Azərbaycan-Gürcüstan əlaqələri dinamik inkişaf edir

 

Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat naziri Georgi Kvirikaşvili: Biz dostluq və qardaşlıq əlaqələrimizin inkişafında, daha da möhkəmlənməsində və genişlənməsində maraqlıyıq və çox sevinirik ki, qarşı tərəfdən də eyni mövqeni görürük

Azərbaycan-Gürcüstan münasibətləri dinamik inkişaf edir. İki ölkə strateji tərəfdaş dövlətlərdir və bir sıra transmilli layihələrdə fəal iştirak edirlər. Bu günlərdə AzərTAc-a müsahibə verən Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat naziri Georgi Kvirikaşvili deyib ki, Gürcüstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı bizim hökumətin əsas prioritetlərindəndir: “Biz dostluq və qardaşlıq əlaqələrimizin inkişafında, daha da möhkəmlənməsində və genişlənməsində maraqlıyıq və çox sevinirik ki, qarşı tərəfdən də eyni mövqeni görürük”.

Baş nazirin müavini qeyd edib ki, son günlər ölkələrimiz arasında ticarət dövriyyəsinin azalması barədə yanlış məlumatlar dolaşır: “Əslində, bu nə demək idi? Azərbaycan tərəfinin qəbul etdiyi “Avro-4” standartı avtomobil satışının müvəqqəti aşağı düşməsinə səbəb olmuşdu. Müəyyən vaxt tələb olunurdu ki, bu sahədə də müəyyən standartlar tətbiq edilsin. Artıq hər şey yoluna düşüb və müsbət irəliləyişlər var”.

G.Kvirikaşvili daha sonra deyib: “Ölkələrimiz çox vacib strateji tərəfdaşdırlar. Azərbaycan Gürcüstanda birbaşa investisiya yatıran bir nömrəli ölkədir. Biz Bakı-Tbilisi-Qars kimi iri regional layihələri birlikdə həyata keçiririk. Artıq Gürcüstan tərəfdə praktiki olaraq bütün işlər yekunlaşıb və Axalkalakidə terminalın tikintisi gedir. Dəmir yolu xətti isə qatarların hərəkətinə hazırdır. Bundan başqa, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti də Gürcüstanda böyük layihələr həyata keçirir. Gürcüstanın regionlarında qazlaşdırma işləri gedirbu istiqamətdə böyük inkişaf var. Biz bütün bunlara görə Azərbaycan dövlətinə və hökumətinə təşəkkürümüzü bildiririk”.

Ümumiyyətlə, Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu əlaqələr Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirlikləri fəaliyyətə başlayıb. İki ölkə arasında birgə iqtisadi komissiya fəaliyyət göstərir. Bundan başqa, hər iki ölkənin parlamentində dostluq qrupları yaradılıb. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanla Gürcüstan arasında yüksək səviyyəli dialoqstrateji tərəfdaşlıq əlaqələri mövcuddur. Heç şübhəsiz, hər iki ölkə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını nümayiş etdirirlər. Digər tərəfdən, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında siyasi, iqtisadihumanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olunub. Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi nümayiş etdirməkdədir. 2008-ci il mart ayının 14-də BMT Baş Məclisində “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” qətnamənin qəbulu ilə bağlı keçirilmiş səsvermədə Gürcüstan qətnamənin lehinə səs verib.

Əlbəttə ki, hər iki dövlət arasında siyasi, iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri mühüm baza rolunu oynayır. Son illərdə ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki respublikanın parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradır.

Digər tərəfdən, Gürcüstan rəsmilərinin timsalında dəfələrlə bəyan edilib ki, Azərbaycanın mövcud xarici siyasət kursu həm regional əməkdaşlıq və təhlükəsizliyə mühüm strateji töhfədir, həm də Gürcüstan-Azərbaycan münasibətlərinin əsaslarını möhkəmləndirməkdədir. Daha dəqiq desək, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclüsuveren aktoruna çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də məhz Azərbaycan çıxış edir.

Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç kimdən asılı olmadığını da təsdiq edir. Məsələn, Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin gerçəkləşdirilməsi yönündə atılan addımları, aparılan mübarizəni xatırlayaq. “Dəmir İpək Yolu” adlandırılan və qərblə şərqi birləşdirəcək BTQ layihəsinin gerçəkləşdirilməsi istiqamətində birbaşa və əsas addımlar Azərbaycan tərəfindən atıldı. Bu, Cənubi Qafqazda reallaşdırılması nəzərdə tutulan ilk layihə idi ki, heç bir beynəlxalq maliyyə institutu onu maliyyələşdirməyə isti münasibət bəsləmirdi. Amma Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarını və güclü siyasi iradəsini ortaya qoyaraq BTQ-nin reallaşdırılması yönündə əsas öhdəliyi öz üzərinə götürdü. Məhz bu amilin fonunda dünyanın ən nəhəng nəqliyyat marşrutlarından birinin reallaşdırılması yönündə Azərbaycan Gürcüstana 200 milyon dollar kredit ayırmaqla sözügedən prosesə mühüm təkan verdi. Bütün bu proseslərin qanunauyğun nəticəsi kimi, dünyanın nüfuzlu analitik mərkəzləri BTQ ətrafında cərəyan edənlərə məhz bu cür qiymət verdi: “BTQ layihəsinin müəllifi və təkanvericisi Azərbaycanı qərblə şərqi birləşdirən transmilli mərkəzə çevirmək istəyən və bu yöndə xüsusi addımlar atan Prezident İlham Əliyevdir. “Dəmir İpək Yolu” - BTQ Asiya ilə Avropa arasında təhlükəsiz və əlverişli yükdaşımalarını həyata keçirmək üçün olduqca effektiv bir layihədir. Layihə, öncə gündəmə gələndə güclü siyasi iradə tələb olunurdu. Bu iradə isə Prezident İlham Əliyevin timsalında Azərbaycan dövləti tərəfindən nümayiş etdirildi...”

Yuxarıda sadalananlara bənzər fikirlər BTQ layihəsinin tərəfdaşları Türkiyə və Gürcüstanın dövlət başçıları tərəfindən də əminliklə səsləndirilmişdi. Məsələn, Türkiyənin 11-ci Prezidenti Abdullah Gül layihənin reallaşdırılması işinə məhz bu cür münasibət bildirmişdi: “Bu tikintinin maliyyə dəstəyi də artıq təmin edilmişdir. Azərbaycan Prezidenti hörmətli İlham Əliyevin layihəyə verdiyi önəmli dəstək onun həyata keçirilməsinə daha əlverişli şərait yaratmışdır”.

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili isə öz növbəsində BTQ layihəsi ətrafında cərəyan edən prosesləri belə qiymətləndirmişdi: “Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyi və yaxından köməyi olmasaydı, Bakı-Tbilisi-Qars layihəsi reallaşmazdı”.

Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, Azərbaycan və Gürcüstan beynəlxalq müstəvidə mühüm məsələlərdə bir-birinin mövqeyini dəstəkləyir. Bildiyimiz kimi, Gürcüstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin vacibliyini hər zaman dəstəkləyib. Eyni zamanda, Azərbaycan da Gürcüstanın əsas problemi olan separatizmi pisləyir, bu ölkənin ərazi bütövlüyünün pozulmasını qeyri-qanuni və bəşəri prinsiplərə zidd hesab edir. Bundan başqa, müasir dövrün reallıqları ölkələrimiz arasında müxtəlif sahələr üzrə daha möhkəm əməkdaşlığın qurulmasını və inkişaf etdirilməsini zəruri edir. Onu da vurğulamaq gərəkdir ki, son illərdə əsasən iqtisadi əməkdaşlığa əsaslanan ikitərəfli əlaqələrin inkişafı qaynar strateji-coğrafi mövqedə yerləşən Azərbaycanla Gürcüstanın suverenliyinin gücləndirilməsinə, eləcə də, hər iki ölkənin nəinki bölgənin, hətta qonşu regionların siyasi-iqtisadi həyatında da böyük rol oynamasına gətirib çıxarıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələr artıq region üçün strateji əhəmiyyət kəsb edir. Enerji siyasətində şaxələndirməyə üstünlük verən Azərbaycanın bu strategiyasının gerçəkləşməsində Gürcüstanla əməkdaşlığı həlledici rola malikdir. Məhz Azərbaycan-Gürcüstan əməkdaşlığı sayəsində regionda qlobal əhəmiyyətli çox böyük layihələr gerçəkləşib. Bunlar, heç şübhəsiz, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum neftqaz kəmərləridir.

