AMEA Təcrübə-Sənaye Zavodunun fəaliyyəti genişlənir

 

Azərbaycan inkişaf etdikcə, digər sahələrlə yanaşı, elmimiz inkişaf edir. Bu inkişaf elmin əlaqəli inkişafı və tətbiqini gündəmə gətirir. AMEA-da qarşıya qoyulmuş məqsədlərdən biri də alimlərimizin aldıqları elmi nəticələrin birbaşa istehsala tətbiqi məsələlərini həll etməkdir. AMEA-nın Təcrübə-Sənaye zavodunda əldə olunmuş nəticələri bu istiqamətdə atılmış uğurlu addım hesab etmək olar. AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayevlə görüşüb bu istiqamətdə həyata keçirilmiş tədbirlər barəsində məlumat verməsini xahiş etdik.

—Fətəli müəllim, mediada yayılmış məlumatlarda da göstərildiyi kimi, AMEA-nın Təcrübə-Sənaye zavoduna rəhbərlik AMEA İşlər İdarəsinə həvalə olunub. Bu barədə fikirlərinizi bizimlə bölüşərdiniz.

—Bəli, həqiqətən də, AMEA prezidentinin bu ilin aprel ayında verdiyi sərəncama əsasən AMEA-nın Təcrübə-Sənaye Zavodu bizim idarənin tabeliyinə verilib. Məlum olduğu kimi, İşlər İdarəsinin Əsasnaməsinə uyğun olaraq AMEA-nın idarəetmə aparatında, eyni zamanda elmi müəssisə və təşkilatlarında işlər aparılır. İdarə əsasən inzibati idarəetmə, xidmət, mühafizə, nizam-intizam, işçilərin , yaşayış və məişət şəraitlərinin yaxşılaşdırılması və digər sosial məsələlər, eləcə də akademiyanın istifadəsində olan torpaq sahələri və əmlakın qorunub saxlanması istiqamətində fəaliyyət göstərir. O cümlədən tabeliyində olan təsərrüfat hesablı müəssisələrin işinə rəhbərlik edir.

Təcrübə-Sənaye Zavoduna gəldikdə isə bu zavod da AMEA-nın bir sıra müəssisə və təşkilatları kimi 2001-ci ildə özəlləşməyə açıq elan edilmişdir. AMEA prezidenti tərəfindən Azərbaycan Respublikası Prezidentinə edilən müraciət əsasında zavodun özəlləşdirilməsi dayandırılıb və fəaliyyəti yenidən bərpa olunub.

—Təcrübə-Sənaye Zavodunun hazırki vəziyyəti və fəaliyyət istiqamətləri ilə bağlı nə deyə bilərsiniz?

—Təcrübə-Sənaye Zavodu mövcud spesifik istehsal, infrastruktur, potensiallı məhsulların istehsalı və satışı üçün zəruri olan normativ-texniki və digər sənədlərlə təminatlı müəssisə kimi təkcə akademiya sistemi üçün deyil, eyni zamanda bəzi istehsal və təhsil müəssisəsi üçün elmi-tədqiqat, təcrübə-sınaq işlərinin təşkili və aparılmasına imkan verir. Zavod kimyaneft-kimya profilli olmaqla 1974-cü ildən fəaliyyət göstərir.

Keçən müddət ərzində zavod istehsal tələblərinə cavab vermirdi, elmi-tədqiqat və təcrübə işləri aparılmırdı. Uzun illər əsaslı təmir işləri həyata keçirilmədiyi üçün texnoloji qurğular, sexlərin binaları və ümumiyyətlə, bütün ərazi bərbad vəziyyətdə idi. İşçi heyətinin bir qismi öz hesablarına uzunmüddətli məzuniyyətlərə göndərilmiş, digərlərinin isə əmək haqları aylarla verilməmiş, zavodun böyük məbləğdə borcları yaranmışdır.

