Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrin davamlı inkişafını təmin edib

 

Ölkə başçısının tapşırıq və göstərişi əsasında həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı da Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən kənd və qəsəbələrində uğurla icra olunmaqdadır

Hazırda dünyada bir sıra geriləmələrin və kataklizmlərin mövcudluğu nəinki ayrı-ayrı ölkələrin, ümumilikdə inkişaf etmiş dövlətlərin iqtisadi göstəricilərinə mənfi təsir göstərməkdədir. Bir sıra ölkələrdə yerlərinin ixtisarı, əməkhaqqlarının verilməsində ləngimələr, layihələrin icrasının dayandırılması məhz bu mənfi fəsadların bariz nümunələridir. Lakin sevindirici haldır ki, dünyada gedən bu mənfi tendensiyalara rəğmən, Azərbaycan öz inkişafını davam etdirir. Bunun isə yetərli səbəbləri var. Əvvəla ona görə ki, həyata keçirilən səmərəli daxilixarici siyasət nəticəsində Azərbaycan hazırda dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Bir sözlə, milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi və reallaşdırılan digər tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir.

Ümumiyyətlə, Azərbaycanın dinamik iqtisadi tərəqqisi bütün sahələrin paralel inkişafına strateji töhfələr verir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun artması ölkəmizin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Eyni zamanda, məhz bu siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verilir.

Bir sözlə, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açıb. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan yeni makroiqtisadi platformainkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin, həmçinin regionların sosial-iqtisadi inkişafının əsas konseptlərini təşkil edib. Əksər ekspertlərin də vurğuladıqları kimi, ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir.

Yəni Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. Bu günə kimi regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı həyata keçirilib. Hazırda isə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası respublikanın bütün bölgələrində uğurla davam etdirilir. Məhz bunun nəticəsində ölkə üzrə çox əhəmiyyətli işlər görülübbütün bunlar Azərbaycanın ümumi iqtisadi gücünü artırıb. Ümumiyyətlə, sözügedən proqramlar çərçivəsində istehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsi, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb.

Regionlarda mövcud iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi ötən dövr ərzində infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsalemal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Yerli istehsalın genişlənməsi nəticəsində Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edib, özəl sektorun inkişafına zəmin yaradılıb.

Beləliklə, bu gün qətiyyətlə demək olar ki, ölkə başçısının tapşırıq və göstərişi əsasında həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı da ölkənin bütün kənd və qəsəbələrində, eyni zamanda, şəhər və rayonlarında uğurla icra olunmaqdadır. Bu baxımdan Siyəzən rayonunda həyata keçirilən işlər və əldə olunmuş nəticələr də təqdirəlayiqdir. Belə ki, rayonda istər quruculuq-abadlıq, istərsə də əhalinin sosial rifahının yaxşılaşdırılması, eyni zamanda, infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Əvvəla qeyd edək ki, əvvəlki illərdə olduğu kimi cari ilin 9 ayı ərzində də Siyəzəndə bir sıra tikinti, abadlıq və quruculuq işləri həyata keçirilib. Bəhs edilən dövrdə rayonun Tofiq İsmayılov küçəsi, 48 və 49 nömrəli binaların arasında olan ərazi müxtəlif tullantılardan təmizlənərək burada mini istirahət parkının salınması üçün layihəyə uyğun işlər görülüb, xeyir-şər binası tikilib, mini idman meydançası quraşdırılıb, parka tamet tavalar döşənib, 10 ədəd yeni oturacaq və 4 ədəd çardaq qoyulub. Hazırda burada son tamamlama işləri görülür. Şəhərin Şah İsmayıl Xətai küçəsində isə yol yatağı təmir olunub, yolun kənarında 200 metrə yaxın beton küveyt tikilərək küçəyə 14000 kvadratmetr asfalt döşənib. Bundan başqa, quruculuq-abadlıq işləri çərçivəsində rayon ərazisində Siyəzən şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir işlərinə başlanılıb. Şəhərin Hökmulla Talıbov küçəsində isə Qarabağ müharibəsi əlilləri üçün 3 ədəd fərdi yaşayış evinin tikintisinə start verilib. Həmçinin Siyəzən-Məşrif avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılıb, hazırda isə Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Cəndəhar avtomobil yolunun tikintisinə başlanılıb.

