20 Yanvar hadisəsi xalqımızın milli-azadlıq mübarizəsində şərəfli yer tutur

 

                             Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov www.yap.org.az saytına müsahibə verib:

 

- Nizami müəllim, xalqımız bu günlər 20 Yanvar faciəsinin 24-cü ildönümünü qeyd edir, şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir. Sizcə, 20 Yanvar hadisəsinin Azərbaycan tarixində əhəmiyyəti nədən ibarətdir?

- 20 Yanvar faciəsi beynəlmiləlçilik və xalqlar dostluğu pərdəsi altında fəaliyyət göstərən SSRİ adlanan bir imperiyanın mahiyyətini açdı, bu dövlətə az-çox inanan insanların inamını sarsıtdı. Xalqın iradəsini qırmaq məqsədilə törədilmiş bu qanlı terror Azərbaycan xalqının milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdirespublikada siyasi mübarizə yeni bir mərhələyə daxil oldu. Haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızın qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazdılar və bununla da 20 yanvar tarixini şərəf və ləyaqət tarixinə çevirdilər.

20 Yanvar faciəsi respublikada milli azadlıq hərəkatına və demokratik proseslərə təsir göstərsə də, müstəqillik uğrunda xalqımızın apardığı mübarizəni dayandıra bilmədi. Əksinə, 20 Yanvar faciəsi xalqımızın istiqlaliyyət, milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdirespublikada siyasi mübarizə yeni tarixi dövrə daxil oldu. Baş verən hadisələr, milli münaqişələr Sovet imperiyasının çökməsi ilə nəticələndi və Azərbaycan öz tarixi müstəqillik haqqına qovuşdu.

Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır. Xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər Xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram və dövlətimiz tərəfindən verilən qiymətdir.

- Bu faciənin baş verdiyi dövrün ictimai-siyasi vəziyyətini necə xarakterizə edərdiniz? Sizcə, qanlı hadisəyə hansı amillər zəmin yaratdı?

- 1980-ci illərin sonunda SSRİ-nin dağılması labüd idi. Keçmiş Sovet respublikalarında, o cümlədən də Azərbaycanda milli hərəkat başlanmışdı. Amma bir sıra respublikalarda milli hərəkatlar nəzarət altında idi. Yəni, proseslərə lazımi şəkildə kifayət qədər güclü siyasi intellektlər tərəfindən müəyyən nəzarət olunurdu. Azərbaycanda isə bir hərc-mərclik dövrü yaşanırdı. Bu hərc-mərclik nədən ibarət idi? Proseslərə nə respublikanın rəhbərliyi, nə də onlara qarşı duran qüvvələr nəzarət edə bilirdi. Xalq hərəkatının tərkibinə öz mənafeyi üçün istifadə edən siyasi “lider”lərdən başlamış DTK-nın nümayəndələrinə kimi yerləşdirilmişdi. Yəni, bu tərkib mürəkkəb idi. Ona görə də, bu proseslər 20 Yanvar hadisələrinə gətirib çıxardı. Millətə rəhbərlik edən liderin olmaması, müxtəlif siyasi, şəxsi iddiaların həddindən artıq çox olması, respublika rəhbərliyinin naşılığı və yalnız Moskvanın əmrləri ilə oturub-durmasına görə belə bir vəziyyət yarandı: 1990-cı il yanvarın 20-də Azərbaycanda gedən milli-azadlıq və dövlət müstəqilliyi uğrunda hərəkat amansız şəkildə cəzalandırıldı.

- 20 Yanvar hadisəsini Azərbaycan tarixində dönüş anı kimi qiymətləndirmək olarmı?

