Son 12 ildə ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb

 

Prezident İlham Əliyev: Bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb

Son illərdə dünyada bir sıra arzuolunmaz tendensiyaların müşahidə edilməsinə baxmayaraq, Azərbaycan nəinki öz dayanıqlılığını qorumağa, hətta iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmağa nail olub. Qlobal risklər şəraitində Azərbaycanın davamlı inkişaf templərini saxlamasını şərtləndirən mühüm amillərdən biri də ölkəmizdə özəl bölmənin inkişafının yüksək səviyyədə dəstəklənməsi ilə bağlıdır. Respublikamızda dövlət sahibkarlığın inkişafına həm siyasi, həm də maddi dəstək verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında ölkəmizdə sahibkarlığın inkişafına maksimum dərəcədə qayğı göstərilməsinin zəruriliyini bir daha vurğulayıb.

Azərbaycanın iqtisadiyyatı heç vaxt indiki qədər şaxələndirilmiş olmayıb

Azərbaycan iqtisadiyyatı uzun illər ərzində neft amili ilə sıx bağlı olub. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, uğurlu inkişaf modeli sayəsində ölkəmiz neft amilindən asılılıq sindromundan yan keçib. Zamanında həyata keçirilən islahatlar, şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının dayanıqlılığını şərtləndirir. “Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də, iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Azərbaycan elə bir dayanıqlı iqtisadiyyat qurmağı hədəfləyib ki, burada neft amili başlıca rol oynamasın.

Təbii ki, ölkəmizdə qeyri-neft sektorunun uğurlarından söhbət açarkən bu sahəyə göstərilən dövlət dəstəyini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bu sahənin inkişafını stimullaşdırmaq məqsədilə müxtəlif vaxtlarda imzaladığı Fərman və sərəncamlar, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət proqramları ölkədə qeyri-neft sektorunun inkişafına güclü hüquqi təminat yaradır. Bundan başqa, dövlət başçısının tapşırığına əsasən hər il bu sahəyə dövlət xətti ilə güzəştli kreditlər şəklində böyük məbləğdə maliyyə vəsaiti ayrılır.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərilən davamlı dövlət qayğısı öz bəhrəsini verməkdədir. Hərtərəfli dövlət dəstəyi və güclü maliyyə təminatı sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Cari ilin ilk yarısında ölkəmizdə qeyri-neft sektorunda artım dinamikası daha yüksək olubümumi iqtisadi inkişaf dinamikasını üstələyib. Prezident İlham Əliyev bundan məmnunluğunu ifadə edərək deyib: “... 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz”.

Sahibkarlığın inkişafı daim diqqət mərkəzindədir

Yuxarıdakı statistik göstəricilər ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişaf mənzərəsini göz önündə canlandırır. Əlamətdar haldır ki, son illərdə respublikamızda qeyri-neft sektoru əsasən sahibkarlığın inkişafı və sahibkarların fəaliyyəti hesabına genişlənib. Buna görə də Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır.

Son illərdə dövlət başçısının elan etdiyi “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttə uyğun olaraq respublikada çoxsaylı sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Ölkəmizdə sahibkarlığın inkişafından söhbət açarkən bu sahə ilə bağlı hüquqi bazanın ardıcıl olaraq təkmilləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman özəl bölmənin yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Prezidentin imzaladığı bu Fərman ölkəmizdə özəl bölməyə dövlət dəstəyinin ardıcıllığını bir daha təsdiqləyir. Fərmana uyğun olaraq həyata keçirilməsi planlaşdırılan islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulub. Bunlardan iki qanun tamamilə yeni olacaq. Bunlar “Özəl kredit büroları haqqında” və “Təminatlı əqdlər haqqında” qanun layihələridir. Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də, sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaq.

Prezident İlham Əliyev son illərdə ölkəmizdə özəl bölməyə göstərilən dövlət qayğısına və bunun nəticəsində çoxsaylı sahibkarlar ordusunun yarandığına diqqət çəkərək deyib: “Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb”.

Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb. Sahibkarlığın inkişafına maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti cari ildə də davam etdirilib. Bu məqsədlə cari ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96,0 milyon manat həcmində güzəştli kreditlər verilib.

