“Xocalıya ədalət!”
kampaniyası qarşıya qoyduğu hədəflərə
çatır
Leyla xanım Əliyeva: Hər kəsi
bu faciə barədə məlumatları öz ölkəsində yaymaq
üçün bizim
kampaniyaya qoşulmağa
çağırıram. Hesab edirəm ki, sizin dəstəyinizlə
Xocalıda ədalət bərpa olunacaq
Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən birini ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması təşkil edir. Eyni zamanda, Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistanın işğalından azad edilməsi istiqamətində göstərilən fəaliyyətin tərkib hissəsi olaraq Azərbaycan həqiqətlərinin təbliği, xalqımıza qarşı törədilən vəhşiliklərin dünyaya çatdırılması məqsədilə daim iş aparılır. Bu baxımdan, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının dünyada tanıdılması böyük önəm daşıyır. Hadisənin detalları erməni qəsbkarlarının etnik mənsubiyyətinə görə azərbaycanlıları, bütöv bir şəhərin əhalisini məhv etmək məqsədilə törətdiyi insanlıq əleyhinə cinayətin məhz soyqırımı olduğunu nümayiş etdirir.
Xocalı həqiqətlərinin dünyada tanıdılması, bu faciənin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb
Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fond Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da real və konkret nəticələrini verməkdədir. Bu kampaniya təkcə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrini əhatə etmir, Avropa məkanında, ABŞ-da, Rusiyada da bu deviz altında genişmiqyaslı tədbirlər keçirilir. Bu kampaniya çərçivəsində görülən işlər dünya ictimaiyyətinin Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərindən xəbərdar olmasına imkan verir.
Qeyd etdiyimiz kimi, son illər Xocalı həqiqətlərinin dünyada tanıdılması, Ermənistanın həyata keçirdiyi bu cinayətin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi tərəfindən təsis olunan “Xocalıya ədalət!” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyası bu istiqamətdə mühüm nailiyyətlərə imza atıb. Vurğulayaq ki, 2010-cu ildə İƏT-ə üzv ölkələrin parlamentləri “Xocalıya ədalət!” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul edib. Qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi soyqırımı” və “İnsanlığa qarşı cinayət” kimi qiymətləndirilib. Bu istiqamətdə görülən işlərin davam etdirilməsi və “Xocalıya ədalət!” kampaniyasının beynəlxalq səviyyədə genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il fevralın 13-də “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Beynəlxalq kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər, o cümlədən aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə çatdırılmasını nəzərdə tutur. Kampaniya və buna oxşar təşəbbüslər dünyadakı ədalətsizliyi aradan qaldırmaqla, bəşəriyyətə sülh, əmin-amanlıq gətirir. “Xocalıya ədalət!” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Kampaniya Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırması baxımından müasir tariximizin mühüm mərhələsi olub.
Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənib.
Ümumiyyətlə, bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası konkret nəticələr verməkdədir
Sevindirici haldır ki, görülən işlər öz nəticələrini verməkdədir. Təkcə onu qeyd etmək kifayətdir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras və Sudan parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya parlamentləri, eləcə də, Amerika Birləşmiş Ştatlarının 17 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsinə dair müvafiq qətnamələr qəbul ediblər.
Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisidir. Müxtəlif dövlət və ştatların Xocalı soyqırımını tarixi gerçəklik kimi tanıması Azərbaycanın dövlət və ictimai qurumlar səviyyəsində illərlə bu istiqamətdə apardığı davamlı fəaliyyətin nəticəsidir. Bu, o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı və digər vəhşiliklərlə bağlı daha yaxşı məlumatlanıb. Beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi isə tarixi təhrif edən yalan məlumatların sürətlə yayılmasının və möhkəmlənməsinin qarşısını alır.
Sözsüz ki, qazanılan uğurlar, Azərbaycanın bu sahədə artan fəallığı, ölkəmizin informasiya müharibəsində erməni diasporunun və lobbisinin fəaliyyətini geridə qoyması işğalçı ölkə rəhbərliyinin təşviş və narahatlığını da artırmaqdadır. Çünki Azərbaycanın məqsədyönlü və həqiqətə söykənən təbliğat strategiyası əsl soyqırımının nədən ibarət olduğunu və kimin soyqırıma məruz qaldığını tarixi faktlar əsasında açıq şəkildə ortaya qoyur.
“Xocalıya ədalət!” kampaniyası uğurla davam etdirilir
Yeri gəlmişkən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımı barədə nəşr və videomateriallardan ibarət yeni toplu hazırlanıb. Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar hazırlanan “Xocalıya ədalət!” adlı bu topluda dünya ictimaiyyətinə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş verən cinayət barədə həqiqətlər çatdırılır.
Topluya Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası ilə bağlı videomüraciətindən, Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dinc əhalini qətlə yetirməsindən, Xocalı şəhərində soyqırımı törətməsindən bəhs edən sənədli filmdən ibarət 2 DVD, kitab, buklet, eləcə də Xocalıdakı hadisələrin fotoları, “Xocalıya ədalət!” kampaniyasının yeni loqosu və promo məhsullarının olduğu fləşkart daxildir. Həmçinin topluda Xocalı soyqırımı ilə bağlı tərtib edilmiş elektron təqdimat da var. Hazır formada olan bu təqdimatdan müxtəlif maarifləndirmə tədbirləri zamanı, xüsusən də xarici auditoriya üçün geniş istifadə edilməsi nəzərdə tutulub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın videomüraciətində XX əsrdə dünyada baş vermiş və dünya ictimaiyyətinin qarşısını almaqda çətinlik çəkdiyi faciəvi hadisələrdən biri kimi Xocalı soyqırımına diqqət yönəldilir və Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində törədilmiş bu hadisənin təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə məlumat verilir. Müraciətdə törədilmiş əməllərə görə ədalətin təmin edilməsinin vacibliyi vurğulanır və son illər Xocalı soyqırımının tanınması istiqamətində dünya ictimaiyyətinin səylərinin artmasının, o cümlədən, bir çox dövlətlərin qanunverici orqanlarında soyqırımı ilə bağlı qəbul olunan qətnamələrin bu baxımdan əhəmiyyəti qeyd edilir.
