Böyük ədibə məhəbbətlə

 

28 sentyabr - Mir Cəlal Paşayevin əbədiyyətə qovuşduğu gündür

 

Böyük vətəndaş kimi sevdiyim Mir Cəlal Paşayevin əsərlərinin xeyli hissəsini mütaliə etmişəm. Bunlardan çox şey öyrənmişəm. İndi də öyrənməkdə davam edirəm. Ədibin mənəvi tariximizdə əbədi yaşayan məqalələrini, xalqımızın istedadlı, bacarıqlı, zəhmətkeş, qəhrəman övladlarına, gənclərin həyat yoluna, bəşəri simalara həsr etdiyi yazılarını bu gün də dönə-dönə oxumaqdan zövq alıram. Çünki Mir Cəlal yaradıcılığının gücü həm də ondadır ki, bu ədəbi sərvətimizdə əsl azərbaycançılıq, əsl xəlqilik, dünyəvilik və təbiilik var. Alim-yazıçı, vətənpərvər ictimai xadimin - Mir Cəlal Paşayevin əziz ruhunu bir daha yad etmək üçün bu məqalələrdən və həzin xatirələrdən bəzi məqamlara bir daha ziyarət etmək istəyirəm.

Mir Cəlal unudulmaz dövlət və mədəniyyət xadimi Nəriman Nərimanova hörmətlə yanaşırdı. Onun xüsusilə ədəbiyyatımız sahəsindəki xidmətlərini mütəmadi nəzərdən keçirirdi. Ədib bu barədə 1956-cı il, aprelin 15-də N.Nərimanovun anadan olmasının 85 illiyi münasibəti ilə qələmə aldığı “Görkəmli realist ədib” məqaləsində (“Ədəbiyyat və incəsənət” qəzeti) yazırdı: “...İnsan və onun yaradıcı zəhməti, mənəvi qüdrəti Nərimanovun əsərlərində həmişə yüksək tutulur. Şəxsiyyət azadlığı, vicdan və fikir azadlığı, insani heysiyyət və şərəf ucalığı Nərimanovun əsərlərində də, şəxsi həyatında da böyük ideal və zəruri tələb olmuşdur... Nərimanovun ədəbi irsində publisist məqalə və çıxışları mühüm yer tutur. O, usta bir dramaturq, mahir bir nasir olduğu kimi, alovlu bir publisist idi. Mədəniyyət, maarif, sənət, ədəbiyyat, dil, əlifba və imla məsələlərinə aid onun bir sıra maraqlı əsərləri və fikirləri var ki, bunlar vaxtilə mühüm rol oynamış, indi öz əhəmiyyəti və təravətini itirməmişdir.

N.Nərimanov ədəbiyyata məhz mübarizə silahı, tərbiyə vasitəsi, xitabət kürsüsü, “insanşünaslıq” kimi baxırdı. Buna görə də, onun əsərlərinin məzmununu həmişə demokratik, inqilabi ideyalar təşkil edir. O, teatrı tərbiyə məktəbi sayırdı.

...1922-ci ildə Bakıda füqəra şairi M.Ə.Sabirə ilk heykəl qoyulmuşdur. O zaman bəzi ziyalılar, hətta məsul işçilər Sabiri yaxşı tanımır, onun ədəbiyyatımızda böyük inqilabi xidmətlərini qiymətləndirə bilmirdilər. Nəriman Nərimanov belə adamlara cavab verərək, “Bəzi yoldaşlara cavab” adlı məqaləsində yazırdı: “Azərbaycan uşaqlarının həqiqi füqəra şairi doğma Sabirin mübariz və döyüşkən şeirlərini və xalq şairləri Vaqif, Zakir və Vidadinin əşarını öyrənib bilmələri, eləcə də, nəinki Puşkinin, hətta Şekspirin və Şillerin də şeirlərini öyrənib bilmələri lazımdır...”

