Mənim o çiçəklərim, dönüb qara torpaq oldu...

 

Tanınmış şairə Nurəngiz Günün vəfatının ildönümü qeyd olunub

 

Ötən bir ildə qızı, nəvəsi, doğmaları, dostları və çoxsaylı oxucuları onu bəlkə hər gün, hər saat bir həzin xəyal kimi xatırlayıblar. Hər dəfə yada düşəndə yazdığı ölməz misralara tapınıblar. Onun ətrini, qoxusunu şeirlərindən alıblar. Hər misrasını sətir-sətir yaddaşlarına köçürərək Nurəngiz Gün yoxluğuna təsəlli arayıblar...

Dekabrın 19-da R.Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış şairə, Nurəngiz Günün vəfatının ildönümünə həsr edilmiş “Darıxmışam ana...” adlı ədəbi-bədii gecə keçirilib.

Əvvəlcə N.Günün həyat və fəaliyyətini, özünün ifasında səslənən şeirləri, keçirdiyi görüşləri və çıxışları əks etdirən videoçarx nümayiş etdirilib.

Akademik Teymur Kərimli yaradıcılığında ülvi hislər tərənnüm olunan N.Günün həyata, insanlara tükənməz sevgisindən söhbət açıb.

Xalq Şairi Nəriman Həsənzadə Nurəngiz Günün uzun illər bir diktor olaraq məlahətli səsi ilə efirdən insanların qəlbinə yol tapdığı kimi, poeziyası ilə də qəlblərə hakim kəsildiyini bildirib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı Anar onu XX əsrin 70-ci illər ədəbi mühitinin yetirməsi, özünəməxsus dəsti-xətti, yolu olan, şeirlərində səmimiliyi, ideya aydınlığı ilə seçilən xanım qələm sahibi kimi xarakterizə edib.

N.Günün tədqiqatçısı, şair-ədəbiyyatşünas Bahar Bərdəli şairin özünəməxsus yaradıcılıq yolundan danışıb. Bildirib ki, ədəbiyyata nəsrlə gələn N.Günün 1981-ci ildə “Ulduz” jurnalında çap olunan “Tanı bəşər övladıdır” povesti onu tez bir zamanda ədəbi mühitə tanıdıb. Onun qələmə sarılaraq xalqımızın başına gətirilən faciələrə ürək ağrısı ilə silsilə şeirlər həsr etdiyini vurğulayıb.

B.Bərdəli Azərbaycan poeziyasının Məhsəti Gəncəvidən başlayan qadın şairlər pleyadasına yüksəlməyi bacaran N.Gün poeziyasının bənzərsizliyindən söz açıb.

Nurəngiz Günün Azərbaycan ədəbi fikir tarixindəki mövqeyindən, ədəbiyyatımıza verdiyi töhfələrdən danışan filologiya elmləri doktoru Vaqif Yusifli vurğulayıb ki, o, cənubla bağlı yazdığı şeirlərində kədərini ifadə etmək üçün istənilən qədər orijinal təşbeh, metaforalar işlədib. O, bir qadın yazar kimi sevgidən yazanda daha çox həssas, emosional, kişi yazarlara nisbətən daha səmimi olub. XX əsr qadınının ürək dünyasını tədqiq edənlərə Nurəngiz Günün şeirlərini oxumağı tövsiyə edən natiq onun sərbəst şeirdə öz potensial imkanlarından kifayət qədər istifadə etdiyini bildirib.

Vaqif Yusifli vurğulayıb ki, Nurəngiz Günün şeirləri Tanrıya edilən dualar kimi sirayətedicidir. Onun yaradıcılığındakı ana obrazı tamamilə yenidir. Yenilik isə ondadır ki, o, anaların hiss və duyğularını özü yaşayaraq şeirə gətirib.

Tədbirdə incəsənət ustaları N.Gün haqqında yazılan şeirləri və yaradıcılığı barədə deyilmiş dəyərli fikirləri səsləndiriblər. Gənc aktrisa Rada Nəsibova səhnədə şairin qızı Jalə Əliyevanın daxili dünyasını canlandırıb.

Gecədə N.Günə həsr edilmişBir bənd şeir” müsabiqəsinin qalibi Şəfiqə Şəfaya AYB adından diplom təqdim olunub.

Sonda təşkilatçılara və iştirakçıları minnətdarlığını bildirən Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycanda yaradıcı insanlara göstərilən diqqət və qayğıdan söz açıb. O, N.Gün haqqında danışmağın onun üçün çətin olduğunu söyləyib. Nurəngiz Gün yaradıcılığının hər zaman poeziyasevərlərin diqqət mərkəzində olacağını vurğulayıb.

 

Yeni Azərbaycan.- 2015.- 22 dekabr.- S. 7.