Sahibkarlığın dəstəklənməsi ölkədə aqrar sektorun və bütövlükdə regionların inkişafına əlavə impuls verir

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Eyni zamanda, respublikamızda həyata keçirilən səmərəli siyasət sayəsində ölkənin iqtisadi gücünün və maliyyə imkanlarının artması Azərbaycanda kənd təsərrüfatı sahəsində mövcud olan potensialdan istifadə edilməsinə münbit zəmin yaradır. Dövlət başçısı ölkəmizdə kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.

Respublikamızda aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyi çoxşaxəlidir. Məsələn, bölgələrdə dövlət vəsaiti hesabına kənd təsərrüfatı üçün lazımi infrastruktur yaradılır, bu sahəyə investisiyalar yönəldilir. “AqrolizinqASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni yerinin açılması imkanı yaradılıb. Təxminən 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına ötən il 39 iri istehsal, emalinfrastruktur müəssisəsi istifadəyə verilib. Cari ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.

Beləliklə, ölkədə sahibkarlığın dəstəklənməsinin, həmçinin, güclü potensiala malik aqrar sektorun və bütövlükdə regionların inkişafında mühüm rol oynadığını da ayrıca qeyd etmək lazımdır. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icrasının birinci ilində bölgələrdə sahibkarlıq subyektlərinin sayının artması nəticəsində regionlardan vergi daxilolmaları əvvəlki ilə nisbətən 9,8 faiz artıb, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. Son 12 ildə ölkə üzrə sahibkarlara verilən kreditlərin 78 faizi, açılan yerlərinin isə 81 faizi regionların payına düşüb.

Ölkəmizdə yaradılan aqrar-sənaye müəssisələri uğurla fəaliyyət göstərir. Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib istifadəyə verilib.

İri fermer təsərrüfatlarının yaradılması ilə respublikanın aqrar sektorunda məhsuldarlıq, o cümlədən də, taxıl tədarükü artacaq. Yeri gəlmişkən, təcrübə göstərir ki, iri fermer təsərrüfatlarında daha yüksək məhsuldarlığa nail olmaq mümkündür. Buna görə də respublikamızda taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasına start verilib. İlkin nəticələrə əsasən, iri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektar üzrə 55 sentner səviyyəsində olub ki, bu da kifayət qədər yüksək göstəricidir. Respublikamızda yeni sahibkarlıq subyektlərinin yaradılması yolu ilə bu proses davam etdiriləcək. Birinci mərhələdə 4 min 8 yüz hektar torpaq sahəsi əhatə edilib. Hazırda icra edilən yeni layihələr çərçivəsində 30 min hektar torpaqda iri fermer təsərrüfatları fəaliyyət göstərəcək. İndiyədək respublikamızda 20-dək iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 123,7 milyon manat olan bu təsərrüfatların yaradılmasına 54,8 milyon manat məbləğində dövlətin güzəştli kreditləri verilib. Təsərrüfatlarda müasir texnologiyanın tətbiqi nəticəsində torpağın münbitliyinin artırılmasına, suvarma suyuna qənaət olunmasına, torpağın şoranlaşması və eroziyaya uğraması proseslərinin qarşısının alınmasına və ən əsası, orta məhsuldarlığın ən azı iki dəfə artırılmasına şərait yaradılıb. Ümumiyyətlə, iri fermer təsərrüfatlarının yaradılması ilə ölkəmizdə kənd təsərrüfatının yeni effektiv sistemi formalaşır.

Prezident İlham Əliyev bu günlərdə Cəlilabad rayonuna səfəri çərçivəsində bu rayondaAvanqard” MMC tərəfindən yaradılan yeni fermer təsərrüfatı ilə tanış olub. Təsərrüfatın investisiya layihəsinin ümumi dəyəri 5,9 milyon manat təşkil edir ki, bunun da 1,9 milyon manatı sahibkarın şəxsi vəsaiti, 4 milyon manatı isə güzəştli kredit vəsaiti hesabına həyata keçirilir. Təsərrüfat əsasən toxumçuluq istiqamətində fəaliyyət göstərəcək və yüksək reproduksiyalı buğda toxumuna olan tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli rol oynayacaq. Bu il təsərrüfatda yazlıq qarğıdalı əkilib və hər hektardan orta məhsuldarlığın 10 tondan artıq olacağı gözlənilir.