Siyəzəndə quruculuq-abadlıq işləri ilə yanaşı, digər sahələrdə də görülmüş tədbirlərin fonunda əhəmiyyətli nəticələr əldə edilib. Məsələn, bu ilin 9 ayı ərzində rayon üzrə 68 milyon 947 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz çoxdur. İstehsal edilən məhsulun 3,5 faizi bitkiçilik, 96,5 faizi heyvandarlıq məhsullarının payına düşür. Rayon üzrə 2015-ci ilin məhsulu üçün 4 milyon 984 ton taxıl toplanıb, hər hektardan orta məhsuldarlıq əvvəlki illə müqayisədə 11 faiz artaraq 18,9 sentner təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kartof istehsalı 8,8 faiz, tərəvəz istehsalı 18,9 faiz, bostan bitkisi istehsalı 23 faiz, meyvə istehsalı 28,2 faiz, üzüm istehsalı 15,4 faiz artıb. İlin əvvəlindən iribuynuzlu mal-qaranın baş sayı 1,9 faiz, qoyun və keçilərin baş sayı 0,8 faiz artıb, 15 min 970,4 ton ət, o cümlədən 14 min 397,4 ton quş əti, 9 min 157,5 ton süd, 9,8 milyon yumurta və 86 ton yun istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 16,4 faiz azalıb süd istehsalı 0,3 faiz artıb. Emal sənayesində ilin əvvəlindən faktiki qiymətlərlə 2 milyon 821 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə çox məhsul istehsal edilib. İlin əvvəlindən 109,8 ton bərkimiş proteindən boru, 1520 kubmetr tikinti kərpici istehsal edilərək istehlakçılara göndərilib.

Elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye xarakterli xidmətlərin həcmi isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çox, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində sənaye xarakterli xidmətlərin həcmi 453,6 min manat təşkil edib. İlin əvvəlindən istehlakçılara 83,3 milyon kvt/saat elektrik enerjisi, 20,7 milyon kubmetr qaz, 911,5 min kubmetr su paylanıb.

Onu da qeyd edək ki, 2015-ci ilin yanvar-sentyabr aylarında rayonda bütün maliyyə mənbələri hesabına 19 milyon 186,5 min manatlıq əsas fondlar, o cümlədən 18 milyon 583,5 min manatlıq istehsal sferasına xidmət edəcək əsas fondlar, 30 min manat dəyərində 2 ticarət obyekti, ümumi sahəsi 7993 kvadratmetr, o cümlədən yaşayış sahəsi 4109 kvadratmetr olan 573 min manat dəyərində 73 fərdi yaşayış evi istifadəyə verilib.

Bunlarla yanaşı, nəzərdə tutulmuş hədəflər çərçivəsində və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq investisiya qoyuluşu sahəsində də ardıcıl tədbirlər davam etdirilir. Belə ki, ilin əvvəlindən bütün mülkiyyət formalarından olan müəssisə və təşkilatlar tərəfindən iqtisadiyyatın və sosial sahələrin inkişafına 46 milyon 355,9 min manat investisiya yönəldilib. İstifadə edilmiş investisiyanın 30 milyon 600 min manatı və ya 64,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Göründüyü kimi, cari ilin 9 ayı ərzində rayonun sosial-iqtisadi inkişafı üçün xeyli işlər görülüb, uğurlu nəticələr əldə edilib.

Vüsalə CAVANŞİR

Yeni Azərbaycan.- 2015.- 19 noyabr.- S.- 8