Naxçıvandan başlanan müstəqillik yolu

 

3 sentyabr 1991-ci il. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan bu gün milli dövlətçiliyimizin xilası, ölkəmizin gələcəyini müəyyənləşdirən gün kimi xalqımız tərəfindən daim bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Məhz bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiya zamanı deputatların və iclas zalının qarşısına toplaşan minlərlə naxçıvanlının təkidi ilə Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Bununla da, qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməlləri atıldı, həmin gün xalqımızın tarixində Ulu öndərin adı ilə bağlı olan daha bir möhtəşəm səhifə açıldı.

XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda çox ağır ictimai-siyasi vəziyyət hökm sürür, sosial-iqtisadi böhran hər gün daha da dərinləşirdi. Həmin illərdə ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan, həqiqətən də, taleyin ümidinə buraxılmışdı. Məhz buna görə də 1990-cı ilin iyulunda Ulu öndər Heydər Əliyevin Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıtması muxtar respublika əhalisi tərəfindən böyük ümidsevinc hissi ilə qarşılandı, bu tarixi hadisə Azərbaycanın nicatının, Ulu öndərin xilaskarlıq missiyasının başlanğıcı, istinad nöqtəsi oldu.

1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq Ümummilli lider Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürməklə muxtar respublikanın, ümumilikdə isə Azərbaycanın qurtuluşunu məhz Onun yenidən siyasi hakimiyyətə qayıdışında görürdü. Ulu öndər 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçildi.

1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə öz işinə başladı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həmin dövrdə qəbul etdiyi qərarların tarixi əhəmiyyətindən danışarkən deyib: “O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçüntarixi qərarlar qəbul edilmişdir. ...O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, Onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür”.

Blokada vəziyyətinin yaratdığı çətinliklərə sinə gərən, düşmən təcavüzünə qarşı rəşadətlə müqavimət göstərən naxçıvanlılar Ulu öndər Heydər Əliyevə böyük məhəbbət bəsləyir, Ona güvənirdilər. İnsanlar çox yaxşı bilirdilər ki, Naxçıvan yalnız bu görkəmli dövlət xadiminin rəhbərliyi ilə üzləşdiyi təhlükələrdən, ağır sosial-iqtisadi problemlərdən xilas ola bilər. Ona görə də Ulu öndərin Ali Məclisin Sədri kimi fəaliyyətini davam etdirməsini arzulayırdılar. Vətənə sədaqətlə xidmət nümunəsi göstərən dahi şəxsiyyət də öz xalqına güvənir, Ona arxalanırdı. Çünki O, həmişə xalq üçün yaşamış, xalq üçün fəaliyyət göstərmiş və doğma Vətəni uğrunda canını belə əsirgəməyəcəyini dəfələrlə bəyan etmişdi. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra sessiyadakı ilk çıxışında Ulu öndər öz taleyini xalqa tapşırdığını bildirərək deyirdi: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Həmin illərdə dünya şöhrətli siyasətçi Heydər Əliyev Ali Məclisin Sədri kimi ilk növbədə üç tərəfdən düşmən hücumuna məruz qalan Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirdi. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların hamısının muxtar respublikada saxlanması təmin olundu. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradıldı, Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyuldu.

Naxçıvanın düşmən hücumundansosial-iqtisadi böhrandan xilası istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər digər tərəfdən Azərbaycanı müstəqil, xalqımızı firavan görmək istəyirdi. Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi də bu istəkdən, bu arzudan irəli gəlirdi. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaqinkişaf yoluna çıxarmaq mümkün deyildi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi bu mənada xüsusi əhəmiyyətə malikdir. Qərara əsasən, 1991-ci ilin son günü - 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olundu. Bu bayram artıq bütün dünya azərbaycanlıları tərəfindən birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd edilir.

Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atdı. 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etdi, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalandı, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər quruldu. 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları fəaliyyətə başladı.

Naxçıvanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də Ümummilli liderimizin diqqət mərkəzində idi. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxozsovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edildi, aparılan islahatlar aqrar bölmədə irəliləyişlərə səbəb oldu. Bu qərarların qəbul edilməsi hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən mühüm amilə çevrildi. Beləliklə də Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanıldı.

1992-ci il noyabrın 21-də Naxçıvanda ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə baş verdi: müstəqil Azərbaycanın ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradıldı. Ciddi ictimai sifariş nəticəsi kimi zamanın çağırışlarına cavab vermək məqsədilə yaradılan Yeni Azərbaycan Partiyası ölkədəki və regiondakı ictimai-siyasi proseslərin əks-sədası olaraq, ən başlıcası isə xalqın arzu və istəklərinin reallaşdırılması üçün siyasət meydanında qısa zaman ərzində böyük nüfuz qazandı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu barədə danışarkən deyib: “Heydər Əliyevin 1970-ci-1980-ci illərdə gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun burada keçirilməməsi - bütün bu amillər, əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır”.

Xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə meydana çıxan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ən önəmlisi isə Ulu öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması XX əsr Azərbaycan tarixinin çox mühüm hadisəsi idi.

