Azərbaycan Prezidenti yüksək reytinqə malikdir

 

Prezident İlham Əliyev: Azərbaycanda keçirilən sorğulara görə, mənim reytinqim 90 faizə yaxındır. Bu da yəqin ki, son illər ərzində Azərbaycanda aparılan islahatlarla bağlıdır

 

Cənubi Qafqaz regionunun lider dövləti olan, sabitlik adası kimi xarakterizə edilən, beynəlxalq aləmə tolerantlıq nümunəsi təqdim edən Azərbaycanda həyata keçirilən düşünülmüş, milli maraqlara söykənən siyasi kurs əldə edilən uğurlarımızın əsası kimi çıxış edir. Daha dəqiq desək, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğunlaşdırılaraq uğurla davaminkişaf etdirilir. Təsadüfi deyil ki, məhz Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət sayəsində əldə olunan mühüm iqtisadi nailiyyətlər, yüksək makroiqtisadi göstəricilər, həyata keçirilən sistemliköklü islahatlar bütün sektorlarda müsbət və şəffaf iqtisadi mühitin yaranmasına, ümumi inkişaf tempinin dinamiklik əldə etməsinə, o cümlədən, ölkəmizdə milli birliyin daha da möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasına, əhalinin sosial rifahının yüksəlməsinə, Azərbaycanda qeyri-neft sektorunun inkişafına, bir sözlə, bütün sahələrin paralel tərəqqisinə yol açıb.

Bununla yanaşı, ölkəmizdə həyata keçirilən və regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən Dövlət proqramları nəticəsində rayonlarda abadlıq, quruculuq, yenidənqurma işləri sürətləndirilib. Təbii ki, görülən bütün bu işlər, ölkədə insanlar üçün yaradılan şərait kompleks şəkildə vətəndaşların rahatlığına, yüksək yaşayışının təmin olunmasına yönəldilib. Onu da vurğulamaq yerinə düşər ki, hər zaman çıxışlarında apardığı uğurlu siyasətdə Azərbaycan xalqına arxalandığını bildirən, bu dayağı hiss edərək böyük nailiyyətlərə imza atdığını qeyd edən dövlət başçısı xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bir neçə gün öncə Almaniyaya səfəri zamanı bu məsələyə toxunaraq ölkə daxilində yüksək reytinqə malik olduğunu bildirib: “Azərbaycanda keçirilən sorğulara görə, mənim reytinqim 90 faizə yaxındır. Bu da yəqin ki, son illər ərzində Azərbaycanda aparılan islahatlarla bağlıdır. Deyə bilərəm ki, Azərbaycan son 11 il ərzində iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkəsidir. İqtisadiyyat 3 dəfədən çox artmışdır, işsizlik 5 faiz səviyyəsindədir, yoxsulluq da 5 faiz səviyyəsindədir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Belə nəticələrlə, əlbəttə ki, hər bir rəhbərin reytinqi yüksək olmalıdır. Ona görə Azərbaycanda bu problem yoxdur”.

Bəli, bu, danılmaz bir həqiqətdir ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 11 il ərzində ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunub, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirilib. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənib və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevirib

Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq münasibətlər sistemindəki yerini möhkəmləndirməsi dünya miqyasında qəbul edilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür.

Məsələn, Azərbaycanın dünyadakı yüksək siyasi nüfuzunun ən bariz nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini və bu quruma sədrlik etməsini misal göstərmək olar. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi, ilk növbədə, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisidir. Çünki Azərbaycanın xarici siyasət kursunun tələblərinə müvafiq real, çevik manevrlər etmək və bu planda BMT müstəvisində, xüsusilə də BMT Baş Məclisinin sessiyalarında ölkəmizin maraqlarını müdafiə edən ardıcıl tədbirlər reallaşdırmaq məhz dövlət başçısının iradəsinin, qətiyyətli mövqeyinin, siyasi dəst-xəttinin nəticələridir. Daha doğrusu, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Prezident İlham Əliyevin apardığı düşünülmüş və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Bununla yanaşı, Azərbaycanın AŞ PA Nazirlər Kabinetinə sədrlik etməsi ölkəmizin qısa müddətdə böyük inkişaf yolu keçməsinin bariz sübutu sayıla bilər.