Mövcud vəziyyəti nəzərə alaraq AMEA Rəyasət Heyəti tərəfindən zavoda daha potensiallı rəhbər təyin edildi. İlk növbədə zavodun ərazisi müəyyənləşdirildi. İşçilərin şəraitini yaxşılaşdırmaq üçün həm inzibati binada, həm də sexlərdə təmir və yenidənqurma işlərinə başlanıldı. İşçilər üçün rahat şəraiti yaratmaq, idarəetmədə operativliyə və səmərəliliyə nail olmaq məqsədilə inzibati binada müasir tələblərə uyğun əsaslı təmir işləri aparılır və yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, zavodun ərazisində abadlıq, səliqə-sahman, yaşıllaşdırma istiqamətində çoxlu işlər görülübbu işlər davam etməkdədir. Bundan başqa, zavodda normal işgüzar şərait yaradılmış, daxili nizam-intizam qaydaları möhkəmləndirilmiş və nəticədə işçilərdə işə məsuliyyət hissi artmışdır. Hazırda zavodun mütəxəssislərinin və işçi personalının işə geri qaytarılmasına başlanılıb.

Aparılan işlərin, eləcə də AMEA-nın dəstəyinin nəticəsi olaraq zavodda son aylarda istehsalın həcmi əhəmiyyətli dərəcədə artıb, işçilərin əməkhaqlarının vaxtında verilməsi təmin edilib.

Zavodun gələcək inkişafı üçün perspektivdə hansı planlar durur?

—Hazırda zavodun istehsal sahələrində genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Zavod üçün perspektivli məhsulların istehsalını daha səmərəli təşkil etmək məqsədilə sexlərin funksiyalarının və texniki avadanlıqların bərpası, onların təkmilləşdirilməsi istiqamətində işlər həyata keçirilir, yeni avadanlıqların alınması üçün tədbirlər görülür.

Demək olar ki, AMEA-nın dəstəyi ilə Təcrübə-Sənaye Zavodu yeni inkişaf yoluna qədəm qoymuşdur. Zavodda elmi-tədqiqat və təcrübə-sınaq işləri ilə yanaşı, bu işlərin nəticəsi kimi, ölkə iqtisadiyyatında tələbat duyulan, başqa müəssisələr tərəfindən istehsal olunmayan, müxtəlif təyinatlı yağlarsürtkü materialları istehsal olunur. Hazırda bu məhsulların keyfiyyət göstəricilərinin müvafiq normativ-texniki sənədlərin tələblərinə tam cavab verməsi istiqamətində ciddi işlər həyata keçirilir. Bu baxımdan nümunə kimi daxili bazarda böyük tələbat duyulan solidol yağını qeyd etmək istərdim. Belə ki, son zamanlarda bu sürtkü materiallarının keyfiyyət göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmuşdur və təbii ki, bu, zavod üçün uğurlu nailiyyət kimi qiymətləndirilməlidir. Hazırda zavod solidola gündən-günə artan tələbatı ödəmək üçün əlavə tədbirlərin həyata keçirilməsi üzərində intensiv işlər görür.

Xüsusilə qeyd etmək lazımdır ki, zavodda aparılan elmi-tədqiqat və təcrübə-sınaq işlərinin çox uğurlu nəticəsində yeni məhsul, xarici analoqlarını bir çox göstəricilərinə görə üstələyir. Yeni nəsil sulfonat əsaslı, geniş istifadə təyinatlı plastik sürtkü materiallarının və yeni tip universal bitum adgeziya qatqısının istehsal texnologiyası işlənilir. Hər iki texnoloji proses Avrasiya versiyası üzrə patentləşdirilmişdir. Bu məhsullar zavodun gələcək dinamik inkişafının təminatı baxımından çox vacib amildir.

Zavodun gələcək inkişafının uğurlu təminatı kimi investisiya vəsaitinin ayrılması məqsədilə müəssisənin 2015-2020-ci illərə hesablanmış investisiya layihəsi hazırlanmış, İqtisadiyyat və Sənaye Nazirliyində layihəyə baxılır.

Yekun olaraq qeyd etmək lazımdır ki, zavodun fəaliyyətinin kökündən yaxşılaşdırılması üçün həyata keçirilən səmərəli işlər davam etdirilir. İnanırıq ki, gələcəkdə zavodun bazasında yaradılacaq Texnoparkın potensialından istifadə etməklə Azərbaycan elminə daha böyük töhfələr verilməsinə geniş imkanlar yaranacaq.

 

Samir ZEYNALOV

Respublika.-2014.-26 sentyabr.-S.4.