Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində öz prinsipial mövqeyindən bir addım belə geri çəkməyəcək

 

Prezident İlham Əliyev: Əgər ölmək istəmirsinizsə, Azərbaycan torpaqlarından rədd olun

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində hər sahədə dinamik inkişaf əldə edən, dünyanın nüfuzlu aktorlarından birinə çevrilən, özünün multikultural dəyərləri ilə ölkələr xalqlar arasında qlobal əməkdaşlığa sanballı töhfələr verən respublikamızın qarşısında duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Məlumdur ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü pozulub, torpaqlarımızın 20 faizi işğal edilib, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşüb, çoxlu sayda şəhər və kəndlərimiz, tarixi maddi mədəniyyət abidələrimiz dağıdılıb, işğal altındakı ərazilərdə təbii sərvətlərimiz bu güntalan olunmaqdadır.

Lakin Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğalı faktı ilə heç vaxt barışmayıb. Ərazi bütövlüyünün təmin olunması, qaçqın soydaşlarımızın öz yurd-yuvalarına qaytarılması ölkəmiz üçün prinsipial məsələdir. Ölkə rəhbərliyi indiyədək münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə nail olmaq üçün fəal aparıb. Prezident İlham Əliyev cari il aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyini bir daha ifadə edərək düşmən tərəfə sərt mesajlar ünvanlayıb. Dövlət başçısı bildirib: “...Biz ərazi bütövlüyümüzün bərpası üçün bundan sonra da fəal səylər göstərəcəyik. Münaqişə beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz”.

Münaqişənin həll edilməsində ən maraqlı tərəf Azərbaycandır, Ermənistanın isə bütün səyləri status-kvonun saxlamasına yönəlib

Təbii ki, ərazilərimizin işğal altında qalması, soydaşlarımızın qaçqın vəziyyətində yaşamaları Azərbaycanı qane edə bilməz. Prezident İlham Əliyev bunu nəzərə çatdıraraq bildirib ki, münaqişənin həll edilməsində ən maraqlı tərəf məhz Azərbaycandır.

Dünyanın buya digər yerində yaranan bütün münaqişələr kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır. Beynəlxalq hüquq isə Ermənistan tərəfindən zorla işğala məruz qalan Azərbaycan torpaqlarının geri qaytarılmasını tələb edir. Azərbaycan suveren dövlətdir və ölkəmizin Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyü dünyanın əksər dövlətləri, həmçinin, beynəlxalq təşkilatlar tərəfindən tanınıb. ATƏT, AŞ PA, İƏT müxtəlif vaxtlarda respublikamızın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər. Dünyanın ən nüfuzlu qurumu olan BMT-nin Təhlükəsizlik Şurası respublikamızın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad edilməsinə dair 4 qətnamə qəbul edib. Azərbaycan da münaqişənin həllində öz haqlı mövqeyini məhz suveren dövlətlərin ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi prinsipindən əsaslandırır. Beynəlxalq hüququn bu fundamental prinsipi, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində əsas götürülməlidir.

Məlum olduğu kimi, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılır. ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin-ABŞ-ın, Rusiyanın və Fransanın dövlət başçıları dəfələrlə işğal nəticəsində yaranan mövcud status-kvonun qəbuledilməz olduğunu bildiriblər. Azərbaycan dövləti xalqımızın xoş məramına uyğun olaraq sülh danışıqlarına daim öz dəstəyini nümayiş etdirir. Ermənistan isə nə beynəlxalq hüquq normalarına, nə BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, nə də Minsk qrupuna həmsədrlik edən dövlətlərin rəhbərlərinin bəyanatlarına məhəl qoymur. Məhz Ermənistanın belə destruktiv mövqe tutması səbəbindən beynəlxalq təşkilatların, o cümlədən də, Minsk qrupunun həmsədr dövlətlərinin başçılarının verdikləri bəyanatlar havadan asılı qalır və münaqişə həllini tapmır. Prezident İlham Əliyev Ermənistanın sülh istəməməsinə diqqət çəkərək bildirib ki, münaqişənin həll edilməməsinin yeganə səbəbi də məhz bununla bağlıdır: “Bizim əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, həll olunmamış qalır... Bunun yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir”.