Ərazidə yeraltı qrunt sularının axıdılması məqsədilə 4860 metr uzunluğunda drenaj qazılıb, ABŞ-ın “Lindsay” şirkətinin istehsalı olan süni yağış yağdırma üsulu ilə müasir suvarma sistemləri quraşdırılıb. Təsərrüfatın fasiləsiz su ilə təminatını həyata keçirmək üçün 3 kilometr uzunluğunda mövcud kanal təmizlənib, tutumu 50 min kubmetr olan süni göl yaradılıb, 2,3 kilometr uzunluğunda yeni elektrik xətti çəkilib.

Eyni zamanda, regionlarda sahibkarlığın təşfiq olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması məqsədilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ilk biznes inkubator fəaliyyətə başlayıb. 2014-cü ildə sahibkarların maarifləndirilməsi və nümunəvi layihələrin təqdim olunması ilə bağlı regionlarda minlərlə sahibkarın iştirakı ilə 169 tədbir keçirilib, 47 sahibkarın Almaniyada təcrübə keçməsi təşkil olunub. Dövlət başçısının göstərişinə əsasən regionlarda kiçik sahibkarlıqla məşğul olan vətəndaşların güzəştli kreditlərə çıxışını təmin etmək və fermerlər arasında kooperasiya əlaqələrini gücləndirmək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq edən bank olmayan kredit təşkilatlarının sayı artıq 20-yə çatdırılıb. Bu isə kiçik sahibkarların uzun illərdir ki, üzləşdikləri girov problemini həll etməyə imkan verir.

Sahibkarlara qarşı heç bir əsassız tələblər irəli sürülməməlidir, eyni zamanda, sahibkarlar da məsuliyyətli olmalıdırlar

Ölkəmizdə sahibkarlığın inkişafının hərtərəfli şəkildə dəstəklənməsi, bu sahədə şəffaflığın təmin olunması istiqamətində müxtəlif tədbirlərin görülməsinə baxmayaraq, hələ də müxtəlif qurumların sahibkarlıq subyektlərinin fəaliyyətinə əsassız müdaxilə etmələri kimi mənfi hallara rast gəlinir. Bu kimi hallar ölkəmizin müasir imicinə xələl gətirməklə yanaşı, həm də sahibkarlığın inkişafına süni əngəllər yaradır. Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı çıxışında Prezident İlham Əliyev təəssüf doğuran belə mənfi halları açıq şəkildə diqqətə çatdırıb: “Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır”.

Prezident İlham Əliyev səhlənkar məmurlara səslənərək sahibkarlıq subyektlərinin fəaliyyətinə əsassız müdaxilə hallarını dövlətə xəyanət kimi səciyyələndirib: “Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın”.

Əlbəttə, sahibkarların məsuliyyəti məsələsi də çox aktualdır. Sosial məsuliyyətlə bağlı dövlət və heç bir qurum sahibkarların üzərinə hansısa öhdəlik qoymur. Yaxşı haldır ki, ölkəmizdə sahibkarlar öz sosial məsuliyyətlərini dərk edərək fəaliyyət göstərdikləri bölgələrdə buya digər sosial layihələrin yerinə yetirilməsində könüllü şəkildə iştirak edirlər. Ancaq, açıq demək lazımdır ki, bəzi sahibkarlar dövlət qarşısında öz məsuliyyətlərini heç də axıradək dərk etmirlər və bəzi hallarda vergi öhdəliklərini yerinə yetirməkdən yayınmağa çalışırlar. Prezident İlham Əliyev sahibkarları dövlət qarşısında məsuliyyətli olmağa çağırıb: “Ancaq, eyni zamanda, sahibkarlar da məsuliyyətli olmalıdırlar. Onlardan bizim heç bir başqa tələbimiz yoxdur, ancaq vergiləri vaxtında ödəsinlər”.

 

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan. - 2015.- 20 avqust.- S.2.