Azərbaycan kinosu yeni inkişaf mərhələsindədir

 

2013-cü il ölkəmizdə kinemotoqrafiya sahəsində bir çox uğurların əldə olunması ilə yadda qalıb

 

Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşflərindən biridir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də əyaniliyindədir, yəni inandırma gücünə və təsirə malik olmasındadır.

Ümumiyyətlə, Azərbaycan kino sənəti, bütövlükdə, tamaşaçıların estetik zövqüdünyagörüşünün formalaşdırılmasında mühüm rol oynayaraq, xalqımızın milli ruhunun qorunub saxlanması işinə xidmət edir. Məlumat üçün bildirək ki, ölkəmizdə kinonun yaranma tarixi XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı ilə sıx bağlıdır. Həmin vaxt neftin sənaye üsulu ilə hasilatına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi, həmçinin, milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yarandı. Beləliklə də, mərhələli şəkildə müxtəlif janrlı filmlər yaranmağa başladı.

XIX əsrin sonlarında bakılı naşirfotoqraf Aleksandr Mixayloviç Mişonun kinoxronika çəkilişləri ilə Azərbaycan kinosunun əsası qoyulub. 1898-ci ildən başlayaraq Azərbaycanda bir sıra filmlər çəkilib.

Lakin, birmənalı şəkildə vurğulamaq yerinə düşər ki, milli kinonun inkişafına ən yüksək diqqət və qayğı Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə göstərilib. Həmin dövrdə Azərbaycan kinematoqrafiyası öz imkanlarını artıraraq ciddi sənət nailiyyətləri qazanıb. Kinomuzun yeni inkişaf mərhələlərini yaşadığı bu illərdə ssenarist, rejissor, operator, rəssam kadrlarının bir neçə nəsli yetişibmilli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərləri yaradılıb.

Azərbaycan kinosu tarixinin əsl yetkinlik dövrü sayılan 1970-1980-ci illərdə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılıb, digər görkəmli əsərlər ekranlaşdırılıb, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilib. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi kütləvi, eləcə də 44 cizgi filmi çəkilib, 96 nömrə Mozalan satirik jurnalı yaradılıb. Bəhs edilən dövrdə çəkilən filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan kinosu tarixin əsl yetkinlik dövrü sayılan 1960-1980-ci illərdə isə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən və artıq mədəniyyətimizin Qızıl Fonduna daxil olan tarixi filmlər yaradılmış, digər görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir. Sovetlər İttifaqında kino sənətindən, həmçinin, dövlət ideologiyasının təbliğat maşını kimi istifadə edilsə də, Azərbaycanda kino yaradıcılığı işi həmin dövrdə təşkil olunmuşdur. Azərbaycan kinematoqrafiyası məhz o illərdə sistemli fəaliyyəti sayəsində getdikcə öz imkanlarını artıraraq, ciddi sənət nailiyyətləri qazanmışdır.

Təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, kino sənətimiz də tənəzzüllə baş-başa qaldı. Daha doğrusu, 1991-ci ildən etibarən, dövlətin vahid kino sistemi dağılmağa başladı və Azərbaycan kinematoqrafiyası bir sıra çətinliklərlə qarşılaşdı. Bu mənfi tendensiyaya isə Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra son qoyulub. Belə ki, Ümummilli liderimizin 1998-ci il 19 avqust tarixli Fərmanı ilə Azərbaycanda Kinematoqrafiya haqqında Qanun qəbul olunub. Bununla yanaşı, bir sıra Azərbaycan filmləri yüksək dövlət mükafatlarına layiq görülüb, aktyorlar, rejissorlarssenari müəllifləri beynəlxalq kino festivallarında və müsabiqələrdə mükafatlar alıblar.

