Azərbaycan-Rusiya münasibətləri dinamik inkişaf edir

 

Hər iki ölkə həm yüksək səviyyədə, həm də müvafiq strukturlar və nazirliklər səviyyəsində fəal əməkdaşlıq edir

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə ölkəmizdə səfərdə olan Moskva şəhərinin meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirib. Ölkələrimizin həm yüksək səviyyədə, həm də müvafiq strukturlar və nazirliklər səviyyəsində fəal əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev bu yaxınlarda keçirilən Rusiya-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyanın iclasında müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib. Moskva şəhəri ilə mövcud olan ənənəvi əlaqələrin önəmini vurğulayan dövlətimizin başçısı son dövrlərdə Rusiya paytaxtında həyata keçirilən geniş yenidənqurma işlərinin böyük maraq doğurduğunu bildirib. Bakı şəhərində də sürətli inkişaf və abadlıq işlərinin həyata keçirildiyini deyən Prezident İlham Əliyev paytaxtlarımız arasında təcrübə mübadiləsinin səmərəli olacağını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti Moskva şəhəri ilə ticarət-iqtisadi əlaqələrə toxunaraq Rusiya paytaxtına göndəriləcək Azərbaycan məhsullarının həcminin daha da artırılacağına əmin olduğunu deyib.

Prezident İlham Əliyev Moskva şəhərinin meri Sergey Sobyaninin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi və ölkəmizlə daha yaxından tanış olmaq işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirən Moskva şəhərinin meri Sergey Sobyanin deyib: “Həqiqətən, Moskva şəhəri ilə Azərbaycan arasında dostluq əlaqələri çoxəsrlik tarixə malikdir və olduqca yaxşı haldır ki, bu əlaqələr bu gün də inkişaf etməkdə davam edir”.

Bu məqamda vurğulamaq yerinə düşər ki, zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı isə 1991-ci ildə SSRİ-nin süqutundan sonra ittifaq ölkələrinin müstəqil dövlətlərə çevrilməsi ilə qoyulub. Lakin Azərbaycanın müstəqilliyinin ilk illərində şimal qonşumuzla münasibətlər heç də birxətli olmayıb. Yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələndən sonra Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında getdikcə möhkəmlənən, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin əsası qoyuldu. Dünyada və regionda gedən proseslərin konyunkturasını, Azərbaycanın dövlət maraqlarını düzgün dəyərləndirən Ulu öndər şimal qonşumuzla siyasi, iqtisadi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atdı. Ümummilli liderin Rusiyaya 1997-ci ildə ilk rəsmi səfərindən sonra iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri ənənə halını aldı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 9-10 yanvar 2001-ci il tarixində Azərbaycana baş tutan rəsmi səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin və hüquq-müqavilə bazasının genişləndirilməsinə təkan verdi.

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasət kursunu davam etdirən Prezident İlham Əliyev də Rusiya Federasiyası ilə əlaqələrin inkişafına böyük önəm verir. Bunun təsdiqi kimi, Azərbaycanın dövlət başçısı 5-7 fevral 2004-cü il tarixində bu ölkədə rəsmi səfərdə olub. Bundan əlavə, 2004-2005-ci illərdə Azərbaycan Prezidenti Rusiya Federasiyasına işgüzar səfərlər edib. Öz növbəsində, Rusiya Prezidenti Vladimir Putin 21-22 fevral 2006-cı il tarixində Azərbaycana işgüzar səfərə gələrək “Rusiya İli”nin təntənəli açılış mərasimində iştirak edib. Azərbaycan və Rusiya prezidentlərinin növbəti görüşü 16 iyun 2006-cı ildə Qazaxıstanın Almatı şəhərində Asiyada qarşılıqlı fəaliyyətə və etimad tədbirlərinə dair müşavirədə iştirak çərçivəsində gerçəkləşib. İki ölkə prezidentlərinin görüşləri sonrakı illərdə də davam etdirilib. Belə ki, 3 aprel 2008-ci il tarixində Prezident İlham Əliyevin Buxarestdə, NATO-nun sammiti çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə baş tutan görüşündə ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Rusiya Federasiyasının hazırkı Baş naziri Dmitri Medvedyevin prezidentliyi dövründə də iki ölkə arasında imzalanan çoxsaylı sənədlər qarşılıqlı əlaqələrin iqtisadiyyat, enerji və digər sahələrdə dərinləşməsinə şərait yaradıb. Belə ki, Rusiya Prezidentinin 2008-ci il səfərinin yekununda iki ölkə arasında bir sıra mühüm sənədlərlə yanaşı, Dostluq və strateji əməkdaşlıq haqqında Bəyannamə də imzalanıb. Rusiya dövlət başçısının Azərbaycana bir il sonra gerçəkləşən işgüzar səfəri zamanı “Xəzər dənizi üzrə birgə Bəyannamə və dövlət sərhədlərinin delimitasiyasının başa çatdırılmasının əsas prinsipləri və Samur çayının su resurslarının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bölüşdürülməsi barədə” birgə Bəyannamə imzalanıb. Həmçinin, Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan təbii qazının alış-satışı üzrə müqavilənin əsas şərtləri imzalanıb. 2013-cü il avqustun 13-də Rusiya Prezidenti Vladimir Putinin geniş nümayəndə heyəti ilə ölkəmizə səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, imzalanan sazişlər Azərbaycanla Rusiya arasında münasibətlərin genişlənməsindən xəbər verir.

