Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadirdir

 

Prezident İlham Əliyev: Bizim mövqeyimizi gücləndirən ordumuzdur

 

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində özünün iqtisadi gücünü maliyyə imkanlarını əhəmiyyətli dərəcədə artıran Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Ölkəmizin ötən müddət ərzində eyni zamanda, güclü ordu quruculuğu siyasəti həyata keçirilib. Daha dəqiq desək, silahlı qüvvələrin döyüş hazırlığının və maddi-texniki təchizatının yüksəldilməsi respublikamızda həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir ki, bu da səbəbsiz deyil.

Məlum olduğu kimi, təcavüzkar Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ora bitişik 7 rayonunu işğal altında saxlayır. Bu işğal nəticəsində 1 milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. Azərbaycan Ermənistanın ərazilərimizin 20 faizini işğal altında saxlaması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Hələlik Azərbaycan dövləti xalqımızın xoş niyyətinə sadiq qalaraq ölkənin ərazi bütövlüyünün təmin olunmasına sülh yolu ilə nail olmağa çalışır və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlara öz konstruktiv mövqeyi ilə dəstək verir. Bununla belə, xalqımızın səbri tükənməz deyil. Azərbaycan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ölkənin ərazi bütövlüyünü məhz öz güclü ordusunun sayəsində təmin etmək əzmindədir. Buna görə də, güclü ordu quruculuğu Azərbaycanın prioritet hədəfidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında ordunun respublikamızın mövqeyini möhkəmləndirdiyini xüsusi vurğulayıb: “Bizim mövqeyimizi gücləndirən ordumuzdur”.

ərazi bütövlüyünün təmin olunması Azərbaycan üçün prinsipial məsələdir

Azərbaycan ölkənin ərazi bütövlüyünün təmin olunması məsələsində prinsipial mövqedədir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, respublikamız öz prinsipial mövqeyindən heç vaxt geri çəkilməyəcək. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə istənilən nöqteyi-nəzərdən yanaşdıqda ölkəmizin haqlı mövqedə olduğu ortaya çıxır.

Eyni zamanda, beynəlxalq hüquq da Ermənistanın zor gücünə işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan çıxışında bu məqama da xüsusi olaraq toxunaraq deyib: “Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır”.

Məlumdur ki, dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüquqda əsas prinsip kimi götürülür. Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyü dünyanın əksər dövlətləri və BMT tərəfindən tanınıb. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. ATƏT, AŞ PA, İƏT və digər beynəlxalq qurumlar da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədlər imzalayıblar.

Bütün bunlara baxmayaraq, Ermənistan münaqişənin sülh yolu ilə həllinə mane olmağa çalışır. Artıq beynəlxalq ictimaiyyət görür ki, Ermənistan sülh istəmir, mövcud status-kvonun saxlanılmasına nail olmaq üçün manipulyativ cəhdlər göstərir və danışıqlarda yalnız imitasiya taktikası seçir. Prezident İlham Əliyev bildirib ki, işğalçı ölkənin bu cür mövqeyi yolverilməzdir və Ermənistana qarşı tədbir görülməlidir: “Əgər status-kvo qəbuledilməzdirsə, - bu, əlbəttə ki, qəbuledilməzdir, - onda bir tədbir görülməlidir. İşğalçı dövlətə təzyiq göstərilməlidir. O, məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın”.

Dövlət başçısı onu da deyib ki, Azərbaycana məxsus əraziləri işğal altında saxlamaq Ermənistanın öz hünəri deyil, bu məsələdə dünyanın müxtəlif paytaxtlarındakı havadarları ikili standartlardan çıxış edərək işğalçı ölkəyə dəstək nümayiş etdirirlər: “Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir günişğal altında saxlaya bilməzlər”.

Qoşunların təmas xəttində düşmənə layiqli dərs verilməsi ordumuzun böyük zəfərinin uzaqda olmadığından xəbər verir

Əlbəttə ki, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarda prinsipial mövqedən çıxış edərkən, ilk növbədə, özünün getdikcə güclənən ordusuna arxalanır. Bu da təsadüfi deyil. Belə ki, davamlı dövlət qayğısı sayəsində əsaslı inkişaf yolu keçən Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycan Cənubi Qafqazın ən güclü, dünyanın ən nizami ordularından birinə malikdir. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 11 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Müqayisə üçün deyək ki, Azərbaycanda orduya ayrılan xərclər Ermənistanın dövlət büdcəsini düz 2 dəfə üstələyir.

