Yaradıcılığını barışa, haqqa həsr edən böyük yazıçı - İlyas Əfəndiyev

 

İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, birona görə əhəmiyyətlidir ki, o, öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdirbu barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir, eyni zamanda, yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, Vətənə və millətə sədaqət ruhunu aşılamışdır. Hesab edirəm ki, xalqımız bu əsərlərdən çox bəhrələnmişdir”.

Ümummilli lider Heydər Əliyev

** *

İLYAS ƏFƏNDİYEV! - Cümhuriyyət günümüzdə... Cümhuriyyətdən 4 il öncə doğulan, ömrünü yazıçılığa həsr edən, Bütöv Azərbaycanı yazan, bütöv yazan Azərbaycanlı...

İLYAS ƏFƏNDİYEV! - I Dünya savaşının ildaşı olub, qələmini, yaradıcılığını böyük anlamda Barışa, nazilsə də üzülməyən haqqa həsr edən insan.

İLYAS ƏFƏNDİYEV! - Türk peyğəmbərinin adını, əfəndi soyadını daşıyan klassik...

İLYAS ƏFƏNDİYEV! - Aran Qarabağda, böyük Füzulinin adını daşıyan (keçmiş Qaryagin) elində doğulan, paytaxt Bakıda, Füzulinin azad olunduğu günü görmədən gözlərini əbədi yuman (1996), ruhu oyaq... Azərbaycanlı ədib...

İLYAS ƏFƏNDİYEV! - Məhsuldar ədəbi yaradıcılığının, əsərlərinin yanısıra, bir də ELÇİN adını, ELÇİN şəxsiyyətini xalqına bəxş edən ata!

İLYAS ƏFƏNDİYEV! - Azərbaycan teatrının inkişafında müstəsna rolu olan, İlyas Əfəndiyev teatrı fəxri adını doğurandoğruldan yazıçı-dramaturq!

İLYAS ƏFƏNDİYEV! - Xalq yazıçısı, yazıçılığında xəlqi... xəlqiliyində bəşəri və intellektual..!

İLYAS ƏFƏNDİYEV! - O, həmişə müasirdir (akademik Bəkir Nəbiyev 2005-ci ildə belə yazırdı)...

* * *

Fikir verin: yalnız bir bölümünü sadalayacağımız fərqli janrlı, fərqli mövzulu, fərqli həcmli... fərqli illərin ovqatritmini, ahəngini təcəssüm etdirən, adları belə dillər əzbəri olan bu əsərlər onun - XX yüzil Azərbaycan nəsrinin patriarxının timsalında bir ömrə nələrin sığdırılmasının mümkünlüyünü göstərir. -

ROMANLAR

Söyüdlü arx”, “Körpüsalanlar”, “Geriyə baxma, qoca!”, “Üçatılan”, “Xan çinar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”...

PYESLƏR

...“Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən” (yaxudBoy çiçəyi”), “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs”, “Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Şeyx Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Ağıllılar və dəlilər”, “Hökmdar və qızı”;

POVESTLƏR

“Kənddən məktublar”, “Aydınlıq gecələr”, “Torpağın sahibi”, “Qaçaq Süleymanın ölümü”, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı”;

HEKAYƏLƏR

“Berlində bir gecə”, “Balıqçılar”, “Gülsatan”, “Cavan yolçu”, “Bahar buludları”, “Xəncər”, “Yaylaq qonşumuz”, “Şəhərdən gələn ovçu”, “Yun şal”, “Qırçı və qırmızı çiçək”, “Tufandan sonra”, “Səməd Vurğun haqqında hekayə”, “Daş hasar”;

“KƏNDDƏN MƏKTUBLAR” (KİTABINDAN)

“Qızbəs xala”, “Qarımış oğlan”, “Mirzə İman”, “Uxajor”;

“AYDINLIQ GECƏLƏR” (KİTABINDAN)

“Gözlənilməyən sevgi”, “Apardı sellər Saranı”, “Durna”, “Qəhrəman ilə bülbülün nağılı”, “Kiçik bir poema”, “Qoca tarını çaldı”, “Yarımçıq qalmış portret haqqında mahnı”, “Qarı dağ”;

“HEKAYƏLƏR”İN HEKAYƏLƏRİ...

Görüş”, “Gülaçar”, “Su dəyirmanı”;

“SƏN EY BÖYÜK YARADAN” NİDALI KİTABDAN

YusifEsfir”, “Vəzir Allahverdi xan və Bəhlul Danəndə”, “Sən ey böyük Yaradan”, “Abidin yuxusu”, “Həyatın əbədi ahəngi”, “Sağsağan”, “İsa-Musa”;

Nəhayət,

UŞAQ HEKAYƏLƏRİ

Ceyran ovu”, “Maraqlı hadisə”, “Qoruqlarda”, “Yasəmən ağacı”, “İz ilə”, “Ovçunun nağılı”, “Zəmidə bir turac səslənirdi”...

* * *

Bəli, məhsuldarlıqla sənətkarlığı, necə deyərlər, kəmiyyətlə keyfiyyəti bunca bir arada tutmaq, yaradıcılığını harmoniyaya, simmetriyaya tabe tutmaq... sənətin estetik dəyərlərini yalnız öyrənərək deyil, fitrətən duymaqla mümkün ola bilərdi... İlyas Əfəndiyevin özəlliklərindən biri də məhz bu amillə bağlı idi.

* * *

Ömür vəfa etsəydi bu il 101 yaşı olacaqdı İlyas Əfəndiyevin.

