Humanitar Forum ərəfəsində
“Müasir
dövrdə Azərbaycanda sosial-iqtisadi və
mənəvi inkişafın harmoniyası”
Məlum olduğu kimi, ölkənin sosial-iqtisadi inkişafı onun mənəvi-mədəni inkişafına səbəb olan əsas amillərdən biridir. Digər tərəfdən, tarixi təcrübə göstərir ki, yüksək mənəvi-mədəni inkişaf səviyyəsinə malik olan hər bir ölkədə onun sosial-iqtisadi inkişafı üçün əlverişli zəmin yaranır. Müasir dövrdə sosial-iqtisadi inkişaf səviyyəsinə görə regionun lider dövlətinə, iqtisadi inkişaf templərinə görə isə dünyanın lider dövlətinə çevrilmiş Azərbaycanda eyni zamanda stabil mənəvi sıçrayış müşahidə olunmaqdadır. Ölkəmizin sosial-iqtisadi inkişafına qısqanclıqla yanaşanlar onun bu sahədə əldə etdiyi nailiyyətlərdə mənəvi faktorun, xalqımızın yüksək mənəvi-mədəni dəyərlərinin rolunu görmürlər və yaxud görmək istəmirlər. Onlar Azərbaycandakı sosial-iqtisadi inkişafı yalnız onun zəngin karbohidrogen resursları ilə əlaqələndirirlər və bu inkişafda mənəvi faktorun rolunu inkar edirlər. Bu həqiqətənmi belədir? İqtisadi inkişaf hər şeydən təcrid olunmuş şəkildə, bir növ, “vakuumda” baş verə bilərmi?
Yerli və xarici ekspertlərin iştirakı ilə “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusunda təşkil olunan “dəyirmi masa”da bu suallara cavab axtarılır və Azərbaycanın sosial-iqtisadi inkişafı ilə mənəvi inkişafı arasındakı münasibət müzakirə olunur.
Etibar Nəcəfov - professor, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi (Azərbaycan): Azərbaycanın müstəqillik dönəmində ölkənin sosial-iqtisadi inkişaf mərhələsinə daxil olması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanı qısa müddət ərzində regionun lider dövlətinə çevirdi. Yeni tarixi şəraitdə Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasəti uğurla həyata keçirən Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrdə əldə edilmiş nailiyyətləri yüksəkliklərə ucaltdı. 2003-cü ildən bəri ölkənin bütün makroiqtisadi inkişaf göstəricilərində sürətli irəliləyiş müşahidə olunur. Öz iqtisadi inkişaf tempinə görə Azərbaycan nəinki regionun, dünyanın lider dövlətinə çevrilmişdir. Ümumdaxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri- neft sektoru 2,6 dəfə, əhalinin büdcə gəlirləri 16 dəfə artmış, ölkəyə qoyulan sərmayənin həcmi 170 mlrd ABŞ dollarından artıq olmuşdur. 10 il ərzində iqtisadi sahədə əldə olunan uğurlar nəticəsində Azərbaycan Dünya Bankının reytinqində aşağı gəlirli ölkələr qrupundan yuxarı orta gəlirli ölkələr qrupuna adlamışdır.
Sözsüz ki, Azərbaycanın iqtisadi sahədəki bu nailiyyətləri ölkə əhalisinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Son 10 ildə yoxsulluğun səviyyəsi 49 faizdən 5,3 faizə, işsizlik isə 5 faizə düşmüşdür, əhalinin gəliri 6,5 dəfə artmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar və nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, Dünya İqtisadi Forumunun 2014-2015-ci il üzrə Qlobal Rəqabətlilik Hesabatına əsasən Azərbaycan 144 ölkə arasında 38-ci sıradadır. Bəs bu rəqəmlərin arxasında nə durur? Ölkəmizdə müşahidə olunan iqtisadi sıçrayışın səbəbləri nədir? Bu sıçrayış, bizim bədxahlarımızın dediyi kimi, doğrudanmı ölkəmizin yalnız neft, təbii qaz və digər təbii sərvətləri ilə bağlıdır? O, öz-özlüyündə baş verir, yoxsa ciddi və idarə edilən mənəvi sıçrayışla bərabər özünü göstərir?!
Kamal Abdullayev - AMEA-nın həqiqi üzvü, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri (Azərbaycan): “Dəyirmi masa” üçün seçilmiş mövzu çox önəmlidir. Siyasi-iqtisadi inkişafın sıçrayışlı xarakteri bəzən bizim diqqətimizi mənəvi-mədəni, multikultural istiqamətdəki real uğurlardan yayındıra bilir, amma belə bir müddəanı ilkin postulat kimi götürmək lazımdır ki, heç bir iqtisadi sıçrayış mənəvi sıçrayışdan təcrid olunmuş şəkildə baş verə bilməz. Və əksinə, iqtisadi sıçrayış olmayan yerdə də mənəvi bütövlük axtarmaq əbəsdir. Bunlar bir-birini həmahəng şəkildə tamamlayanda, bax, o zaman əsl sosial uğurdan danışmaq mümkün olur.
Azərbaycan tarixən mənəvi bütövlük meyarlarının formalaşdığı və təntənə çaldığı bir məkandır. Əlbəttə ki, hər dövrün konkret “ab-hava”sı fonunda mənəvi potensial özünü müxtəlif dərəcə və formada göstərir. Məlum problemlərin ayaqlarımızdan pudluq daşlar kimi asılmasına baxmayaraq, yaşadığımız müstəqillik dövrü bu baxımdan ən dərin potensial imkanların həm iqtisadi, həm də mənəvi müstəvilərdə reallaşdırıldığı dövrdür. Mənəviyyatımız iqtisadi inkişafımızı uğurla müşayiət edir. Bunu etiraf etməmək mümkün deyil.
Etibar Nəcəfov: Bugünkü “dəyirmi masa”mızda xarici qonaqlarımız da iştirak edirlər. Görəsən uzaq Braziliyadan hindli professorun gözü ilə Azərbaycan necə görünür?