Məhz orduya lazımi qədər vəsait ayrılması sayəsində silahlı qüvvələrin maddi-texniki təchizatını yüksək səviyyəyə qaldırmaq mümkün olub. Hazırda ordumuzun arsenalında olan ən müasir tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə ötən il iyunun 26-da keçirilən Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi Azərbaycan ordusunun qüdrətini bir daha nümayiş etdirdi. Ümumilikdə, həmin təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdi. Təlimlər zamanı Silahlı Qüvvələrimizin qarşısına qoyulan bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetirildi ki, bu da şəxsi heyətin peşəkarlığının, döyüş hazırlığının yüksəlməsinin təsdiqidir. Silahlı Qüvvələrimizin cari il fevral ayının əvvəllərində keçirilən son irimiqyaslı təlimləri də ordumuzun qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadir olduğunu təsdiqlədi. İrimiqyaslı təlimlərdə ordumuzun şəxsi heyəti yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.

Silahlı Qüvvələrimizin qoşunların təmas xəttində düşmənə layiqli dərs verməsi ordumuzun böyük zəfərinin uzaqda olmadığından xəbər verir. Xatırladaq ki, 2014-cü ilin yayında düşmən qüvvələri qoşunların təmas xəttində vəziyyəti yenidən gərginləşdirməyə cəhd göstərəndə ordumuz öz yüksək döyüş hazırlığını bir daha nümayiş etdirdi. Şiddətli döyüşlərdə geri oturdulan düşmən canlı qüvvə və texnika sarıdan böyük itkilərə məruz qaldı. Ötən ilin sonlarında isə ordumuzun ön xətdəki qüvvələri sayıqlıq göstərərək Azərbaycanın hava məkanını pozan bir düşmən helikopterini məhv edib. Bütün bunları xatırladan dövlət başçısı bildirib ki, bizim ordumuz keçən il öz qüdrətini, nəyə qadir olduğunu nümayiş etdirib, düşmənə də, düşmənin havadarlarına da göstərib ki, istənilən vaxtda Azərbaycan ordusu ölkənin ərazi bütövlüyünü bərpa edə bilər. Prezident İlham Əliyev ordumuzdan, necə deyərlər, yaxşı dərs alan ermənilərin hazırda isterika içərisində olduğunu xüsusi olaraq nəzərə çatdırıb: “Danışıqlar prosesində heç bir irəliləyişin olmamasına baxmayaraq, mən hesab edirəm ki, keçən il Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox böyük işlər görmüşdür - həm siyasi sahədə, həm regional çərçivədə və həm də hərbi sahədə - döyüş meydanında. Biz ermənilərə elə dərs verdik ki, indiyə qədər özlərinə gələ bilmirlər, təşvişdədirlər, isterikadadırlar”.

Beləliklə, Azərbaycan ordusunun güclənməsinin fonunda Ermənistan cəmiyyətində getdikcə artan psixoloji deqradasiya, ruh düşgünlüyü hiss olunmaqdadır. Ermənilər getdikcə daha dərindən dərk edirlər ki, II Qarabağ savaşı başlayacağı təqdirdə güclü Azərbaycan ordusunun həmlələrinə cavab verə bilməyəcəklər. Təmas xəttində Ermənistana məxsus hərbi birləşmələrin törətdikləri təxribatların qarşısının ordumuz tərəfindən sayıqlıqla alınması və çoxsaylı düşmən qüvvələrinin məhv edilməsi erməniləri panikaya salıb. Artıq Ermənistan cəmiyyətinə qorxu hakim kəsilib, ölkə sürətlə boşalır. Əgər əvvəllər il ərzində Ermənistanı 70-80 min civarında insan tərk edirdisə, hazırda bu göstərici 2-3 qat artıb. Düşmən ölkədən verilən məlumatlarda bildirilir ki, təmas xəttindəki məlum gərginliklərdən sonra Ermənistandan “böyük köçdaha da artıb və bu ölkədən yaxın, uzaq xaricə uçan təyyarələrə bilet tapmaq belə çətinləşib...

Ordumuzun maddi-texniki təchizatı da əhəmiyyətli dərəcədə yaxşılaşıb

Ölkəmizdə qısa müddətdə modern müdafiə sənayesinin yaradılması ordu quruculuğu istiqamətində atılan mühüm addımlardandır. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ölkəmizdə güclü hərbi-sənaye kompleksinin formalaşmasında mühüm rol oynayıb. Artıq respublikamızda onlarla hərbi təyinatlı zavod fəaliyyət göstərir.