Respublikamızın iqtisadi qüdrətinin artması, eyni zamanda, azərbaycanlı sahibkarların maliyyə imkanlarının genişlənməsi ölkəmizə məxsus dövlət və özəl şirkətlərin Gürcüstana böyük həcmdə investisiyalar yatırmasına da imkan verir. Bu mənada, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) fəaliyyətini xüsusi qeyd etmək lazımdır. ARDNŞ-nin Gürcüstan dəniz limanlarındakı fəaliyyəti, açılan yanacaqdoldurma məntəqələri və digər işlər bu ölkənin iqtisadiyyatına böyük töhfədir. Bu ölkənin ən çətin vaxtlarında da Azərbaycan və o cümlədən, ARDNŞ öz köməyini əsirgəməyib. Belə ki, bir neçə il bundan öncə Azərbaycan Gürcüstana güzəştli qiymətlərlə qaz ixrac etdi. 2008-ci ilin avqust hadisələrindən sonra isə ARDNŞ Gürcüstanı təbii qazla təmin etmək barədə qərar verdi. Hal-hazırda Gürcüstanın qaza olan tələbatının təxminən 70 faizi Azərbaycan qazı hesabına ödənilir. Azərbaycan şirkətləri Gürcüstanda digər sahələrə də böyük məbləğdə investisiya yatırırlar. Ölkəmizin adamları Batumi və digər şəhərlərdə öz işlərini qururlar. Azərbaycan sahibkarları Gürcüstanın turizm sahəsinə böyük maraq göstərirlər. Qeyd edək ki, gürcüstanlı adamları da Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir, ölkəmizdə müxtəlif layihələrin həyata keçirilməsinə investisiyalar ayırırlar.

Yeri gəlmişkən, iki dövlət rəsmiləri arasında qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmlənməsinə yol açıb. Məlumat üçün bildirək ki, Gürcüstan Respublikasının Prezidenti Georgi Marqvelaşvili bu il fevralın 12-13-də Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili arasında görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev mətbuata bəyanatında Gürcüstan və Azərbaycanı bir-birinə dəstək verən müstəqil ölkələr kimi xarakterizə edib. Dövlət başçısı vurğulayıb ki, xalqlarımız arasında münasibətlər ölkələrimiz arasındakı əlaqələr üçün əsasdır: “Bu gün Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəstək verir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik. Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub”.

Öz növbəsində, Bakıda səmimi qarşılandığını xatırladan Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bildirib ki, dövlətlərimiz strateji rifaha aparan münasibətlərin qurulması işində, ölkənin və regionun gələcəyi üçün nümunəvi olublar: “Həyata keçirdiyimiz layihələr nəinki dövlətlərimiz, o cümlədən, digər regionlar üçündaha yaxşı gələcək imkanlarını yaradır. Bu səbəbdən, dövlətlərimiz arasında müstəsna tərəfdaşlıq, birgə həyata keçirdiyimiz enerji və daşıma layihələrinə sadiqlik regiondaonun hüdudlarından kənarda milyonlarla insana daha yaxşı gələcəyi təmin edəcəkdir”.