- 20 Yanvar hadisəsi xalqımızın milli-azadlıq hisslərinin güclü olduğunu, Azərbaycanda milli müstəqil dövlət quruculuğu üçün sosial əsasların olduğunu göstərdi. Eyni zamanda, bizim müstəqil yaşamaqmövcud olmaq maraqlarımızı, xalqın qəhrəmanlığını göstərdi. Həmçinin, o zaman Azərbaycana rəhbərlik edənlərin gücsüzlüyünü nümayiş etdirdi, eləcə də xalq hərəkatına başçılıq edənlərin hərəkatı idarə etmək iqtidarında olmadığını göstərdi. Bir sözlə, bu hadisə xalqın müstəqil dövlət qurmaq uğrunda mübarizəsinə mərkəzi hakimiyyətin gözlənilməz və kifayət qədər sərt reaksiyası idi. Eyni zamanda, bu mübarizəyə rəhbərlik edərək onu istiqamətləndirən lider yox idi. 20 Yanvar hadisələri onu da sübut etdi ki, Azərbaycan xalqı Qarabağın ondan qoparılıb başqasına verilməsinə razı deyil. Bütün bunlar torpaqlarımızın əlindən alınmasına qarşı xalqın kütləvi etirazı idi. Bu baxımdan, 20 Yanvar hadisələri istiqlal mübarizəmizin zirvələrindən biridir. 20 Yanvar hadisələrində ayağa qalxan xalqımızın yeganə tələbi Qarabağın əlimizdən getməməsi idi. Onu da qeyd edim ki, Çar Rusiyasının siyasətini bu dəfə Sovet imperiyası davam etdirirdi. Yenə də ayrı-seçkilik aparılır və ermənilər müdafiə olunur, imperiya Qarabağı ermənilərə vermək istəyirdi. Qarabağ uğrunda hərəkat milli azadlıq mübarizəsinə çevrildi. Xalq başa düşdü ki, torpaqlarını, suverenliyini qorumaq üçün azad olmalıdır. 1918-ci ildə Şərqdə ilk demokratik dövlətimizin üçrəngli bayrağı yenidən meydanlarda ucaldıldı. Xalq ayağa qalxdı və istiqlalını bərpa etdi.

- Sovet imperiyasının dağılmasında bir sıra ciddi amillər rol oynayıb. Bu baxımdan necə hesab edirsiniz, 20 Yanvar hadisəsinin rolu nədən ibarətdir?

- Sovet rəhbərliyi digər respublikalardan fərqli olaraq Azərbaycana xüsusi ordu kontingenti, cəza dəstəsi göndərdisə və qanlı əməliyyatlara birbaşa SSRİ rəhbərliyi başçılıq etdisə, bu, istər-istəməz o demək idi ki, Azərbaycanda baş verən bu hərəkat həqiqətən Sovet dövlətinin dağılmasında kifayət qədər güclü rol oynayıb. Bu hadisə Moskvanın idarəçilik üsuluna davamlı bir müqavimət idi. Yəni, 20 Yanvar böyük bir müqavimət hərəkatı idi ki, həqiqətən də Sovet dövlətinin dağılmasında müəyyən rol oynadı. 20 Yanvar hadisəsi Sovet rejiminin üzünü açdı. Sübut olundu ki, çıxışların kəskinliyinə baxmayaraq, Baltikyanı ölkələrdə, Ukraynada, Mərkəzi Asiyada, Gürcüstanda və Ermənistanda imperiya Azərbaycana qarşı olduğu qədər amansız tədbirlərə əl atmadı. Sovet rejimi ən müasir hərbi texnikanı əliyalın xalqımızın üzərinə yeritdi. Xalqımız ötən əsrin əvvəllərində verdiyi şəhidlərin ruhu ilə silahlanaraq Sovet imperiyasına qarşı mübarizə aparırdı. Amma Sovet dövlətinin dağılması daha mürəkkəb proses idibu, əslində, 1980-ci illərin ortalarından başlamışdı. Artıq Sovet dövlətindən ayrılmalar labüd idiKommunist Partiyasının Siyasi Bürosunda da baş verən hadisələr onu göstərirdi ki, Moskvanın özü də müəyyən səviyyədə sovetlər hakimiyyətindən imtina etməyə hazırlaşır. Bu, yalnız Moskvanın daxili siyasətində yox, xaricə yönəlik siyasətində də özünü göstərirdi. Çünki dünyada elə proseslər gedirdi ki, Moskva Sovet dövlətinin dağılacağını başa düşürdü. Buna görə də, prosesi mümkün qədər ağrısız keçirmək istəyirdilər. 20 Yanvar Azərbaycanın müstəqillik addımlarının və imkanlarının daha aydın şəkildə ifadə edildiyi yer oldu.