Qeyd olunanlarla yanaşı, Azərbaycanla Rusiya iqtisadi sahədə də uğurlu əməkdaşlıq qura bilib. Belə ki, iki ölkə arasında kənd təsərrüfatı, tərəvəzçilik, taxılçılıq, maşınqayırma, məişət avadanlıqları və digər sahələr üzrə geniş ticarət əlaqələri mövcuddur. Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə geniş əməkdaşlıq edir. Bir faktı qeyd etmək kifayətdir ki, Rusiya Federasiyasının 70-dən çox regionu Azərbaycan ilə sıx işgüzar əlaqələr saxlayır. Xatırladaq ki, 2011-ci ilin mayında Həştərxanda “Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” mövzusunda II Rusiya-Azərbaycan regionlararası Forumu keçirilib. Forumda Həştərxan vilayəti və Azərbaycan Respublikası Ticarət-Sənaye palataları arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb. İqtisadi əlaqələrin genişləndirilməsi yönündə 2013-cü il iyunun 5-də Volqoqradda Dördüncü “Rusiya-Azərbaycan: Regionlararası dialoq-2013” Forumu keçirilib. Tədbir çərçivəsində “Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərində” və “Böyük Vətən müharibəsində Qələbəyə Azərbaycan xalqının töhfəsi” mövzularında fotosərgilər təşkil olunub. Forum çərçivəsində Azərbaycanın və Rusiyanın vahid enerji sistemlərinin paralel işinin təmin edilməsi tədbirləri haqqında Rusiya Federasiyası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Saziş və Azərbaycan Respublikası Hökuməti ilə Volqoqrad vilayəti hökuməti arasında ticari-iqtisadi və mədəni əməkdaşlıq haqqında Saziş imzalanıb.

Cari il 23-24 iyun tarixində isə Qəbələdə V Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin və Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda hər iki tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ümumilikdə Foruma hər iki ölkədən 700-dən çox iştirakçı qatılıb. Forum çərçivəsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığa dair bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyi arasında və Rusiyanın İnvestisiya Agentliyi ilə AZPROMO arasında qarşılıqlı anlaşma haqqında memorandumlar imzalanıb. Həmçinin, Həştərxan Turizm Birliyi ilə Azərbaycan Turizm Assosiasiyası arasında və Ural Turizm Assosiasiyası və Azərbaycan Turizm Assosiasiyası arasında turizm sahəsində əməkdaşlıq barədə, “Həştərxan regional kanalı” MMC ilə Azərbaycanın regional televiziyası arasında sazişlər imzalanıb. Forum çərçivəsində Azərbaycanın və Rusiyanın bir sıra şirkətləri arasında da əməkdaşlığa dair sənədlər imzalanıb. Belə ki, Rusiya Federasiyasının Rostov vilayətinin İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycanın “Mətanət A” şirkəti arasında, Rusiyanın “Aqroholdinq starıysad” ASC ilə Azərbaycanın “CTC Holdinq” şirkəti arasında, “Dağıstan Ticarət Evi” ASC ilə Azərbaycanın “Azeksfrukt” şirkəti arasında, “Dağıstan Steklotara” MMC ilə Azərbaycanın “Azərsun Holdinq” şirkəti arasında əməkdaşlıq haqqında sazişlər, Dağıstanın “Yuqaqroholdinq” şirkəti ilə Azərbaycanın “İnvestment Group” MMC arasında müqavilə imzalanıb.

İki ölkə arasında imzalanan qaz müqavilələri ilə Rusiya Azərbaycan qazının idxalını dəfələrlə artırıb. Bu, həm də enerji layihələrinin şaxələndirilməsinə və xammalın satışının münasib tariflərlə reallaşdırılmasına üstünlük verən Azərbaycan tərəfinin mənafeyinə uyğundur.

Bir sözlə, Azərbaycanla Rusiya arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir və bu məqam avqustun 9-da Rusiyanın Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşündə bir daha vurğulanıb.

Bundan başqa, Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası çərçivəsində keçirilən görüşlərdə də iki ölkə arasındakı münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının gündəliyində duran məsələlərin geniş şəkildə nəzərdən keçirilməsinin önəmini qeyd edib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Soçidə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin görüşdə ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı səmərəli müzakirələr aparıldığını vurğulayıb. Hazırkı dövrdə ticarət dövriyyəsinin artırılması, o cümlədən, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən dövlətimizin başçısı Dmitri Roqozinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəldiyini diqqətə çatdıran Dmitri Roqozin nümayəndə heyətinin tərkibində yüksək səviyyəli məmurların olmasının əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin operativ həlli baxımından əhəmiyyətini vurğulayıb.

 

Mübariz ABDULLAYEV

 Yeni  Azərbaycan.-2014.- 27 sentyabr.- S. 12.