Qeyd edək ki, səfər çərçivəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Heydər Əliyev Mərkəzində olub. O, İçərişəhərlə, həmçinin, Qəbələyə gedərək bir sıra istehsalemal müəssisələri, turizm obyektləri ilə yaxından tanış olub.

Eyni zamanda, səfər çərçivəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili və Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə birgə işçi nahar ediblər. Səmimi söhbət zamanı ölkələrimiz arasında münasibətlərin, o cümlədən, iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Bundan başqa, Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə olub.

Ümumiyyətlə, tarixi qonşu, həmçinin, strateji tərəfdaş sayılan Azərbaycan və Gürcüstan dövlətləri hər zaman öz nümunəvi qonşuluq münasibətləri ilə seçiliblər. Uzun illər keçmiş SSRİ-nin tərkibində olan bu iki xalqı həm də ortaq tarix birləşdirib. Şübhəsiz ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan və Gürcüstan dövlətləri arasındakı əlaqələr yüksələn xətlə inkişaf edibdaha da möhkəmlənib. Qeyd etdiyimiz kimi, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan yüksək səviyyəli dialoqstrateji tərəfdaşlıq əlaqələri bu günuğurla davam etdirilir və qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik inkişaf tendensiyasına malikdir.

Yeri gəlmişkən, iki ölkə arasındakı münasibətlər 2013-cü il noyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də əsas müzakirə mövzusu olub. Səmimi şəraitdə keçən görüşdə Baş nazir Artur Rasizadə tarixən dostqonşu olan ölkələrimiz arasında ikitərəfli münasibətlərin müasir dövrdə daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. O, hər iki ölkə arasında bərqərar olan iqtisadi-ticarət əlaqələrini yüksək qiymətləndirərək deyib ki, eyni zamanda, aqrar sektorun inkişafında da müvafiq qurumların məsləhətləşmələri, təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb edir. Ölkəmizə səfərindən məmnunluğunu bildirən nazir Şalva Pipiya Gürcüstan hökuməti rəhbərliyinin salamlarını Azərbaycanın Baş nazirinə çatdırıb. O, Bakıda keçirdiyi görüşlər barədə Baş nazir Artur Rasizadəyə ətraflı məlumat verib. İqtisadiyyatın bütün istiqamətləri, o cümlədən, kənd təsərrüfatı sahəsində azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsinə böyük ehtiyac olduğunu vurğulayan Şalva Pipiya səfər zamanı ona göstərilən yüksək diqqət və qonaqpərvərliyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Ötən il iyulun 6-da isə Gürcüstan parlamentinin sədri David Usupaşvili Azərbaycana səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Parlamentlərimiz arasında əlaqələrin önəmini vurğulayan Prezident İlham Əliyev parlamentlərarası, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafından məmnunluğunu ifadə edib. Prezident qanunvericilik sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək, parlamentlər arasında əlaqələrin ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini bildirib. Gürcüstan parlamentinin sədri David Usupaşvili isə öz növbəsində rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərində məqsədin iki ölkə parlamentləri arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsindən ibarət olduğunu bildirib. Qonaq qarşılıqlı-faydalı və strateji münasibətlərimizin qurulması işində deputatların rolunu qeyd edərək, Gürcüstanda yeni seçilmiş parlamentin Azərbaycan ilə bundan sonra da uğurlu əməkdaşlığı davam etdirəcəyini məmnunluqla vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşüb. Azərbaycan-Gürcüstan əlaqələrinin dərin tarixi köklərə əsaslandığını deyən Baş nazir Artur Rasizadə hər iki ölkənin prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan və Gürcüstan parlamentlərinin uğurla əməkdaşlıq etdiyini bildirən Baş nazir bu səfərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini qeyd edib. Baş nazir Artur Rasizadə Azərbaycanın və Gürcüstanın bir sıra iri regional iqtisadi layihələr həyata keçirdiyini və “Bakı-Tbilisi-Qars” dəmiryol xəttinin tikintisinin başa çatmaq üzrə olduğunu bildirib. Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib, Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyünü deyib. Artur Rasizadə Ermənistanın işğalçılıq siyasətinin region üçün təhlükə olduğunu, bu siyasətdən Ermənistanın özünün də əziyyət çəkdiyini bildirib. Baş nazir Ermənistanın hazırkı rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı Xocalı soyqırımının törədildiyini diqqətə çatdırıb. Gürcüstan parlamentinin sədri David Usupaşvili ölkəsinin Azərbaycanın iqtisadisiyasi sahədə təcrübəsi ilə yaxından maraqlandığını deyib. O, ölkələrimiz arasında iqtisadi əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirərək bunun üçün regionda sabitliyin vacib amil olduğunu vurğulayıb. David Usupaşvili, həmçinin, Gürcüstanın iki ölkə parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib.