Azərbaycanın siyasi burulğanlar məngənəsindən çıxa bilmədiyi 1991-1993-cü illərdə Naxçıvanda Ümummilli liderimiz tərəfindən taleyüklü addımlar atılırdı. Ulu öndərin ölkəmizin müstəqilliyini təmin etməyə istiqamətlənmiş qərarları bəzi antimilli dairələri ciddi narahat edirdi. Onlar xalqımızın böyük oğlu Heydər Əliyevin çox qüdrətli, nəhəng bir siyasi xadim olduğunu da çox yaxşı bilirdilər. Ona görə də Ulu öndərə qarşı siyasi mübarizə metodlarına sığmayan vasitələrdən istifadə etməyə çalışırdılar. 1992-ci il oktyabrın 24-də ozamankı iqtidarın təhriki ilə bir qrup silahlı şəxs Naxçıvanda ilk dövlət çevrilişi cəhdinə əl atdı. Muxtar respublika Daxili İşlər Nazirliyinin və dövlət televiziyasının binaları ələ keçirildi. Lakin Heydər Əliyev dühasına inanan, Onunla həmrəy olan xalqın qətiyyətli mövqeyi nəticəsində çevriliş cəhdi tam iflasa uğradı. Bu hadisə bir daha göstərdi ki, naxçıvanlılar ölkəni məhvə sürükləyən Xalq Cəbhəsi-Müsavat iqtidarını yox, məhz Ümummilli lider Heydər Əliyevin siyasi xəttini dəstəkləyir, Naxçıvanın, bütövlükdə isə Azərbaycanın xilasını bu dahi şəxsiyyətin uzaqgörən siyasi fəaliyyətində görürlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “QAYIDIŞ” kitabında həmin hadisələri belə şərh edib: “Heydər Əliyevin Naxçıvanda yenidən siyasətə qayıtması Azərbaycanı bir dövlət kimi dağıtmaq istəyən daxilixarici düşmənləri ciddi təşvişə salmışdı. Ozamankı iqtidar Naxçıvanı iqtisadiinformasiya blokadasında saxlayır, Heydər Əliyevin əleyhinə hər cür yaramaz təbliğatı qızışdırır, yaltaq, ikiüzlü deputatların vasitəsilə Onu Azərbaycan parlamentində iştirakdan və ölkədə cərəyan edən siyasi proseslərdən təcrid etməyə çalışırdı. Qarabağ probleminin həlli ilə bağlı Heydər Əliyevin irəli sürdüyü təkliflər “Qarabağ heç vaxt indiki qədər bizim olmayıb” məddahlığı ilə qarşılanır, hadisələrin düzgün qiymətləndirilməməsi ucbatından siyasi proseslər getdikcə millət, xalq üçün təhlükəli xarakter almağa başlayırdı”.

O zaman hakimiyyətdə olanların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində 1993-cü il iyun ayının əvvəllərində respublikada yaranmış gərgin ictimai-siyasi hadisələr kulminasiya nöqtəsinə çatdı, silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni cənginə aldı. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun nicatı uğrunda siyasi mücadiləyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu.

Həmin vaxtdan başlayaraq Ulu öndərin müdrik daxilixarici siyasəti nəticəsində hüquqi-demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması istiqamətlərində əsaslı addımlar atıldı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görüldü, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdüldü. Xalqın təkidi ilə Ümummilli liderimizin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi inkişafsiyasi sabitlik müstəqilliyimizin möhkəmləndirilməsində, sivil dünyaya qovuşmasında, beynəlxalq aləmə inteqrasiyasında və müasir cəmiyyətin qurulmasında həlledici rol oynadı. Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi sayəsində regionların inkişafı proqramının düşünülmüş və məqsədyönlü həlli ilə kompleks inkişafa nail olundu.

Bu gün Azərbaycan Ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Bu yolu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi uğurlardan uğurlara aparır. Bu gün Azərbaycan mühüm siyasi, iqtisadi, mədəni tədbirlərə ev sahibliyi edir, ən mötəbər idman yarışlarının təşkilatçısı olmaqla yanaşı, həm də idman ölkəsi kimi mühüm nailiyyətlər qazanır. Bu gün Azərbaycan dünyada sülhün, qardaşlığın, insan hüquq və azadlıqlarının təmin olunduğu ölkə kimi tanınır. Bütün bu nailiyyətlərin təməlində isə Ümummilli lider Heydər Əliyev yoluna sadiqlikbu yolun uğurla davam etdirilməsi dayanır.

Naxçıvan Muxtar Respublikasında da Ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət yeni inkişaf erasının başlanmasına rəvac verib. Ulu öndər deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.

Bu gün çiçəklənən, sürətlə inkişaf edən Naxçıvan məhz Ulu öndərin arzularındakı əzəmətli Naxçıvandır. Bu gün Naxçıvan blokada şəraitində yüksək inkişafa qovuşan, əhalisi rifahsabitlik şəraitində yaşayan Naxçıvandır. Bu gün Naxçıvan güclü ordusu və müdafiə potensialı olan qüdrətli Naxçıvandır. Bu gün Naxçıvan elm, təhsil, səhiyyə, mədəniyyət, idman mərkəzlərindən biri kimi dünyaya adını yazdıran şöhrətli Naxçıvandır. Bu gün Naxçıvan mühüm enerji potensialı ilə dünyaya işıq saçan nurlu Naxçıvandır. Bu gün Naxçıvan qədim keçmişi ilə öyünən, müasir inkişafı ilə qürur duyan ulu Naxçıvandır. Bir sözlə, bu gün Naxçıvan keçdiyi inkişaf yolu ilə Ulu öndərin ideyalarına sadiqliyi təcəssüm etdirən sədaqətli Naxçıvandır.

Ötən dövrün bu müxtəsər təhlili göstərir ki, Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisədir. Bu hadisə xilaskarlıq missiyasını həyata keçirən görkəmli dövlət xadimi Heydər Əliyevin həm də böyük siyasətə qayıdışına yol açması baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvandan başlanan xilaskarlıq yolu Azərbaycanın şanlı tarixində yeni səhifə açmaqla müstəqil ölkəmizin işıqlı gələcəyini təmin edib.

 

Yeni Azərbaycan.-2015.- 4 sentyabr.- S. 3.