İİtaliyalı professor Franko Kardini Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı haqqında resenziya yazıb

 

İtaliyanın Florensiya Universitetinin professoru, tanınmış tarixçi, ədəbiyyatşünas, yazıçı Franko Kardini görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı haqqında resenziya yazıb.

Hazırda Avropanın bir çox aparıcı universitetləri ilə yanaşı, Harvard Universiteti ilə əməkdaşlıq edən, orta əsrlər ədəbiyyatı və mədəniyyəti, eləcə də İslam, xristianlıq və iudaizmlə bağlı sivilizasiyalararası münasibətlər üzrə mütəxəssis Franko Kardini 1940-cı ildə Florensiyada dünyaya gəlib. 1970-ci illərdə elmi və bədii yaradıcılığa başlayan Franko Kardini 30-dan artıq kitabın, 140-dan çox elmi məqalə və araşdırmanın müəllifidir. 2014-cü ildə Kamal Abdullanın İtaliyada nəşr olunan “Yarımçıq əlyazma” kitabına Franko Kardininin yazdığı ön sözü və adıçəkilən əsəri oxuyandan sonra dünya şöhrətli yazıçı Umberto Eko Azərbaycanın görkəmli yazıçısı ilə yaxından tanış olmaq arzusunu bildirib. 2015-ci ili sentyabr ayında “Yarımçıq əlyazma” romanının İtaliyada keçirilən təqdimat mərasimlərinə qatılan Kamal Abdulla Umberto Ekonun dəvəti ilə onunla evində görüşüb.

Qeyd edək ki, bu yaxınlarda İtaliyada Franko Kardininin ön sözü ilə Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsəri də işıq üzü görəcək.

AZƏRTAC resenziyanı ixtisarla oxuculara təqdim edir.

“Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy əhlinə haqq yolu göstərən Xaliqdir). Onun (Peyğəmbərimizin və möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki parlaq bir ulduzdur. O çıraq nə Şərqdə, nə də Qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə deyil ki, Günəş batdıqda, Qərbdə də deyil ki, Günəş doğduqda qaranlıqda qalsın). Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş edib cənnət yolu olan İslam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!”

Bu, Quranın “Nur” surəsinin 35-ci ayəsidir. “Nur” surəsi Müqəddəs Kitabın ən gözəl surələrindən biridir, Həzrəti Məryəmə həsr olunmuş surə ilə bərabər mənim ən sevdiklərimdəndir. Rahatlığım pozulanda, mütəəssir və təlaş içində olanda, dincliyə, beyin açıqlığına ehtiyac duyanda həmişə bu iki surəni oxuyuram. Elə bu yaxınlarda da, axır vaxtlar tez-tez başıma gələn yuxusuz bir gecənin sübh çağında Allahın Nuruna və Nur kimi Allaha həsr olunmuş müqəddəs surənin bu ayəsini bir daha oxudum. Hamının yuxusuz gecələri olur. İnsan özünü yaxşı hiss etməyəndə, sevgidən iztirab çəkəndə və ya təcili sona çatdırmalı bir işi olanda, həyəcanla kimisə, nəyisə gözləyəndə gözünü bir anlıq belə yuma bilmir. Allaha şükür olsun ki, qəm-qüssə və nifrətin hökmü altında mən yuxusuz bir gecə belə keçirməmişəm. Əksinə, mənim yuxumu ərşə çəkən kitab olur. Qeyri-realist və yanlış bir ifadə olsa da “birnəfəsə oxunan” adlandırdığımız kitablardan biri. Ümumiyyətlə, deyim ki, nadir hallarda ola bilər mən hansısa kitaba görə yuxusuz qalım. Tək-tük hallarda olur. Dostum və həmkarım Kamal Abdullanın bu romanı ilə də məhz belə oldu, bütün gecəni gözüaçıq keçirdim. Bu roman sanki bir meditasiya növüdür, bir ismarışdır, bəlkə də bir etirafdır. Sanki hər birimizin dəruni avtobioqrafiyasıdır. Təbii ki, söhbət əşya və hadisələrin gedişatından getmir. Əsər məhz hiss-duyğu və “spiritual mənzərələr” baxımından yazılmış bir avtobioqrafiyadır.

