdan keçib. Bu şirkətlər sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqının 20 ölkəsi arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 10-dan çox ölkə ilə isə hökumətlərarası komissiya yaradılıb.
Azərbaycanın sərmayə bazarında xarici investisiyaların həcminin artması ilk növbədə ölkəmizə olan inamın təzahürüdür. Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu cəhəti xüsusi vurğulayaraq deyib: “Baxın, cəmi iki il ərzində Bakıda “Marriott”, “Hilton”, “Kempinski”, “Jumeirah”, “Fairmont”, “Four Seasons” - dünya miqyasında ən birinci sırada olan altı otel fəaliyyət göstərir. Ondan sonra “Sheraton”, “Hyatt”, “Radisson”. Bu, ölkəmizin inkişafını göstərir və investorların Azərbaycanın gələcəyinə inamını əks etdirir”.
Bu məqamda onu da vurğulamaq lazımdır ki, Azərbaycana xarici investisiyaların cəlb olunması ölkənin maraqları nəzərə alınmaqla məqsədyönlü şəkildə tənzimlənir. Prezident İlham Əliyev xarici investisiyaların ölkəmizin inkişafı üçün lazım olan, prioritet təşkil edən sahələrə yönəldilməsinin vacibliyini nəzərə çatdıraraq vurğulayıb: “Ancaq çalışmalıyıq ki, xarici investisiyaları sənaye inkişafının artırılmasına, kənd təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına da cəlb edək”.
Mübariz
ABDULLAYEV
Yeni
Azərbaycan.-2014.- 26 sentyabr.- S. 2.