Azərbaycanın ilk veb-saytı – www.science.az 20 yaşını qeyd edib

 

Bu il Azərbaycanın mətbuat tarixində xüsusi yeri olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) www.science.az veb-saytının 20 yaşı tamam olur. Portal yarandığı ilk gündən səmərəli fəaliyyəti ilə ölkənin elmi-ictimai həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərib. Alim və mütəxəssislərin elmi nailiyyətlərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaradıb.

Dünən isə AMEA İnformasiya Texnologiyaları İnstitutunda www.science.az veb-saytının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət rəsmiləri, tanınmış alimlər, İnternet-media üzrə mütəxəssislər, KİV nümayəndələri iştirak ediblər.

Yubiley tədbirini giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə 2015-ci ilin ölkəmizdə müxtəlif əlamətdar hadisələrin yubiley tarixi ilə yadda qaldığını söyləyib. Bildirib ki, bu tədbirlərdən biriPrezident İlham Əliyevin Sərəncamı ilə təntənəli şəkildə qeyd olunan Azərbaycan mətbuatının 140 illik yubileyidir. AMEA prezidenti “Əkinçi” qəzetinin nəşri ilə yaranan Azərbaycan mətbuatının bu müddət ərzində mürəkkəb və keşməkeşli inkişaf yolu keçdiyini, sonralar Azərbaycan radiosu və televiziyasının fəaliyyətə başlaması ilə medianın inkişafında yeni mərhələlərin əsasının qoyulduğunu söyləyib. 1995-ci ildə ölkədə ilk veb-saytın - AMEA-nın rəsmi saytının yaradılmasının daha bir tarixi mərhələnin əsasını qoyduğunu deyib. Natiq həmin dövrdə akademiyanın rəsmi saytının www.ab.az adı altında fəaliyyət göstərdiyini, 2003-cü ildə AMEA Rəyasət Heyətinin qərarı ilə saytın adının dəyişdirilərək science.az olduğunu qeyd edib.

AMEA prezidenti bu il akademiyanın 70 illik yubileyi çərçivəsində portalın yeni versiyasının istifadəyə verildiyini bildirib. Bundan əlavə, Azərbaycanda ilk elmi İnternet-televiziya olan Milli Elmlər Akademiyasının “ElmTV” veb-telekanalının yaradıldığını və portalda yayımlandığını vurğulayıb.

Akif Əlizadə meqaportalın təkcə Milli Elmlər Akademiyasının rəsmi veb-resursu deyil, həm də Azərbaycanda ilk İnternet-jurnalistika məktəbi olduğunu söyləyib: Bu gün əminliklə demək olar ki, www.science.az-ın fəaliyyətə başlaması ölkədə İnternet-medianın, veb-jurnalistikanın əsasını qoyub. İnternet-media sahəsində ilk və əvəzsiz xidmətlərini, mətbuat tariximizə gətirdiyi yenilikləri nəzərə alaraq demək olar ki, www.science.az portalı müasir dövrün elektron “Əkinçi”sidir”.

Çıxışının sonunda akademik Akif Əlizadə Azərbaycanın media məkanında böyük nüfuz qazanmış science.az saytının 20 yaşı münasibətilə yaradıcı heyəti təbrik edib, fədakar əməyi ilə uzun illər burada çalışıb elmin populyarlaşdırılmasına öz töhfəsini verən kollektivə fəaliyyətlərində uğurlar diləyib.

Sonra AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “www.science.az saytının meydana gəlməsi, inkişaf mərhələləri və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. R.Əliquliyev Azərbaycanda İnternet-medianın bugünkü inkişaf səviyyəsində mühüm xidmətləri olan science.az veb-saytının 20 ildə keçdiyi yoldan danışıb, bu media orqanının ölkənin informasiya məkanında xüsusi yeri olduğunu bildirib. Alim Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra cəmiyyətin müxtəlif sferalarında olduğu kimi, AMEA-da da inkişafın əsasının qoyulduğunu bildirib. İnternet-medianın ilk nümunələrinin XX əsrin sonlarına təsadüf etdiyini qeyd edən institut direktoru Türkiyənin Bilkənt Universiteti və “Britiş Petroleum” şirkətinin dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq AMEA-da İnternetin Azərbaycan qovşaqları və onların daxili şəbəkə infrastrukturunun yaradıldığını söyləyib. O, Azərbaycanda ilk dəfə İnternetə çıxışın 1991-ci ildə Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildiyini deyib: Bu, həmin dövrdə müharibə şəraitində yaşayan Azərbaycanın maraqlarına xidmət edən milli-mənəvi dəyərlərin, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün qlobal informasiya məkanına inteqrasiya baxımından böyük hadisə idi. İnternetə çıxışın təmin olunması və vüsət alması 140 illik tarixi olan Azərbaycan mətbuatının, mediasının inkişaf mərhələsində yeni səhifə açdı”.