Kamal istər alim, istərsə də pedaqoq kimi, həmçinin bir ziyalı və yazıçı kimi, həddən artıq mürəkkəb bir fərdiyyətə malikdir. O, dörd geotarixi qüvvənin təsiri altındadır. Birincisi, sərhəd ölkələrə xas “klassik” yunan fəlsəfəsinin və Ermitaj muzeyində onlara həsr olunmuş kompozisiya vasitəsilə daha yaxından tanıya biləcəyimiz Skif-kurqan mədəniyyətinin, yəni skif döyüşçülərin, süvarilərin, sehrbazların, zərgər və dəmirçilərin “barbar” fəlsəfəsinin qarşılıqlı təsirindən əmələ gələn və mürəkkəb köklərə malik olan Qafqaz dağlarıdır.

İkinci geotarixi güc isə özünəməxsus formada oxşar, hətta hədsiz qarşılıqlı təfavütə baxmayaraq qohum olan, lakin labüd düşmənçiliyə və qarşılıqlı toqquşmaya (nəticə etibarilə, həm də dəyişkən ittifaqlar burulğanına) məhkum üç mədəniyyət arasındakı sülh və münaqişəyə bais olan bütün qüvvələri sehrli mərkəz kimi özünə cəlb edən Xəzər dənizidir.

Üçüncü qüvvə isə aşağıda sadalayacağım həmin bu üç mədəniyyət arasındakı sülh və münaqişənin nəticəsidir. Bütpərəst fars mədəniyyəti, yəni, Xəzər və Qara dəniz arasında dərin kök salan zərdüştiliyin vətəni olan İran dünyası, başqa sözlə desək, Azərbaycanın cənubunda hökm sürən İslam-şiə mədəniyyəti. Yalnız Osmanlı deyil, eyni zamanda, da ənənə və müasirlik, milliyyətçilik və türkçülük ideyaları arasındakı toqquşmanın izləri hiss olunan türk mədəniyyəti. Bu ideyalar, bu ehtiraslar bu gün də Xəzər dənizinin o tayını, Hindistan və Çin sərhədlərinə qədər bütün Orta Asiyanı öz təsiri altında saxlayır.

Sonuncusu, qəbul edilməmiş, lakin tanınan və təsirləri aydın müşahidə olunan xristian-pravoslav ruhlu rus mədəniyyəti. Kamalın keçdiyi həyat yolunda, həmçinin fərdi və ictimai-mədəni təcrübəsi daxilində özünə yuva salmış bu dünya qaçılmaz çar keçmişinə və bir tərəfdən yenidənqurma, digər tərəfdənsə çoxlu sayda adət-ənənələrin bərpa mərhələlərini keçmiş uzaq, həm də çox yaxın “bitməyən sovet keçmişi”nə malikdir.

Kamala təsir edən dördüncü geotarixi qüvvə hər yerdə, hər şeyin içində və çölündə mövcud olan İslam dinidir. Heç vaxt bərqərar olmayan, lakin rədd də edilməyən Zərdüşt və şamanizm təsirlərinin burulğanına məruz qalan, İran və türk-monqol mədəniyyətlərinin vəhdətindən doğan İslam dini. Bütün bu sadaladığımız təsir qüvvələrinin hamısı, müasirliklə, onun texnoloji triumfları, daxili boşluqları, məqsədsizliyi, cavan nəsillərə maddi varlıq olmayan bir şey miras qoymaq qabiliyyətinə malik olmaması faktı ilə ayaqlaşmalıdır.

Kamal Abdulla öz zəmanəsinin şəxsiyyəti və yazıçısıdır, həmçinin siyasi vəzifə sahibi olan akademikdir. O, həm ictimai şəxsiyyəti, həm də həyat təcrübəsi üzərinə düşən belə bir mürəkkəb problemin ağırlığının öhdəsindən gəlmək məcburiyyətindədir. Bəs görəsən, belə bir şərtlər çərçivəsində yarana biləcək mümkün risklərə qarşı, qismən də olsa immunitet qazanmaq üçün elmi tədqiqatlar, düzgün ictimai şüur və ciddi intellektual əmək kifayətdirmi?