N.Nərimanov həm bədii əsərləri, həm məqalə və çıxışları ilə Azərbaycan dilinin inkişafı, tərəqqisi, təmizliyi, saflığı uğrunda ən fəal mübarizə aparan ədiblərdəndir. Onun dili ərəb-fars, osmanlı tərkiblərindən təmiz, sadə, aydın xalq dilidir... Ana dilinə xor baxan, firəngcəni ana dilindən üstün tutan mənsəbpərəst, xalqa yad ziyalılara Nərimanov nifrət bəsləyirdi... XX əsr ədəbiyyat tariximizi, mədəniyyət tariximizi Nərimansız təsəvvür etmək çox çətindir. Onun bədii əsərləri ədəbiyyatımızın ən qiymətli incilərindəndir...”

Mir Cəlal Paşayev Azərbaycanın böyük bəstəkarı, dramaturqu, ictimai xadimi Üzeyir Hacıbəyovun da fəaliyyətini yüksək dəyərləndirirdi. Bəstəkarın ölüm xəbərindən son dərəcə məyus olan yazıçı özünün “Ürəklər fatehi” məqaləsində kövrək duyğularını oxucuları ilə paylaşırdı: (“Ədəbiyyat” qəzeti, 28 noyabr, 1948-ci il) “...Üzeyir öz sənəti ilə qəlbləri fəth etməyi bacaran, dərin və həqiqi demokratik fikirləri, saf və yüksək insani hissləri zərif, təbii, mənalı səs dalğalarında gözəl, bədii ifadə edən bir sənətkardır... Qırx il əvvəl yazdığı ilk Azərbaycan operası olan “Leyli və Məcnun”da böyük bəstəkar zülm və zorakılıq dünyasında alovlu bir eşqin qüssəli sərgüzəştini dərin lirika ilə bəstələyir. Üzeyir Hacıbəyov musiqinin mənasında ancaq kədər və məhzunluq axtaran köhnə, mürtəce Şərq ənənəsinə qarşı çıxaraq, “Arşın mal alan” əsərində hər bir kəsə aydın olan sadə dil ilə nikbin xalq yumorunu, gülüşünü ifadə etmişdir... Coşqun ilhamın parlaq məhsulu olan “Koroğlu” operasında isə Azərbaycan xalqının zülmə, əsarətə qarşı tarixi mübarizə ənənələri, hünər və qəhrəmanlıq dastanı bütün əzəməti ilə əks olunmuşdur... Azərbaycan musiqisi dedikdə, nəzərimizdə hər kəsdən əvvəl Üzeyir Hacıbəyov canlanır. Üzeyir Azərbaycanda birinci dəfə olaraq musiqi, şeir, dram sənətinin ahəngdar sintezini yaratmışdır...

Mərhum ilə vidalaşmağa gələnlərin sayı-hesabı yox idi və arası kəsilmirdi. Ən gec vaxtda işdən çıxan fəhlələr də yorğunluqlarına baxmayaraq, gecə vaxtı evlərinə getməzdən əvvəl böyük sənətkar ilə vidalaşmağa, öz vətəndaşlıq borclarını verməyə gəlirdilər... Belə ümumxalq sevgisi hər sənətkara müyəssər olmur... Bu səadətə nail olanlara heç bir zaman ölüm yoxdur. Onların şöhrəti əbədidir. Üzeyir Hacıbəyov da belə xoşbəxt sənətkarlardandır”.

1961-ci il, 6 may tarixli “Ədəbiyyat və incəsənət” qəzeti. Bu nömrədə də Mir Cəlalın parlaq imzası görünür. “Qoca Şərqin qocaman filosofu” məqaləsini birnəfəsə oxuyuram. Ədib yazır:

- Taqor Bakıya gəlir!

Hələ sağlığında şöhrəti dünyaya yayılan hind filosofunun Azərbaycana səfəri eşidənlər üçün çox maraqlı bir xəbər idi. Bu, həmin illər idi ki, Qərb müstəmləkəçiləri Çini, Hindistanı və bütün Şərqi inqilab işığından məhrum eləmək üçün hiylə qalmırdı işlətməsinlər... Hələ 1905-ci ildə ingilis lordu Gerzonun Benqaliyanı parçalamaq tədbiri Hindistanda Svadeşi deyilən azadlıq hərəkatını alovlandırmışdı. Paytaxtda nümayişə çıxan kütlələr Taqorun şeirini oxuyaraq addımlayırdılar.