Rasional iqtisadi siyasət uğurlarımızın əsas təməlidir

Reallıq göstərir ki, Prezident İlham Əliyev ötən 11 il ərzində Azərbaycanın inkişafı və güclənməsi üçün bütün addımları atıb. Dövlət başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurların əldə edilməsinə zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. 11 il ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfə artmasının təmin edilməsi, bir milyondan artıq yeni yerinin açılması və yoxsulluq səviyyəsinin 5 faizə düşməsi bunun bariz təsdiqidir. Bütün bu uğurlar Prezident İlham Əliyevə ümumxalq etimadını daha da gücləndirib.

Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında dövlət başçısı bildirib ki, hazırda respublikamız öz ümumi daxili məhsulunun təxminən 70 faizi həcmində strateji valyuta ehtiyatlarına malikdir.

Son illərdə Prezident İlham Əliyevin ciddi səyləri sayəsində ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi Azərbaycan iqtisadiyyatının qlobal risklərə, o cümlədən də, neftin qiymətinin aşağı düşməsinə yüksək dayanıqlılıq göstərməsini şərtləndirən amillər sırasında mühüm yer tutur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda bu göstərici 45 faizə düşüb, eyni zamanda, ÜDM-də qeyri-neft sektorunun payı 60 faizi ötüb. Dövlət başçısının vurğuladığı kimi, bu, məhz şaxələndirmə siyasətinin, əvvəlki illərdə ölkə iqtisadiyyatının diversifikasiyası üçün çoxlu investisiya yatırılmasının nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sərvətlərimizdən milli maraqlarımız və dövlətimizin inkişafı üçün düzgün istifadə edilməsi Azərbaycanı bütün iqtisadi risklərdən qoruyur və inkişafının davamlılığını təmin edir.

Prezident İlham Əliyevin yürütdüyü sosial siyasət vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə istiqamətlənib

Prezident İlham Əliyevin xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənməsinin ən əsas səbəblərindən biri də dövlət başçısının hər zaman praqmatik siyasət yürütməsidir. Məsələn, illərdir ki, dünyada davam edən maliyyə böhranı məhz düzgün qurulmuş, mühüm əsaslara söykənmiş Azərbaycan iqtisadiyyatına ziyan vurmayıb. Ölkəmizdə vətəndaşların sosial rifahı yüksəldilib, maaşların və təqaüdlərin artırılması davamlı xarakter alıb, yeni yerləri yaradılıb. Bu isə Prezident İlham Əliyevin “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikrinin əməli təsdiqidir.

Qeyd etdiyimiz kimi, bir sıra istehsal müəssisələrinin fəaliyyətinin bərpası, çoxlu sayda yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması bir tərəfdən, əhalinin məşğulluq səviyyəsinin artmasını təmin edib, digər tərəfdən, ölkənin ümumi iqtisadi tərəqqisinə təkan verməklə yanaşı, inkişaf proqramlarının uğurluluğuna fundamental töhfələr bəxş edib. Dövlətimizin başçısının qeyd etdiyi kimi: Düşünülmüş siyasət, siyasiiqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik - budur bizim uğurlarımızı şərtləndirən əsas amillər”.

Ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizənin gücləndirilməsi, dünyada analoqu olmayan “ASAN” Xidmətin yaradılması, vətəndaşların bu yöndə rahatlığının təmini də Prezident İlham Əliyevin apardığı mütərəqqi siyasətin tərkib hissəsidir. Bu gün Azərbaycan vətəndaşının yüksək səviyyəli yaşayışı, rahatlığı üçün bütün addımlar atılır. Bəli, Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirib ki, Azərbaycan Respublikasının apardığı dövlət siyasətinin məqsədi Azərbaycan vətəndaşlarının sosial rifahını, təhlükəsizliyini təmin etməkdən ibarətdir.