Qeyd etdiyimiz problemin həllini tapmaq cəhdi məhz bu romanın avtobioqrafik ilham təbini təşkil edir. Biz insanlar həmişə yuxu içində gizlənməyi üstün tuturuq. Ümumiyyətlə, bədii əsərlər də yuxu kimidir (ya da yuxu kimi ola bilərlər). Lakin gəlin özümüzü aldatmayaq. Əbədi Həyatın özü də bir yuxudur. Xüsusən də bizim kimi boğazına qədər virtuallıq xülyasına batmağına baxmayaraq, özünü materializm qədər (nə vaxtsa “elmi” olduğunda özümüzü aldatdığımız) realist hesab edən müasirlər üçün. Wi-Fi və internetdən ayrıla bilmədən kino və televiziya ilə mühasirəyə alınmış şəkildə yaşamağın özü, nəticə etibarilə, elə xülyada, xəyalda, illüziya kimi bir yuxuda yaşamaq demək deyilmi?

...Və budur, biz artıq ünvana - Sehrbazlar dərəsinə gəlib çıxdıq. Bu sirli dərənin sakinlərini adlandırmaq üçün yazıçının istifadə etdiyi Azərbaycan, türk, rus, ərəb, klassik və müasir fars terminləri ilə bağlı, yəni Kamalın mədəni və dini kimliyində bir arada mövcud olub qarşılıqlı təsirə malik olan bu sözlər haqqında müəllifin özünü sual-cavab etmək çox maraqlı olardı. Kamal da öz növbəsində bizi aydın və detallı şəkildə məlumatlandırmaq istədiyi halda, fəlsəfi, antropoloji və uzun bir esse ilə cavab vermiş olardı. Digər tərəfdən isə, qeyd etmək lazımdır ki, italyandilli oxucu da bu növ məsələlərdən qətiyyən bixəbər deyil. Əksinə, magiya və sehr gücünün təbiəti və keyfiyyəti ilə bağlı müzakirələrə çox yaxından bələddir. Bibliyanın ilk səhifələrindən başlayaraq, bu növ mübahisəli fikirlər hər dəfə daha da mürəkkəbləşərək klassik ədəbiyyata, orta əsrlərə, İntibaha, sonradan isə maarifçiliyə və romantizmə qədər italyandilli oxucunu addım-addım izləyib müşayiət edibdir. Mədəniyyətimizin Tianalı Apolloniusdan başlayaraq Mikele Skoto və Kornelius Aqrippaya qədər olan möhtərəm üzvlərindən danışanda, həmçinin istehlakçı və tamaşa cəmiyyətimizin qəhrəmanlarından, yəni kinonun, modanın, texnikanın və digər bu növ sahələrin maqlarından bəhs edəndə gündəlik seçim olaraq cəm halda işlətdiyimiz “maghi” sözünün arxasında məhz bu fakt dayanıb.

Təəssüflər olsun ki, sözlər heç vaxt tamam-kamal şəkildə əşyalara uyğun gəlmir. Vaxt ötdükcə onlar tədricən inkişaf edir, amma inkişaf istiqamətləri və ritmləri həmişə üst-üstə düşmür. Bu, kitabı səhifələməyə başlamaqdan öncə gündəmə çıxarılmalı və qarşımıza çıxdıqca həll etməyə çalışmalı olduğumuz ilkin və başlıca problemdir. Çünki Kamalın bizə ötürmək istədiyi problematik ismarışın məğzi də, fəlsəfi və antropoloji baxımdan böyük zənginliyə malik olan bu ikimənalı terminin tərkibində durur. Qədim yunan sehrbazlarına, həmçinin Atəşə sitayiş edən, Ahura Məzda şərəfinə verilən qurbanlarda peşəkar astroloq olan, amma Əhrimənin də sirlərindən bixəbər olmayan müdrik Zərdüşt kahinlərinə olan çağırış Kamalın daxili aləmində şübhəsiz ki, çox güclüdür. Plutarxın, Avqustin Avreliusun əsərlərində bütün bunlara rast gəlmək mümkündür. XIII əsrdə müsəlman İspaniyasından Avropa dünyasına gələrək cadugərliyin ən məşhur və ən dəhşətli “əl kitabçası”na çevrilən, indi isə Jon Dee və Aleister Krovley tərəfindən istifadə olunan “Pikatriks” kitabının naməlum müəllifi də əsərində bu mövzuya dair çox geniş məlumatlar verib.

