Türkiyədə “Azərbaycanın səsi” jurnalının “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” adlı xüsusi nömrəsi çapdan çıxıb

 

Türkiyə Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evinin nəşri olan “Azərbaycanın səsi” jurnalının oktyabr ayında xüsusi nömrəsi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsiadlanan bu buraxılışda Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun eyniadlı məqaləsi dərc olunub.

Məqalədə çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin, Onun siyasi və idarəçilik fəaliyyətinin müstəsna yer tutduğu xüsusi vurğulanıb. Qeyd olunub ki, xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilib. Bildirilib ki, ölkədə demokratik hüquqi dövlət quruculuğu prosesitam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirilib. Hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, səmərəli məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi.

Müəllif bildirib ki, 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz Ulu öndər Heydər Əliyevdir. Bu yeni, mütərəqqi Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün Ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratdı. Gərgin fəaliyyət nəticəsində “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanunbütün əsas məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi. İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən Ümummilli liderimizin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda bu istiqamətdə həyata keçirilən tədbirlərin konsepsiyası dəqiq müəyyən edildi, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.

Yazıda diqqətə çatdırılıb ki, bütün bu reallıqları dərindən təhlil edən və nəzərə alan Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan “Məhkəmələr və hakimlər haqqında” yeni Qanun qəbul edildi. Dahi öndərin rəhbərliyi ilə aparılmış köklü məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradıldı. Məhkəmə islahatlarının gedişində, həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün mənəvi cəhətdən saf, yüksək biliyə malik hakim korpusunun formalaşdırmasına böyük ehtiyac yaranmışdı. Bu məqsədlə 1998-ci ildə Prezident yanında məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən Məhkəmə-Hüquq Şurası təsis edildi. Görülən tədbirlər nəticəsində 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi aparıldı və nəticədə hakim korpusunun 60 faizi yeniləndi.

Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaradan Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatlarının bu günuğurla davam etdirildiyinin vurğulandığı məqalədə qeyd olunub ki, məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılıb. Bu məqsədlə yeni qanunvericilik bazası yaradılıb, hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinin təkmil əsasları təsbit olunub. Xüsusilə diqqətə çatdırılıb ki, hakim korpusunun ən layiqli və hazırlıqlı hüquqşünaslarla formalaşdırılması üçün Avropa Şurası ilə birgə ölkəmizdə hakimlərin ən şəffaf və ədalətli seçim proseduru işlənib hazırlanıb.

Bildirilib ki, əhalinin məhkəmələrə çatımlılığının yaxşılaşdırılması məqsədilə 20-dək yeni regional məhkəmə, o cümlədən apelyasiya məhkəmələri və inzibati ədliyyə sistemi yaradılıb, hakimlərin sayı iki dəfə artırılıb, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə əsaslı tədbirlər görülüb. Azərbaycanda aparılan məhkəmə islahatlarının tərəqqisini və uğurlu nəticələrini görən Dünya Bankının təşəbbüsü əsasında Ədliyyə Nazirliyi ilə birgə “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi həyata keçirilərək 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, son illər bir neçə rayon məhkəməsi üçün yeni bina inşa olunaraq istifadəyə verilib. Məqalədə bildirilib ki, məhkəmə hakimiyyətinin müstəqilliyinə real təminatlar yaradan Prezident İlham Əliyevin Bakı şəhərinin YasamalOğuz Rayon məhkəmələrinin binalarının, Sabunçu və Şəki Məhkəmə komplekslərinin açılışlarında şəxsən iştirakı və görülən işləri yüksək qiymətləndirməsi əlamətdar hadisədir.

Yeni Azərbaycan.- 2015.- 20 noyabr.- S.4