Milli təhlükəsizliyin gücləndirilməsi istiqamətində
ardıcıl tədbirlər görülür
Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında Sərəncamı milli təhlükəsizlik maraqlarına və cəbhə xəttindəki vəziyyətin tələblərinə uyğun atılan çevik addımdır
Məlum olduğu kimi, milli təhlükəsizlik dövlətin, cəmiyyətin və şəxsiyyətin hərbi, iqtisadi, sosial, siyasi, ekoloji, mənəvi-psixoloji və digər sahələrdə təhlükəsizlik məsələlərini əhatə edir. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində iyul ayının sonlarından başlayan və avqustun ilk günlərində də davam edən təxribatları nəticəsində yaranan gərginlik, paralel olaraq Azərbaycan informasiya məkanında yalan məlumatların, dezinformasiyanın yayılması, bir sıra hallarda özündə hərbi sirr daşıyan informasiyaların ötürülməsi, həmin hadisələr ərəfəsində və sonrakı günlərdə erməni diversantlarının cəbhə xəttini keçmək cəhdləri ölkənin informasiya məkanında və cəbhə xəttində təhlükəsizliyin gücləndirilməsinin zəruri olduğunu göstərdi. Təsadüfi deyil ki, bu hadisələrdən dərhal sonra mövcud problemlərlə bağlı Azərbaycan ictimaiyyətində geniş müzakirələr, diskussiyalar aparıldı. Avqustun 29-da keçirilən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi mövcud problemlərə işıq tutdu. Administrasiyanın rəhbəri Ramiz Mehdiyev məruzəsində avqustun əvvəlində müşahidə olunan gərginliyin bəzi KİV-lərin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirdiyini deyib. Həmçinin, cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması barədə faktlar göstərilib.
Əlbəttə ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycanın təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır.
Qeyd edək ki, dövlət sirrinin, eləcə də, hərbi sirrin qorunması üçün müvafiq orqanlarla media qurumları arasında əməkdaşlığın yaradılması, milli maraqlara zərər vuran fəaliyyətə görə peşəsindən asılı olmayaraq vətəndaşların məsuliyyətə cəlb edilməsi ilə bağlı inkişaf etmiş ölkələrin qanunvericiliyi və praktikası da daxil olmaqla, geniş beynəlxalq təcrübə mövcuddur. Bu cəhətdən, müharibə şəraitində olan bir ölkə olaraq, Azərbaycanda cəbhə xəttində təhlükəsizliyin təmin olunması, eləcə də, hərbi sirrin daha etibarlı qorunması üçün qanunvericiliyin təkmilləşdirilməsinə, müəyyən əməli tədbirlərin görülməsinə ehtiyac var.
Ona görə də, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında Sərəncamı milli təhlükəsizlik maraqlarına və cəbhə xəttindəki vəziyyətin tələblərinə uyğun atılan çevik addımdır. Sərəncamda göstərildiyi kimi, sənədin imzalanmasında məqsəd Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirmək, milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə məlumatların, eləcə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaqdır.
KÖNÜLLÜ VƏTƏNDAŞLAR TƏHLÜKƏSİZLİYİN GÜCLƏNDİRİLMƏSİNƏ CƏLB OLUNACAQLAR
Sərəncamda tapşırılır ki, “Müdafiə məsələləri üzrə əlaqələndirmə şuralarının yaradılması və hərbi birliklərə, hissələrə hamilik haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 9 yanvar tarixli 667 nömrəli Fərmanına uyğun olaraq yaradılan müdafiə məsələləri üzrə əlaqələndirmə şuraları cəbhəboyu zonada müdafiənin möhkəmləndirilməsi, habelə əhalinin ayıq-sayıqlığının artırılması məqsədi ilə həmin zonada yerləşən yaşayış məntəqələrində yerli əhali arasından könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması üçün zəruri tədbirlər görsünlər. Təbii ki, könüllülərdən təşkil olunacaq patrullar düşmənin cəbhəboyu ərazilərdə təxribatlarının qarşısının alınmasına yardım edəcək ki, bu da təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətli qərardır.
Bildiyimiz kimi, milli təhlükəsizliyin təmin olunmasında başlıca vəzifə müvafiq dövlət qurumlarının, milli təhlükəsizlik orqanlarının üzərinə düşür. Lakin bu məsələdə vətəndaş məsuliyyətliliyi də müvafiq qurumların işinə xeyli dərəcədə yardım göstərə bilər. Çünki dövlətin milli təhlükəsizliyi cəmiyyətin hər bir fərdinin təhlükəsizlik maraqlarını ehtiva edir. Bu səbəbdən də, cəbhəboyu zonada əhali arasından patrul dəstələrinin yaradılması düşmən təxribatlarının qarşısının alınmasında səmərəliliyi artıracaq. Yaradılacaq patrul dəstələri sayıqlığın daha da artırılmasına, əhali ilə təhlükəsizlik qurumları arasında əməkdaşlığın daha möhkəm və sistemli xarakter almasına, cəbhəboyu zonada şübhəli şəxslər və hallar barədə müvafiq qurumların daha qısa zamanda məlumatlandırılmasına və lazımi tədbirlərin görülməsinə imkan yaradacaq. Bu məsələdə beynəlxalq təcrübə ilə yanaşı, Azərbaycanın özünün təcrübəsi də müəyyən rol oynaya bilər. Məsələn, Keçmiş Sovetlər Birliyi dövründə sərhədyanı bölgə olduğu üçün Lənkəran-Astara zonasında yerli sakinlərdən ibarət bənzər dəstələr fəaliyyət göstərirdi. Onların sayıqlığı sərhədçilərin işinə xeyli kömək edirdi.