Kamalın İslamına manilik vasitəsilə keçən zərdüştilik antik fəlsəfəsinin təsir gücü ölçülməz dərəcədə böyükdür. Yazıçı bəlkə də dəlisov şaman müdrikliyini də daxili aləmində qonaq etdiyindən bixəbərdir. Üstəlik nəzərə alaq ki, nə Kolxidalı Medeya, nə də Aqamemnonun qızı kahinə İfigeniyanın qurban verildiyi yer Tavrika da (Krımın qədim adı) Bakıdan elə də uzaqda deyil. Amma mən Medeya, İfigeniya deyən kimi sizin ağlınıza dərhal bəd və qorxulu şeylər gəlir: atalarını öldürən qızlar və qızlarının boğazını kəsən atalar. Həmçinin qadın, kişi sehrbazlar və ya nəyisə, kimisə qurban verənlər. Çünki qurban vermək müqəddəsləşdirmək deməkdir. Əgər bu belədirsə, deməli, onda din, qurban, sehr və qətl arasında dərin bir əlaqə yaranmış olur. Cəllad müsbət obrazdırmı? İbrahim peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) doğmaca oğul cəlladı olmasına bircə addım qalmışdı. Qurbanvermə baş tutsaydı, müqəddəs bir hadisəyə çevriləcəkdi. Deməli, cəlladlıq ədalətin, yəni gücün əzəmətinin layiqli vəzifəsi deyil?

Əsərin mərkəzində bir cəllad surəti var. Bu cəllad həm də ailənin şəksiz və müstəbid ağasıdır. Freyd nəzəriyyəsinə uyğun olaraq, onun bütün ağırlığı öz oğlunun üzərinə düşür. Əsərdə etirafı mümkün olmayan bir sirr, açılası düyün və bağışlanası bir günah var. Amma bunun üçün insan gücü kifayət etmir, ona görə də axirət dünyasından, müəmmalı və təsvirəgəlməz sirli qüvvələrdən, ruhları danışdıra bilənlərdən kömək istəmək lazımdır. Lakin ruhlar da insanları aldada bilərlər. Əslində kim olduqlarını gizlədib yalan danışa bilərlər. Bəzən də yalandan daha təhlükəli olan həqiqəti faş edə bilərlər. Bəyəm həqiqəti bilmək doğrudanmı həmişə belə faydalıdır, vacibdir?

Belə bir kitabın süjet xəttinə dair xülasə vermək qətiyyən olmaz. Həm də ona görə ki, “Sehrbazlar dərəsi”ndə faktiki olaraq bir, bəlkə də bir neçə “qatil” var. Onu və ya onları tapmaq məhz oxucunun öhdəliyinə düşür. Romanın məzmununu sizə danışmayacağıq.

...Kamal heç vaxt açıq şəkildə demir, amma biz özümüzü Qafqazla Azərbaycan arasında, gözəl tarixi-mədəni paytaxt olan Təbrizə boylanan bir ərazidə təsəvvür edə bilirik. Bu, müəllifin nağıllara xas tərzdə nəqletmə texnikasından heç bir halda imtina etməmək niyyətini göstərir. Lakin buna baxmayaraq, əsərdə konkret bir səhnəni təsəvvür etmək üçün oxucuya kifayət qədər məlumat verilir.