Gürcüstan parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyəti iyulun 7-də Azərbaycan Respublikasının Milli Məclisində də olub. Gürcüstan parlamentinin sədri Milli Məclisin inzibati binası, iclas zalı və Heydər Əliyev xatirə zalı ilə tanış olub. Xatirə zalında Ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər, eksponatlar David Usupaşvilidə dərin təəssürat yaradıb. Qonaq xatirə kitabına ürək sözlərini yazıb. Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Gürcüstan parlamentinin sədri David Usupaşvili arasında təkbətək görüş keçirilib. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Oqtay Əsədov bildirib ki, bu cür səfərlər ölkələrimiz, eləcə də parlamentlərimiz arasındakı əlaqələrin inkişafına öz töhfəsini verir.

Azərbaycan-Gürcüstan əlaqələrinin qədim tarixi köklərə malik olduğunu xatırladan Milli Məclisin sədri qeyd edib ki, hər iki ölkənin xalqları arasında da dostluq və qardaşlıq münasibətləri var. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra əlaqələr yeni müstəviyə qalxıb. Sevindirici haldır ki, bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin möhkəm hüquqi bazaya malik olduğunu deyən Oqtay Əsədov vurğulayıb ki, bu günə qədər iki ölkə arasında 100-dən artıq ikitərəfli sənəd imzalanıb. Ötən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi 660 milyon dollardan yuxarı olub.

Azərbaycanın və Gürcüstanın iştirakı ilə regionda reallaşdırılan irimiqyaslı layihələrə toxunan Oqtay Əsədov “Bakı-Tbilisi-Qars” dəmiryol xəttinin ilin sonuna qədər yekunlaşacağını qeyd edib. Milli Məclisin sədri hər iki ölkənin parlamentləri arasında da yüksək səviyyəli münasibətlərin olduğunu bildirib, əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinin önəmini qeyd edib. O.Əsədov hər iki ölkənin parlament nümayəndələrinin beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmələrinin əhəmiyyətli olduğunu vurğulayıb.

İki ölkə arasında hərbi sahədə əməkdaşlıq da diqqət mərkəzindədir. Bu məsələ Gürcüstanın müdafiə nazirinin ötən ilin avqust ayında ölkəmizə səfərində müzakirə olunub. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Gürcüstanın müdafiə naziri İrakli Alasaniya ilə görüşüb. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstan ilə aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Nazir hərbi əməkdaşlığın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Naxçıvana ilk dəfə səfər etdiyini məmnunluqla vurğulayan gürcüstanlı nazir yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Beləliklə, yuxarıda da sadalananlardan göründüyü kimi, bu gün Azərbaycan-Gürcüstan əlaqələri nümunəvi əməkdaşlıq səviyyəsində inkişaf edir. Qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulan bu münasibətlər hər iki ölkənin uğurlusabit inkişafının qarantına çevrilib.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2015.- 6 yanvar.- S.8.