Cəvahirləl Nehru deyir ki, Taqor Hidistan xalqını məhdud təfəkkür yolundan çıxıb insanlığı məşğul edən böyük problemlər üzərində düşünməyə çağırdı. Taqorun vətənpərvər şeiri sonralar Hindistan Respublikasının himni oldu.

Taqor ədəbiyyatın rəsmi təntənə stilini pozan, yazını danışıq dilinə yaxınlaşdıran qüdrətli bir ədib idi. Onun əsərlərində müasir cəmiyyət, xüsusən hind ictimai, ailə münasibətləri başlıca mövzu idi... “Fəlakət” romanında məzlum Şərq qadın və qızlarının hüquqsuz həyatı təsirli və inandırıcı lövhələrlə göstərilir. Ən adi insani hüquqlardan məhrum, qapılarda bir tikə çörək üçün əsir kimi yaşayan Kumula dəhşətli işgəncələrə məruz qalır. Azərbaycan oxucusu bu nisgilli qız ilə tanış olanda gülbaharları, sevilləri, sonaları nəzərinə gətirir, bu məzlum, məhrum, həm də məsum insanların düşməni olan köhnə həyata, çürük ənənələrə, istismar və bərabərsizliyə daha artıq nifrət edir...

Mir Cəlalın nəinki Hindistanda, bu gün də bütün dünyada əbədi şöhrət qazanan Rabindranat Taqora, onun şəxsiyyətinə və yaradıcılığına olan ehtiramı öz səmimiyyəti ilə məqalədə əksini tapır.

Mir Cəlal Azərbaycanın böyük şairi Səməd Vurğunu, onun yaradıcılığını çox sevirdi, şairlə dost idi. Yazıçının şair dostu haqqında yazdığı məqalələrdən birini ayırıb təkrarən oxuyuram. (“Ədəbiyyat və incəsənət” qəzeti, 12 may, 1956-cı il). Yazıdan bəzi qeydləri təqdim edirəm: “...Səməd Vurğun şeirinin qüdrəti onun xalqa, müasir həyata, böyük ictimai ideallara möhkəm bağlı olmasındadır. Şairin elə bir şeiri yoxdur ki, orada xalqımızın, Vətənimizin həyatı bu və ya başqa dərəcədə görünməsin. Onun əsərlərində milli kolorit, Azərbaycan xalqının həyatı, məişəti, tarixi, ruhu, xüsusiyyəti bariz bir şəkildə özünü göstərir. Səməd Vurğunun şeir stili elə orijinal, müəyyən və billurlaşmışdır ki, oxucu onun əsərlərini imzasından tanıyır... Qəzet və jurnallarda, natiqlərin dilində, ya mahnılarda imzasız gətirilən şeir parçalarını biz dərhal tanıyırıq. “Bu - Səməddir”, - deyirik. Səməd şeirində xalq zəkası və idrakının gözəl və səlis bir şəkildə, şirin və aydın bir dildə, xoş və saf bir musiqidə daimi, təmkinli ifadəsi vardır... Böyük Sabirdən sonra xalq arasında ən çox oxunan, dillər əzbəri olan şair Səməd Vurğundur. Bu isə yazıçı üçün ən böyük səadətdir”.

Mir Cəlal Paşayev elə bir yazar-şəxsiyyət idi ki, o, əsərlərinin mövzusunda bütün peşə sahiblərinə eyni dərəcədə maraq göstərib həssaslıq nümayiş etdirirdi. Onun yaradıcılığı sanki hər sahədə seçilən insanların həyatı ilə dost idi. Böyük Vətən müharibəsi dövründə xüsusi diqqət göstərdiyi əmək və müharibə cəbhəsi qəhrəmanlarının zəhmətini tez-tez işıqlandırırdı. Öz yazılarında onların işlərinə yüksək qiymət verir, bu şərəfli, ləyaqətli yolu bütün insanlara, bütün cəmiyyətə aşılayırdı. Qəhrəmanlıq mövzusunda onun xeyli əsərləri, povest və hekayələri vardı.