Sudha Svarnakar - Paraiba Dövlət Universitetinin professoru (Braziliya): 2006-cı ildə Bakıda Slavyan Universitetində keçirilən Müqayisəli Ədəbiyyat konfransındakı mənim ilk iştirakımdan sonra mən Bakı Slavyan Universitetinin və Müqayisəli Ədəbiyyat Assosiasiyasının bir mənəvi hissəsi oldum. O vaxtdan bəri mən Azərbaycana bir neçə dəfə səfər etmişəm. 2013-cü ilin oktyabr ayında keçirilən Bakı Beynəlxalq Forumunda multikulturalizm məsələləri üzrə təşkil olunmuş “dəyirmi masa”da iştirak etdim. Nəzərə çarpan Azərbaycan qonaqpərvərliyi, sürətlə inkişaf edən Bakı, onun müxtəlif irqlərin, dinlərin və millətlərin nümayəndələrindən ibarət olan əhalisi mənim elə ilk səfərdən diqqətimi cəlb etdi. Əvvəlki səfərlərimlə müqayisədə 2013-cü ildə Humanitar Forum zamanı mən Azərbaycanda bir qədər çox qaldım və Azərbaycanın bir neçə regionlarına səfər edə bildim. Bu, mənə sadə azərbaycanlılarla görüşmək imkanı verdi və mən onlarda öz ənənələrini və mədəniyyətlərini qorumaqları ilə bərabər digər mədəniyyətlərə münasibətdə dözümlülüyü hiss etdim. Mənim digər multikultural cəmiyyətlərlə tanışlığım mənə Azərbaycan xalqına, onun multikultural bir cəmiyyət olmasına müqayisəli perspektivdən yanaşma imkanı verdi. Mən digərlərilə yanaşı, iki aspekti xüsusi qeyd etmək istəyirəm. İlk baxışda bu aspektlər o qədər də vacib görünmür. Lakin onlar multikultural ruhun Azərbaycan xalqında dərin kök saldığını göstərir. Birinci aspekt rus, türk və ərəb dadlarının birləşməsini özündə əks edən Azərbaycanın zəngin mətbəxidir. İkincisi isə, Azərbaycan xalqının əvəzsiz musiqisidir. Müsəlman mədəniyyəti hakim olan bir ölkədə dadlı vegetarian yeməklərin müxtəlif çeşidinin olması maraq doğurur. Mən heç vaxt gözləməzdim ki, Azərbaycanın ucqar bir rayonunda - Naftalanda xüsusi dadda mənə vegetarian yeməyi təklif etsinlər.
Humanitar forumda olarkən mənim Sovet İttifaqı dövründə Azərbaycanın ən gözəl şəhəri olan Gəncəyə səfər etmək imkanım olmuşdur. Həmin vaxt Gəncədə multikultural mahiyyətli festival keçirilirdi. Orada musiqiçilər öz məharətini göstərir, eyni zamanda, keramik əşyalardan və xalçalardan ibarət sərgi təşkil olunmuşdu. Bu festival mədəni rəngarəngliklə bərabər müxtəlif xalqların və dini icmaların birgə yaşamalarının bariz nümunəsi idi. Festival Şərq və Qərbin mərkəzində, müxtəlif sivilizasiyaların kəsişməsində yerləşən bir ölkənin multikulturalizmlə yaşadığını və nəfəs aldığını göstərirdi.
Naftalanda qalarkən mən müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan insanlar arasında idim. Mən müsəlmanların və xristianların bir yerdə harmoniyada yaşamalarını və zəngin Naftalan neftindən bir yerdə istifadə etdiklərini gördüm. Orada müalicəvi kurs alan yeganə hindli idim. Lakin həm işçi personal, həm də müalicəyə gələnlər mənimlə xeyli xoş rəftar edirdilər. Mən görürəm ki, Fransa, Almaniya, İngiltərə kimi Avropa ölkələri immiqrantları özlərinin kimliyinə təhdid hesab etdikləri, onlara qarşı çıxdıqları zaman, Azərbaycan dünyanı inandırır ki, multikulturalizmə şans versin. Forumun açılışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev Öz çıxışında çox doğru olaraq qeyd etdi ki, Azərbaycan müsəlmanların çoxluq təşkil etdiyi dövlət olmasına baxmayaraq, o, bütün dünya üçün etnik və dini tolerantlığın nümunəsi kimi çıxış edir.
Kamal Abdullayev: Bu gün həm bizim özümüz, həm də xarici dostlarımız Azərbaycanda mənəvi iqlimin günü-gündən saflaşmasını, inkişafını görür və onun konkret parametrlərindən danışa bilirik. Bəli, bu gün Azərbaycan dəyişir. Şəhərlərimiz, kəndlərimiz yeni-yeni əzəmətli tikililərlə, küçə və xiyabanlarla, meydan və parklarla gözəlləşir, abadlaşır. Sürətli iqtisadi inkişaf göz qabağındadır. Amma dəyişən yalnız bunlardırmı?
Mən son 10 ildə bir neçə dəfə cənab Prezidentin vəkili olaraq ölkəmizin ən ucqar kəndlərinə getmiş, həmkarlarımla bir yerdə adi insanlarla, ziyalılarla görüşmüşəm. Təxminən 10 il əvvəli, müstəqilliyin sürət yığmağa başladığı vaxtı hamımız yaxşı xatırlayırıq. Bu kəndlərdə görüşlər zamanı camaat bizi, demək olar ki, hər yerdə eyni cür qarşılayırdı: “Gəlmisiniz, xoş gəlmisiniz, amma bizim heç bir vəkilə ehtiyacımız yoxdur, bizim onsuz da bir namizədimiz var, o da İlham Əliyevdir”. İnsanların səmimiyyəti və gələcəyə ümidləri son dərəcə təsiredici idi. Bununla yanaşı, bu söhbətlər zamanı biz vəkillər sadə insanların nə arzu etdiklərini, nəyə ehtiyacları olduğunu öyrənmək istəyirdik. Bizim sualımızın müqabilində, əlbəttə ki, arzular, niyyətlər dilə gəlirdi, xahişlər edilirdi. Yaxşı xatırlayıram, 10 əvvəl ən ucqar kəndlərdə, böyük rayon mərkəzlərində edilən xahişlərin, demək olar ki, 100 faizi şəxsi xahişlər olurdu. Kiminin xahişi övladının problemi ilə, kimininki evinin təmiri ilə, kimininki də iş təminatı ilə bağlı idi.
Bu yaxınlarda Dövlət müşavirliyi xidmətinin fəaliyyətə başlaması ilə əlaqədar mən yenə də Azərbaycanın müxtəlif bölgələrində - sərhəd və dağ kəndlərində, rayonlarda, böyük şəhərlərdə oldum. Məscidlərdə, kilsələrdə, sinaqoq və məbədlərdə din adamları ilə görüşdüm. Rayon mərkəzlərində, ucqar kənd məktəblərində ziyalılarla fikir mübadiləsi apardım. Yenə də sadə insanlardan onların ehtiyacları, arzuları barədə soruşdum. Yenə də xahişlər oldu.