CƏMİYYƏTİN İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ GÜCLƏNDİRİLƏCƏK
Bildiyimiz kimi, Azərbaycanda media sahəsində azadlıq və plüralizm təmin olunub. Ənənəvi KİV-lə yanaşı, insanların əsas informasiya mənbəyinə çevrilən internet resurslarından, sosial şəbəkələrdən istifadəsinə heç bir məhdudiyyətin qoyulmaması vətəndaşların konstitusion hüququ olan informasiya azadlığının mühüm göstəricilərindəndir. Hələ 1998-ci il avqustun 6-da Ulu öndər Heydər Əliyevin imzaladığı “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla KİV üzərində senzura aradan qaldırılıb. Həmin vaxtdan etibarən KİV üzərində birbaşa dövlət nəzarətinin ləğv edilməsi ilə media qurumları cəmiyyətə ötürdükləri məlumatların məzmununu, yaxud yürütdükləri informasiya siyasətini özləri müəyyənləşdirirlər.
Lakin söz və mətbuat azadlığı jurnalisti heç də vətəndaşlıq vəzifələrindən azad etmir. Jurnalist hər şeydən əvvəl, müəyyən dövlətin vətəndaşı, bir xalqın nümayəndəsidir. Media işçisi fəaliyyətinin, ilk növbədə, məhz mənsub olduğu cəmiyyətə, xalqa xidmət etməyə yönəldiyini unutmamalıdır. Bu səbəbdən, “informasiya çirkliliyinin” geniş vüsət aldığı informasiya məkanında cəmiyyətin düzgün və qərəzsiz məlumatlandırılması, informasiya təhlükəsizliyinin qorunmasında KİV-in üzərinə böyük məsuliyyət düşür.
Təəssüf ki, avqustun əvvəllərində cəbhə xəttində artan gərginlik heç də bütün media qurumlarının bu məsuliyyəti tam dərk etmədiyini göstərdi. Həmin günlərdə mediada, sosial şəbəkələrdə dezinformasiyanın, bəzi hallarda hərbi sirlərin yayılması ictimaiyyətdə müəyyən çaşqınlığın yaranmasına səbəb oldu.
Bu səbəbdən də təsadüfi deyil ki, sözügedən Sərəncamda informasiya təhlükəsizliyi və düzgün məlumatlandırma məsələlərinə ayrıca diqqət yetirilir. Sərəncamda tapşırılır ki, Nazirlər Kabineti bir ay müddətində “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.
Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına isə cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə izahat işinin təşkil edilməsi, mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə həmin orqanların mətbuat xidmətləri tərəfindən hərbi-siyasi və əməliyyat şəraitinə dair məlumatların yayılması üçün internet informasiya ehtiyatlarının, o cümlədən sosial şəbəkələrin imkanlarından daha səmərəli istifadə edilməsi, bu məqsədlə mətbuat xidmətlərinin işçiləri üçün müvafiq təkmilləşdirmə kurslarının təşkilinin təmin edilməsi tapşırılır.
Müdafiə Nazirliyinə cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq, kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etmək və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyən edib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını təşkil etmək tapşırılıb.
Azərbaycan Mətbuat Şurasına isə hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini təşkil etmək tövsiyə olunub.
Sərəncam əsasında Nazirlər Kabineti 1994-cü ildə qəbul olunmuş “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun (o cümlədən cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini nəzərdə tutan) yeni redaksiyasını üç ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək.
Göründüyü kimi, Sərəncamda dövlət sirrinin qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi baxımdan kifayət qədər ciddi məsələlər əksini tapıb. Sərəncamdan irəli gələn məsələlərin və verilən tapşırıqların yerinə yetirilməsi sayəsində birinci növbədə, Azərbaycanın cəbhəboyu zonalarında əhalinin təhlükəsizliyi və yüksək sayıqlığı təmin ediləcək, vətəndaşlarla təhlükəsizlik qurumları arasında əməkdaşlıq möhkəmləndiriləcək. İkincisi isə, istər media nümayəndələri, istərsə də sıravi vətəndaşlar bundan sonra cəbhə xəttindəki proseslər barədə yaydıqları məlumatlara daha məsuliyyətlə yanaşacaqlar. Nəticədə, təxribat, dezinformasiya, düşməni məlumatlandırmaq xarakterli informasiyaların yayılmasının qarşısının alınmasında ciddi nailiyyətlər əladə olunacaq. Bunlar isə onu deməyə əsas verir ki, Sərəncamda nəzərdə tutulan məsələlərin həlli Azərbaycan vətəndaşlarının həm fiziki, həm də mənəvi-psixoloji təhlükəsizliyini daha da gücləndirəcək.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 27 sentyabr.- S. 2.