“1990-cı illərin əvvəlində Azərbaycan qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb və bunun nəticəsində bu gün də torpaqlarımızın 20 faizi işğal altındadır. Müharibəyə gətirib çıxaran bu təcavüz 30 min insanın ölümünə, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün, minlərlə insanın isə itkin düşməsinə səbəb olub. Ermənistanın təcavüzü nəticəsində bir sıra cinayətlər törədilib, Xocalı şəhəri isə ən amansız və dəhşət dolu cinayətlərin qurbanı olub”, - deyə Leyla Əliyeva dünya ictimaiyyətinə videomüraciətində bildirib.
Qeyd edilib ki, Xocalı soyqırımı həm də öz həyatı naminə olsa belə qonşusunu, yaxınını, dostunu qırğınlardan müdafiə edən insanların mərdliyinin nümunəsidir: “Hazırda biz bütün əzmimizi, dəyanətimizi cinayətkarların məsuliyyətə cəlb olunmasına, belə kütləvi vəhşilik və soyqırımının bir daha təkrarlanmaması istiqamətində səfərbər etməliyik. İyirmi ildən artıq müddət keçməsinə baxmayaraq, Xocalıda törədilən soyqırımına görə heç kəsin məsuliyyətə cəlb edilməməsi doğru hal deyildir. Baş verənlərə görə cəzasızlıq regionda sülhün əldə edilməsinə və ədalətin bərpa olunmasına əsas maneədir.
Müsbət haldır ki, Xocalıda ermənilərin törətdiyi soyqırımının beynəlxalq səviyyədə tanınması uğrunda başladığımız kampaniya son illər bir sıra dövlətlər tərəfindən dəstəklənib. Eləcə də bir sıra ölkələrin qanunverici orqanları Xocalı soyqırımını tanıyıb. Bu dəstək bizi ədalət uğrunda mübarizəni davam etdirməyə sövq edir. Bu, bizdə ədalətin bərpa olunacağına, günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümid yaradır. Kampaniyaya göstərilən dəstəyə görə təşəkkür edirik və inanırıq ki, bu faciə barədə daha çox insan eşidəcək və bu ədalət kampaniyasına qoşulacaq.
Hər kəsi bu faciə barədə məlumatları öz ölkəsində yaymaq üçün bizim kampaniyaya qoşulmağa çağırıram. Hesab edirəm ki, sizin dəstəyinizlə Xocalıda ədalət bərpa olunacaq”.
Topluya daxil olan sənədli filmdə isə izləyicilərə Xocalı soyqırımının dünyada tanınmış digər soyqırımları ilə oxşarlığı göstərilir, soyqırımının törədilməsi, miqyası, nəticələri barədə məlumatlar və xəritələr təqdim olunur.
“Xocalıya ədalət!” adlı kitabda və bukletdə faciəyə dair fotolar, hadisənin törədildiyi gecə yaşanan qanlı cinayətlərə dair faktlar təqdim edilir. Kitabda, həmçinin, Xocalıda törədilmiş əməllərin hüquqi qiymətləndirilməsi, Ermənistanın və onun rəsmilərinin məsuliyyətinin beynəlxalq hüquqi əsasları izah olunur. Bundan əlavə, kitabda Xocalı soyqırımını işıqlandıran beynəlxalq mətbuat vasitələri, bu cinayəti soyqırımı kimi tanıyan ölkələr, həmçinin, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər təqdim olunur.
Nəşr olunan topluda “Xocalıya ədalət!” kampaniyasının yeni loqosu da təqdim edilir. Kampaniyanın loqosu Xocalıda yarımçıq qalmış taleləri simvolizə edən, fevral ayında çiçək açan badam ağacının qopmuş çiçəyini özündə əks etdirir. Qeyd edək ki, badam çiçəkləməyə başlayan ilk ağacdır. Badam ağacı qış fəslinin sonunda çiçək açır və bu səbəbdən çoxları ona yazın müjdəçisi kimi baxır. Loqodakı badam çiçəyi Azərbaycanın Dağlıq Qarabağ regionunun qədim yaşayış məskəni olan Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin edilməsinə və bu cür qəddar əməllərin təkrar olunmamasına ümidi əks etdirir. Qopmuş ləçək həm də Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini göstərir.
İngilis və rus dillərində hazırlanan “Xocalıya ədalət!” toplusu gələcəkdə digər dillərdə də təqdim olunacaq. Bu toplu Xocalı faciəsini dünyada tanıtmaq istəyənlər üçün həm də bir əyani vəsait rolu oynayacaq.
Beləliklə, “Xocalıya ədalət!” kampaniyasının uğurla davam etdirilməsi nəticəsində erməni vandallarının soyqırımı siyasəti beynəlxalq səviyyədə daha geniş miqyasda ifşa edilir. Bir sözlə, Azərbaycanın hücum diplomatiyasına paralel olaraq aparılan bu kampaniya məqsədi, məramı və nəticələri etibarilə sadalananlar nöqteyi-nəzərindən təqdirəlayiq hal kimi qiymətləndirilir.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2015.- 28 fevral.- S.3.