Gəlin İlyas Əfəndiyev ömürlüyündən bir neçə səhifəni vərəqləyək.

İlyas Məhəmməd oğlu Əfəndiyev tanınmış və sayğın tacir ailəsində doğulmuşdur. Nəsilliklə oxumuş ruhani, varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi özü 1884-cü il doğumluydu.

Onun ata-babası bütün Qarabağda tanınan, yoxsula əl tutan, xeyirxah, alicənab adamlar idi. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub, alqı-satqı işlərilə məşğul olmuşdu. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.

Yazıçının atası Məhəmməd Əfəndiyev həmin ailənin ticarətlə məşğul olan qoluna mənsub olub.

Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalmış, onların ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri “xalq düşməni” kimi güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunmuşdur... Yazıçının atası Məhəmməd Əfəndiyevə “kulak” damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilmiş, “səs hüququndan məhrum olunmuşdur...

Ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları 1920-ci ilin aprel-may aylarında sona yetmişdir. “Kulak” damğası vurulmuş bu ailənin üzvlərinin hərəsi bir tərəfə dağılmış, təhlükəsizlik orqanlarının qorxusu, həbs olunmaq təhlükəsi qohumları bir-birindən aralı salmışdı... Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və təhqirlərə dözmür, uzun illər işsiz qalır, ailəsini dolandıra bilmir... Ağır xəstələnərək “səksən yaşlı qocaya dönmüş” Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat edir.

İlyasın bir gənc kimi formalaşmasında, kitaba, ədəbiyyata, ümumiyyətlə mütaliəyə marağının oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olmuşdur. O, İlyasa yalnız analıq yox, Məhəmməd kişi vəfat etdikdən sonra müəllimlik, yoldaşlıq, həm də atalıq etmişdir...

Atası ilə o qədər də “dil tapa” bilməyən, onunla dostlaşmağı bacarmayan İlyas bütün sirlərini, dərdlərini anası ilə bölüşərdi. Yazıçı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmiş, məktəbə getməzdən öncə yazıb-oxumağı öyrənmiş, çoxlu kitab mütaliə etmişdir. 1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirmişdir.

Məktəbin direktoru Cəmil bəy Vəzirov, müəllimləri Mehdi Mehdizadə, Cümşüd Zülfüqarlı, Bəylər Ağayevb. idi. Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə yetinməyən İlyas Əfəndiyev dərsdən başqa müstəqil mütaliə yolu ilə çoxlu bədii kitab, o cümlədən, rus ədəbiyyatı klassiklərindən A.S.Puşkin, M.Y.Lermontov, A.P.Çexov, İ.Turgenev, M.Qorki kimi sənətkarların dilimizə çevrilmiş əsərlərini mütaliə etmiş, eyni zamanda, riyaziyyatfizikaya böyük maraq göstərmiş, coğrafiyanı həvəslə öyrənmiş, böyük səyyahların, o cümlədən, R.Amundsen, Nansen, X.Kolumb, A.Vespuççi kimi tarixi şəxsiyyətlərin yaşamını diqqətlə izləmişdir. Əlbəttə, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq onun ilgisini daha çox çəkirdi...

İlyas Əfəndiyev özü yazırdı: Klassik romanlar, pyeslər, poemalarla yanaşı, o zaman haqqında çox danışılan professor Friçe, professor Koqan, professor Köprülüzadə, İsmayıl Hikmət kimi məşhur ədəbiyyat alimlərinin əsərlərini də yorulmadan, həvəslə oxuyub balaca dəftərçələrdə özüm üçün konspektlər çıxarırdım. Mən gələcəkdə Köprülüzadə kimi, professor Friçe kimi böyük ədəbiyyat alimi olmaq xəyalı ilə hey həvəslənir, hey oxuyurdum”.

Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan dərs deyən İlyas Əfəndiyev 1935-1938-ci illərdə Qaryagin şəhər orta məktəbində coğrafiya müəllimi işləmiş, eyni zamanda, gənclərin təlim-tərbiyəsində, savadsızlığın aradan qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərmişdir. Yazıçının formalaşmasında Qaryaginin ictimai və mədəni həyatı da az rol oynamamışdır. (Doğrudur, 30-cu illərdə rayondakı mühit haqqında əldə geniş bilgi yoxdur, ancaq yazıçının öz xatirələri, məktəb və müəllim kollektivi, rayon aydınları haqqında əldə etdiyimiz bilgilər, rayon qəzeti səhifələrində dərc edilmiş müxtəlif məqalələr, gənclərin həyatında və tərbiyəsində o illər çox mühüm rol oynamış dram kollektivinin fəaliyyəti barədəki yazılar rayonun 30-cu illərdəki ictimai-mədəni həyatı haqqında müəyyən fikir söyləməyə imkan verir...)

1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1960-cı ildən Əməkdar incəsənət xadimi, 1972-ci ildən Azərbaycan Dövlət Mükafatı laureatı, 1979-cu ildən isə Azərbaycanın Xalq yazıçısı olan, müstəqil Azərbaycanın “Şöhrət” ordeninə layiq görülmüş İlyas Əfəndiyevin işıqlı xatirəsi, zəngin yaradıcılıq yolu yeni nəsil yazarlarına bir örnəkdir.

28 may 1914-cü ildə doğulmuş İ.Əfəndiyev 3 oktyabr 1996-cı ildə 82 yaşında vəfat edib. Görkəmli yazıçı Fəxri xiyabanda dəfn olunub.

 

Əkbər QOŞALI

Yeni  Azərbaycan.-2015.- 26 may.- S. 6.