Biz əsərdə məkan dixotomiyası ilə qarşılaşırıq. Bir tərəfində ənənəvi, başqa sözlə desək “dünyəvi” hadisələrin baş verdiyi məkan, o biri tərəfdə isə “digər” - müqəddəs məkan durur. Müqəddəs məkanın heç bir dəyişikliyə məruz qalmayan özünəməxsus müqəddəs zaman kateqoriyası var. Burada fəsillər o qədər cüzi hiss olunur ki, sanki yox kimidirlər. Bəzən sirli şəkildə qar yağsa belə, bura ilin hər fəslində daim çiçəklərlə, meyvələrlə dolu olan bağların əbədi bahar məkanıdır. Gündüzün ulduzlu gecə ilə əvəz olunması isə yalnızca dövriliyin mövcudluğunu, yəni, heç bir qanuna tabe olmayan sonsuz bir əbədiliyin varlığını göstərən haldır. Bu yer dağlarla əhatə olunmuş “Sehrbazlar dərəsi”dir. Söhbətin hansı dağlardan getdiyini isə bizə heç kim söyləmir. Dərəyə üz tutanların qarşısına çıxan ilk sınaq İlan gədiyidir. İlan qorxulu olduğu qədər də müdrikdir, öldürücü olduğu qədər də bəsirətlidir. Yəhudi və xristian ənənəsində şeytani varlıq hesab olunur, yunan ənənəsində isə, Apollon və Tireseyə görə müqəddəs bir varlıq kimi qəbul edilir. Tədricən xristian simvolikasına çevrilən yəhudi Bibliyasında isə ilan nicat və xilas rəmzidir...

İlan gədiyini qət edib ilk sınağı keçən kəs görünməz təpəni rahatlıqla aşır. Budur cəsarətli, bəlkə də bəsirətsiz səyyah Sehrbazlar dərəsinə enir və burada onu əldən salan, riskli və uzun səfərinin səbəbi olan insanları tapıb onlarla görüşə bilir.

Bəs, görəsən, bu, həqiqətənmi məkana və zamana edilən bir səyahətdir? Yoxsa ürək və şüurun daha çətin və daha təhlükəli ola biləcək yolları boyunca uzanan fərdi, spiritual bir səfərdir? Bəs bu səyahət şüurlu, oyaq şəkildə, yoxsa yuxulu trans halında başa vurulur? Burada, Kamalın yaşadığı sufi təriqətinin və xanəgah dərvişləri ilə əhatə olunmuş müsəlman mədəniyyətinin mistik, şamanist komponentləri nəzərdən qaçırılmamalıdır.

İndi isə diqqətimizi yönəldək əsərin baş qəhrəmanlarına. Sehrbazlar dərəsinin baş qəhrəmanı Karvanbaşıdır. Bu ad həm də peşə növüdür, karvana başçılıq edən adama deyilir. Bu ismin işlənməsi imkan verir ki, oxucu əsərdə implisit şəkildə təsvir olunan zaman və məkan kontekstini təsəvvüründə canlandıra bilsin. Söhbət Qədim Midiya ilə Qafqaz arasındakı və İpək Yolunun şimal və cənub marşrutlarının kəsişdiyi Xəzər sahillərindən gedir.

Karvanbaşının özünə də aydın olmayan və dilinə gətirə bilmədiyi bir sirr onu incidir, səhranın sükutundan daha da kəskinləşən buz kimi soyuq gecədə onu yatmağa qoymur. Karvanbaşının yanından, daha dəqiq desək, kölgəsindən əskik olmayan, onun qayğıkeş və sadiq xidmətçisi Xacə İbrahimdir. Karvanbaşının gözünün nuru olan Xacə İbrahim sədaqətlə xidmət etdiyi ağasının istəklərinə qarşı olan narazılıqlarını romanın sonlarında qəti şəkildə göstərməyə başlayır. İlanlı gədikdən keçərək Görükməz təpənin yamacı boyu davam edən bu böyük səyahətə başlamağa Karvanbaşını vadar edən səbəb isə məxfidir. Ona lazım olan dərə sakinləri, sehrbazlar axirət dünyası ilə daim əlaqədədirlər. Hətta o dünya ilə bu dünyanın adamları arasında vasitəçilik də edə bilirlər.

