Regionlarda abadlıq-quruculuq işləri yüksək səviyyədə həyata keçirilir

 

İnfrastrukturların yenilənməsi əhalinin sosial şəraitinin yaxşılaşdırılması ilə yanaşı, bölgələrin inkişafına əsaslı töhfə verir

Regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələr ölkəmizin ümumi sosial-iqtisadi inkişafını şərtləndirən əsas amillər sırasında dayanır. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir ki, bu da ümumən inkişafımızın bütün sferaları əhatə etməsini şərtləndirir. Artıq iqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılmaqla yanaşı, abadlıq-quruculuq fəaliyyətinin də dairəsi ildən-ilə genişləndirilir.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən birinciikinci Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, xüsusilə də rayonlardakı mövcud sosial infrastrukturunkommunal xidmət sektorlarının tam yenidən qurulması artıq qarşıdakı illər üçün başqa hədəflər üzrə tədbirlərə yol açıb, sürətlə inkişaf edən Azərbaycanın qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi vəzifələr yaradıb. Yəni regionlarda elektrik enerjisi, qaz, su, kanalizasiya, yol və digər sosial infrastrukturların yaradılması başa çatdırıldıqdan sonra əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsinə yönəldilib. Yaxın gələcəkdə orta gəlirli dövlətlər statusuna malik ölkə kimi Azərbaycanda inkişaf meyillərinin tələblərinə uyğun layihələrin icrası da zərurətə çevrilib. 2014-2018-ci illərə dair növbəti regional inkişaf proqramının uğurla icra olunması bu reallığı təsdiqləyir.

Beləliklə, məhz sadalananların fonunda bu gün bölgələrimizdə yeni infrastruktur layihələrinin həyata keçirilməsi, eləcə də bölgələrin abadlaşdırılması yönündə qurulan fəaliyyət prosesi uğurla davam etdirilir. Məsələn, Ağcabədi rayonunun Aran kəndində əsaslı təmir olunan 15 çarpayılıq kənd sahə xəstəxanası artıq əhalinin istifadəsinə verilib. Qeyd edək ki, lazımi avadanlıqla təmin olunmuş binada əhaliyə tibb xidməti göstərmək üçün hər cür şərait yaradılıb.

Ağstafa rayonunda da infrastrukturların yenilənməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Belə ki, rayon Mədəniyyət Evində aparılan əsaslı təmir və yenidənqurma işləri yekunlaşıb. Vurğulayaq ki, Mədəniyyət Evinin əsaslı təmir işləri çərçivəsində binanın əsas zalinzibati otaqlarının yenidən qurulması başa çatdırılıb, müasir dekorasiya, yumşaq mebel inventarları ilə təmin edilib, ən son tələblərə cavab verən mərkəzi istilik və havalandırma sistemi, müasir akustika, səs gücləndirici və səhnə işıqlandırılması avadanlıqları quraşdırılıb. Binanın fasadyan hissələrinə dekorativ üzlük daşlar vurulub. Fasadda daşlardan oyma şəbəkə və xüsusi gecə işıqlandırılması sistemi quraşdırılıb. Bu isə mərkəzin görünüşünə müasirmilli ornamentlərin sintezini təşkil etməklə xüsusi gözəllik verir. Ətrafda yaşıllıq salınıb.

Şəmkir rayonunda da 4 saylı körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. 95 çarpayılıq bağçada uşaqların təlim-tərbiyəsi, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. Körpələr evi-uşaq bağçası lazımi avadanlıqlarla da təmin edilib.

Ağcabədi şəhərinin isə ikimərtəbəli Bayraq Muzeyi inşa edilir. Ərazisi 0,81 hektar olan Bayraq Meydanında inşa edilən muzeyin tikinti sahəsi 588 kvadratmetrdir. Artıq binanın zirzəmisində və birinci mərtəbədə dəmir-beton və hörgü işləri görülüb. İnşaat işlərinin 2016-cı ilin may ayınadək başa çatdırılması nəzərdə tutulur. Bayraq Muzeyinin ərazisində abadlıq işləri aparılacaq, 2 su hovuzu tikiləcək, yaşıllıqlar salınacaq.

Muzey binasında müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bərpa edilmiş bayraqları, həmçinin bayraqların uc elementləri, gerblər sərgilənəcək. Bayraq Muzeyi Azərbaycan tarixinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün, bilik və bacarığının artırılmasına hərtərəfli imkan yaradacaq.