Bilirsinizmi, bu dəfə, demək olar ki, bütün xahişlər ictimai xarakterli idi. Heç kim öz şəxsi mənafeyi ilə bağlı xahiş etmirdi. Söylənən fikirlər, arzular məktəblə və tədrislə, gənclərimizin, yeniyetmələrimizin tərbiyəsi və mənəvi boyartımı ilə, televiziya və mətbuatla, yollar və abadlıq işləri ilə, ölkəmizin daxili və xarici siyasəti ilə, Azərbaycanın inkişafı fonunda ləyaqətli vətəndaş cəmiyyəti yaratmaqla bağlı idi. Bax, budur Azərbaycanın həmahəng inkişafının bariz təzahürü. İnsanlar artıq ictimai mənafeni şəxsi mənafedən irəli çıxara bilirlər.
Bu gün təkcə şəhərlərimiz, yollarımız, parklarımız dəyişmir. Bu gün bizim insanlarımız daxilən dəyişir və bu dəyişmə, bu mənəvi təkmilləşmə, əlbəttə ki, iqtisadi sıçrayışı uğurla müşayiət edir. Bu, bizim söhbətimizin ən vacib məqamıdır.
Prezident İlham Əliyev Azərbaycanın mənəvi inkişafının ən əsas istiqamətlərindən biri olan multikulturalizmi dövlət siyasəti kimi qeyd edir. Bu, həqiqətən, belədir. Multikulturalizmin siyasi banisi olan, onun müxtəlif müddəalarını hüquqi sənəd və sərəncamlarda təsdiq edən Ulu öndər Azərbaycanın mənəvi zənginliyini buradakı xalqların, mədəniyyətlərin, dillərin bir-biri ilə qaynayıb-qarışmasında, çiçəklənib inkişaf etməsində görürdü. Bu gün bu xətt Azərbaycan dövlətinin rəhbəri tərəfindən uğurla davam etdirilir. Mənəvi zənginləşmənin ən müxtəlif parametrləri Azərbaycanda açıq-aşkar görünür.
Etibar Nəcəfov: Ölkəmizdəki multikultural əhvalın tarixən möhkəm kökləri var. Elmi şəkildə bunun öyrənilib təşviq edilməsi çox vacibdir və bu xəttin məntiqi nəticəsi kimi cənab Prezidentin Sərəncamı ilə bu yaxınlarda yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi buna yaxşı sübutdur.
Kamal Abdullayev: Tamamilə doğrudur. Bununla bağlı mən sizə bir əhvalat danışmaq istəyirəm. Elə bilirəm ki, multikulturalizm sahəsində çoxlu sayda aparılacaq elmi tədqiqlərlə yanaşı, bu parlaq əyani misal ölkəmizin multikultural ab-havasını gözəl şəkildə nümayiş etdirir.
Azərbaycandakı sinaqoqların birində mən bir ravvinlə görüşüb tanış oldum. O mənə öz sinaqoqundan və dindaşlarından söhbət açdı. Və özü barədə belə bir əhvalat danışdı.
Təxminən 8-9 il bundan əvvəl ravvin yaşayıb çalışdığı Avropa ölkələrinin birindən Bakı sinaqoqunda işləməyə təyinat alır. Bu xəbəri alan ravvin əsl faciə yaşayır. Nə olacaq, necə olacaq, mən bir müsəlman ölkəsində necə yaşayacağam, orda, o uzaq və nabələd Bakıda məni hansı iztirablar və məhrumiyyətlər gözləyir?! Bu tərəddüd və əzablı şübhələrlə ravvin öz rəhbərliyinə müraciət edir və yalvarır ki, onu Bakıya göndərməsinlər. Ravvinə acımırlar və onu Bakıya göndərirlər. Ravvin Bakıya gəlir.
Bu dediklərim 3 hissəli əhvalatın birinci hissəsidir. 2-ci hissə - onun Azərbaycanda yaşayıb çalışdığı sinaqoqların birində keçirdiyi illər barədə bir söz deməyəcəyəm, çünki siz bir azdan bunu özünüz təsəvvür edə biləcəksiniz.
Əhvalatın son 3-cü hissəsi isə bundan ibarətdir: bu gün ravvin Azərbaycan vətəndaşı olmaq üçün dövlət strukturlarına müraciət edib. Nədir bu?! Bu, azərbaycanlı mənəviyyatının bugünkü təzahürü, əsl Azərbaycan multikulturalizminin fəaliyyətdə olan konkret görüntüsüdür.
Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bu gün Azərbaycanın qarşısında duran vəzifə neft faktorunu insan kapitalına çevirməkdir. Bu sözlərin dərin potensial mənası var. Azərbaycan nefti bu gün təkcə Azərbaycan vətəndaşına ünvanlanmayıb. O, bu gün ehtiyacı olan ləyaqətli bəşər övladına ünvanlanıb. Bunu Heydər Əliyev Fondu öz beynəlxalq fəaliyyətilə də nümayiş etdirir. Cəmiyyətimiz bu gün təkcə ölkədaxili problemlərə deyil, xarici ölkələrdəki mədəni quruculuqla da məşğul olmağa diqqət yetirir. Bütöv şəkildə götürsək, biz bu gün daha mərhəmətli, daha humanist, daha ədalətli, daha dözümlü bir cəmiyyətdə yaşayırıq. Biz bu gün daha hissiyyatlı və başqa talelərin halına daha həssasıq. Dünyaya daha açığıq. Bəşəri ideyaları, dəyərləri daha adekvat və doğma şəkildə qəbul edirik. Ən vacibi isə odur ki, bu mənəvi xətlər inkişaf rejimindədir.
Urxan Ələkbərov - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru (Azərbaycan): Kamal müəllim Prezident İlham Əliyevin neft faktorunun insan kapitalına çevrilməsi ilə bağlı çox dəyərli, müasir dövrdə ölkəmizin sosial-iqtisadi inkişafı üçün böyük praktiki əhəmiyyət daşıyan fikrinə toxundu. Neft faktorunun insan kapitalına çevrilməsi insan potensialının inkişafına səbəb olur. Strateji önəm daşıyan, tükənməyən və daim təkmilləşən təbii sərvətlər arasında ən böyük əhəmiyyətə malik olan insan potensialı isə hər zaman inkişafın həlledici amili kimi çıxış edib və etməkdədir. Son zamanlar ölkələrin inkişafının, əhalinin həyat səviyyəsi və rifahının bilik və bacarıqlardan asılı olması insan amilinin vacibliyini bir daha ön sıraya çıxarıb.
