Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunla görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvana səfərindən məmnun olduğunu bildirən səfir ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafında Naxçıvan Muxtar Respublikasının əhəmiyyətini qeyd edib, mövcud əlaqələrin daha da genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib.

Ali Məclisin Sədri Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında səylərinə görə səfirə təşəkkür edib, son dövrlər ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanmasını və birgə hərbi təlimlərin keçirilməsini, eləcə də Türkiyənin “G 20”-nin zirvə toplantısına Azərbaycanı dəvət etməsini hər iki ölkənin tarixi əlaqələrinin davamı kimi dəyərləndirib.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri qardaş ölkədə törədilmiş terror aktlarının muxtar respublikada da narahatçılıqla qarşılandığını bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Ərşən görüşdə iştirak edib.

Yeni  Azərbaycan.- 2015.- 19 sentyabr.- S.- 2