Minsk qrupuna daxil olan dövlətlərin başçılarının münaqişənin həlli ilə bağlı 2014-cü ilin ikinci yarısında nümayiş etdirdikləri fəallıq da, ilk növbədə, Ermənistanın günahı ucbatından nəticəsiz qalıb. Ötən ilin avqust, sentyabr, oktyabr aylarında Rusiya, ABŞ və Fransanın dövlət başçılarının və digər yüksək səviyyəli rəsmilərinin səyləri əsasında münaqişənin həlli ilə bağlı üç görüş keçirilib. Prezident İlham Əliyev bu görüşlərdə Azərbaycanın xoş məramını, sülhə, danışıqlar prosesinə sadiqliyini ifadə edib. Ermənistan isə yenə də öz ənənəsinə uyğun olaraq pozuculuq əməllərindən əl çəkməyib. 2014-cü ilin oktyabrında Minsk qrupunun həmsədr ölkələrindən birinin - Fransanın dövlət başçısının iştirakı ilə Parisdə keçirilən görüşdən az sonra Ermənistanın bütün razılaşmaların üstündən xətt çəkərək təmas xəttində vəziyyəti gərginləşdirməsi və beləliklə də, görüşün nəticələrini heçə endirməsi dediklərimizə nümunədir. Sirr deyil ki, Paris görüşündə tərəflər arasında təmas xəttində gərginliyi azaltmaqla bağlı müəyyən razılıq əldə olunmuşdu. Bu razılaşmaya əməl olunması danışıqlar prosesinə müsbət təsir göstərə bilərdi. Ancaq Ermənistanın riyakar siyasəti bir daha özünü büruzə verdi. Belə ki, sözügedən görüşdən iki həftə keçməmiş düşmən Ağdam rayonunda genişmiqyaslı hərbi təlimlərə başladı. Prezident İlham Əliyev düşmənin bu təlimləri keçirməkdə məqsədinin Azərbaycanı təxribata çəkmək olduğunu xüsusi nəzərə çatdırıb: “O təlimlərin bir məqsədi var idi- Azərbaycanı təxribata çəkmək və danışıqlar prosesini pozmaq. Biz bu təxribatlara bir neçə gün dözərək ondan sonra düşmənə layiqli cavab verdik və beləliklə, onlara öz yerini göstərdik”.

Tarixi torpaqlara qayıtmaq Azərbaycanın strateji hədəfidir və ölkəmiz öz prinsipial mövqeyindən heç vaxt geri çəkilməyəcək

Azərbaycanın 20 ildən artıq müddətdə danışıqlarda fəal iştirak etməsi ölkəmizin daim sülhə sadiq qaldığının ifadəsidir. Respublikamız danışıqlarda bir qayda olaraq təmkinli mövqe nümayiş etdirirregionda sülhün təmin olunmasına yönələn konstruktiv təkliflər irəli sürür. Lakin sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ölkəmiz öz ərazi bütövlüyünü digər vasitələrlə təmin etmək əzmindədir. Dövlət başçısının vurğuladığı kimi: “Azərbaycan öz prinsipial mövqeyindən əl çəkməyəcək. Biz bu mövqeyi müdafiə edəcəyik”.

Prezident İlham Əliyev tarixi torpaqlara qayıtmağın Azərbaycan üçün strateji hədəf olduğunu xüsusi nəzərə çatdırıb: “İndiki Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar daşıyır. Yəni, bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və biz bu hədəfə çatmaq üçün çalışırıq, çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan öz siyasətində ordumuzun gücünə arxalanır. Sevindirici haldır ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində bütün istiqamətlər üzrə Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan nizami ordu quruculuğu sahəsində də diqqətəlayiq uğurlara imza atıb. İnamla demək mümkündür ki, bu gün Azərbaycan ordusu istər şəxsi heyətin hazırlığı, istərsə də texniki təchizat baxımından dünya miqyasında ən qabaqcıl ordular sırasında yer alır.

Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 11 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Müqayisə üçün deyək ki, Azərbaycanda orduya ayrılan xərclər Ermənistanın dövlət büdcəsini düz iki dəfə üstələyir.

Orduya lazımi qədər vəsait ayrılması sayəsində silahlı qüvvələrin maddi-texniki təchizatını yüksək səviyyəyə qaldırmaq mümkün olub. Hazırda ordumuzun arsenalında olan ən müasir tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir.

Bundan başqa, qısa müddətdə ölkəmizdə güclü müdafiə sənayesi qurulub. Artıq ölkəmizdə hərbi-sənaye kompleksinə aidİqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğaelm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğakimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi 900-ə çatdırılıb və bu da son hədd deyil. Artıq Azərbaycan beynəlxalq sərgilərdə müxtəlif növ hərbi məhsullarla uğurla təmsil olunur. Müqayisə üçün deyək ki, Azərbaycan ilk dəfə beynəlxalq sərgilərdə 27 adda məhsulla təmsil olunmuşdu. Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən “İDEX-2015” beynəlxalq müdafiə sərgisində isə ölkəmiz 180-dək müxtəlif növ döyüş texnikası ilə çıxış edib. Burada nümayiş etdirilən məmulatlardan “Yırtıcı”, “Yalquzaq”, “İstiqlal”, “Mübarizsnayper tüfəngləri, “Şimşək-10” hücum pulemyotu, NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silah, digər döyüş sursatları sərgidə təmsil olunanqonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb. 2014-cü il sentyabrın 11-13-də isə Azərbaycan “ADEX-2014” sərgisinə ev sahibliyi edib. Uğurla keçən sərgi Azərbaycanın müdafiə sənayesinin bütün dünyada artan nüfuzunun daha bir təsdiqinə çevrildi. Beynəlxalq sərgiyə qatılan ayrı-ayrı ölkələrin təmsilçiləri Azərbaycanın hərbi-sənaye kompleksində buraxılan məhsulları almaq və hərbi məhsulların istehsalı sahəsində ölkəmizlə əməkdaşlıq etmək barədə niyyətlərini bildirdilər. Əlamətdar haldır ki, hazırda Azərbaycan ordusunun bir sıra döyüş texnikasına olan tələbatı sırf daxili istehsal hesabına təmin olunur.