Vaxtilə Ümummilli lider Heydər Əliyev insan potensialını bütün sahələrdə və hər zaman inkişafın aparıcı lokomotivi, mərkəzi və həlledici amili kimi müəyyənləşdirib. Müstəqillik qazanmış Azərbaycan Respublikasında müasir anlamda insan inkişafı ilə bağlı vəziyyətin fasiləsiz monitorinqinin aparılması, təhlil və qiymətləndirmələr əsasında insan inkişafı prosesinin idarə edilməsi ilk dəfə Ümummilli liderin təşəbbüsü ilə gerçəkləşdirilmişdir. BMT-nin Azərbaycanda insan inkişafına aid ilk milli hesabatı 1995-ci ildə dərc edilmişdir. Onun ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlara təqdimatı Ümummilli lider Heydər Əliyev tərəfindən şəxsən həyata keçirilmişdir. Qeyd edilməlidir ki, insan potensialının formalaşmasının təşkili və idarəedilməsi sahəsində müstəsna bilik, bacarıq və təcrübəyə malik olan Ümummilli lider Heydər Əliyev yenicə müstəqillik qazanmış ölkədə gerçəkləşdirilən bu beynəlxalq əhəmiyyətli layihəyə xüsusi diqqət ayırırdı. Bunun nəticəsində BMT-nin Azərbaycanda İnsan İnkişafına dair 1996-cı il hesabatı dünyada ən uğurlu, inkişaf prosesinin nəzəriyyəsi və praktikasına yenilik gətirən hesabatlar sırasına daxil edilmişdir. Bu uğurlu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən yeni səviyyədə inkişaf etdirilir. Bəllidir ki, insan inkişafına əsasən üç amil təsir göstərir: bilik, sağlamlıq və iqtisadi göstəricilər. Bütün bu istiqamətlər ölkədə uğurla inkişaf edir. Bunun nəticəsi kimi Azərbaycan Respublikası 2010-cu ildən insan inkişafı sahəsində yüksək nəticələr əldə etmiş ölkələr qrupuna daxil olmuşdur. Həmin zamana qədər ölkə beynəlxalq təşkilatlar tərəfindən insan inkişafı sahəsində orta göstəricilərə nail olmuş ölkələr qrupuna aid edilirdi. Bu yüksək nailiyyətin əldə olunması, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş innovativ inkişaf strategiyasının reallaşdırılmasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusilə, Heydər Əliyev Fondu, onun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rolu qeyd edilməlidir.
Dünya Bankı, BMT tərəfindən dərc edilmiş rəsmi hesabatlarda cəmiyyətdə sosial ədalətin göstəricisi kimi qəbul edilən kvintil əmsalına görə ölkəmiz Yunanıstan, ABŞ, İsveçrə, İspaniya, İtaliya, İsrail və bir sıra digər lider kimi qəbul olunan dövlətləri önləyib. Deməli, söhbətimizin mövzusu bir daha özünü doğruldur. İqtisadi göstəricilər mənəvi göstəricilərlə bərabər inkişaf edir.
Paolo Del Bianko - memar, Romualdo Del Bianko Fondunun prezidenti (İtaliya): Məndən əvvəl çıxış edənlərin Azərbaycanın istər sosial-iqtisadi, istərsə də mənəvi inkişafda əldə etdiyi nailiyyətlər haqqında söylədiklərini bu gün bütün dünyada etiraf edirlər. Mən Azərbaycanda 11 dəfə olmuşam. Və hər gəlişimdə burada böyük inkişafın, dəyişikliklərin baş verməsini müşahidə edirəm. Bu dəyişikliklər ölkənizin sosial-iqtisadi inkişafı ilə yanaşı, onun mədəni-mənəvi inkişafında da əks olunur. Mən Azərbaycanın mədəni-mənəvi inkişafı dedikdə, ilk növbədə, ölkə rəhbərliyinin dünya əhəmiyyətli mədəniyyət sahəsində keçirilən tədbirlərdə fəal iştirak etməsini, həmçinin, belə tədbirlərə ləyaqətlə ev sahibliyi etməsini nəzərdə tuturam. Bütün bunlar mənə belə bir fikri irəli sürməyə əsas verir - müasir dövrdə Azərbaycan öz intibahını yaşayır.
Etibar Nəcəfov: Cənab Del Biankonun da, digər həmkarların da dediklərinə qüvvə kimi qəti şəkildə demək olar ki, ölkəmizdə müşahidə olunan inkişaf siyasi, iqtisadi və sosial sahələrlə məhdudlaşmır. O, həmçinin, mənəvi dirçəlişlə müşayiət olunur. Bu mənəvi dirçəliş ölkəmizin sosial-iqtisadi inkişafını müşayiət etməklə bərabər onun mühüm bir səbəbi kimi çıxış edir.
Bu mənəvi dirçəliş xalqımızın mənəvi-mədəni dəyərlərinin reallaşmasında özünü büruzə verir. Bu dəyərlər sırasında torpağına, xalqına, valideynlərinə, ailəsinə bağlılıq, qonaqpərvərlik, böyüklərə hörmət, mərhəmət, ədalət, özünə rəva bilmədiyini başqasına rəva bilməmək, dostluğa sədaqət, özgənin torpağına-malına göz qoymamaq və bu kimi bir çox dəyərləri göstərmək olar. Bilirsiniz, insanlar arasında oğrular olan kimi dövlətlər arasında da oğrular var və onlar başqasına məxsus olanı götürməkdən çəkinmirlər və bunu min cür yalan üsullarla “əsaslandırmağa” çalışırlar.
Azərbaycan xalqının bu zəngin mənəvi-mədəni dəyərləri ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Son illərdə ölkəmizdə sosial-iqtisadi inkişafla bərabər müşayiət olunan mənəvi sıçrayış xalqımızın mənəvi-mədəni dəyərlərinin daha da fəallaşması ilə, onların vətəndaşlarımızın həyatında rolunun artması ilə xarakterizə olunur. Təbii ki, bütün bunların hamısı öz-özünə baş vermir. Onların reallaşması məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Qloballaşma şəraitində xalqımızın zəngin mənəvi-mədəni dəyərlərinin, ümumilikdə mədəniyyətinin qorunması və inkişaf etdirilməsi dövlətimizin daxili siyasətinin prioritet vəzifələrindəndir. Belə ki, Ümummilli lider Heydər Əliyevin dediyi kimi, məhz mənəvi-mədəni dəyərlər hər bir xalqı yüksəldir.