“Azərbaycan gəncləri” qəzeti, 25 aprel, 1958-ci il tarixli nömrəsini vərəqləyirəm. Zəmanəmizin hər bir dövründə yeniyetmələrin, gənclərin hərtərəfli tərbiyəsinə, əxlaqi keyfiyyətlərinin zənginləşməsinə, ölkəsi üçün yetkin vətəndaş kimi yetişməsinə, doğru və haqq yolu ilə kamilləşməsinə xidmət edən ağsaqqal sözünə ehtiyac olub. Gəlin “Gənclərə sözüm” məqaləsində Mir Cəlal Paşayevin bu müqəddəs məfkurəyə köklənən ibrətamiz fikirlərinə diqqət yetirək: “Gənclik elə bir zəruri yoldur ki, hamı onu keçməlidir. Ömrün baharı! Bəzən gənclik həyatına belə ad verirlər. Gənclik bahardır, ancaq hər bahara bənzəməz. Bahar hər il təkrar olunur. Gənclik isə insanlara bir dəfə, yalnız bircə dəfə verilir. Ona görə verilir ki, həyata yol açasan, gələcəyi görəsən, əziz ömrün məqsədini təyin edəsən... Müvəffəqiyyət heç bir zaman çağırışla, arzu ilə gəlmir, mübarizə, zəhmət, səylə əldə edilir. Əngin fəzalara yol açan, zəngin torpaqları kəşf edən, günəşi də, havanı da, suyu da insanın səadətinə xidmət üçün səfərbər edən yalnız arzu deyil, ağır, şərəfli, ardıcıl, aydın məqsədli zəhmətdir. Zehnin, ağlın, əlin tükənməz inadla işləməyidir. Dünyada zəhmətdən kənar səadət yoxdur...Əkdiyin ağacın meyvəsini,oxutduğun uşağın kamilləşdiyini, tikdiyin mənzilə insanların köçdüyünü, yaratdığın əsərin zehinlərə işıq verdiyini görməkdən ləzzətli nə var? Ömür ötüb keçəndir, yaranan isə qalandır. Gənclərimizin amalı həmişə yarışmaq, yaratmaq olmalıdır. Heç vaxt mən gücsüzəm, mənim yaratdığım vecsizdir deməyin!.. Bu gün bir ağac bəsləyən uşaqda gələcəyin bağbanı olmaq meyli güclənəcəkdir.

Ən qorxulusu budur ki, vaxtı hədər keçirəsən, vaxtından əvvəl “ləzzətlər, keflər” eşqinə düşəsən. Aydın gənclik fəzasını tüstü-duman ilə örtənlər itirdikləri günləri, illəri çətin qaytara bilərlər. Vaxt qızıldır! Bu müdrik xalq sözü əsrlərin imtahanından keçmişdir. Mən istərdim ki, gənclərimiz yaradıcı əmək, mütaliə və təhsil vaxtlarını ömürlərinin ən məzmunlu saatları saysınlar...”

Mir Cəlal Paşayevin tərbiyə mövzusunda, əsl ağsaqqal, ata öyüd-nəsihəti ilə qələmə aldığı (“Ədəbiyyat və incəsənət” qəzeti, 19 sentyabr, 1964-cü il) “Gəncliyin qədrini bilək” məqaləsini həyəcansız oxuya bilmədim. Oxudum və kövrəldim. Düşündüm ki, doğrudan da, Mir Cəlal kimi həyatın hər cür enişini-yoxuşunu, hər cür sınaqlarını görmüş əsl söz, fikir sahibinin, adı böyük hərflə yazılan Ziyalının bütün nəsihətləri, vəsiyyətləri, tövsiyələri günü bu gün də, sabah da, qərinələr keçsə də, son dərəcə əhəmiyyətli, son dərəcə vacibdir və vacib də olacaqdır: “Ailə və gənclik” məzmunlu və əbədi sözlərdir. Dünyada elə bir normal adam tapılmaz ki, bu məfhumlar ilə bağlı olmasın... Hər bir xoş arzu və ideal yolunda olduğu kimi, sağlam ailə uğrunda zəruri mübarizənin də çətinlikləri var... Ailə qurmağa yüngül, ötəri əyləncə kimi baxanlar həmişə yanılır və bu səhvin ağrısını çəkir, peşmançılığa, hətta fəlakətə düşür, ömür boyu həsrətlə köks ötürürlər.