Karvanbaşının başladığı bu səyahət xeyirə və gözəlliyə doğru bir səyahətdirmi? Nurun axtarışıdırmı? Belə cavab vermək olar ki, bu, ən azından onun tələbatına və onun daxili aləmindən gələn bir suala cavab vermək üçün müvafiq vasitənin axtarışına istiqamətlənmiş səyahətdir. Bu da öz növbəsində hər şeydən öncə bilmək zərurətini əmələ gətirir. Lakin öyrənmək istənilən şeyin açarı artıq o biri dünyada, ölülərin dünyasındadır. Əsərin bu hissəsində axirət mövzusu meydana gəlir və bu dünya ilə o biri dünya arasındakı sərhədi keçə bilən insana ehtiyac duyulur. Bu, yunanların “Odisseya”dan başlayaraq “Nekyia” kimi tanıdıqları antik bir məsələdir. Elə romanın özündə də qorxulu, eyni zamanda, gözəl və uzun bir Nekyia səhnəsi təsvir olunub. Bizi qeyri-müvafiq və implisit şəkildə spiritizmə doğru yönəldən, çaşdırıcı və dar mənalı “mediumizm üsulları” ifadəsinə adət etmiş qərblilər üçün bu təsvir, mədəniyyət baxımından Kamalın təsvirindən o qədər də fərqli olmayan bir səhnəni xatırladacaq.

Kamalın təxəyyülünün məhsulu olan bu dərədə yaşayan sehrbazlar tamamilə aydınlıq və müdriklik içindədirlər. Bəs bu sehrbazlar xeyir qüvvələri sayılırlarmı? Bunu tam təsdiq etmək yanlış olardı. Belə ki, sehrin gücü elektrik enerjisi kimidir, müsbət və mənfi ola bilər. Həm aydın işıq, xoş istilik bəxş edə bilər, həm də insanın canını alıb həyatdan məhrum edə bilər. Yemək bişirmək və gecəni işıqlandırmaq üçün istifadə etdiyimiz bu enerjidən elektrik stulu üçün də istifadə edirik. Mən bu bəd alətin adını səbəbsiz çəkmirəm. Belə ki, “Sehrbazlar dərəsi” əsərinin baş qəhrəmanı əslində Karvanbaşı deyil, onun qorxunc, cəllad atası Məmmədquludur. Bu dəhşətli insanın özünün ağır cinayət (və ya günah) törətməyinə baxmayaraq, Şahın sadiq qulluqçusu və baş cəlladdır. Nə Məmmədqulu, nə də bütün həyatı boyu sədaqətlə xidmət etdiyi ağası, Şah artıq həyatda yoxdurlar. Məmmədqulunun günahı, əgər vardırsa, sədaqətinə ziddirmi, yoxsa elə sədaqətindəndir? Bəs sədaqət insanı şəxsi məsuliyyətdən azad edirmi? Qoca Şah ölüb və romanda biz onunla heç vaxt qarşılaşmayacağıq. Oğlu isə yaşayır, taxt-taca sahibdir. Şübhəsiz ki, onun haqqında danışılacaq, lakin onunla da qətiyyən rastlaşmayacağıq. Əvəzində biz, Karvanbaşı ilə atası Məmmədqulu arasındakı görüşdə iştirak edib, həqiqəti bilmək istəyən diri insanla, sirri açmaq istəməyən ölü arasındakı dramatik dialoqun şahidi olacağıq. Ruhu çağıranda gələn ölü bəlkə həmin adam deyil? Heç ruh da deyil, cindir, şeytandır? Çünki Məmmədqulu gözə görünmür. Onun səsi - əgər həqiqətən də onun səsidirsə - Karvanbaşının Sehrbazlar dərəsindən “kirə götürdüyü”, Səyyah adında “şaman” obrazlı sehrbaz vasitəsilə eşidilir. Sehrbaz nə “Xeyir”, nə də “Şər” qüvvə deyil. Sadəcə, Ələddinin lampasındakı cin kimi (müvafiq fərqləri nəzərə alaraq) onu icarəyə götürənlərin xidmətində dayanan bir adamdır.