R.Əliquliyev bildirib ki, milli mətbuatımızın bünövrəsini “Əkinçi” qəzeti qoyduğu kimi, bu portal Azərbaycanın elektron mətbuatının “Əkinçi”si, ilk qaranquşu hesab olunur və ölkəmizdə ilk İnternet-jurnalistika məktəbidir.

R.Əliquliyev science.az-ın Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, elmin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandıran və təbliğ edən, AMEA-nın həyatında baş verən əlamətdar hadisələri, tarixi görüşləri əks etdirən dəyərli və etibarlı informasiya mənbəyi olduğunu bildirib. “www.science.az Elmi Xəbər Agentliyidir”, - deyən R.Əliquliyev saytda akademik həyatın ictimaiyyət üçün əhəmiyyət kəsb edən bütün məlumatlarının operativ olaraq yayıldığını bildirib.

Sonra akademik zəngin bazaya malik olan veb-portalın inkişaf mərhələlərindən söz açıb. Portalın inkişafının 3 dövrü - I mərhələ 1995-2003-cü illəri, II mərhələ 2003-2015-ci illəri və III mərhələ 2015-ci ilondan sonrakı dövrü əhatə etdiyini bildirib. Saytın əhatə etdiyi informasiya fəzasının miqyasına, məzmununa və arxitektur göstəricilərinə uyğun yenidən işlənərək daim təkmilləşdirildiyini, inkişaf etdiyini vurğulayıb. Cari ildə innovativ texnologiyalar tətbiq olunmaqla, portalın yeni versiyasının hazırlanaraq istifadəyə verildiyini söyləyib. Qeyd edib ki, informasiya resursu özündə Azərbaycan, rusingilis dillərində 25 minə yaxın veb-səhifəni əks etdirir. Sayta müraciət edənlərin statistik göstəricilərinə gəlincə, hər gün veb-resursa 6 minə yaxın istifadəçi müraciət edir, aylıq auditoriya təxminən 180 min nəfər təşkil edir, il ərzində isə portala 2 milyona yaxın veb-oxucu müraciət edir. Veb-sayt həmçinin elmi-eksperimental bazadır, informasiya-sorğu sistemidir, multimedia qalereyasıdır”, - bildirən natiq portalda 2004-2015-ci illər ərzində müxtəlif tədbirlərdən çəkilən 60000-dən çox foto, audio və videomaterialların toplandığını, bu materialların Azərbaycan elminin tarixi salnaməsinə çevrildiyini söyləyib.

Akademik Rasim Əliquliyev portalda yayımlanan və Azərbaycanda ilk elmi İnternet-televiziya olan Milli Elmlər Akademiyasının “ElmTV” veb-telekanalının fəaliyyətinə də toxunub. Elm” televiziyası AMEA-nın institut və təşkilatlarının fəaliyyətini tam şəkildə əks etdirən yeganə videoresursdur, burada əsas məqsəd elmin populyarlaşdırılması, elmi nailiyyətlərin, həmçinin mövcud problemlərin ictimaiyyətə çatdırılmasıdır”, - bildirən R.Əliquliyev yeni ildən etibarən şəbəkə telekanalının elmtv.az veb-saytının istismara veriləcəyini də vurğulayıb.

İnstitut direktoru meqaportalın təkcə Milli Elmlər Akademiyasının rəsmi veb-resursu deyil, həm də Azərbaycanda ilk İnternet-jurnalistika məktəbi olduğunu söyləyib. www.science.az-ın ölkədə İnternet-medianın, veb-jurnalistikanın inkişafında oynadığı roldan söz açıb.

Akademik R.Əliquliyev 20 yaşını qeyd edən veb-portalın istismarı və inkişafında əməyi olan yaradıcı heyəti təbrik edib, onlara bu şərəfli yolda müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə həmçinin millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanov, millət vəkili, “Yeni Azərbaycanqəzetinin baş redaktoru Hikmət Babaoğlu da çıxış edərək, İnternet-medianın, onun tərkib hissəsi olan sosial medianın cəmiyyətdə rolu, science.az veb-saytının Azərbaycan elminin təbliğində yeri, Azərbaycanda ilk İnternet-jurnalistika məktəbi kimi meqaportalın imkanlarından söz açıb, saytın fəaliyyətinə yüksək dəyər veriblər.

Sonra AMEA-nın “ElmTV” İnternet-televiziyasının elmtv.az saytının təqdimatı olub. ElmTVnin rəhbəri Xatirə Cabbarzadə müxtəlif bölmələri və zəngin videoqalereyanı özündə əks etdirən veb-telekanalda dünya elminə böyük töhfələr bəxş etmiş azərbaycanlı alimlərin, xaricdə yaşayan görkəmli elm xadimlərimizin həyat və fəaliyyətini əks etdirən videomaterialların, o cümlədən dünyada baş verən elmi yeniliklər haqqında videosüjetlərin də öz əksini tapacağını bildirib.

Tədbirin sonunda science.az veb-saytında səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşlar “AMEA-nın Fəxri Diplomu” ilə təltif olunub, xatirə hədiyyələri ilə mükafatlandırılıblar

Yeni Azərbaycan.- 2015.- 18 dekabr.- S.- 3