Dövlətimiz tərəfindən xalqımızın zəngin mənəvi-mədəni dəyərlərinin, mədəniyyətinin qorunması və inkişaf etdirilməsi istiqamətində son illərdə həyata keçirdiyi ən mühüm işlərdən biri Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2014-cü il Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin yaradılması olmuşdur. Bu istiqamətdə atılan növbəti addımlar isə Azərbaycan Respublikasının Prezidentinin 7 may 2014-cü il Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Respublikasının Prezidentinin 15 may 2014-cü il Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması idi. Bütün bunlar ölkəmizin mənəvi infrastrukturunun zəngin mənzərəsini daha aydın görmək, öyrənmək, inkişaf etdirmək məqsədi güdür.
Ziqlinde Hartman - professor, Ostvald fon Volkenştayn-Qezelşaft Fondunun Prezidenti (Almaniya): Mən Azərbaycanın multikultural bir cəmiyyət olduğunu və multikulturalizmin azərbaycanlıların həyat tərzinə çevrilməsini ilk növbədə özümün bu ölkədəki təcrübəmə əsaslanaraq göstərmək istərdim.
2007-ci ildə mən mədəniyyətlərarası əməkdaşlığın inkişafına dair layihənin yazılması və Bakı Slavyan Universitetində alman filologiyası kafedrasının yaradılması ilə əlaqədar Bakıya dəvət olundum. Bu iki böyük məsələnin həyata keçirilməsi mənim ildə iki dəfə bir neçə həftəlik Bakıya gəlməyimə səbəb oldu.
Mən ilk növbədə mədəniyyətlərarası əməkdaşlığın inkişafına dair azərbaycanlı həmkarlarımla birgə işlədiyim layihədən danışmaq istəyirəm. Bakı Slavyan Universitetinin sabiq rektoru prof. Kamal Abdulla mənə iki orta əsr eposunun - Kitabi Dədə Qorqud və Nibelunqlar dastanı - əsasında tamamilə yeni bir layihənin üzərində birgə işləməyi təklif etdi. Müasir kommunikasiyalar vasitəsilə biz bu iki epos arasında ümumi cəhətləri üzə çıxarmaq məqsədilə Qərbdən və Şərqdən tədqiqatçıları bir yerə toplamağa başladıq. Bu, bizi mədəniyyətlərarası müqayisə üçün ümumi baza ilə təmin etdi. Mədəniyyətlərarası müqayisənin əsas məqsədi spesifik alman və Azərbaycan mədəni inkişafının yaranmasını müəyyən etmək oldu.
Mən müqayisəli ədəbiyyat üzrə mütəxəssisəm. Tanınmış bir elmi assosiasiyanın rəhbəri kimi mən indiyədək Qərbi və Şərqi Avropada bir neçə mədəniyyətlərarası əməkdaşlığın inkişafına dair layihənin həyata keçirilməsinə müvəffəq olmuşam. Lakin əvvəllər heç vaxt Azərbaycanda olan qonaqpərvərliklə və qarşılıqlı əməkdaşlığın yeni ölçüsünü yaratmağın səmimi istəyi ilə rastlaşmamışdım. Buna görə də, mən bu çətin işə başlamağa razılıq verdim. Faktiki olaraq bu layihə böyük səy tələb edirdi və indi də tələb edir, çünki biz nəinki Qərbdən və Şərqdən, həmçinin, türkologiya və orta əsr alman ədəbiyyatı kimi müxtəlif sahələrdən olan tədqiqatçıları bir yerə toplamağa məcbur idik. Bundan başqa, biz ünsiyyətin çətin problemləri ilə üzləşməli olduq, çünki biz Azərbaycan və alman dillərini konfrans dilləri kimi qəbul etmişdik. Nəhayət, biz maliyyə və texniki problemlərin əksəriyyətini həll edə bildik. Lakin bununla belə, biz anlayırdıq ki, hələ həll ediləsi çox iş vardır. Belə ki, 80 il ərzində Qərb dünyası ilə Sovet İttifaqı ölkələrinin bir-birindən təcrid olunmaları fərqli elmi metod və məqsədlərin inkişaf etdirilməsinə gətirmişdi.
Biz bununla mütləq üzləşməliyik: Bir əl sıxmaqla, yaxud bir konfrans keçirməklə yaxın keçmişdən ayrılmaq mümkün deyil. Lakin 7 il birgə işləyərək biz əmin olduq ki, keçmişin, tarixin uzun sürənliyinin qeyri-maddi (yəni, mənəvi) əhəmiyyəti vardır və o, ümumi gələcəyin qurulması üçün vacibdir. İndi aydın olur ki, prof. Kamal Adbulla ortaq tarixin ümumi gələcəyini yaratmaq üçün lazımi yeni yolları açan elmi ideya ilə ruhlanırdı. Bizim ümumi konfransımız və konfrans materiallarının dərc olunması qarşılıqlı əməkdaşlığımızın və bir-birimizi anlamağımızın bu yeni yolda qeyri-maddi dönüş nöqtəsi kimi artıq görünür. Bizim nailiyyətlərimiz ümumi, ortaq olsa da, bu ilk məqsədə nail olmağımızda Azərbaycan təşəbbüsü və qonaqpərvərliyi əsas rol oynamışdı.
Etibar Nəcəfov: Siz qeyd etdiniz ki, Azərbaycanın multikultural bir cəmiyyət olduğunu, həmçinin, Sizin Bakı Slavyan Universitetindəki pedaqoji fəaliyyətiniz göstərdi.
Ziqlinde Hartman: Tamamilə doğrudur, Bakı Slavyan Universitetinə mən ilk dəfə getdikdə bütün fakültələrin əməkdaşlarının xoş münasibətinə heyran oldum. Filologiya fakültəsində alman filologiyası “kafedra”sının olmamasına baxmayaraq, bütün müəllimlər məni universitetdə alman dili və mədəniyyətini təbliğ edəcəyimə görə böyük maraqla və dostluq münasibəti ilə qarşıladılar. Bu, mənim üçün olduqca müsbət bir sürpriz idi, çünki dünya mədəniyyətinin, elminin və iqtisadiyyatının inkişafında almanların böyük rol oynamalarının hamı tərəfindən geniş etiraf olunmasına baxmayaraq, neçə ildir ki, Qərb yarımkürəsində alman tədqiqatlarına maraq enməkdədir.