Bölgələrimizin inkişafı, əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına yönəlik fəaliyyət isə hər zaman davam etməkdədir. Ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində bu proses davamlı hal alıb. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də “Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, şəhərin mənzil fonduna daxil olan 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

Bölgələrimizlə yanaşı, paytaxt rayonlarında da əsaslı yenidənqurma və abadlıq işləri görülür. Məsələn, paytaxtın Yasamal rayonunun Balababa Məcidov və Abdulla Şaiq küçələrində yenidənqurma işlərinə başlanılıb. Qeyd edək ki, Balababa Məcidov küçəsinin yenidən qurulan ərazisi Cəfər Cabbarlı küçəsi ilə Nəriman Nərimanov prospektləri arasında yerləşən təqribən 560 metrlik hissəsidir. Abdulla Şaiq küçəsinin isə təmir-tikinti işlərinin aparıldığı ərazi Balababa Məcidov və Mirzə Ağa Əliyev küçələri arasında 635 metrlik hissədə yerləşir.

Hər iki küçədə mövcud olan təqribən 8-9 metrlik yolun eninin genişləndirilərək 15 metrə çatdırılması planlaşdırılır. Bu səbəbdən yolun hərəkət hissəsinə düşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi işləri aparılır. Bununla paralel olaraq köhnə asfalt-beton örtüyü də qaşınaraq, ərazidən daşınır.

Sözügedən küçələrin yenidən qurulması işləri çərçivəsində 1-1,5 metr dərinlikdə yeni yol yatağı salınacaq, yeni yağış-kanalizasiya sistemi tikiləcək. Bundan başqa, hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri və yeni işıqlandırma sistemləri qurulacaq, səkilərin kənarlarına təqribən 2500 paqonmetr səki daşı düzüləcək. Ümumilikdə Balababa Məcidov və Abdulla Şaiq küçələrinin təqribən 18 min kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək.

Bu gün ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına dövlət tərəfindən diqqət və qayğı göstərilir. Hazırda ölkə üzrə ümumi daxili məhsulun daha çox hissəsi - 70 faizi məhz qeyri-neft sektorunda yaranır. Proqnozlara əsasən, gələcəkdə bu göstərici daha da artacaq.

Qeyd edək ki, infrastrukturun yenilənməsi ölkəmizdə qeyri-neft sektorunun inkişafına da öz töhfəsini verir. Belə ki, regionlarda aparılan abadlıq-quruculuq işləri həm də xarici investorların diqqətini cəlb edir. Qeyd edək ki, son 12 ildə Azərbaycan iqtisadiyyatına 180 milyard dollardan artıq investisiyalar yönəldilib. Ölkəmizin sərmayə qoyuluşu baxımından cəlbedici məkana çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasətlə bağlıdır. Belə ki, ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, zəngin qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində respublikada iqtisadi fəallıq artıb, ölkəmizdə yerlixarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb. Respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi neft sektorundan kənar sahələr - ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida-emal sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür.

Təsadüfi deyil ki, Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qoruyur, “G20”yə üzv olan 8 ölkəni qabaqlayıb, “Makroiqtisadi vəziyyət” göstəricisi üzrə 10-cu yeri tutub, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olub. AvqustdaFitch” beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək, proqnozusabit” saxlayıb. Həmçinin Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəldib.

Bir sözlə, qeyri-neft sektorunun inkişafının dəstəklənməsi, iqtisadiyyatın prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının icrasının birinci ilində də davam etdirilib. Prezident İlham Əliyev 2014-cü ildə bölgələrə 23 səfəri çərçivəsində 120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektinin, çoxlu sayda yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak edib və dəyərli tövsiyələrini verib. Ümumiyyətlə, ötən il regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib. 2014-cü il “Sənaye ili” çərçivəsində tədbirlər planının icrası regionlarda da sənayenin inkişafına təkan verib. Belə ki, təkcə ötən il regionlarda 105 sənaye müəssisəsi açılıb. Bütövlükdə “Sənaye ili”ndə görülən tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artıb.

Təbii ki, həyata keçirilən Dövlət proqramlarının uğurlu nəticələrini bu gün ölkəmizin hər bir şəhər və rayonunda aydın şəkildə müşahidə etmək mümkündür. Geniş infrastruktur layihələrinin icrası, vətəndaşların həyat səviyyəsinin yüksəlməsi Azərbaycan regionlarının inkarolunmaz gerçəkliyidir. Bəli, bu gün hər bir azərbaycanlı doğma Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2015.- 17 dekabr.- S.- 7