Cavanlar arasında, yəqin ki, yad təsirlər nəticəsində müəyyən bir zümrə əmələ gəlib ki, evlənmək işinə kostyum almaq kimi asan, ani baxırlar... Başlıca səbəblərdən biri budur ki, bəzi gənclər bu işə şüur, məsuliyyət hissi ilə yanaşmırlar... Buna görə də “sevgilim” dedikləri adamın xasiyyəti, mənliyi, əxlaqı, insani keyfiyyətləri ilə maraqlanmağa ehtiyac duymur, qaşdan, gözdən, zahiri yar-yaraşıqdan nəticə çıxarır, hökm verirlər...

Sevgi, insan xarakterinin ən pak və gözəl xüsusiyyətlərindən olan məhəbbət həyatında yalnız ləzzəti, təminatı görmək düz olmaz. Əsl məhəbbət yolunda məcburiyyət, hətta məhrumiyyət də var, onu görmək, qəbul etmək lazımdır...”

Vaxtilə Mir Cəlal müəllimlə bir yerdə işləmiş professor Firidun Hüseynovun xatirələrində maraqlı məqamlar çoxdur. Müəllif qeyd edir ki, Mir Cəlal bir insan, ədib, müəllim, alim, kafedra müdiri kimi həmişə, yaşının bütün çağlarında və hər yerdə bu cür görünən adam idi. O, sadəlik, səmimilik, təvazökarlıq timsalı bir adam idi. Ahıllığında da bir yazıçı məsumluğu, paklığı, kövrəkliyi duyulurdu. Əslində, böyük yazıçı, böyük alim, ustad müəllim olan, onu şəxsən tanıyanların dilində “yaxşı kişi” kimi ad qazanmış Mir Cəlalın ağzından “mən yazıçıyam”, “mən aliməm” sözlərini ömründə eşidən olmadı. O, bütün hallarda asta yeriyər, yavaş danışar, səsinin tonunu qaldırmazdı. Ancaq addımını sərrast atar, sözü mənalı, təsirli olardı. Onun sadəliyi, təmkini, dözümü, zahirən loru danışığı, fitrətən xəlqiliyi, bütün bunlarla yanaşı, dərinliyi, ciddiliyi, səmimiyyəti, suyuşirin adam olması haqqında çox şey demək olar. İncə təbəssümü, mənalı baxışları, duzlu yumoru, sümüyə işləyən kəsərli sözü, aydın məntiqi vardı. Obrazlı danışar, obrazlı yazar, az sözlə dərin fikir ifadə etməyə çalışardı. Yazıçılıqdan gələn bir həssaslığı, dəqiqliyi, ən başlıcası isə, incə və dərin müşahidə qabiliyyəti vardı. Müşahidəçiliyi lap heyrət doğururdu. Tanış küçələrdən keçib gedəndə ayrı-ayrı məşhur binaların divarlarında, qapılarında olan xırda detallara işarə edər, diqqəti yönəldərdi ki, adamın matı-qutu quruyardı.

Mir Cəlal üçün ədəbiyyat hava və su idi. Həmişə, hər yerdə, bütün söhbətlərində ədəbiyyatdan, sənətdən, bunların elmi təhlilindən uzağa getməzdi. Nizami, Füzuli, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir, Cavid, Səməd Vurğun kimi sənətkarlar haqqında danışmaqdan usanmaz, doymaq bilməzdi. Ədəbiyyat tarixi yazılanların tarixi deyil, oxunanların tarixidir deyərdi. Və öz sözləri ilə desək, “kiflənmiş ədəbiyyatı” üzə çıxarıb mübaliğəli şəkildə tərif edənləri sevməzdi. Ədəbiyyatda ən çox qiymətləndirdiyi həqiqət, müasirlik, xəlqilik, sadəlik və yığcamlıq kimi məziyyətlər, aydın dil və üslub idi. Bütün əsərlərindən ən çox istədiyi, övladları qədər sevdiyi “Bir gəncin manifesti” romanından tez-tez söhbət açsa da, bunu öz yazıçılığını gözə soxmaq üçün eləmirdi, roman janrında yığcamlığa əməl etmək baxımından nümunə göstərirdi.