Mənim üçün ən böyük sürpriz isə Bakı Slavyan Universiteti məni 2 mart 2010-cu ildə universitetin professoru vəzifəsinə təyin edəndə oldu. Mən, universitetin rektoru və filologiya fakültəsinin dekanı yeni Avropa Bolonya qaydalarının əsasında Azərbaycanda ilk alman filologiyası kafedrasının yaradılmasına dair birgə razılığa gəldik. Lakin bu məsələnin həyata keçirilməsi Almaniya və Azərbaycan arasında birinci ikitərəfli elmi layihənin reallaşdırılmasından daha çətin idi. Belə ki, biz yeni sinif otaqları, tədris avadanlıqları, kitablar və müvafiq tədris materialları əldə etmək üçün vəsait tapmalıydıq. Bu, ilk baxışda qeyri-mümkün görünürdü. Lakin mənim Azərbaycan partnyorlarım bu işlə elə can-dildən məşğul oldular ki, biz müvafiq Azərbaycan nazirliklərindən, Almaniyanın Azərbaycandakı səfirliyindən, Alman Akademik Mübadilə Xidmətindən (DAAD) və Ostvald fon Volkenştayn-Qezelşaft Fondundan zəruri köməyi əldə etdik. 2010-cu ildə biz “kafedranı” yenidən qurmağa başlayanda cəmi 10 tələbə alman filologiyası üzrə ixtisaslaşmışdılar. İndi isə 2014-cü ildə belə tələbələrin sayı 100-ə yaxındır. Bundan başqa, biz artıq Almaniyanın Elm Nazirliyi tərəfindən diplomları tanınan iki bakalavr buraxılışını hazırlamışıq. DAAD bizim tələbələrimizə 20-dən çox təqaüd ayırmışdır. Bu tələbələrdən iki nəfər Maynz və Berlin universitetlərində alman tədqiqatları üzrə magistraturada təhsil almaq üçün təqaüdə layiq görülüb.
Yenə də qeyd etmək istəyirəm ki, mən azərbaycanlı partnyorlarımın qeyri-adi keyfiyyətlərindən məmnun oldum və xoş təəssürat aldım. Onların xaricilərə xoş münasibəti, qonaqpərvərliyi, öz mədəni irslərini bizlərlə bölüşmək istəyindən başqa, razılığa gəldiyimiz hər bir məsələyə ciddi yanaşırlar.
Etibar Nəcəfov: Azərbaycanda olan bu multikultural mühit sizin tələbələrlə, ümumiyyətlə yerli camaatla şəxsi görüşlərinizdə özünü büruzə verirdimi?
Ziqlinde Hartman: Əlbəttə, sualınıza cavab kimi, mən ilk növbədə tələbələrimin alman tədqiqatlarına olan marağını qeyd etmək istərdim. Lakin universitetdən kənarda da, mağazada, restoranda, yaxud muzeydə və Azərbaycanda olduğum bütün yerlərdə mən azərbaycanlıların xaricilərlə dost münasibəti yaratmağa çalışdıqlarını müşahidə edirdim. Mən dir daha əmin oldum ki, ümumi atmosfer dini, yaxud etnik tolerantlıqla xarakterizə olunur. Bu isə qlobal (elmi) icmanın daxilində sülh münasibətlərinin yaradılmasının ümumi məsələsi baxımından ən həssas faktdır.
Arye Qut - Beynəlxalq münasibətlər üzrə ekspert (İsrail): Professor Ziqlinde Hartman öz şəxsi təcrübəsinə əsaslanaraq Azərbaycanın multikultural, tolerant bir cəmiyyət olması faktının Azərbaycan xalqının mənəvi dəyərlərindən irəli gəldiyini göstərdi. Mən Azərbaycanın multikultural, tolerant bir cəmiyyət kimi formalaşmasında xalqın mənəvi dəyərləri ilə yanaşı, Azərbaycanın siyasi rəhbərliyinin bu sahədə apardığı məqsədyönlü siyasətdən danışmaq istəyirəm.
Azərbaycan bir çox dinlərin və millətlərin nümayəndələrinin vətəni olmuşdur və olmaqda qalır. Qədim Azərbaycan torpağında yəhudi dini və islam, atəşpərəstlik və xristianlıq mövcud olmuşdur. Bu torpaq bu gün də inanılmaz tolerantlıq və dini dözüm nümayiş etdirir. Bir mühüm tarixi fakt vardır ki, o barədə mən İsrailin siyasi və akademik elitasına tez-tez fəxrlə danışıram. Bütün müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumətində yəhudi millətinin iki nümayəndəsi var idi - səhiyyə naziri və ərzaq naziri. AXC-nin bütün tarixi ərzində isə hökumətdə İsrail xalqı 4 nümayəndə ilə təmsil olunurdu. Bu da Azərbaycanda yəhudilərə xüsusi münasibət olduğundan xəbər verir.
Azərbaycan rəhbərliyi tərəfindən bu gün tolerantlıq siyasətinin həyata keçirilməsi və bu ideyanın populyarlaşdırılması, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması Azərbaycan dövlətinin tolerantlığın və multikulturalizm siyasətinin saxlanılmasına yönəlmiş strategiyasının təzahürü, bu siyasətin inkişafı, müasir və güclü Azərbaycan modelinin timsalında dünyada təbliğ edilməsidir. Digər tərəfdən, bu gün Avropada mültikulturalizmin uğursuzluğa düçar olması da faktdır. Məsələn, bunu Almaniya kansleri Angela Merkel və Britaniya baş naziri Devid Kameron qeyd edirlər.