“Həqiqət sizi azad edəcək” deyə Müqəddəs Həvari Pavel nəsihət verir. Onun dediyi Həqiqət İsa Məsihin kəlamıdır. İnsan üçün qaranlıq bir anlayış olan, bildiyimizdə bizi aldadan, bəzən isə uduzmağımıza səbəb olan həqiqətdən söhbət getmir. Məhz bu həqiqət problemi saxta rahatlıq, dinclik tapmağa çalışan Karvanbaşını öz Şahına olan sədaqətindən üz döndərməyə vadar edir. Lakin tezliklə o anlayır ki, intiqam heç bir halda ruha dinclik gətirə bilməz. Sonda sehrbaz səyyah, müəllimi Ağ Dərvişin bələdçiliyi sayəsində əsərin mənəvi açarı sayılan sonuncu böyük qəhrəman, mürşid Şeyx Mənuçöhr ibn Sadiq tərəfindən edilən kəşfi öyrənmiş olur: Hər şeyi - keçmişi də, gələcəyi də öz içinə yığan dolğun andır.

Həmişəki kimi bu əsəri də ilk öncə, adətə uyğun olaraq, nə müqəddiməyə, nə də kitabın arxasına baxmadan, birinci səhifədən sonuncu səhifəyə qədər dayanmadan oxudum. Müqəddiməni oxumaq əlbəttə ki, vacibdir, lakin dərhal oxunduqda bütün mütaliəni ömürlük təsir altına salır. Romanı oxuduqdan sonra bütün gecəni nə gözümü, nə də ruhumu kitabdan ayıra bilmədim.

Roman böyük uğur qazandığı Fransada resenzentin fövri optimizmlə ifadə etdiyi kimi, “Xeyirin Şər üzərində qələbəsindən bəhs edən alleqoriya” deyil. Əslində, böyük bəxşiş hesab edilən seçim azadlığına malik olan, eyni zamanda da seçimin ağır məsuliyyətini öz çiynində daşıyan bir insanın keçdiyi çətin yol haqqında qələmə alınmış bir hekayədir.

Səhər kitabı bitirdikdən sonra Quranın “Nur” surəsini bir daha oxudum. Qəlblərin nuru və gündüzün işığı Allah Nurunun sadəcə, közərmiş bir əksidir...

Bu kitab bizi daxili ziyarətə dəvət edir. Bunun üçünsə, hər birimiz İlan gədiyinin axtarışındayıq. Oradan Görükməz təpənin yaşıl ətəyinə keçmək, sonra isə aşağı, Sehrbazlar dərəsinə düşmək olar. Dərəyə axtarış məqsədilə gəlirlər. Amma sən nə axtardığına, vermək istədiyin suallara, tapacağın şeylərə və qayıdandan sonra həyatla mübarizədə sənə lazım olan, orada isə əlindən almaq istədikləri gücə diqqət etməlisən. Çünki zərdüştilik, iudaizm, xristianlıq və islamın fərqli yollarla da olsa bizə öyrətdiyi əsas ideya ondan ibarətdir ki, Xeyir və Şər bir-birinə tam əksdirlər. Amma istər həyatda, istərsə də bizim daxilimizdə bu qüvvələr sıx bağlanmış şəkildədirlər. Biz putadakı qurğuşunu gümüşdən, ənbiqdəki kükürdü qızıldan ayırdığımız kimi Xeyiri də Şərdən ayırmağı bacarmalıyıq. Bunun üçün isə oxumaq və öyrənmək lazımdır. Sufi müsəlmanla mistik xristianın yekdilliklə qəbul etdiyi kimi əslində, hər şeydən öncə inanmaq lazımdır. Çünki nurla zülmət həm bir-birini əvəz edib növbələşə, həm də vəhdət şəklində bizim ürəyimizdə və dünyada yaşaya bilərlər. Lakin tək olan əsl nur dostum Kamal Abdulladır.

Yeni Azərbaycan.- 2016.- 1 dekabr.- S.8