Ədəbiyyatdan canlı həyat qədər zövq alan, şeir və sənətdən danışmaqdan doymaq bilməyən, bədii əsərlərin, klassik irsin nəşri və ardıcıl təbliğini bir an belə unutmayan, həssas, tələbkar, qayğıkeş bir vətəndaş olan Mir Cəlal ədəbiyyatşünaslara ədəbiyyatımızın və dilimizin qeyrətini çəkməyi həmişə tövsiyə edərdi. Sabirdən daha çox misallar çəkər, xüsusilə, “Fəhlə” şeirindən misralar deməyi xoşlardı. Mirzə Cəlildən nə vaxt söhbət düşsəydi: “XX əsrdə Yaxın Şərqdə heç bir xalqın belə böyük adamı olmayıb”, - deyər və bu böyük həqiqəti dərk etməyənləri dünyadan xəbərsiz sayardı. Odur ki, Mirzə Cəlil yaradıcılığından dissertasiya mövzuları verməkdə səxavətini əsirgəmirdi. “Cəlil Məmmədquluzadə filosof yazıçıdır” fikrinə qarşı çıxıb “onun sistemi yoxdur” söyləyənlərə Mir Cəlal müəllim istehza ilə deyərdi: “Bəs sizin fəlsəfi sisteminiz var ki, diplomunuzda “ filosof” yazdırırsınız?”

Bədii yaradıcılıqda istedadın gücünə üstünlük verən ədib hər yazıçını bəyənməzdi. Füzuli, Mirzə Cəlil, Sabir, Lev Tolstoy, Çexov onunçün sənətkarlıq meyarı idi. “Biz Mirzə Cəlilin “Poçt qutusu”ndan çıxmışıq” fikri məşhur idi. Yazıçılar siyahısında adamların çoxluğu, əsl qələm sahiblərinin, yaxşı yazanların azlığı onu daim narahat edirdi. Ona görədir ki, tez-tez deyirdi: “Qardaş, küçədə kimi görürsən, qoltuğunda papka, deyir yazıçıyam, heç oxucuyam deyən yoxdur”.

Həm görkəmli bir ədib kimi çıxış və söhbətlərində, həm də ədəbiyyatşünas alim kimi qiymətli monoqrafiyalarında, məqalələrində tarixi və ədəbi şəxsiyyətlərə düzgün, obyektiv qiymət verən, ağı qaradan, yaxşını pisdən, güclünü zəifdən seçməyi bacaran Mir Cəlal başqalarından da bunu tələb edərmiş. Yaradıcılığını başa vurmuş hər hansı bir qələm sahibi haqqında mübaliğəli fikrə, məqalə və kitabçaya rast gələndə bunu ümumən ədəbiyyat və elm üçün zərərli hal kimi pisləyirmiş. Yazılı bir cavaba imkan tapa bilməyəndə həmkarlarına, cavan ədəbiyyatçılara öz fikrini şifahi olaraq, maraqlı bir ədəbi manera ilə çatdırmaq fürsətini əldən buraxmazmış: “Vallah, bu vəfat eləyən bəzi yazıçıları o qədər tərifləyirlər, adam lap peşman olur ki, niyə mən indiyəcən sağ qalmışam”.

Nizamidən tutmuş keçən əsrin 70-ci illərinə qədər Azərbaycan ədəbiyyatının elə klassiki yoxdur ki, Mir Cəlal onun ədəbi irsi haqqında sanballı yazılar yazmasın. Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Mehdi Hüseyn, Sabit Rəhman, Süleyman Rəhimov, Rəsul Rza və başqalarının şəxsiyyəti, yaradıcılığı, hikmətli sözləri haqqında maraqlı fikirlər Mir Cəlalın söhbətlərini daha da şirinləşdirər, yapışıqlı edərdi. Ədib həmişə öz müəllimi saydığı böyük şair və dramaturq Hüseyn Cavidlə yaxınlığını, görüş və söhbətlərini vaxtaşırı yada salar və deyərdi: “Cavid peyğəmbər kimi adam idi”.