Qonşu Ermənistandakı etnik millətçilik və şovinizm fonunda Azərbaycanda iyirmi minlik yəhudi icmasının mədəni və dini həyatının dirçəlməsi və inkişafı prosesi müşahidə olunur. Yəhudi icması Azərbaycanda ən fəal və nüfuzlu dini icmalardan biridir. İsrail dövlətinin vətəndaşı kimi fəxrlə deyə bilərəm ki, Azərbaycan rəhbərliyi 2500 illik tarixi olan yəhudi icmasının ənənələrinə qayğıkeş və mehriban münasibət bəsləyir. İsrail dövləti Azərbaycan rəhbərliyinin və xalqının yəhudi icmasına heç bir digər ölkə ilə müqayisəyə gəlməyən səmimi və mehriban münasibətini yüksək qiymətləndirir. Mən üç il bundan qabaq İsrail parlamentindəki çıxışımda demişdim: “Azərbaycan üçün tolerantlıq və multikulturalizm həyat tərzidir. Bu, Azərbaycanı mənəvi-əxlaqi potensialı dünya tərəfindən etiraf edilən çoxmillətli və çoxkonfessional ölkəyə çevirmişdir. Azərbaycanda heç vaxt antisemitizm olmamışdır. Azərbaycan sivilizasiyalararası dialoqun əsl nümunəsidir. İstər müsəlman olsun, istər xristian, mənə elə ölkə göstərin ki, orada Prezidentin və ölkənin birinci xanımının himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi tikilmişdir. Düşünürəm ki, ikinci belə ölkəni tapa bilməyəcəksiniz”.
Aleksandr Nesterov - Rusiyanın birinci Prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun Avropa tədqiqatları kafedrasının müdiri, professor (Rusiya): Cənab Arye Qut Azərbaycanın siyasi rəhbərliyinin multikulturalizm siyasətindən danışarkən Almaniya və İngiltərə dövlət başçılarının multikulturalizmin bu ölkələrdə iflasa uğramasını etiraf etdiklərini qeyd etdi. Multikulturalizm siyasətinin Azərbaycanda inkişaf etməsi, Avropa İttifaqı ölkələrində isə iflasa uğramasının səbəblərini anlamaq üçün biz ilk növbədə bu siyasətin Azərbaycanda və Avropa İttifaqı ölkələrindəki fərqli cəhətlərini müəyyən etməliyik.
Azərbaycanda multikulturalizm Avropa İttifaqı ölkələrindəki multikulturalizmdən nə ilə fərqlənir? Zənn etmək olar ki, multikulturalizm elə multikulturalizmdir, yəni müxtəlif mədəniyyətlərin öz xüsusiyyətlərini, ənənələrini, adətlərini qoruyub saxlamaq şərtilə vahid məkanda avtonom şəkildə yan-yana yaşamasıdır. Lakin tarixi və siyasi şəraitin analizi Avropa və Azərbaycana münasibətdə “multikulturalizm” anlayışının dərin fərqlərini ortaya çıxarır.
Təbii ki, Avropa bir çox etnosların, mədəniyyət və ənənələrin yan-yana mövcud olduğu regiondur. Hərçənd, tarixi mənada Avropada mültikulturalizm barədə yalnız Avropa ölkələrində yaşayan, lakin öz din və yazısını qoruyub saxlayan Avropa yəhudilərini nəzərdə tutaraq danışmaq olar. Eyni zamanda, Avropa xristian sivilizasiyası onun baza təməllərini qəbul etməyənlərə qarşı son dərəcə dözümsüz idi. Ən yaxşı halda yəhudilər ayrıca (“getto” anlayışı buradan doğur) məskunlaşmağa məcbur idilər və hüquqları xeyli dərəcədə məhdudlaşdırılmışdı. Ən pis halda isə (XVI əsrin əvvəlində İspaniya dövlətlərində olduğu kimi) kafirləri, sadəcə olaraq, dövlətin hüdudlarından kənara qovurdular. XIX əsr - XX əsrin birinci yarısında Avropa ölkələrinin inkişaf tendensiyası milli dövlətlərin (idealda çoxmillətli dövlətlərin, dövlət-millətlərin) formalaşması idi. Bu dövlətlərin çərçivəsində digər etnoslara, sadəcə, yer qalmırdı. Avstriya-Macarıstan istisna idi. Bu dövlətə Mərkəzi Avropa xalqları üçün inteqrasiya layihəsinin həyata keçirilməsinə cəhd kimi baxmaq olar. Özü də məhz multikulturalizm məkanını formalaşdırmağa əsaslanan layihə kimi. Bu layihə Avropa xristian sivilizasiyasının Qərb və Şərq versiyalarının nümayəndələrini, həmçinin, Mərkəzi Avropanın yəhudi əhalisini birləşdirirdi. Lakin “romantik millətçilik” dalğasının yüksəlməsi şəraitində Avstriya inteqrasiya layihəsi vaxtına düşmədi və Birinci Dünya müharibəsinin gedişində dağıldı.
Lakin multikulturalizm barədə real olaraq yalnız XX əsrin son otuz ilində danışmağa başladılar. Bu, Afrika və Ərəb Şərqindən Avropa sivilizasiyasının norma və ənənələrini qəbul etmək istəməyən mühacir axını ilə bağlı idi. Müasir Avropa İttifaqının postulatlarından birinə çevrilən tolerantlıq ənənəvi Avropanın mövcudluğunu təhlükə altına aldı: miqrantlar nəinki öz ənənələrinə riayət etmək hüququnu, hətta öz norma və adətlərini qəbul edən ölkələrin qanunlarından yüksək tutmağı tələb edirdilər. Miqrantların aqressiv millətçiliyi Avropa ölkələrində cavab reaksiyası doğurdu və bu ölkələrin yerli əhalisi arasında ksenofobiyanın inkişafı istiqamətində dayanıqlı tendensiya formalaşdırdı. Məhz bu səbəbdən Aİ ölkələri liderləri Avropada multikulturalizm siyasətinin iflasa uğramasını dilə gətirməyə başladılar.
Azərbaycanda vəziyyət Avropadakından prinsipial olaraq fərqlənirdi. Tarixi baxımdan Azərbaycanın məkanı (bu terminin geniş mənasında) hər zaman sivilizasiyaların, mədəni, etnik və dini ənənələrin kəsişdiyi yer olmuşdur. Odur ki, uzun əsrlər boyu müxtəlif mədəniyyətlərin (hətta sivilizasiyalar baxımından) yan-yana yaşaması qorunub saxlanmışdır. Müasir Azərbaycan multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinə nümunə göstərir. Burada müxtəlif etnomədəni qrupların nümayəndələri nəinki bir-birinə qarşı aqressiv münasibətdə deyil, hətta uğurla yan-yana yaşayır və əməkdaşlıq edirlər. Türklər (azərbaycanlılar), irandilli talışlar, Quba yəhudiləri, İvanovkadakı köhnə təriqətçilər - bütün bunlar Azərbaycan Respublikasında uğurla həyata keçirilən multikulturalizm siyasətinin bariz nümunələridir.