Ümummilli liderimizin kinonun inkişafı üçün gördüyü işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məlumat üçün bildirək ki, dövlət başçısı 2007-ci il fevralın 23-də Kino sənətinin inkişafı haqqında, 2008-ci il avqustun 4-də isə Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı haqqında sərəncamlar imzalayıb. Dövlət Proqramında kinofilmlərin istehsalının artırılması, eləcə də, müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulub. Artıq ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilib, yeni filmlər çəkilib, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoyub. Son illər Azərbaycan filmləri xarici ölkələrdə keçirilən 40-dan çox beynəlxalq festivalda təmsil olunub. Ənənəvi olaraq keçirilən Beynəlxalq Kann kinofestivalında bir çox ölkələrin pavilyonları ilə yanaşı, ilk dəfə olaraq, Azərbaycan pavilyonu da təşkil edilib. Azərbaycan kinosu festivalda dövlət sifarişi ilə çəkilmiş Aktrisa və Sahə bədii filmləri ilə təmsil olunub. Gənc kinematoqraflarımızın çəkdikləri qısametrajlı filmlər də Danimarka, ABŞ, Rusiya, Ukrayna, Hindistan, Almaniya, Türkiyə və başqa ölkələrdə keçirilən beynəlxalq festivallarda nümayiş etdirilib.

Yeri gəlmişkən, yola saldığımız 2013-cü ildə də kino sənayemiz inkişaf etməyə davam edib. Azərbaycan kinosunda indiyə kimi olmayan piçinq təcrübəsi tətbiq olunub. Azərbaycanfilm kinostudiyası və Nərimanfilmin dəstəyi ilə British konsul tərəfindən piçinqlər keçirilib. İlk dəfə olaraq 2013 - ildə Cinema Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İlin gənc kinematoqrafı mükafatı gənclərə təqdim olunub. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Turizm Filmləri festivalı keçirilib.

Qeyd edək ki, kino sahəsində yadda qalan addımlardan biriNizami Kino Mərkəzi ilə bağlıdır. Nizami Kino Mərkəzi xariciyerli filmlərin təqdimat mərasimlərini keçirməklə, gənclərin kinoya olan marağını artırmağa müvəffəq ola bilib. Ötən il Nizami Kino Mərkəzində baş tutan belə premyeralardan biriXalq yazıçısı Elçinin Mahmud və Məryəm əsəri əsasında hazırlanan eyniadlı filmin premyerasıdır. Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsi sayılan Mahmud və Məryəm filmi romantik dram janrında çəkilib.

Başa vurduğumuz 2013 - ilin dekabr ayının 10-da Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilmiş və rənglənmiş Arşın mal alan filminin premyerası olub. Bu ekran əsərini Azərbaycan incəsənətinin mahir bilicisi, Ümummilli lider Heydər Əliyev hələ 2001-ci ildə yüksək qiymətləndirərək demişdi: Müasir texnika, texnologiya imkan verir ki, film yarandığı kimi bərpa edilsin. Bunu mütləq etmək lazımdır. Arşın mal alan filmi Azərbaycan mədəniyyət tarixinin ən böyük nailiyyətlərindən biridir. Ona görə o film daim yaşamalıdır. O film yaşamalıdır ki, gələcək nəsillər Üzeyir Hacıbəyovun nə qədər böyük insan olduğunu görsün, Rza Təhmasibin nə qədər böyük rejissor oldugunu görsün, Rəşid Behbudovun nə qədər istedadlı müğənni olduğunu görsün.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planında C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının maddi-texniki bazasının müasir kino istehsalı tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilməsi və yenidən qurulması nəzərdə tutulub. Və ötən il bu məqsədlə xarici kino şirkətləri ilə bağlanmış müqavilə əsasında ilkin layihələndirmə işlərinə də başlanılıb.

Bir sözlə, respublikamızda böyük sosial-iqtisadi inkişaf gedir, ölkəmiz günü-gündən gözəlləşir, dövlətimiz xalqın maddi-rifah halının yaxşılaşdırılması üçün əhəmiyyətli tədbirlər həyata keçirir. Heç şübhəsiz, həyatımızda baş verən hadisələrin, ölkəmizdə gedən quruculuq işlərinin parlaq şəkildə təsvir olunması bu gün kino sənətinin qarşısında duran əsas vəzifələrdəndir.

 

Oktay

 

Yeni Azərbaycan.-2014.- 16 yanvar.- S. 7.