Azərbaycan Dövlət Universitetini Mir Cəlal müəllim öz doğma evindən, ocağından artıq sevirdi. Yeri gəldikcə deyirdi ki, universitet bizə təhsil verib, elmi dərəcə verib, iş verib, ad-sana çatdırıb, indi də uşaqlarımızı, nəvələrimizi qoynuna alıb, ona görə də bizim üçün ən müqəddəs yerdir. Dövlət Universiteti abırlı yerdir, onun qeyrətini biz çəkməsək, kim çəkəcək? Hər yerindən duranın yaradıcılığından diplom işi, dissertasiya mövzusu verib, universiteti hörmətdən salmayın. Özünüzü həmişə, hər yerdə Dövlət Universitetinə layiq adam kimi aparın.

Elmdə heç səriştəsi olmayan, bir təsadüf üzündən elm yoluna gəlib düşən başıboş, təkəbbürlü adamlara, əyilə-əyilə qalxıb ucalmaq istəyənlərə, bütün uşaqlarını, qohum-əqrəbasını “alimlik kürsüsü”nə qaldırmaq niyyətində olanlara qarşı da adamın yeddi qatından keçən kəskin sözləri vardı. Ancaq bu sözlər şəkərə qatılmış acı dərman kimi, şirin, dadlı-duzlu gülüşlə ifadə olunardı. Özünü həddən artıq dartan,elmi yığıncaqlarda yekə-yekə danışan bir adam haqqında, necə deyərlər, yağlı bir sual verərdi: “Bu, kimin kəmərbəstəsidir?” Yaxud: “Qardaş, uşaq anadan olanda, şəhadətnaməsinə yazsınlar “kandidat nauk”, vəssalam, onsuz da gec-tez hamısı müdafiə edəcək”.

Bu sözlər Mir Cəlal müəllimin elmə yersiz axına qarşı etirazının ifadəsi idi.

Mir Cəlal Paşayev mənəvi cəhətdən saf, təmiz bir insan idi. Tamah hissindən uzaq, aza-çoxa qane olan, gözü-könlü tox, ləyaqətli bir ziyalı idi. Səməd Vurğun da onu dost kimi sevirdi. Onun dərinliyini, paklığını, humanistliyini, insanpərvərliyini tərifləyəndən sonra zarafatla deyərdi: “Mir Cəlal, sənin bir böyük eybin var, sən slişkom poryadoçnı adamsan”.

Səməd Vurğun haqlı idi. Məzarı nurla dolsun! Mir Cəlal, həqiqətən, “slişkom poryadoçnı adam” idi. Elə buna görə də onun savadı və mənliyi, qüruru və şəxsiyyəti, alimliyi və ziyalılığı xarici ölkələrin elm adamlarına, tələbə və dissertantlarına da yaxşı məlum idi. O zamanlar Çexoslavakiyadan gəlmiş Tomaş Lane yazırdı: (“Ədəbiyyat və incəsənət” qəzeti, 18 may, 1968-ci il) “Mən 30-cu illər Azərbaycan romanının inkişafını öyrənirəm. Elmi rəhbərim professor Mir Cəlal Paşayevdir. Mir Cəlal mənim üçün həm müəllim, həm alim, həm də yazıçıdır... Mir Cəlal Paşayevin bu işdə elmi rəhbərim olması mənim üçün çox qiymətlidir.

Azərbaycanda yaşadığım müddətdə bu gözəl ölkənin həyatına yaxından bələd olmağımda da Vətənini böyük məhəbbətlə sevən və sevdirən, orijinal yaradıcılıq simasına malik olan Mir Cəlal müəllimin məsləhətləri mənə həmişə kömək edir”.

Mir Cəlal müəllimin məsləhətləri vaxtilə yüzlərlə adama kömək olub. Bu gün də onun əziz ruhu pak mənəviyyat sahiblərinə dayaq olur. Belə mənəviyyat sahibləri nə qədər dürüst əqidəli, yüksək əxlaqi, böyük vicdani keyfiyyətlər yaşadırsa, Allaha bir o qədər yaxın olurlar... Mir Cəlal Allah adamı idi. Allah ona rəhmət eləsin!

 

Reyhan MirzƏzadƏ

Yeni  Azərbaycan.-2014.- 27 sentyabr.- S. 5.