- Qeyd etdiniz ki, faciənin baş verməsində əsas səbəblərdən biri xalq hərəkatına rəhbərlik edən milli liderin olmaması idi. O zaman Moskvada yaşayan Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı çıxış edərək Sovet rejiminin xalqımıza qarşı törətdiyi cinayəti bütün dünyaya bəyan etdi. Bu bəyanatın tarixi əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- O dövrün hadisələri zaman keçdikcə təhlil edilir. Bilirsiniz ki, Ümummilli lider Heydər Əliyev uzun zaman Azərbaycana rəhbərlik etmişdi və hər zaman Azərbaycanda gedən prosesləri izləyirdi. Və O, Azərbaycanda baş verən hadisələrlə bağlı müxtəlif vaxtlarda Özünün fikrini bildirmişdi. Amma 20 Yanvar hadisələri ərəfəsində Ulu öndər Heydər Əliyev Moskvada təcrid vəziyyətində yaşayırdı. Heydər Əliyev böyük lider kimi Azərbaycana faydasını verməyə çalışsa da, həm Moskva tərəfindən buna imkan verilmirdi, həm də yerlərdə xalq hərəkatına rəhbərlik edənlər tərəfindən maneələr törədilirdi. Çalışılırdı ki, Heydər Əliyev mümkün qədər bu hərəkatın rəhbərliyindən kənarda qalsın. Eyni iddia ilə Moskvadan asılı olan yerli hakimiyyət də çıxış edirdi.

20 Yanvar hadisəsindən sonra həyatı təhlükədə olsa da, Ulu öndərimiz Moskvada Azərbaycan nümayəndəliyinə gələrək bəyanatla çıxış etdi. Bu bəyanat tarixi bir bəyanatdır. Ulu öndərimizin bəyanatı Azərbaycanın müstəqillik tarixinin ən böyük aktlarından biridir. Yəni, əslində, müəyyən zamandan sonra milli liderin xalqla bir yerdə olması imkanları burdan başladı və bu imkanlar da get-gedə genişləndi. 1990-cı illərin əvvəlində baş verən hadisələr də göstərdi ki, Heydər Əliyev böyük siyasi liderdir və məhz bu millətin lideridir. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev tez bir zamanda doğma Vətəni təlatümdən xilas etdi. Bu gün Azərbaycanda Heydər Əliyev yolu uğurla davam edir. 20 Yanvar şəhidlərinin ailələrinə dövlət yardımları artırılır, şəhidlərimizin adları əbədiləşdirilir, daim onların xatirəsi əziz tutulur. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi böyük öndərimizin yolunu davam etdirir.

- 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət də Ulu öndərimizin təşəbbüsü ilə verildi. Bunun əhəmiyyəti haqda nə deyə bilərsiniz?

- Hüquqi-siyasi qiymət ümumiləşmiş formada bundan ibarət idi ki, Moskva Azərbaycana təcavüz edib. Təcavüzdə də məqsəd bu idi ki, Azərbaycan SSRİ-nin tərkibindən çıxmaq istədiyi üçün cəzalandırılsın. Əlbəttə, hadisənin günahkarlarının da adları açıqlanıb. Moskvanın təcavüzünün qarşısı alınmalıydı, o zamankı respublika rəhbərliyi bu qırğına imkan verməməliydi. Bu hadisəyə görə o dövrdə xalqın azadlıq hərəkatına rəhbərlik edənlər də məsuliyyət daşıyırdı. Sovet ordusunun təcavüz edəcəyini bilərək xalqı qırğına aparanbu zaman özləri kənarda qalanlar da günahkardılar.

Hesab edirəm ki, 20 Yanvar hadisəsi ilə bağlı bizim hüquqi-siyasi, elmi-tarixi təfəkkürümüzdə heç bir qaranlıq məqam yoxdur. Tariximizdə bu hadisə özünəməxsus yerini hər zaman qoruyub saxlayacaq, gələcək nəsillərimiz tərəfindən öyrəniləcək.

 

Yeni  Azərbaycan.-2014.- 18 yanvar.- S.6.