İnsan hüquq və azadlıqlarının qorunması prioritet məsələlərdəndir

Yeri gəlmişkən, bu gün Azərbaycan, eyni zamanda, demokratik inkişafa görə nəinki postsovet məkanının, eləcə də, dünyanın ən aparıcı dövlətləri arasında öncül sırada dayanır. Demokratik təsisatların inkişafına xüsusi diqqət yetirən Azərbaycan hakimiyyəti ölkəmizdə gedən siyasi proseslərdə, o cümlədən, insan haqlarının qorunması məsələsində hər zaman şəffaflığı, qanunun tələblərinin qorunması prinsipini əsas tutur. Ümumiyyətlə, Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində çox böyük addımlar atıb. Ölkə Konstitusiyasının müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. Azərbaycan bu gün 50-yə yaxın beynəlxalq konvensiyanı dəstəkləyərək nəinki öz sərhədləri daxilində, bütün dünyada insan hüquqlarının qorunmasının keşiyində dayanır. Azərbaycan tolerantlıq nümunəsi olaraq dünyanın aparıcı ölkələrini heyran qoyub. Ölkəmizdə dini, irqi, etnik baxımdan heç bir ayrı-seçkilik qoyulmurKonstitusiya ilə bütün ölkə vətəndaşları qanun qarşısında eyni məsuliyyəti daşıyır. Digər tərəfdən, ölkəmizdə söz və mətbuat azadlığının mövcud olması Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur.

Bəli, ölkəmizdə insan hüquq və azadlıqlarının qanunvericilikdə geniş formada təsbiti, həmçinin, bu hüquq və azadlıqların qorunması prinsipi Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursa söykənir. Bu siyasi kursun uğurudur ki, hüquqi, demokratik, dünyəvi, bir sözlə, modern dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradılıb.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev milli və müstəqil mətbuatımızın inkişafına, o cümlədən, söz və mətbuat azadlığının qorunmasına xüsusi diqqət göstərir. Bu gün söz azadlığının qorunması, fikir plüralizminin təminatı ölkəmizin əsas demokratik prinsiplərindən sayılır. Prezident İlham Əliyev Almaniya səfəri çərçivəsində bu məsələyə toxunaraq bildirib ki, ölkəmizdə bütün azadlıqlar təmin edilib: “Azərbaycanda bütün azadlıqlar təmin edilir. Söz azadlığı 100 faiz təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqan çıxır. Eyni zamanda, Azərbaycanda internetə heç bir məhdudiyyət qoyulmur, internet azaddır, senzura yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizə yaxındır. Yəni, heç bir problem yoxdur. Ona görə mətbuat azadlığı tam şəkildə təmin edilir.

Eyni mənzərə sərbəst toplaşmaq azadlığına da şamil edilə bilər. Azərbaycanda müxtəlif siyasi qrupların mütəmadi qaydada, azad şəkildə mitinqləri keçirilir, heç bir məhdudiyyət qoyulmur. Bütövlükdə, son illərdə Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı böyük inkişaf var. Əlbəttə ki, bu, bizim üçün çox vacibdir. Çünki mən tam əminəm ki, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır. Ancaq bu təqdirdə ölkələr dayanıqlı uğura nail ola bilərlər”.

Bir sözlə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyev gələcək uğurlarımızın qarantıdır

Göründüyü kimi, Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi altında qısa zaman kəsiyində əldə etdiyi uğurlar saymaqla bitməz. Belə ki, istər yuxarıda sadalananlar istərsə də şəhid ailələrinin, əlillərin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə imzalanan Fərman və sərəncamlar, həmçinin bu istiqamətdə atılan digər addımlar Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinin əməli sübutuna çevrilib. Eyni zamanda, bu gün ölkəmizdə hərbi sahədə aparılan uğurlu islahatlar, müasir ordu quruculuğu, cəbhə bölgəsində düşmənin təxribatlarına qarşı atılan qətiyyətli addımlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində kompleks üstünlüyümüzü təmin edir.

Beləliklə, sadalananların qanunauyğun nəticəsidir ki, bu gün Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevə inam və etimadı olduqca yüksəkdir. Ölkə başçısının yalnız milli maraqlara söykənən, tam müstəqil siyasət yürütməsi, Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində hücum diplomatiyası həyata keçirməsi, milli birliyin daha da gücləndirilməsi istiqamətində addımlar atması bu inam və etimadın güclənməsini təmin edir. Ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr və onların yerinə yetirilməsi ilə əlaqədar fikirləri isə bir daha təsdiqləyir ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən siyasi kurs təkcə bugünkü tarixə nailiyyətlərimizin deyil, həm də gələcək uğurlarımızın həlledici əsasıdır.

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2015.- 24 yanvar.- S.3.