Sandro Tetti - politoloq və naşir (İtaliya): Aleksandr Nesterovun Azərbaycanda səmərəli multikulturalizm siyasətinin həyata keçirilməsi üçün əlverişli tarixi, coğrafi şəraitin olması və bu siyasətin uğurla həyata keçirilməsi fikrini tam dəstəkləyərək qeyd etmək istərdim ki, mən multikulturalizm haqqında ilk dəfə eşidəndə, Azərbaycanda hələ olmamışdım. Sonradan mən bu ölkəni, onun dərin və əsl multikulturalizmini, bundan doğan mənəvi kamilliyini kəşf etdim. Bu, elə bir ölkədir ki, azərbaycanlılar, ləzgilər, ruslar, talışlar və başqaları, eyni zamanda, müsəlmanlar, aşkenazi və dağ yəhudiləri, katolik, ortodoks və protestant xristianlar bəhailərlə bir yerdə qarşılıqlı dözümlülük şəraitində dinc yaşayırlar. Roma Papası II İoann Pavel bu ölkəyə 2002-ci ildə təşrif buyurmuşdur. Dünyanın heç bir başqa müsəlman ölkəsində skeptik insan özünü buradakı kimi bu qədər azad və təhlükəsiz hiss etmir. Azərbaycan multikulturalizmi etnik və ya dini multikulturalizmlə məhdudlaşmır: Avropa və İtaliya tarixində Azərbaycan izi vardır. Bu iz uzun müddətdir ki, yaddan çıxmışdır. Mən tanınmış partizan Mixaylonu və II Dünya müharibəsi illərində İtaliyada öz həyatlarını qurban vermiş digər azərbaycanlı antifaşist döyüşçüləri yada salıram. Azərbaycan partizanlarının fotoşəkillərini Romanın arxivlərindən şəxsən tapdığıma görə qürur duyuram. Sonralar bu foto-şəkillər Mixail Talalayın İtaliyanın azadlığı uğrunda vuruşmuş azərbaycanlılara həsr edilmiş kitabında verilmişdir. Bu misalı ona görə çəkdim ki, Azərbaycan kimi layiq ölkələrin və xalqların mədəniyyətlərinin Qərbdə yayılmasının və aşkar olunmasının vacibliyini qeyd etmək istəyirəm.
Tanınmış İtaliya orta əsrlər tarixçisi prof. Franko Kardininin belə bir fikrini sizinlə bölüşmək istərdim: “Biz dərk etməliyik ki, son onilliklərdə müsəlman dünyası Qərbə təkcə neft və terrorizm gətirməmişdir, həmçinin, Çindən biz yalnız saxta brend və sənaye məhsullarını almırıq. Afrika Avropaya yalnız ac və ümid axtaran immiqrantları yollamır. Homer, Dante və Şekspir iranlı, azərbaycanlı, yapon, türk və digər alimlər tərəfindən interpretasiya edilərək yenidən bumeranq kimi Şərqdən bizə qayıdır. İtaliya tədqiqat mərkəzləri Afrikadan, yaxud Çindən gəlmiş tələbələr və gənc mütəxəssislərlə doludur. Şərq bu gün bizdə olanları bizə qaytarır. Lakin onun qaytardıqları bir qədər fərqli və daha zəngin görünür. “Qərbin yenidən qurulması” ilə bərabər, Şərq bizim bilmədiyimiz, yaxud az və pis bildiyimiz böyük mədəniyyətini bölüşməkdə davam edir. Vergil, Mikelanjelo və Mosart Azərbaycan tələbələrini ruhlandırmaqda davam edirlər. Artıq elə bir vaxt gəlmişdir ki, Azərbaycan Homeri olan Dədə Qorqud Homer yunanları ruhlandırdığı kimi İtaliya və Avropa tələbələrini ruhlandırsın.
Dədə Qorqud Homeri dərk etməkdə bizim tələbələrə kömək edəcəkdir. Və əksinə. Onlar bir-birini tamamlayırlar və tamamlayacaqlar. Homer və Dədə Qorqud bizim oğullarımız - azərbaycanlı, italyan və avropalı oğullarımız tərəfindən eyni dərəcədə öyrənildikdə, biz “universal mədəniyyətə” olan təşnəmizin sönməyinə nail ola biləcəyik”.
Dünyaca məşhur orta əsrlər bilicisi professor Franko Kardininin bu sözləri yazıçı Kamal Abdullanın bu yaxınlarda İtaliyada çap edilmiş “Yarımçıq əlyazma” romanına yazdığı önsözdəndir. Və bu sözlər əsl multikulturalizmə aparan yoldur.
Kamal Abdullayev: Məncə, artıq müxtəlif dövlətlər öz mövcudluqlarını təsdiq edən və qoruyan milli təhlükəsizlik doktrinalarının (iqtisadi təhlükəsizlik, enerji təhlükəsizliyi, informasiya təhlükəsizliyi, ekoloji təhlükəsizlik, texnogen təhlükəsizliyi, qida təhlükəsizliyi və başqaları) sırasına yeni bir təhlükəsizlik komponenti də daxil etməlidir. Bu, multikultural təhlükəsizlik adlandırıla bilər və geniş mənəvi spektri nəzərdə tutardı. Qətiyyətlə demək olar ki, Azərbaycan bu gün öz multikultural təhlükəsizliyini bir sistemə dönüşdürüb bunun ciddi, məsuliyyətli və önəmli dönəmini yaşayır.
Etibar Nəcəfov: Beləliklə, bugünkü müzakirəmizdə əldə etdiyimiz əsas ümumi fikir ondan ibarət oldu ki, müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafı xalqımızın mənəvi sıçrayışı fonunda baş verir. Ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlərini yalnız onun zəngin təbii ehtiyatları ilə bağlamaq düzgün deyil. Bu inkişafın əsas səbəblərindən biri xalqımızın mənəvi dəyərləridir. Mənəvi dəyərlərimiz sosial-iqtisadi inkişafın təsiri ilə daha da yüksələrək onu həm müşayiət edir, həm də əsas səbəblərindən biri kimi çıxış edir. Burada söylənildiyi kimi, heç bir iqtisadi sıçrayış mənəvi sıçrayışdan təcrid olunmuş şəkildə baş vermir. Və əksinə, iqtisadi sıçrayış olmayan yerdə də mənəvi bütövlük axtarmaq əbəsdir. Bu iki amil bir-birini həmahəng şəkildə tamamlayır.
Növbəti “Dəyirmi masa”da növbəti mövzu ətrafında görüşənə
qədər.
Yeni Azərbaycan.-2014.- 27 sentyabr.- S. 6-7.