Bakıda gənclərin məşğulluğuna dair beynəlxalq seminar keçirilir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda “Gənclərin məşğulluğu üzrə siyasətlərin, proqramların və institutların qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. Tədbirdə aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, BƏT-in və MDB ölkələrinin nümayəndələri iştirak edir.

AZƏRTAC xəbər verir ki, seminarı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və əmək ehtiyatlarından səmərəli istifadənin, o cümlədən gənc işçi qüvvəsinin iqtisadi tərəqqi proseslərinə fəal şəkildə səfərbər olunmasının hər bir ölkədə sosial-iqtisadi inkişaf üçün vacib şərtlərdən olduğunu diqqətə çatdırıb. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin dayanıqlı iqtisadi inkişafını təmin edən uğurlu islahatlar kursunda da yeni yerlərinin açılması və məşğulluq imkanlarının artırılmasının, gənclərin əmək bazarına çıxışının hərtərəfli dəstəklənməsinin mühüm yer tutduğunu vurğulayıb.

S.Müslümov son illər ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində gənclərin təhsil səviyyəsinin və məşğulluğunun artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlərə də toxunub.

Hazırda Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir. Azərbaycan əhalisinin 28,5 faizi gənclərdir və 2014-cü ilin sonuna demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edib. Mövcud demoqrafik vəziyyət və bu sahədə perspektiv qiymətləndirmələr ölkədə iqtisadi inkişaf, demoqrafiya, təhsil və məşğulluq siyasətlərinin qarşılıqlı əlaqələndirilməsinin gücləndirilməsini zəruri edir.

Nazir bildirib ki, gənclərin məşğulluğunun artırılması, onların əmək bazarına adaptasiyasının asanlaşdırılması, iqtisadiyyatın tələblərinə cavab verən təlim proqramları əsasında müasir təhsil texnologiyalarının və üsullarının tətbiqi yolu ilə bilik və bacarıqlarının artırılması, zəruri səriştələrin aşılanması, peşə yönümü sisteminin təkmilləşdirilməsi, bu məsələlərə işəgötürənlərin maraqlarının artırılması və daha aktiv cəlb olunması istiqamətində tədbirlər həyata keçirilir.

Nazir diqqətə çatdırıb ki, ölkədə gənclərin məşğulluğu sahəsində dövlət siyasəti daim təkmilləşdirilməkdədir. Azərbaycanın gələcək 7 il ərzində inkişaf perspektivlərini müəyyən edən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin sağlam və fəal həyat tərzinin təşviq edilməsi, onların məşğulluq imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasının təmin edilməsi ölkənin inkişafı üçün əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkəmizdə aktiv məşğulluq siyasəti nəticəsində gənclərin əmək bazarında rolunun artmasının sığorta-pensiya sistemi, habelə həmin şəxslərin gələcək layiqli pensiya təminatı üçün əhəmiyyətini, eyni zamanda rəhbəri olduğu Fonddaonun yerli qurumlarında çalışanların əsasən gənclər olduğunu diqqətə çatdırıb.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gənclərin səmərəli məşğulluğunun təmin edilməsi, ölkənin dinamik inkişafına uyğun olaraq müasir bilik və bacarıqlara yiyələnməsinə şərait yaradılması yönündə aparılan dövlət siyasətindən, gənclərin məşğulluğunun dəstəklənməsi və əmək münasibətlərində əlavə təminatlara malik olması üçün mövcud hüquqlar sistemindən bəhs edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov sosial partnyorlardan biri olan AHİK-in ölkəmizdə gənclərin məşğulluğunun təminatına yönələn proqram və tədbirlərin hazırlanmasında, bu sahədə siyasətin təkmilləşdirilməsində fəal iştirakı barədə məlumat verib, qarşıdakı dövrdə də bu istiqamətdə səylərin artırılacağını bildirib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev dövlət dəstəyi nəticəsində özəl sektorun inkişafının əhalinin, o cümlədən gənclərin məşğulluğunun artmasına da müsbət təsirindən bəhs edib, gənc işçi qüvvəsinin işəgötürənlərin tələblərinə uyğun bacarıqlara yiyələnməsi üçün aparılan işlərin xüsusi önəm kəsb etdiyini vurğulayıb.

BƏT-in Moskva ofisinin məşğulluq üzrə baş mütəxəssisi xanım Olqa Kulayeva Azərbaycanda dövlət gənclər siyasətinin gənclərin məşğulluğuna yönələn kompleks tədbirləri də əhatə etməsinin, xüsusən ölkədə gənclərin əmək bazarının tələblərinə uyğun peşə-ixtisas bacarıqlarına malik olmasına yönələn tədbirlərin faydalı olduğunu vurğulayıb. O, BƏT-in bu sahədə üzv ölkələrə müvafiq dəstəyi verməkdə davam edəcəyini bildirib.

Seminarda BƏT-in “MDB-də gənclərin məşğulluğuna dair əməkdaşlıq” layihəsinin təqdimatı və qiymətləndirmələrin aparılması, Azərbaycanda gənclərin məşğulluğu üzrə siyasət və proqramların nəzərdən keçirilməsi, ayrı-ayrı MDB ölkələrinin (Rusiya, Qazaxıstan) əmək bazarında mövcud problemlərin və inkişaf strategiyalarının müzakirəsi və s. nəzərdə tutulub.

 

Yeni Azərbaycan.-2015.- 10 sentyabr.- S. 6.