Ordumuzun güclənməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda ölkəmizin mövqeyini möhkəmləndirir. Eyni zamanda, məhz güclü, yüksək texniki təchizata və peşəkarlığa malik ordu sayəsində son vaxtlarda Azərbaycan qoşunların təmas xəttində həlledici üstünlüyə yiyələnib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə düşmən öz təcavüzkar siyasətinin əvəzini artıqlaması ilə ödəyəcək

Son vaxtlar Silahlı Qüvvələrimizin qoşunların təmas xəttində düşmənə vurduğu sarsıdıcı zərbələr ordumuzun böyük zəfərinin uzaqda olmadığından xəbər verir. Xatırlatmaq yerinə düşər ki, 2014-cü ilin yayında düşmən qüvvələri qoşunların təmas xəttində vəziyyəti yenidən gərginləşdirməyə cəhd göstərəndə ordumuz öz yüksək döyüş hazırlığını bir daha nümayiş etdirdi. Düşmənin təxribat-diversiya hərəkətlərinin qarşısını qətiyyətlə alan Silahlı Qüvvələrimizin ön xətdəki hissələri qarşı tərəfə layiqli həmlələr endirdi. Geri oturdulan düşmən canlı qüvvə və texnika sarıdan böyük itkilərə məruz qaldı. Ötən ilin sonlarında isə ordumuzun ön xətdəki qüvvələri sayıqlıq göstərərək Azərbaycanın hava məkanını pozan bir düşmən helikopterini məhv etdi. Cari ilin əvvəlindən bəri də qoşunların təmas xəttində vəziyyəti gərginləşdirməyə çalışan düşmən ordumuzun ciddi həmlələrinə məruz qalaraq böyük itkilər verib. Son 3-4 ay ərzində təmas xəttində düşmən ordusunun onlarca üzvü məhv edilib. Ermənistanın xunta rejimi bundan nəticə çıxartmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan çıxışında qarşı tərəfə daha sərt mesajlar ünvanlayıb: “Bizdə olan məlumata görə son 3-4 ay ərzində 50-dən çox işğalçı təmas xəttində məhv edilmişdir. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən diktatura rejimidir. Bu barədə mən artıq Öz fikirlərimi bildirmişəm. Əgər ölmək istəmirsinizsə, Azərbaycan torpaqlarından rədd olun”.

Zaman, həqiqətən də, işğalçı Ermənistanın əleyhinə işləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə düşmən öz təcavüzkar siyasətinin əvəzini artıqlaması ilə ödəyir və bundan sonra da ödəyəcək. Bu gün Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi, orduya güclü inam var. Eyni zamanda, Azərbaycanda ölkənin dinamik inkişafının nəticəsi kimi, ölkə əhalisi ilbəil artır. Dövlət başçısı bunu münaqişənin həllində ölkəmizin mövqeyini gücləndirən amillərdən biri kimi səciyyələndirib: “Maşallah, Azərbaycan əhalisi yaxın zamanlarda artıq 10 milyonu keçəcəkdir və bu, məsələnin həlli üçün az əhəmiyyət daşımır”.

Beləliklə, güclənən Azərbaycan ordusu Ermənistan üçün ciddi təhlükə mənbəyinə çevrilib. Azərbaycan ordusunun güclənməsinin fonunda Ermənistan cəmiyyətində getdikcə artan psixoloji deqradasiya, ruh düşgünlüyü hiss olunmaqdadır. Ermənilər getdikcə daha dərindən dərk edirlər ki, ikinci Qarabağ savaşı başlayacağı təqdirdə güclü Azərbaycan ordusunun həmlələrinə cavab verə bilməyəcəklər. Çünki işğalçılıq siyasətini davam etdirməsi nəticəsində Ermənistan bütün parametrlər baxımından tənəzzül girdabına yuvarlanıb. Düşmən ölkədə yoxsulluq 50-60 faiz civarındadır. Azərbaycanda demoqrafik vəziyyətin daha da yaxşılaşmasının müqabilində Ermənistanda əhalinin sayı getdikcə azalır və ölkə sürətlə boşalır. Əgər əvvəllər il ərzində Ermənistanı 70-80 min civarında insan tərk edirdisə, hazırda bu göstərici 100 minə çatıb. Düşmən ölkədən daxil olan məlumatlarda bildirilir ki, təmas xəttindəki məlum gərginliklərdən sonra Ermənistandan “böyük köçdaha da artıb və bu ölkədən yaxın, uzaq xaricə uçan təyyarələrə bilet tapmaq belə çətinləşib. Bütün bunlar Ermənistanın işğalçılıq siyasətinin düşmən ölkə üçün acı bəhrələridir. Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən yeganə çıxış yolu isə işğalçılıq siyasətindən əl çəkməkdən və Azərbaycan torpaqlarından geri çəkilməkdən ibarətdir.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2015.- 14 aprel.- S. 4.