Yerli müdafiə sənayesinin yaradılması ilə, ilk növbədə, Azərbaycanın xarici silah bazarlarından asılılığı əhəmiyyətli dərəcədə azalıb. Artıq ordumuzun müxtəlif döyüş texnikalarına olan tələbatının xeyli hissəsi daxili istehsal hesabına təmin edilir. Ölkəmizdə hərbi-sənaye kompleksinə aidİqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğaelm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğakimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalatda tətbiq olunur. Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi 900-ə çatdırılıb və bu da son hədd deyil.

Daha bir əlamətdar cəhət isə ondan ibarətdir ki, artıq Azərbaycanın hərbi-sənaye kompleksində istehsal olunan müxtəlif növ döyüş texnikası həm də xarici bazarlara çıxarılır. Ölkəmizin hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə istehsal olunan müxtəlif növ döyüş texnikası beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir ki, bu da respublikamızda hazırlanan hərbi təyinatlı məhsulların geniş rəqabət imkanlarına malik olmasının təsdiqidir. Müqayisə üçün deyək ki, Azərbaycan ilk dəfə beynəlxalq sərgilərdə 27 adda məhsulla təmsil olunmuşdu. Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən “İDEX-2015” beynəlxalq müdafiə sərgisində isə ölkəmiz 180-dək müxtəlif növ döyüş texnikası ilə çıxış edib. Burada nümayiş etdirilən məmulatlardan “Yırtıcı”, “Yalquzaq”, “İstiqlal”, “Mübarizsnayper tüfəngləri, “Şimşək-10” hücum pulemyotu, NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silah, digər döyüş sursatları sərgidə təmsil olunanqonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb. 2014-cü il sentyabrın 11-13-də isə Azərbaycan “ADEX-2014” sərgisinə ev sahibliyi edib. Uğurla keçən sərgi Azərbaycanın müdafiə sənayesinin bütün dünyada artan nüfuzunun daha bir təsdiqinə çevrildi. Beynəlxalq sərgiyə qatılan ayrı-ayrı ölkələrin təmsilçiləri Azərbaycanın hərbi-sənaye kompleksində buraxılan məhsulları almaq və hərbi məhsulların istehsalı sahəsində ölkəmizlə əməkdaşlıq etmək barədə niyyətlərini bildirdilər.

Azərbaycan cəmiyyətində, ordunun şəxsi heyətində böyük ruh yüksəkliyi var

Qoşunların təmas xəttində ölkəmizin üstün mövqeyini təmin edən ən mühüm amillərdən biri də, heç şübhəsiz ki, Azərbaycan cəmiyyətində, ordumuzun şəxsi heyətində olan böyük ruh yüksəkliyidir. Azərbaycan xalqı orduya inandığı, güvəndiyi kimi, həm də ona böyük dəstək nümayiş etdirir. Azərbaycanda Vətəni sevən, torpaqlarımızı canı, qanı hesabına qorumağa hazır olan gənclər yetişib. Cəmiyyətdəki sağlam əhval-ruhiyyə orduda xidmət edən əsgərlər üçün güclü stimulduronlarda vətənpərvərlik hisslərini daha da artırır. Bu gün Azərbaycan ordusunun gücü təkcə onun yüksək texniki təchizatında deyil, həm də əsgər və zabitlərimizin mənəvi keyfiyyətlərindədir. Azərbaycan ordusunun şəxsi heyətində Vətənə yüksək məhəbbət hissi bəsləyən gənclər cəmləşiblər. Onlar Ali Baş Komandanın hər bir tapşırığını yerinə yetirməyə hər an hazırdırlar. Təsadüfi deyil ki, Prezident, Ali Baş Komandan İlham Əliyev cəbhə bölgəsində “N” saylı hərbi hissədə keçirdiyi görüşdə ordumuzun şəxsi heyətinin ruh yüksəkliyindən məmnunluqla söhbət açıb: “Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir”.

Azərbaycan öz ordu potensialını bundan sonra da genişləndirəcək

Yuxarıda vurğuladığımız kimi, Ermənistan cəbhə bölgəsində yaranan status-kvonun dəyişməsinə və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına hər vəchlə mane olmağa, aparılan sülh danışıqlarına müxtəlif vasitələrlə əngəllər yaratmağa çalışır. Bu isə o deməkdir ki, müharibə hələ bitməyib. Buna görə də, ərazi bütövlüyü məsələsində prinsipial mövqedən çıxış edən Azərbaycan öz ordusunun gücünü bundan sonra da artırmağa çalışacaq. Prezident İlham Əliyev ordu quruculuğu ilə bağlı ölkəmizin gələcək planlarını açıqlayaraq deyib: “2015-ci ildə biz ordu potensialımızı daha da gücləndirəcəyik. Bu məqsədlər üçün kifayət qədər böyük vəsait ayrılıbdır”.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2015.- 28 fevral.- S.2.